525.Az

Həyəcan zəngi - Ramiz Məmmədzadə yazır


 

Həyəcan zəngi - <b style="color:red">Ramiz Məmmədzadə yazır </b>

Heç bilmirəm, bu yazını necə başlayım, nə təhər deyim ki, bütün varlığı ilə torpağa, xalqa, Vətənə, dövlətçiliyimizin qüdrətlənməsinə yaradıcı bir məhəbbətlə xidmət etmiş, unudulmaz rəhbərimiz Heydər Əliyevin nəhəng siyasi xəttinə həmişə sədaqətli olmuş işıqlı bir şəxsiyyətin - respublikamızda kifayət qədər tanınmış uzun ömürlü (Allah qorusun!) istəklimiz, hörmətli Sadıq Murtuzayevin "525-ci qəzet"in 11 sentyabr 2019-cu il tarixli nömrəsində dərc edilmiş "İlisu süquta gedir" adlı harayına səs verə, onun göy gurultusuna bənzər həyəcan zənginin cingiltisinə qoşula bilim.

Böyük Qafqaz dağlarının ətəklərində salınmış şanlı keçmişi olmuş qədim bu dağ kəndi haqqında on neçə il qabaq çox nəfis, baxımlı, faktlarla zəngin, əhatəli, tanınmış müəlliflərin iştirakı ilə nəşr edilmiş, sanballı "İlisu" kitabını (Bakı, "Oskar" nəşriyyatı, 2005-ci il, 360 səhifə) həvəslə, diqqətlə oxumuşam və bu, olduqca maraqlı kitab barədə fikrimi yazıb çap etdirmişəm.

Həmin yazıda qeyd etmişdim ki, kaş yurdumuzun yaşayış məskənləri haqqında belə qiymətli məlumatlarla diqqət çəkən kitablar çox olaydı, ellərimizi yaxından tanıyaydıq, onun qədrini biləydik, sosial-iqtisadi problemlərinin həllini vacib sayaydıq, hər obanın, tirənin, məhəllənin dirçəlib intişar tapmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına nail olaydıq.

Amma necə, hamı çalışırmı, can yandırırmı?

Sadıq müəllimin birinci cümləsi mənə güllə kimi dəydi, dünya başıma dolandı, təəccübləndim, sıxıldım, az qala, balaca bir yumağa döndüm: "...birinci sinfə gedənlərin sayı 100 nəfər idi. Keçən il (2018-2019-cu dərs ili - R.M.) birinci sinifdə cəmi 3 nəfər (?!) oxuyub"...

Mən bu 3 nəfər cocuğa nə deyə bilərəm? Deyə bilərəmmi ki, hanı sizin gur-gur guruldayan sinif otaqlarınız, qulaq batıran uşaq səsləri, oğlanlar, qızlar, çiçək nəfəsli gül balalar... Necə olacaq bu məktəbin sabahı, müəllimlərin beyninə qan sızmazmı, həsrətdən, nisgildən məktəbin divarları çatlayıb tökülməzmi...

Hanı valideynlər, hara qeybə çəkildi bu qədim kəndin cavanları...

Yadıma ən azı 40 il qabaq İlisuda iştirakçısı olduğum bir toy gecəsi düşdü.

O bölgənin tanınmış ziyalısı, təsərrüfat rəhbəri Şahid Muxtarov bir yay gecəsində oğlunun toy məclisini qurmuşdu. Açıq havada, həyətdə böyük bir çal-çağır vardı.

Səhv etmirəmsə, bu nəhəng toy məclisində üç dəstə çalıb-oxuyanlar var idi.

Elə bil, göyün ulduzları gülə-çiçəyə dönüb qonaqların üstünə səpələnirdi.

Toyun tamadası o yerlərdə hamının tanıdığı, səmimi, işgüzar bir şəxs olan Ürfan Əfəndiyev idi.

Mən də Şəki Şəhər Partiya Komitəsinin birinci katibi Sadıq Murtuzayevin, böyük elm xadimimiz Xudu Məmmədovun, Gürcüstanın Laqodexi rayonundan gəlmiş Stalin adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı (təəssüf ki, adını unutmuşam) orta yaşlı bir kişinin əyləşdikləri sırada oturmuşdum.

Birdən hörmətli tamada toyu təbrik üçün mənə söz verdi. Hər iki cavanı təbrik etdim. Deyəsən, Ürfan Əfəndiyevlə birlikdə əməlli-başlı oynadıq da...

Sonralar həmin toy gecəsinə şeir yazıb çap elətdirdim.

"İlisuda toy gecəsi" adlı həmin şeirdən aşağıdakı misralar hələ də yadımdadır:

İlisuda toy gecəsi
bir yay nağılı,
Həmin gecə həsrətlərin
bağrı dağıldı...

Elə bu yerdə dünyadan köçüb getmiş Xudu Məmmədova, Şahid Muxtarova, Ürfan Əfəndiyevə... Allahdan rəhmət diləyirəm.

