525.Az

Bakı Dövlət Universiteti müharibə illərində - (1941-1945-ci illər)


 

Bakı Dövlət Universiteti müharibə illərində - <b style="color:red">(1941-1945-ci illər) </b>

1941-ci il iyunun 22-də Böyük Vətən müharibəsinin başlanması ilə universitetin  tədris həyatı tamamilə pozuldu.

Müharibə başlanan gün universitetdə rektor Cəbrayıl Ələsgərovun rəhbərliyi ilə keçirilən mitinqdən sonra rektor başda olmaqla 200 nəfər tələbə və müəllim könüllü olaraq cəbhəyə yola düşdülər. Rektor vəzifəsinə Şamil Əliyev təyin olundu. O, bu vəzifədə 1944-cü ilə qədər işlədi. Müharibənin ilk altı ayı ərzində universitetdən 1385 nəfər, o cümlədən, 159 nəfər akademik işçi (23 nəfər aspirant, 1141 nəfər tələbə) müharibəyə səfərbər edilmişdi. Onlardan 1185 nəfəri kişi, 200 nəfəri qadın idi. Rektorun 15 iyul 1941-ci il tarixli əmri ilə universitetin bütün fakültələrində özünü müdafiə qrupları yaradılması, 23 avqust 1941-ci il tarixli əmri ilə isə bütün fakültələrdə tibb bacıları hazırlanması üçün 4 aylıq kursların təşkili nəzərdə tutuldu. 1941-ci ilin dekabr ayının 30-da 125 tibb bacısından ibarət ilk buraxılış oldu. Gəncləri hərbi işə hazırlamaq məqsədilə I-II kurs tələbələrinin xüsusi proqram əsasında 110 saatlıq hərbi hazırlıq kursları keçmələri planlaşdırıldı. III və IV kurs tələbələri xüsusi proqrama uyğun olaraq hərbi-bədən tərbiyəsi məşğələləri keçirdilər. Hərbi hazırlığın və kütləvi müdafiə işinin daha müvəffəqiyyətlə getməsi üçün hərbi-bədən tərbiyəsi kafedrasının müəllimləri universitetin fakültələrinə təhkim olunmuşdular. Universitetin müəllimləri və digər əməkdaşları da 110 saatlıq proqram üzrə ümumi hərbi təlim keçirdilər. 1942-ci ilin iyulunda cəbhədə vəziyyət ağırlaşanda universitetin bütün tələbələrinə və ışçilərinə əmr verilmişdi ki, universitetə əleyhqazla gəlsinlər. Universitetin kollektivi bazar günləri keçirilən ümumşəhər iməciliklərində fəal iştirak edirdi.

Müharibənin tələblərinə uyğun  mütəxəsis hazırlamaq işi olduqca çətinləşmişdi. Cəbhəyə səfərbər edilmiş on minlərlə mütəxəssisin yerinə qısa müddətdə başqalarını hazırlamaq lazım gəlirdi. Müharibənin sərt reallıqlarına uyğun olaraq, universitetin həyatını yenidən təşkil etmək, tədris və elmi işdə dövrün tələblərindən irəli gələn dəyişikliklər etmək lazım idi.

Müharibənin əvvəllərində yaranmış çox ağır vəziyyət, müəllim heyətinin xeyli hissəsinin cəbhəyə getməsi, maliyyə imkanlarının məhdud olması respublikanın ali məktəblərinin müvəqqəti olaraq birləşdirilməsini tələb edirdi. 1941-ci ilin oktyabr ayında ölkə rəhbərliyi V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu universitetlə birləşdirmək haqqında qərar qəbul etdi. 1941/42-ci dərs ilində Azərbaycan Qiyabi Pedaqoji İnstitutu, Karl Marks adına Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Bədən Tərbiyəsi İnstitutu və Xarici Dil Müəllimləri İnstitutu da universitetlə birləşdirildi.

