525.Az

Rza Rzayev: "Drakondan sonra o obraza xələl gətirəcək heç bir rolu oynamaram" (FOTOLAR)


 

Rza Rzayev: "Drakondan sonra o obraza xələl gətirəcək heç bir rolu oynamaram"<b style="color:red"> (FOTOLAR)</b>

"DOLU" FİLMİNDƏ PƏLƏNGİN ÖLÜM SƏHNƏSİNDƏN SONRA BİR HƏFTƏ ÖZÜMƏ GƏLƏ BİLMƏDİM, 7-8 AY MÜALİCƏ ALDIM"

Müsahibim - bu yaxınlarda ictimaiyyətə təqdim edilən “Dolu” filmində Drakon obrazını canlandırmış Rza Rzayev 1973-cü ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. Özəl universitlərdən birinin məzunu olan müsahibim Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alıb. Hazırda Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyində müşavir vəzifəsində çalışır. İlk dəfə rejissor Rövşən Almuradlının ekranlaşdırdığı “Bəsdir, ağlama” filmində çəkilən R.Rzayev onu incəsənətlə bağlayan tellərdən danışdı:

“Mən heç vaxt özümü bu sənətdə təsəvvür etməmişəm. Ağlıma da gəlməzdi ki, mən nə vaxtsa filmə çəkilərəm. Çünki mənim doğulduğum bölgədə aktyora pis baxırdılar, bizim tərəflərdə aktyorluq prestijli sənət sayılmırdı. Elə ona görə də bizim bölgədən bu sənətin nümayəndəsi olan çox az adam yetişib ki, bunlardan da ən güclüsü Rza Təhmasib olub. Hələ universitetdə oxuduğum illərdə hansı rejisor, sənət adamı ilə qarşılaşırdımsa, filmə çəkilmək üçün təkliflər alırdım. Ancaq aktyor kimi fəaliyyətə ilk dəfə 1999-cu ildə Rövşən Almuradlının ekranlaşdırdığı “Bəsdir, ağlama” filmində başladım. Mən filmdə əsir zabit obrazını canlandırırdım. Deməzdim ki, o filmdəki rolum çox uğurlu oldu, o filmlə tanındım, amma bu filmlə mən kino aləminə addım atmış oldum. Ondan sonra “Ünvansız qız” teleserialında Rəşad obrazını canlandırırdım. Bu filmdə mənim tərəf-müqabilim unudulmaz sənətkarımız Həsən Məmmədov idi. O mənim atamı oynayırdı. Həmin dövr üçün o serial çox məhşur idi və təbii ki, film mənə də məhşurluq gətirmişdi. Amma mən o populyarlıqdan imtina etdim. O illərdə də tamaşaçılar məni ancaq serialda gördülər. Heç bir mətbuat orqanına müsahibə vermədim, dəvət olunmağıma baxmayaraq heç bir televiziya verlişində iştirak etədim. Bunun da səbəbləri var”.

Xarakter etibarı ilə kompleksli olduğunu bildirən həmsöhbətim müsahibə verməkdən, gündəmdə olmaqdan sıxıldığını deyir:

“Müharibə dövründə müxtəlif təvəllüdlü insanlar döyüşdülər, şəhid oldular. Amma mənimlə yaşıd olan şəhidlər daha çoxdu. Bəlkə də mətbuatdan kənar olmağım müharibə illərində o uşaqların arasında olmadığım üçün utandığımdan, həmin şəhid həmyaşıdlarımın ruhu qarşısında hiss etdiyim sıxıntıdan irəli gəlir. Onlar döyüşüb, şəhid olublar, mənsə filmə çəkilirəm. Biz 1993-cü ildə Laçında, Qubadlıda döyüşən əsgərlərə yardım aparmışdıq. Mən orda gördüyüm həmin uşaqların baxışlarını unuda bilmirəm. Bu gün də gözüm o uşaqları axtarır hər yerdə. Görəsən sağ qalan oldumu onlardan, hardadılar, nə işlə məşğuldular - bu sualları verirəm hər gün özümə”.
Xarakter və düşüncələrinin bu sənətə uyğun olmadığını düşünən, dövlət işi ilə aktyorluq sənəti arasında qalmamaq üçün bir seçim etməli olan R. Rzayev “Ünvansız qız” serialından sonra bu sahədən uzaqlaşmağı qərara alır. Lakin içindəki istedada məğlub olub, bir neçə illik fasilədən sonra növbəti filmə çəkilməyə razılıq verib:

