525.Az

Sərdar Fərəcov: "İndi geniş musiqi əsərlərinə nə hövsələ qalıb, nə də enerji"


 

Sərdar Fərəcov: "İndi geniş musiqi əsərlərinə nə hövsələ qalıb, nə də enerji"<b style="color:red"></b>

Bu yaxınlarda "Xalq artisti" fəxri adı alan tanınmış bəstəkar Sərdar Fərəcovdan müsahibə almaq üçün direktoru olduğu Üzeyir Hacıbəylinin Ev Muzeyinə gedərkən həm qeyd dəftərimdə, həm də beynimdə bir çox suallar vardı.
 
Ancaq etiraf edim ki, səmimi qarşılanma, bəstəkarın müsahibə deyil də, müzakirəyə üstünlük verməyi həqiqətən də xoş və yaddaqalan bir söhbətə çevrildi.

Bu söhbətin dinləyən və arada tək-tük suallarla cüzi müdaxilələr edən tərəfi, sözsüz ki, mən idim. Sərdar müəllim isə öz ürəyindəkiləri danışdıqca danışırdı. Sual vermədən söhbətə başladığımızdan diktofonu bir az gec qoşdum.

Həmin vaxt müsahibim mənə mərhum rejissor, aktyor Hüseynağa Atakişiyevin şəklini göstərib danışırdı: 
 

- Bu, mənim yaxın dostlarımdan, yaradıcılığıma təkan verən insanlardan biridir. O, məni teatra gətirən adamdır. Gənclər Teatrında biz onunla 30-a yaxın tamaşa işləmişik. Mən məhz o teatrdan qanadlandım. Hüseynağanın səması çox hündür idi. Bir gün adi məişət əsəri, sabahı isə Şekspirin fəlsəfi əsərini səhnələşdirə bilirdi. Bu, bizi hər zaman heyrətləndirirdi. Belə adamlar başqalarının yetişməyinə, kamilləşməyinə kömək edirlər. Ondan sonra məni digər teatrlar da çağırdı. Amma hamısının başında Hüseynağa Atakişiyev dururdu. Hüseynağa ilə ilk əsərimiz Əli Əmirlinin "Onun iki qabırğası" əsəri oldu. Hüseynağa yazdığım musiqini heç normal dinləmədi də. Çünki o, işlədiyi adamlara güvənirdi.

S.Fərəcov onu Üzeyir Hacıbəylinin Ev Muzeyinə gətirib çıxaran yollardan da danışdı:

"Məncə, ən böyük şansım odur ki, 35 ildir, bu ocaqda işləyirəm. Konservatoriyanı bitirdikdən sonra televiziyada, radiolarda da işlədim. Ancaq hiss edirdim ki, oralar mənlik deyil. Televiziyada tez məşhurlaşdığın kimi, tez də unudula bilirsən. Düşündüm ki, bu, mənim yolum deyil. Mən nə məşhurlaşmaq istəyirəm, nə də hər axşam kef məclisi. Bir dostum məni bura çağırdı. Texniki işçi kimi başladım. Televiziyadan iki dəfə az idi maaşı. Amma bura gələndə hiss elədim ki, elə mənim yerim buradır. Bura mənim hücrəm oldu. Texniki işçi, bəstəkar, musiqişünas, sonra isə Üzeyirşünas kimi yetişdim. 1990-cı ildən başqa böyük bəstəkarlarla bərabər mənim də adım Üzeyir Hacıbəyov ensiklopediyasına daxil idi. Ortada olmadım, amma işlər oldu.

Bir dəfə biri mənə dedi ki, sizin musiqinizi tanımıram.

Keçdik pianinonun arxasına, başladım musiqilər ifa etməyə. Musiqilərimin hamısını tanıdı, amma onları mənim yazdığımı bilmirdi. Musiqilərim səslənir, tanınır, yaşayır, Amerikadan Vyetnama qədər böyük ərazini dolaşır, məni tanımasalar da olar. Mənimçün böyük bir fəxrdir ki, beynəlxalq musiqi festivallarına münsif kimi dəvət edilirəm. Respublikanın Muğam Müsabiqəsində 250 bəstəkardan münsif olaraq mən seçilirəm. Bunlar hamısı onu göstərir ki, işlərimiz əslində diqqət mərkəzindədir.

Mənimçün böyük fəxrdir ki, Azərbaycanın himnini arxivdən ilk dəfə 1989-cu ildə mən tapdım və haqqında ilk məqaləni də mən yazıb çap etdirdim. Bu, çox qarışıq və təhlükəli dövr idi.

