525.Az

“Ömrün qatarı”nı izləyərkən


 

“Ömrün qatarı”nı izləyərkən<b style="color:red"></b>

filologiya üzrə fəlsəfə doktoru,
dosent

Qarşımda zərif tərtibatlı, üzü yağış sularına qərq olmuş ayna təsvirli bir kitab durur. Bu, şairə Nəzakət Məmmədovanın oxucuları ilə görüşünə  gəldiyi “Ömrün qatarı” adlı ikinci kitabıdr. Yağış damlaları bir-birini dalda qoymaq istəyilə pəncərənin şüşəsinə düzülən kimi, Nəzakət xanımın şeirləri də kitabda özünə eləcə yer alıb. Bir-birindən maraqlı, duyumlu, hisslə-həyəcanla dolu şeirlər... Onları oxuduqca insanın qəlbində yeni duyğular cücərir, boy atır, pərvazlanır. Kitabın “üzündən” axan yağış bəlkə şairin özünün göz yaşlarıdır, dayanıb şüşənin arxasında, göz yaşlarını saxlaya bilmir, inci dənələri kimi üzünə düzür? Nədir qəlbini yaralayıb onu incidən, ağladan? Oxuyarıq, görərik...

Nəzakət xanım, yaradıcılığa gec başlasa da, onun ürəyi başdan-başa poetikadır, şeiriyyətdir. İllərlə qəlbində gəzdirdiyi poetik fikirləri misralara düzüb şeirlər toplusuna çevirir. Onun şeirlər toplusunu nəzərdən keçirəndə adamın gözləri qarşısında dağlarda bitən, ətri ilə insanı bihuş edən çiçəklər canlanır. Hər çiçəyin öz ətri olduğu kimi, Nəzakət xanımın da hər şeirinin bir ünvanı, məna çaları var. Onun şeirləri məhəbbətdən yoğrulub, yaşa dolub... və ömrü saralmış yarpağa dönüb. Qəribə təzaddır. Cavan ikən saralmış yarpaq... Cavan ikən özünü qocalmış hesab edib, ömrünü saralmış yarpağa bənzətmək...

lll

Nəzakət xanım şair olmaqla yanaşı, bir anadır, övladlarına yaxşı bir dostdur, həmdəmdir, sirdaşdır. Ana qəlbi təlatümlü dənizdir, uşaqlarının həyatda yarımasını ürəkdən istəyərək, yeri  gəldikcə məsləhətlərini də verir. Qloballaşan dünyada, Avropaya inteqrasiya dövründə bəzi gənclərin milli adət-ənənəyə ögey münasibəti Nəzakət xanımı narahat edir. Oğluna xitabən etdiyi nəsihətləri, məsləhətləri Azərbaycanın bütün yeniyetmələrinə şamil edir. “Zabit anasıyam mən!” şeirində Nəzakət xanım zabit oğlu Ramilin simasında zabit anaların fərəhini, sevincini qələmə alır:

Bir qarış torpaq üçün canını fəda edən,
Bayrağına, himninə, şərəfinə and içən
Zabit anasıyam mən!
 
Rahat yuxu yatmıram,
çünki düşmən yatmayıb.
Hələ çox “arzusu” var,
arzusuna çatmayıb.
Bəxti yatmış dərdləri bir kimsə oyatmayıb.
Düşmənin arzusunu gözlərində öldürən
Zabit anasıyam mən!

Nəzakət xanımın vətənpərvərlik mövzusunda qələmə aldığı şeirlər çox ibrətamizdir. Onlarda bir haray, bir nümayişkəranəlik var. Biz həmişə “Vətən, bizi bağışla” frazasını eşitmişik. Nəzakət xanım o sözü işlətmir, o kəlməyə nifrət edir və cəsarətlə “Vətən, bizi bağışlama” deyir. Əldən gedən Vətən torpaqları qayıtmayınca, Vətən uğrunda gedən şəhidlərin ruhu dincəlməyincə, onların qanı alınmayınca “Vətən, bizi bağışlama” deyir:

Dağın-düzün yenə bizim olunca,
Verən-verdi, səni yaddan alınca,
Qanın axıb, bu qan yerdə qalınca
Vətən, bizi bağışlama!

