525.Az

Yalnızlığın qorxusu - Nuranə Tağıyeva yazır


 

Yalnızlığın qorxusu - <b style="color:red">Nuranə Tağıyeva yazır </b>

Gündəlik həyatında baş verən hadisələri paylaşmaq istəyib də, ona deyil, yoxluğuna danışanda anlayırsan getdiyini. 

Qulaqların səsini axtaranda, əllərin üşüyəndə, ürəyində sözlər aşıb-daşanda, yalnızlığını qucaqlayıb təkbaşına gecələyəndə anlayırsan. Bir ay bitib o biri başlayanda, ayların, günlərin anlamını itirəndə anlayırsan. Ətrafında var olan insanlar üçün heç kim olduğunu görəndə, aynada özünlə qarşılaşıb kövrələndə, gülüşlərin yerini təbəssümə buraxanda anlayırsan.  O getdi, bu hekayə bitdi.

Sentyabr ayının durğun, kövrək səhərinə gözlərimi otağıma yayılan bir qorxuyla açdım. Yalnızlığımın qorxusu idi bu. Hələ heç gün oyanmadan bədənim oyanmışdı. O qədər ağır bir qorxu bürümüşdü ki otağımı, evin bir küncünə sıxışıb, iki əlimlə ağrıyan canımı möhkəm qucaqlamışdım. Mən sizinləyəm, qorxmayın, yalnız deyilsiniz, biz güclüyük, biz özümüzə bəs edərik, möhkəm olun, deyə-deyə öz hislərimlə danışırdım. Titrək bədənimi sakitləşdirmək, ağlayan gözlərimi dindirmək üçün mübarizə aparırdım.

Dünən gecə, düşüncələrdən uzaqlaşmaq, yaşadığı evin pəncərəsinə boylanıb gecənin hansısa bir saatında yanacaq işıqları təqib etməmək, qapısında sevgi dilənən bir dilənçi olmamaq üçün bədənimi evimin üstümə gələn divarlarına erkən saatlarda təslim etmişdim. İlk dəfə ürəyimə qarşı çıxa bilmişdim. Bu gedişi qəbul etməkdən başqa bir çarə, bu yoxluğa öyrəşməkdən başqa bir yol olmadığını anlatmışdım. Ürəyimlə danışmışdım. Birlikdə qərar qəbul edib, razılaşmışdıq. Amma bizi yuxudan oyadan yalnızlığımızın qorxularını hesaba almamışdıq.

Belə məqamlara öyrəncəliyəm mən. Duyğularının səsindən başqa heç bir səsə qulaq verməyən o həssas qadınlar siyahısındayam. Ən xoşbəxt anlarda belə, bir-biriylə boğuşan hislərə sahibəm. Onlarla dostlaşmışam, onların dilindən anlayıram. Onlara nələrin yaxşı, nələrin pis təsir etdiyini bilirəm. Və biz birlikdə güclüyük. Bir-birimizə çox sədaqətliyik. Birimiz yıxılanda, hamımız yıxılanı qaldırmaq üçün əlləşirik. Bu dəfə onların içərisində ən zəif olanı yara alıb. Ürəyimiz yıxılıb və qalxmaq istəmir, yaxşı siz haqlısınız, bu gün mən səhv etdim, deyir. Mən sabah ölürəm, məni qucaqlayın, deyir. Deyəsən, mən artıq onun dilindən anlamıram. Onu sakitləşdirməyin yolunu bilmirəm...

Biraz da gündüzlər bir kənarda boynunu büküb, gecələr məni qucaqlayıb yatan yalnızlığımdan danışım. Onun dili yoxdur, onun səsi çıxmır. O ən bədbin, ən yazıq olan hissimdir. Gözləmədiyi bir vaxtda oyatdım onu qış yuxusundan. Xəbərsiz döydüm qapısını. Ürəksiz gəldi, viran qalmış evimin soyuq otaqlarına.

Gizli günahım, görürəm ki, yoxluğuma çoxdan öyrəşmisən. Bəs, mənim bu zəhrimara qalmış ürəyim niyə hələ də ümidlə yaşayır?! Bir cavabsız sual qoyub getmisən mən yazığın ömrünə. Nə sualı qavraya bilirəm, nə də cavabını tapıram. Elə hey axtarıram...

 





25.09.2019    çap et  çap et