Mənimçün ikinci qürurlu hadisədir ki, Üzeyir bəyin yarımçıq əlyazmalarını tamamlamaq mənə qismət olub. Onun "Şeyx Sənan" operası vardı ki, musiqiçilər haqqında bircə cümlə yazırdılar: "Əsər məhv edilmişdir". Bunu yazmağa nə var ki. Biz isə əlimizə keçən gizli arxivdən bu əsərin librettosunu tapdıq. Üzeyir bəyin əlyazmasıyla ərəb qrafikasında yazılmışdı. Biz bir iranlı tələbəylə onu latın qrafikasına köçürtdük və musiqinin izinə düşdük. Nəhayət, əsəri tamamlamağı bacardıq və əsər Üzeyir Hacıbəyov festivalında səsləndi. Amma ən qəribəsi budur ki, bizim musiqişünasların, jurnalistlərin heç biri bu əsərin tapılmasıyla, aqibətiylə maraqlanmadılar. Görünür, onların əziyyətdən xoşları gəlmir. İndi insanların marağı başqa yerlərədir. Əsas da maddi maraq üstünlük təşkil edir. Əlbəttə, bu da onların seçimidir.

Bəstəkarı öldürmək asandır.

Əlini qulağına tut, eşitmədiyin an bəstəkar ölmüş sayılır. Çətin olan onu yaşatmaqdır. Bu da isti ürəklərlə mümkündür.

Bu gün dövlətimizin mədəniyyət sahəsində gördüyü işlər bəyənilməlidir. Xüsusən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çox mühüm işlər görür. Bu, musiqimizin təbliği, mədəniyyətimizin inkişafı üçün son dərəcə önəmlidir.

Bu yaxınlara qədər Üzeyir bəyin cəmi 3 əsəri çap olunmuşdu. Danışanda "dahidir, böyükdür, Azərbaycan musiqişünaslıq məktəbinin banisidir" deyirik, amma əsərlərinə, irsinə qarşı çox biganəyik. Sonra "O olmasın, bu olsun", "Ər və arvad" kimi əsərlərini, komediyalarını, vətənpərvərlik mahnılarını, operalarını və sair əsərlərini ayrı-ayrı çap elədik. Əslində, yaxşı ki, muzeyin direktoru bəstəkar oldu və o bəstəkarın da ürəyi buzdan olmadı (gülürük). Bəstəkar olduğum üçün bu işlər mənə çox qəliz, çətin görünmədi. Bilirdim ki, bunları edə bilərik. Məni tarixi iş görmək maraqlandırmırdı, bu əsərlərin yaşaması idi önəmli olan. İnşallah, məndən sonra da bir igidi çıxsın və bu əsərlərin sayını 30-40-a çıxartsın. Çünki Üzeyir bəy irsində hələ də aşkarlanmamış, tamamlanmamış əsərlər var. Məsələn, "Şah Abbas və Xurşudbanu" adında böyük bir əsəri var. Onun da üzərində işləmək istərdim. Amma nə o taqətim qalıb, nə də halım. Bir cavan musiqişünas olsaydı, bu işi araşdırar, o əsəri də üzeyirşünaslığa qazandırardı. Ümumiyyətlə, onun sahmana salınası çox əsərləri var ki, Üzeyir bəy irsinin cildlərinin tamamlanması ondan asılıdır. Hələ ki bu işləri əmanət edə biləcəyim bir gənc tapmamışam.

Bu yaxınlarda cənab Prezidentin Sərəncamı ilə Xalq artisti adına layiq görüldüm.

Ümumiyyətlə, zəhmət çəkən, yaradan adam yaxşı olar ki, həmişə diqqət mərkəzində olsun. Çünki bu, yaradıcı adamı həvəsləndirir. İnsanlar nə iləsə seçilməlidir. Əgər sənin işin başqa həmkarlarının arasında fərqlənirsə, görünürsə, niyə də onu dəyərləndirməsinlər? Axı eyni peşədəki insanların hamısının nəticəsi eyni deyil. Ona görə də düşünürəm ki, yaradıcı insana verilən qiymət ona daha da stimul olur. Mən də yüksək fəxri ad üçün, yaradıcılığıma verilən qiymətə görə dövlətimizin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Doğrusu, çox da mükafat həvəslisi deyiləm. Əsərlərimə verilən qiymət məni daha çox maraqlandırır. Məsələn, bu gün musiqim Qazaxıstan, Başqırdıstan, Amerika və başqa ölkələrdə səslənir, Cənubi Koreyadan dəvət alıram, TÜRKSOY-un katibi 20 illik yubileyləri ilə bağlı əsər yazmağı məndən xahiş edir və sairə. Bunlar hamısı fərəhləndiricidir. Azərbaycanda 200-dən çox bəstəkar var. Biz cavan olanda özümüzdən böyük ustadların yanında orkestrə yaxın düşə bilmirdik. Böyük musiqi bayramlarında onların əsərləri çalınardı, biz vaxtımızı gözlərdik. İndi də gözləyirik, amma başqa cəhətdən. Azərbaycanda cəmi bir orkestr var, o da nə qədər tədbirlərdə çıxış edir. Cavanlıqda başqa növbə idi, indi başqa.

İndi geniş musiqi əsərlərinə nə hövsələ qalıb, nə də enerji. Biz də 25-30 dəqiqəlik əsərlər yazırıq. Onu ifa etməyə isə nə dirijorun, nə də orkestrin gücü çatır. Bu gün mənim dünyada çox tanınan və müraciət olunan əsərlərim müddəti 3-5 dəqiqə olanlardır.