“Ömrün qatarı” kitabında Qarabağ müharibəsinə, şəhid oğullara, onlara yas saxlayan analara həsr olunmuş silsilə şeirlər oxuyanların ürəyini titrədir, qisas hissini daha da alovlandırır:

Oğullar içində gəzir oğlunu,
Güc verir gözünün həsrət yaşına.
O qədər sözü var, kimə desin ki,
Dərdini söyləyir məzar daşına,

...“Ana gileylənir qəbir daşına...” deyən şair yurd həsrətlisidir. “Yurd həsrəti” şeirində yurdu-yuvası dağılmış insanların dilindən haray çəkir, göyüm-göyüm göynəyir, “sinəsi nar kimi çatlayır”:

Dərd üstə qoyulmuş qaraca taxtdı,
Bu da bir taledi, bu da bir baxtdı,
Bölünüb yüz yerə gör bir nə vaxtdı.
Yurdumun yanında qaradı üzüm.

Tarixən yurdumuz müxtəlif işğalçı ölkələr tərəfindən hissələrə bölünüb, param-parça olub, o taylı-bu taylı, qərbli, şərqli, aranlı, dağlı Azərbaycana bölünüb. Ata-baba yurdlarımız ayrı qalaraq çırpınmış, həsrətdən saralmış, qovuşmaq üçün mübarizə aparmış, başından zərbə alaraq müvəqqəti susdurulmuşdur. Yurd həsrəti bir göynərtiyə dönərək şairin ürəyinə çalın-çarpaz dağ çəkmiş, bəşəri bir dərd olan “həsrət”, “yurdsuzluq” dərdinə mübtəla etmişdir. İşğalçılar, qansoranlar, gözüdoymayanlar üçün:

Təbrizi, Dərbəndi daladı getdi,
Göyçəni odlara qaladı getdi,
Şuşanı yad əllər taladı getdi,
Yurdumun üstündə olmadı gözüm

– deyir.

Axarlı-baxarlı yurduna həsrət qalan şair üsyan edib deyir, gör necə bədbəxt vətəndaşam ki, durnalar yuva qurduğu, bala çıxarıb bəslədiyi vətəninə uçub getdiyi uzaq ellərdən qayıda bilir, mən isə gözün görəcəyi məsafədə bərqərar olmuş torpağıma addım belə qoya bilmirəm:

Gör neçə payızdır, gör neçə yazdır,
Hərətəm ocağı sönmüş yurduma.
Durnalar qayıdır, mən qayıtmıram
Bəxti əllərimlə dönmüş yurduma.

Şair dünyanın gərdişini özlüyündə götür-qoy edir, fələyin tərsinə fırlatdığı çərxin qulpundan tutub saxlamaq istəyir. Başı bu keşməkeşli suallardan yorulub avazıyanda heyfini yenə də ürəyindən çıxır, öz-özünü cavabı tapılmayan suallar içinə bələyir:

Deyirlər hər dərdə məlhəm zamandı,
Bəs zaman dərdləri niyə azaltmır?
Niyə dərd üstünə dərdlər qalanır,
Zamanın gücümü dərdlərə çatmır?

lll

...Mənim Nəzakət xanımla tanışlığım “Yada düşdü” jurnalının yaşı ilə eynidir. Yəni, 2011-ci ildə jurnalın ilk sayı mənə çatanda (buna görə Zülfüqar Şahsevənliyə minnətdaram) oxumaq üçün evə tələsdim (jurnalın adı məni təsirləndirmişdi). Jurnalı birinci səhifədən axıracan oxudum və qeydlərimi etdim. “Yada düşdü” jurnalının baş redaktoru Nahid Hacızadəyə məktub” adlı qeydlərimi çap olunmaq üçün “Ədəbiyyat” qəzetinə göndərdim.