“Ünvansız qız”serialından sonra kino aləmindən uzaqlaşdım, bütün dəvətlərdən imtina etdim. Uzun fasilədən sonra “Cavad xan” filmində əsas rola - Cavad xanın oğlu roluna dəvət olunudum. Film tarixi film olduğu üçün məni cəlb etdi və mən razılaşdım. Altı ay məşqlərə getdim, bir həftə də çəkilişlərdə iştirak etdim, ancaq bəzi səbəblərə görə sonra mən bu filmdə oynamaq istəmədim. Bir ara rejissor Aqil M Quliyev “Sarı gəlin” klipini çəkəndə orda türk komandiri rolunu oynamaq lazım idi. Mənim daxilimdə o qədər Osmanlıya məhəbbət var idi ki, o roldan imtina edə bilmədim. Artıq anladım ki, istəsəm də istəməsəm də, mən bu sənətin cığırına düşmüşəm. Ondan sonra “Niyyət” filminə dəvət aldım. O filmdəki rolum bir qədər fərqli idi. Mən orda qumarbaz obrazını canlandırırdım”.
“Dolu” filminə dəvət olunduğu zaman filmə çəkilməkdən imtina etdiyini deyən R. Rzayev filmin rejissoru Elxan Cəfərovla görüşənə kimi bu qənaətdə olub:

“Dolu” filminin aktyor seçimləri gedirdi. Filmin ikinci rejissoru məni sınaq çəkilişlərinə dəvət etdi. Dörd -beş ay dəvəti qəbul etmədim. Özümə qəti söz vermişdim ki, mən bir də kinoya qayıtmayacam. İkinci rejisorla tədbirlərin birində görüşəndə o mənə dedi ki, artıq səni rejissora təqdim etmişəm. Mən də düşündüm ki, ora getməməyim yaxşı çıxmır, ən azından gedib rejisorla söhbət etməli, çəkilməyəcəyimi bildirməliyəm. Elxan müəlimin otağına girənə qədər mən 99 faiz qətiləşdirmşdim ki, filmdə çəkilmək təklifindən imtina edəcəm. Elxan müəllim məni görən kimi dedi ki, Drakon sənsən, mən səni bu filmdə görmək istəyirəm. Mən Elxan Cəfərovu rejissor kimi Qarabağla bağlı çəkdiyi qısametrajlı filmindən tanıyırdım, Aqil Abbasın “Dolu” romanını da oxumuşdum. İçimdə həmişə itirdiyimiz yaşıdlarımızın ağrıları vardı. Elxan müəllimlə söhbətlərdən sonra mən sınaqlarda iştirak etdim. Alternativsiz aktyor kimi Elxan müəllim məni təsdiq etdi”.

Həmsöhbətim özünü bu sahədən kənarda tutmağa məcbur edən səbələrdən biri kimi sənət adamlarının bir-birinə qarşı soyuq, çəkişməli münasibətlərinin də payı olduğunu deyir. Çəkiliş meydançasında aktyor rejissor münasibətlərindən danışan R.Rzayev rejissorun aktyora haqlı irad tutmasının normal olduğunu, ancaq aktyoru təhqir edib, şəxsiyyətini alçaltmağı əsla qəbul etmədiyini bildirib: “Cavad xan” filmində iştirakdan imtina etməyimə səbəblərdən biri də bu cür münasibət idi. Filmin çəkilişləri zamanı mənim özümü yox, başqa bir aktyoru təhqir etmişdilər, mən də onu müdafiə etmişdim, onlara da dedim ki, bu cür atmosferdə Cavad xan yaratmaq olmaz. “Dolu” filmində isə indiyə qədər görmədiyim bir mənzərənin şahidi oldum. Filmdə bütün yaradıcı heyət bir-birinə qardaş, dost idi. Filmdə Pələng obrazını canlandıran Elvin Əhmədovun, kəşfiyyatçı uşaqların çəkilişlərdə çox böyük əziyyətləri olub. Elxan müəllimin həyat yoldaşı, sevilən aktrisamız Gülzar xanımın bizə çox böyük qayğısı var idi. Komandir rolunu oynayan Məmməd Səfa müəllim bizimlə çox səmimi münasibət yaratmışdı. Təbii ki, bu da rejissorun böyüklüyü idi. Elxan müəllim aktyorları bir ailə üzvünə çevirə bildi. Mənim düşüncəmdə bir rejissor obrazı var ki, mən onu reallıqda gördüm. Elxan müəllimin xarakteri insanların psixologiyasını bilməsi, özündən çox aktyorlarını düşünməsi, nəinki mənim, “Dolu”nun bütün yaradıcı heyətinin sevgisini qazandı. “Dolu”nun çəkilişləri çox əziyyətli mərhələlərlə həyata keçib. Hətta mən deyərdim ki, aktyor olaraq mənim yerim, şəraitim Elxan müəllimin şəraitindən daha yaxşı idi. Elxan müəllim həddindən artıq aktyorlara dəyər verən, özünü hər zaman aşağıda tutmağı bacaran bir insandır. Mənə elə gəlir ki, elə filmin uğuru da, aktyorların bütün çətinliklərə dözməyi də Elxan müəllimin bu səmimiyyətinin məhsulu idi”.