Bu yerdə müdaxilə edirəm: "Bu biraz da sürətli həyatla bağlı deyilmi? İnsanlar 400-500 səhifəlik əsər oxumaq istəmirlər. Ya xülasəsini oxuyur, ya da filmi varsa, ona baxırlar. Yəni bu, artıq ümumi problemə çevrilib".

- Amma başqa tərəfdən yazıçı, bəstəkar gərək öz potensialını da ortaya qoya bilsin. Bu da bu cür böyük əsərlərlə mümkündür. Təəssüf ki, bu gün teatr musiqisini, yüngül mahnıları üstün tuturlar. Mahnı bəstələməklə bəstəkar olmaq eyni şey deyil. Böyük bəstəkarların tək-tük mahnıları var, az yazıblar, ama gözəl yazıblar. Mahnı yazmaq çətin deyil. Olsun ki, mahnının uğurlusu-uğursuzu var, amma çətin deyil. Əlbəttə, Tofiq Quliyevin mahnılarını yazmaq çətindir. O, yazdığı nə qədər mahnının içərisindən cəmi 20-30-nu saxlayıb. İndi isə yerindən duran deyir, min dənə, iki min dənə mahnım var. Belə şey olar?

Xüsusən, sözlərə fikir verən yoxdur, bayağılıq baş alıb gedir. "Mən səni sevirəm, dərdindən ölürəm" deyilən nə qədər mahnı dinləmək olar?

Yaxşı musiqi bircə anın içində sanki qeybdən gəlir. Onu planlamaq olmaz. Hərdən yolda ani melodiya, musiqi gəlir, amma bəzən elə şəraitdə oluram ki, nə qələm, nə kağız, nə də pianino tapmaq olmur ki, işləyim yadımdan çıxmasın.

Beləcə, itirdiklərimiz qazandıqlarımızdan çoxdur.

Ümumiyyətlə, yaradıcı adamın kənardan gəlir yeri olsaydı, o, heç işləməzdi, ancaq yazıb-yaradardı. Bəstəkarların çox pula da ehtiyacı yoxdur. İstəyi royal, kitablar, sakit otaqdır ki, o da günümüzdə əlçatmaz kimi bir şeydir. Üzeyir bəy də çox böyük ehtiyac içərisində yaşayıb.

Əvvəl şeirlər yazırdım, indi isə çox az yazıram. Amma yenə də var. Bəzi mahnılarıma sözü də özüm yazıram.

Elə əsərlər var ki, bəstəkarın boyunu bir az da ucaldır, onun yaradıcılığının başqa mərhələsini açır. "Cavad xan", "Xətai" simfoniyası, fortopiano üçün variasiya, skripka-klarnet-fortopiano üçün trio əsərim, iki royal üçün konsert suitası mənim yaradıcılığımda mərhələ hesab etdiklərimdir. Bu cür əsərlər bəstəkarı texnika cəhətdən daha da möhkəmlədir, sabitləşdirir.

Hazırda "Beyrək", "Ana" operalarını yazıram. Nə vaxt bitirəcəm, bilmirəm. Hər bir əsər mənim arzularımdır. Belə musiqilər yoxdur, arzu edirəm ki, görəsən, bunu mən yaza bilərəmmi? Və bu sualdan hansısa əsər doğulur.

Söhbət vaxtı, Sərdar müəllimin TÜRKSOY-un sifarişiylə orkestr üçün yazdığı və Vyetnamda səslənən əsərini dinlədik. Əsər cəngi ruhunda olsa da, orkestr əsərlərindəki yorucu gurultusu yox idi, əvəzində xoş melodiya vardı. Bu müşahidəmi bəstəkarla da bölüşdüm. Dedi ki:

- Çox böyük musiqişünaslardan birinin fikri var ki, melodiyanı ancaq böyük bəstəkarlar yarada bilər. Öz payıma demirəm. Orta səviyyəli, zəif bəstəkarlar o gurultuyla, hay-küylə gözə kül üfürürlər. Melodiya yazmaq çox çətindir. Siz musiqiçi deyiləm desəniz də, ruhunuz, anadan olandan varlığınıza hopan mədəniyyət sizi aldatmır. Unutmayın, melodik musiqi yoxdursa, deməli bəstəkarın ya psixoloji, ya da ayrı bir problemi var. Musiqi elə melodiya deməkdir.

Sonra S.Fərəcovun Tyanşan dağlarına həsr etdiyi "Sübh duası" əsərini dinləyirik. Musiqi dağların zirvəsini qucan buludların havadakı ahəngli hərəkətini xatırladır...

- Əsərdən sonra Sərdar müəllimin iş masasındakı Nəsiminin kitabı diqqətimi cəlb edir. Yoxsa, onun da Nəsimi İlinə töhfəsi gözlənilir?

- Nəsimi İlinə mən də hamı kimi nəsə yazmaq istədim. Sonra düşündüm ki, hamı 3-5 dəqiqlik kiçik romans yazır. Nəsimi isə daha artığına layiqdir. Bir ədəbiyyatşünas dostumla planlaşdırırıq ki, Nəsimi fəlsəfəsi və həyatı üzərindən fəlsəfi opera quraq. 

Şahanə MÜŞFİQ

 





05.10.2019    çap et  çap et