Hələ onda Nəzakət xanımı tanımırdım. Onun anası ilə bağlı bir şeiri diqqətimi cəlb etdi. (O vaxt mənim bir əsr ömür sürmüş anam da yenicə dünyasını dəyişmişdi. Nəzakət xanımın 28 yaşı olanda anası da onları yetim qoyaraq bu dünyadan köç etmişdi. Jurnalda çap olunmuş “Anam” şeiri məni yamanca kövrəltmişdi. Və bu kövrəklik içində redaksiyaya gedib Nəzakət xanımla tanış oldum. Anasızlıq dərdi bizi rastlaşdırmış, tanışlığımıza səbəb olmuş və mənim də bu jurnalla əməkdaşlığıma zəmin yaratmışdır.) Ana mövzusu Nəzakət xanımın ağrılı yeridir. Kiçik yaşlarından atasını itirən Nəzakət xanım gənc yaşlarında anasını da itirir. “Darıxıram, ay ana” şeiri də bu baxımdan anaya həsrət qalmış bir övladın yanıqlı təşnəsidir, səsi-harayıdır:

Bu dünyada dərmanı tapılmayan
dərdimsən,
Məndən nəyi apardın,
mənə nəyi verdin sən?
Xəzəl olub döşənim gələn yollarına mən
Sənsizlik həsrətindən qisası necə alım?
Mənə necə qıyırsan, xəzəl ömrü yaşayım?
Məni qovuşdur yenə analı anlarıma,
Körpəcə quzu kimi xınalı anlarıma...
Darıxıram, ay ana...

Nəzakət xanımın şeirlərini oxuyub təhlil edəndə görürsən ki, Vətən, vətənpərvərlik mövzusunda yazılan şeirlər sevgi şeirlərindən daha güclüdür. Bu da onun vətənə, torpağa bağlılığından, sönməz məhəbbətindən irəli gəlir. Belə olmasaydı, əziz ciyərparası, böyük oğlunu zabit görmək istəməzdi. Belə olmasaydı, bir qarış torpağı uğrunda canını fəda etməyə hazır olan, bayrağı himni, şərəfi and yeri olan cəsur, igid Vətən əsgərləri içində zabit anası olmağı ilə fəxr etməzdi.

lll

Nəzakət xanımın bu kiçik kitabında bəşəri mövzularla yanaşı Qarabağ, 20 Yanvar qırğınlarını törədənlərə böyük nifrət hissilə yazılmış şeirlər də özünə yer alıb. Azərbaycanın bütün vətəndaşları kimi, Nəzakət xanımın da yaralı yeri dağlar gözəli Qarabağdır. Azərbaycanı bir üzüyə bənzətsək, gözəl Qarabağımız onun firuzə qaşıdır. Şairin “Qar yağır” şeirində qarın yağmasını poetik bir dillə naxışlar vuraraq ürəyini deşən, onu gecə-gündüz narahat edən düşüncələrinə bir aydınlıq gətirib:

Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Qara qan ələyir o qanlı Yanvar.
Məsum insanların qanı üstünə
Qərənfil döşəyən tarixlər də var.
...Şəhid  Xocalımın yarası üstə.
Şuşa nəfəsini öpüb bu qarın
Qoyuram gözümün qarası üstə.

lll

Adını yeni kitabına sevib qoyduğu “Ömrün qatarı” şeiri fəlsəfi şeirdir. Uzaq məsafələrə can ataraq irəliləyən qatarı insan ömrünə bənzədən şair bir çox suallara özü də cavab tapmağa çalışır:

Bir ömür qatarına
Kimlər harda minəcək?
Kimi yarı yoldaca,
Kimi sonda enəcək
...Əlvida, deyəcəksən,
Əlvida deyənlərə
Bu ömür qatarına
Talesiz minənlərə.

Ömür də qatar kimidir, onun yaşadığı tale, həyat qatarın yerişinə, dayanacağına, sürətinə, ləngərinə bənzəyir. Kimi yarımayıb yarı yolda düşür, kimə isə axırıncı dayanacağa qədər getmək müyəssər olur. Kimi də bəxtinə yazılan taleyini yaşaya bilməyib, kənardan baxır.

El arasında belə bir deyim var: “Gözüm su içmir”. İnsan nədənsə şübhələnəndə, inamsızlıq yaranır, onda bu kəlmələri dilə gətirir. Nəzakət xanım da belədir. O, gördüyü, eşitdiyi hadisələri saf-çürük edir, bəzi işlərdən “gözü su içmir”. Bütün gördüklərini göz yaddaşına yığır, “gözünün su içmədiyi” məsələləri oxucuyla bölüşür. Gözünə o qədər dərd yığır ki, dərdlərin səsindən qulaq tutulur. İstər-uzaqda – İraqda, istər yaxında – Qarabağda gedən qanlı döyüşləri “gözünə yığır” və bu dərdlərə bələnmiş suallara cavab axtarır:

Gözünün səsindən qulaq tutulur,
Bu kimin gözüdü İraqdan baxır?
Çıxası gözlər var – Qarabağdadı,
Oymalı gözlər var, qıraqdan baxır.
 