Tamamilə başqa sahə üzrə təhsil alan müsahibimin kinoya, aktyor sənətinin incəliklərinə kifayət qədər bələd olduğunu hiss etmək elə də çətin olmadı. R. Rzayevin kino sənəti haqqındakı düşüncələri də maraqlıdır: “Dünyada bu gün ən pis filmin tamaşaçısı ən yaxşı kitabın oxucusundan çoxdur. Kino dövlətin bir siyasətidir. Məsələn, İran o vaxt atom bombasını yaratmağa başladı ki, artıq kinosunu yaratmışdı. Kino insanların şüurundan çox onların təhtəlşüuruna təsir göstərir. Bütün dünya demək olar ki, kino vasitəsilə öz siyasətlərini həyata keçirirlər. Dövlətlər öz siyasətlərini həyta keçirtmək üçün öncə kino vasitəsilə  mesajlarını cəmiyyətə ötürürlər. Böyük dövlətlərin hamısı bu üsuldan istifadə edirlər. Hətta deyərdim ki, bu gün kino mədəni müstəmləkədir”. Dünyanın heç bir ölkəsində dövlət sifarişi ilə film çəkilmədiyini bildirən aktyor dövlətimizin kinoya diqqətinin başqa ölkələrdəkindən fərqli olduğunu deyir: “Bildiyim qədəri ilə dünyanın heç bir yerində belə bir şey yoxdur ki, dövlət kino üçün pul ayırsın. Çünki kino özü pul gətirən bir sahədir və dünyanın ən böyük bizneslərindən biridir.”.

“Dolu” filmi haqqındakı tənqidi fikirlərə gəlincə, müsahibim deyir: “Dolu” filmini yaxşı film hesab etmək olar. Çünki biz hələ yaxşı film yaratmaq mərhələsindəyik. Ən yaxşısını yaratmamışıq. Ən yaxşısını yaratmaq üçün isə, sözsüz ki, bir çox şərtlər lazımdır. İstər maliyyə, istər texnika, istərsə də münasibət baxımından. Hələ o şərtlər Azərbaycan kinosu üçün yaradılmayıb”.

R.Rzayevin sözlərinə görə, Aqil Abbas ssenaridə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, şəhid olmuş bütün qəhrəmanları ümumiləşdirərək obrazlar verib. Hadisələrin baş verdiyi məkan kimi Ağdamın göstərilməsinə, filmdə Ağdam mövzusunun qabardılmasına narazılıq edənlər də olub: "Ancaq mən bu cür fikirlərə hər zaman qarşı çıxmışam. Hətta rejissor da, ssenarist də deyəndə ki, biz burda təkcə Ağdamı göstərmək istəməmişik, mən bu fikrə etiraz etdim. Əgər Ağdam uğrunda insanlar döyüşübsə, biz niyə bunu göstərməkdən çəkinməliyik?! Biz Ağdam haqqında film çəkməklə, ordakı problem və səbəbləri göstərməklə Ağdama qədər işğal olunmuş Şuşanın, Xocalının və digər rayonların da necə əldən getməsini göstərmiş oluruq. Çünki səbəblər və talelər eynidir. Niyə biz ağdamçılıqdan qaçmalıyıq?! Bir ağdamlı elə azərbaycanlı kimliyinin bir hissəsidir. Məgər Ağdamda göstərilən bir qəhrəmanın taleyi ilə biz bütün Azərbaycan qəhrəmanlarının taleyini göstərə bilmərik?! Biz nəyə görə deməməliyik mən ağdamlıyam, qubadlılıyam, şuşalıyam, naxçıvanlıyam. Bizim cəmiyyətdə nəyə görə bu, regionçuluq, yerlibazlıq kimi başa düşülür? Əgər biz doğulduğumuz bölgəni sevmiriksə, vətəni də sevə bilmərik”.