Salıq müəllimin dediyi fakt hamımızı düşündürməlidir, necə yəni qədim, tarixi İlisuda yeni nəslin kökü kəsilməkdədir... Beləliklə, İlisu hara gedə bilər, necə gedə bilər, gedirmi...

Sadıq müəllim elm və sənətkarlıq sahələrində, rəhbər dövlət quruculuğunda çalışmış, təsərrüfat işlərində hünər göstərmiş ilisululardan misal çəkərək fəxarət hissi keçirməklə yanaşı, laqeydliyi, biganəliyi, soyuqqanlılığı da qeyd edir, adamları bir az həssas olmağa, mehribançılığa çağırır. Özünün də doğulub, boya-başa çatdığı, Hitler müharibəsinin çox mürəkkəb və ağır illərində İlisuda çəkdiyi müsibətləri bir sıra kitablarında xatırlayan, sonrakı illərdə Mərkəzi Komitədə işləmiş, dörd böyük rayon partiya komitəsinə üst-üstə otuz ildən artıq bir müddətdə başçılıq etmiş Sadıq Murtuzayev hər yerdə yaradıcı-qurucu, təşəbbüskar təşkilatçı kimi hörmət qazanmışdır və onun bu gün doğma İlisu haqqında həyəcanla, təəccüblə, təəssüflə, haradasa qəzəblə danışmasını çox təbii və yerində hesab etmək gərəkdir.

O, İlisunu dirçəltmək, onun tarixi keçmişini bir daha qiymətləndirərək, indiki geniş və hərtərəfli sosial-inkişaf dövrünün imkan və vasitələrindən canıyananlıqla istifadə etməklə, özünün zəngin həyat təcrübəsinə arxalanaraq, faydalı məsləhətlər verir, perspektiv inkişaf yollarının istiqamətlərini göstərir.

Bir vaxtlar  Qafqaz  sərdarı Böyük knyaz, general Voronsovu İlisuda qəbul etmiş İlisu sultanı Danyal, həm də məşhur Şeyx Şamil hərəkatının ən igid tərəfdarlarından biri  olmuşdur və "general" hərbi rütbəsi qazana bilmişdir.

Bu azman kişinin xatirəsini yaşatmaq naminə kənddə, mədəniyyət nöqtələrində nəsə etmək mümkün deyilmi...

Bu, ona görə lazım deyil ki, nə vaxtsa turistlər gəlib baxıb getsin, indiki vaxtda adamları təəccübləndirmək müşkül işdi, həm də ona görə vacibdir ki, biz özümüz öz tariximizi öyrənməliyik, bilməliyik, keçmişimizlə fəxr etməyi, öyünməyi bacarmalıyıq.

Sadıq müəllimin bir cümləsi məni yerimdən tərpətdi: "Vaxtilə İlisunun 11 məhəlləsinin hər birindən bir naxır qaramal çıxardı və kəndin ətrafındakı örüş yerləri  də onları təmin edirdi. İndi bütün kənddə inək saxlayan 10 nəfər yoxdur". Yəni qatıq-süd almaq üçün rayon mərkəzinə getməli olursan.

Bu yayın söhbətidir. Bakının bürküsündən can qurtarmaq, bir az dağ havası almaq məqsədilə oğlum Zaurla Daşkəsən tərəfə - Xoşbulaq yaylağına üz tutduq.

İyulun son günləri idi. Az qala, göylərdən sallanan Daşkəsənin Xoşbulaq yaylağının buz kimi yaşıl havası bizə ləzzət verdi. Zaurun Valeh adlı dostu bizi dağların göbəyindən süzülüb dərəboyu gələn bulaq başına apardı. Ordan da onun ata-baba yurdu Təzəkəndə yollandıq.

Əvvəla, onu qeyd edim ki, yollarboyu dağların yamaclarında, ətəklərində  dərələrdə qoyun-quzu sürülərinin boz muncuq kimi qatar-qatar sıralanıb  boyunbağı kimi yaşıl çəmənliklərə  bəzək vurduğunu görürsən, "Allah bərəkət versin!" - deyirsən.

Valehin əmisigilin dağdibi həyətində toyuq-cücə əlindən tərpənmək olmurdu. Valeh əmisioğlunu soruşdu, anası Firuzə xanım  (pensiyaçı müəllim) dedi ki, qoyun-quzunu dağın o üzünə otarmağa aparıb, günortaüstü nahara qayıdacaq. Söz-söhbətdən məlum oldu ki, bu ailənin 250 başa yaxın qoyun-quzusu var. Nehrə yağı almaq istədiyimizi bildirdik. Firuzə xanım qayıtdı ki, tapılar, lap elə bu çəpərbir qonşumuzun 10 baş inəyi var.