Gözlərim göylərə dikilib qalıb,
Nə gördü yaddaşa hörsün qayıtsın?
Əllərim yetməyən, sözüm çatmayan
Tanrını bircə yol görsün, qayıtsın.

Yerlərdə onun Qarabağ harayına çata bilməyənlərdən əlini üzən şair ümidini Allaha bağlayır. Allahın dərgahına uzanan əllərini ona çata bilməyəcəyini başa düşüb kömək diləmək üçün Allahın özünün yanına getmək istəyir. Bəlkə Tanrı ona yar oldu.

lll

Nəzakət xanım həsrətli, nisgilli şairədir. Uşaqlıq illərinin ən şirin, ən unudulmaz anları Vişnyovka (Albalılıq) bağlarında keçib. “Bağımız” şeirində bir romanın, bir dastanın süjet xəttini andıran hekayətlər var.

Gözlərin önündən evlərinin arxasından boylanıb zərif şəfəqləri ilə burnunu qıdıqlayıb oyadan günəş, daş qoyulmuş ocaq yeri, dumduru suyu olan rəngli çarhovuz, bu çarhovuzdan vedrə ilə su daşıyan, vedrənin ağırlığından çiyinləri əyilmiş arıq vücudlu qızcığaz gəlib keçir.

Evin ətrafında qum üstünə səpələnib, qumda bişən ağ şanı, qara şanı salxımları... Uşaqlıq xəyalları, uşaqlıq yadigarları... Elektrik qatarının fit səsinə boylanaraq işdən yorğun-arğın qayıdan ananın qabağına qaçıb əlindəki zənbili ondan almağa çalışan qonşu uşaqlar... İndi bunlar hamısı qırıq-qırıq bir xatirəyə dönüb, inci kimi, muncuq kimi ipə-sapa düzülür. Uşaqlıq dostları ilə “Xan-vəzir”, “Beş daş” oyunlarının haylı-haraylı səsləri qulaqlarında cingildəyir, uşaqlaşır, dəcəlləşir, ərköyünləşir.

Şən qayğısız günlərimiz,
Maştağa bazar yerimiz,
Buzovna çimərliyimiz
...Həmin bağdı, hamısı mənim.
Niyə görən qum yollara
Döşəyiblər asfaltları?
“Hörüblər daş hasarları”

– deyə üsyan edən şair sağına-soluna baxır, suallarına cavab verəcək bir adam axtarır. Axtarma, tapa bilməyəcəksən, indi dünyanın özünü belə, az qala divarlar arasına sığışdırmaq istəyirlər.

lll

Nəzakət xanım suallar, hicranlar, həsrətlər içində 50 yaşına çatdı. “50 yaşım, mübarəksən!” deyib öz içinə çəkildi. 50 yaşı ilə baş-başa qaldı. 50 yaşın haçan gəlib onu öz ağuşuna aldığına təəccüb etdi. Onu özünə məsləkdaş, sirdaş hesab edib, lal sükuta qərq oldu:

Müsahibim, həmsöhbətim,
Yol yoldaşım – 50 yaşım,
...Yaşadığım illərimsən
Ömrün əriş-arğacında
Şirin, acı günlərimsən.
Bu ömürdə nələri mən itirdimsə,
Nələri mən gətirdimsə,
Səninləydim, 50 yaşım.
...Sən yaddaşım, məsləkdaşım,
Son sirdaşım – 50 yaşım!

lll

Nəzakət xanımın 50 yaşının və ikinci kitabı olan “Ömrün qatarı”nın bu dünyaya gəlişi çox mübarəkdir. Onun birinci “Ömrüm” adlı kitabı 2008-ci ildə işıq üzü görüb. Ancaq, biz oxucular çox arzu edərdik ki, kitabların ara məsafələri azalsın və bizi yeni-yeni şeirləri, poemaları və pyesləri ilə sevindirsin.

 





28.10.2013    çap et  çap et