R.Rzayev filmin müvəffəqiyyətli alınmasında Elxan Cəfərovun uğurlu aktyor seçimi etməsinin və peşəkarlığının çox böyük payı olduğunu deyir: “Deyirlər ki, elm şəxsiyyətsiz ötüşə bilər. Ola bilər ki, alimin şəxsiyyəti olmasın, o yenə istənilən kəşfi edə bilər, amma sənətdə şəxsiyyətsiz ötüşmək mümkün deyil. Əgər aktyorun, rejissorun şəxsiyyəti yoxdursa, heç nə yarada bilməz. Şəxsiyyətsiz aktyorun rejisorun yaratdığı tamaşaya, filmə tamaşaçı ancaq oyun kimi baxıb gülər ki, sən bu deyilsən. Rejissor hər hansı bir kadrı çəkəndə, məsələn, ağlamaq səhnəsində əgər özü də ağlamırsa, ən azından kövrəlmirsə, heç vaxt ola bilməzki, tamaşaçı ona baxıb ağlaya. Ssenaridən sonra ən əsas olan iş aktyor seçimidir, əgər rejissor aktyorun düzgün seçə bilirsə, o mütləq nəticəyə müsbət təsir edəcək. “Dolu” filminin uğurunda düzgün aktyor seçiminin də payı var. Bu yenə də Elxan müəllimin peşəkarlığının nəticəsi idi”.

Həmsöhbətim deyir ki, bizim rejissorların çoxu xarici ölkələrdə təhsil alıblar, hələ də öz rejissor məktəbimiz yoxdur: "Bizdə hələ kinonu Azərbaycan dilində danışdıracaq rejissor yetişməyib. İngilisin, türkün, ermənin, rusun filmləri öz dillərində danışa bildi, amma bizim kinolarımız hələ öz dilində danışa bilmir. Üzeyir Hacıbəyov Azərbaycan musiqisinin əsaslarını yazdı, notlaşdırdı, amma kinomuzda bunu edən olmadı. Sovet dövründə Həsən Seyidbəyli, Şamil Mahmudbəyov və bir neçə rejissor buna cəhd etdi, onda da sovet hökuməti buna imkan vermədi. Bəlkə də imkan verilsəydi, onlar Azərbaycan kinosunun əsaslarını yarada bilərdilər. Dövlət kinonun inkişafı üçün pulu kino işçilərinə yardım olaraq verir ki, alın bu qədər pulu, gedin film çəkin. “Dolu” filminin büdcəsi bir milyon iki yüz min manat idi. Əslində bu məbləğə bu əsrdə film çəkmək çox gülüncdür. Dünyada bu büdcə ilə film çəkilmir”.

R.Rzayev bu fikirdədir ki, film cəmiyyət üçün obrazlar yaratmalıdır: "Dünyanın heç bir müharibəsində bizimkilər kimi qəhrəmanlar olmayıb. Mən bundan yüz faiz əminəm. Amma biz o qəhrəmanları cəmiyyətə tanıda bilmişikmi? Biz döyüşə-döyüşə bizi inandırdılar ki, döyüşməmişmik. “Dolu”, təbii ki, dövlətin sifarişi idi və bu gün dövlət ehtiyac duyur ki, onun qəhrəmanları tanıdılsın. Bunu artıq dövlətin bir siyasəti hesab etmək olar. Azərbaycan dövlətinin bu gün ən aktual məsələsi Qarabağdır, torpaqların qaytarılmasıdır. Bunun üçün də, sözsüz ki, cəmiyyət müharibədə döyüşən qəhrəmanını tanımalıdır. Drakon da o qəhrəmanlardan biri idi”.