Hə, elə bu həyətdəcə günəbaxan çiçəyi kimi sapsarı  nehrə yağında bişirilmiş bir dağ çolpasını tərifləyə-tərifləyə  ləzzətlə yeyib, üstündən də "Şair Cavad bulağı"nın bal suyundan dəmlənmiş kəkotulu çay içib, Bakı tərəfə gedən yollara üz tutduq. Bulaq-abidəyə şairin şəklini də vurublar: əlində qələm, qarşısında kitab-dəftər, gəlib-gedənlərə baxır... Çox bəyəndim. Sağ olsunlar.

Böyük Qafqazın şöhrətli dağ kəndi İlisunun bugünkü gününə bax, Kiçik Qafqazın ucqar dağ kəndi Təzəkənddə büsata bax...

İlisudakı ötən əsrlərdən qalmış qədim, tarixi abidələrin bərpası, qorunub saxlanılması kimi vacib məsələlərə də diqqət ayrılmasının əhəmiyyətindən bəhs edən hörmətli müəllif kənd qəbiristanlığının da səliqə-sahmana salınmasını istəyir.

Tibb ocağının, aptekin olmasını  vacib hesab edir müəllif.

Hər cümləsi adamı düşündürən yazının bir yerində oxuyuruq: "... heç bir  işlə məşğul olmayıb kəndin gimgələrində oturan əmək qabiliyyətli kişilərə, iş axtaran qadınlara baxıb ürək ağrısı keçirməmək mümkün deyil".

Yay aylarında aran rayonlarından gələn camaata kirayə ev verməklə nə qədər dolanmaq olar, axı...

Hansı istiqamətdə iş yerləri açmaq, imkanlı adamları, təşkilatları İlisuya sərmayə qoymağa həvəsləndirmək, iri sənaye, kənd təsərrüfatı müəssisələrinin burada filiallarını açmaq və s. haqqında kim düşünməlidir, təşəbbüsdə olmalıdır görəsən?..

İlisu həm də müalicəvi sular diyarıdır. Mineral suların arxasınca biz (elə mən də daxil olmaqla) bahalı Şimali Qafqaz kurortlarına üz tuturuq.

Torpaq altdan qaynar istisu çıxması özü təbiətin bir möcüzəsi, sirridir.

Böyük Yaradanın bu qiymətli lütfündən, payından, bu təbii sərvətdən  müasir tibbi-sağlamlıq tələblərinə cavab verə biləcək tərzdə səmərəli istifadə etmək, müalicə yeri axtaranların yönünü İlisuya tərəf yönəltmək mümkün deyilmi?..

İndi hansı dövrdə yaşayırıq ki, isti sudan istifadə etmək üçün adamlar növbəyə dayanıb, "bəzən günlərlə gözləyib 20-30 nəfərlik bir hovuza doluşurlar..."

Bulaq gözü açmaq, təmizləmək savabdır. Əgər bu gün Beşbulağın gözü tutulursa, yolu bağlanırsa, kimdir günahkar? Mən, sən, o, biz, hamımız...

İlisunun Ağayazı adlanan düzündə çalışanlara salam olsun! Bu yerlər İlisuya məxsusdur. Sadıq müəllimin yazdığı kimi yaxın gələcəkdə orada böyük sürətlə inkişafda olan badam, alma, üzüm, şaftalı, ərik bağları bol məhsul verəcək, yeni emal obyektləri açılacaq və şübhəsiz ki, işləyənlərin də sayı çoxalacaq.

Başdan-başa qazlaşdırılmış, elektrik enerjisi ilə təmin edilmiş İlisuda meşələrin qırılması təhlükəsi yoxdur. Dağ meşələrinin dirçəlib boy atmasına, yaşıllıqların çoxalmasına  hər cür şərait var.

Əslən Qax rayonundan olan və uzun müddətdir ki, respublikanın  meliorasiya və su təsərrüfatına rəhbərlik edən, bu sahənin akademiki hesab olunan və mənim də şəxsiyyətinə və fədakarlığına inandığım hörmətli Əhməd Əhmədzadənin İlisu camaatının sosial-iqtisadi dirçəlişi istiqamətində həyata keçirdiyi və keçirəcəyi tədbirlər məncə, ən yüksək qiymətə layiqdir.

Belə oğullar var olsun!

İlisu haqqında Sadıq müəllimin yazdıqlarını həyəcansız oxumaq mümkün deyil.

Hörmətli müəllif bu nöqsanların, problemlərin səbəbini də aqilcəsinə göstərməyi bacarmışdır: "Laqeydlik və məsuliyyətsizlik!"

İlisu həm də Dövlət qoruğudur. Gəlin qoruğumuzu qoruyaq. Və bu yazını məşhur türk şairi Orxan Vəli Qanıqın "Vətən üçün" şeiri ilə bitirmək qərarına gəldim:

Bu Vətən üçün nələr etmədik!
Kimimiz öldük,
Kimimiz nitq söylədik...

Şüvəlan, 15 sentyabr 2019-cu il

 





24.09.2019    çap et  çap et