Drakondan sonra başqa obrazları canlandırmaqda bir qədər tərəddüd etdiyini deyir R.Rzayev: “Biz istəyiriksə cəmiyyət öz qəhrəmanını tanısın, həmin qəhrəmanın obrazını təbii yaratmalıyıq və onu cəmiyyətə qəbul etdirməyi bacarmalıyıq. Əgər Drakon obrazını oynayan aktyor sabah gedib toylarda klounluq edəcəksə, bu artıq Drakon obrazı olmayacaq. Heç kim onu qəbul etməyəcək. Əlbəttə, obrazı yaradan aktyor həmin insan özü deyil, amma həmin obrazın ifadəçisinin özü də uyğun bir şəxsiyyət olmalıdır ki, tamaşaçı onu qəbul etsin. Mən Drakondan sonra o obraza xələl gətirəcək heç bir rolu oynamaram. Ona görə yox ki, bu cür roldan başqa rol oynaya bilmirəm, yox, mən ondan çəkinirəm ki, tamaşaçının sevdiyi Drakonu gözdən salaram. Yerli teleseriallara dəvət alıram, amma Drakon obrazından sonra hamısından imtina etmişəm”.
"Sənət xobbi ola bilməz" deyən müsahibim aktyorluğa xobbi kimi baxmır: "Aktyorluq təhsili almasam da, bu sənətinin incəliklərinə bələdəm. Mən filmdə obrazı canlandıranda da, məqalə yazanda da özümü həmişə Tanrının qarşısında hiss edirəm. Bunlar mənim Tanrı qarşısında dualarımdı. Mən çox təəssüf edirəm ki, bu gün bizim aktyorların bir çoxu hələ də sözü oynayırlar, kinolarımızda da hələ də Stanislavskinin teatr məktəbi tətbiq olunur. Dialoqlar arasında o qədər pauzalar verirlər ki, adam yorulur. Bu gün dünya kinosunda sözü oynamaq yoxdu. Bu bir mərhələ idi, bütün dünyada bu mərhələ bitdi, amma bizdə hələ davam edir. Qəhrəmanların obrazını elə yaratmaq lazımdır ki, şəhid qızı, şəhid ailəsi həqiqətən də hiss etsin ki, ekranda gördüyü onun atasıdır və yaxud da oğludur, həyat yoldaşıdır. Məsələn, "Dolu" filmində Pələngin ölüm səhnəsi çəkiləndə bütün yaradıcı heyət, əsgər, zabit, rejissor da daxil olmaqla, hamı ağladı. Pələngin ölüm səhnəsindən sonra mən bir həftə özümə gələ bilmədim, hətta yeddi-səkkiz ay müalicə aldım. Həqiqətən də mənə elə gəldi ki, Pələng mənim qollarımda can verdi. Rejissorun "stop" dediyi anda artıq mən özümdə deyildim”.

Ədəbi yaradıcılıqla da məşğul olan R. Rzayev gələcəkdə Qarabağ müharibəsi dövründə Azərbaycan qadının kimliyi mövzusunda ssenari yazmaq fikrində olduğunu deyir: “Kağıza köçürdüyüm və köçürmədiyim bir neçə ssenarim var ki, bunlardan üçü Qarabağ mövzusundadır. Mən ümumiyyətlə ədəbi yaradıcılığımda birmənalı olaraq reallığın fotoqraf dəqiqliyi ilə çəkilməsinin əleyhinəyəm. Mən bunu yaradıcılıq hesab etmirəm. Real hadisələr bədii, mənalı, obrazlı dil ilə ifadə olunmalıdır. Müharibə dövründə Azərbaycan qadının kimliyi haqqında ssenari yazmaq fikrindəyəm. Düşünürəm ki, artıq dünyaya Azərbaycan qadının kimliyini göstərməliyik. Biz “Dolu” filmində göstərə bildik ki, Azərbaycan döyüşçüsü, Azərbaycan kişisi kimdir. İndi biz göstərməliyik ki, şəhid olmuş döyüşçünün, müharibəyə gedən əsgərin qadını kimdir. Fransıza, ingilisə Azərbaycan qadınının obrazı daha maraqlıdır, nəinki bizimkilərin onları yamsılaması. Qarabağ müharibəsində elə mövzuya toxunmaq lazımdır ki, dünyanın diqqətini çəkə bilək. İndi dünyada döyüş səhnlərinin olduğu müharibə filmləri, romanları maraqlı deyil. Dünya üçün müharibənin səbəbləri və nəticələri maraqlıdır: müharibə niyə başlayıb, hansı faciələr baş verib və bu hadisələrdə insanların bir- birinə münasibəti necə olub - indi bunlar düşündürür dünyanı. Bu məqamlarda üzə çıxır ki, sən millət olaraq kimsən, nəyin uğrunda mübarizə aparırsan”.

Günel MUSA

 





11.10.2012    çap et  çap et