Universitetə birləşdirilmiş ali məktəblər əsasında burada beş kafedrası (Siyasi iqtisad, Planlaşdırma, Əmtəəşünaslıq, Maliyyə və kredit, Sosialist uçotu kafedraları) olan İqtisadiyyat fakültəsi, dörd kafedrası (Mülki hüquq, Cinayət hüququ, Beynəlxalq hüquq, Dövlət hüququ kafedraları) olan Hüquq fakültəsi, üç kafedrası (İngilis dili, Fransız dili, Alman dili kafedraları) olan Xarici dillər fakültəsi, iki kafedrası (Bədən tərbiyəsi tarixi və İdman kafedraları) olan Bədən tərbiyəsi fakültəsi yaradıldı.

1941/42-ci tədris ilində universitetdə Fizika-riyaziyyat, Biologiya, Kimya, Tarix, Filologiya, İqtisadiyyat, Xarici dillər, Bədən tərbiyəsi və Hüquq fakültələri fəaliyyət göstərirdi. Bu 9 fakültədə 54 kafedra, 42 kabinet və laboratoriya var idi. 1943-cü ildə universitetin əyani şöbəsində 1303, qiyabi şöbəsində isə 2044 nəfər tələbə təhsil alırdı.

1941/42-ci tədris ilində universitet üçillik təlim müddətinə keçdi. Tədris plan və proqramları, elmi-tədqiqat və siyasi tərbiyə işi yenidən təşkil olundu, qış tətilləri ləğv olundu. Dərs materialları ixtisar olundu, proqramlara həmin dövr üçün daha aktual olan mövzular daxil edildi.

1941-ci ildə universitetə birləşdirilmiş Azərbaycan Dövlət Qiyabi İnstitutunun bazasında universitetin qiyabi şöbəsi təşkil edildi. Sonralar uzun müddət Azərbaycan maarifinə rəhbərlik etmiş, akademik Mehdi Mehdizadə qiyabi şöbə üzrə prorektor vəzifəsinə təyin edildi.

Müharibə illərində elmi-tədqiqat işləri də yenidən təşkil olunurdu. 1941/42-ci tədris  ilinin sentyabrın 9-da Elmi Şurada həmin il üçün elmi-tədqiqat işinin planı müzakirə olundu. 104 mövzunu əhatə edən planda 24 mövzu hərbi-müdafiə əhəmiyyətli idi. Universitetin 127 əməkdaşı elmi-tədqiqat işləri ilə məşğul idi. Az sonra müdafiə əhəmiyyəti olmayan mövzular plandan çıxarıldı. Rektorluq və dekanlıqlar elmi-tədqiqat işi planlarının yerinə yetirilməsinə müntəzəm nəzarət edirdilər. 1941-ci ilin dekabrın 28-də Elmi Şuranın iclasında elmi-tədqiqat işlərinin gedişi haqqında Fizika-riyaziyyat fakültəsinin dekanı Əşrəf Hüseynov, kafedra müdirləri - professor Y.Q.Dorfman, dosent P.F.Belonogin, professor L.İ.Yelkin və dosent Bəhram Mirzəyev məruzə etdilər.

1941/42-ci tədris ilində universitetdə tədris sərt müharibə dövrünün reallıqlarına müvafiq şəkildə təşkil edildi. Həmin illərdə "Marksizm-leninizmin əsasları" fənninin tədrisinə siyasi tərbiyə sistemində çox böyük əhəmiyyət verilirdi.

1941-ci ildə universitetin II-IV kurslarda məşğələlər bir ay tez - avqustun 1-də  başlandı. V kurs tələbələri dövlət imtahanı verərək məzun oldular. Həmin il universiteti 522 nəfər bitirdi. Eyni zamanda, I kursa qəbul keçirildi. Birinci kursa 800 nəfər qəbul olundu. Universitetin əsas binası hospitala çevrildiyindən o, yeni binalara köçürüldü. Universitet bir-birindən xeyli aralı olan yeddi binada yerləşdirildi. 1941/42-ci dərs ilində universitet 1629 nəfər mütəxəssis buraxdı.

1942/43-cü tədris  ilində tələbə qəbulu çox çətinliklə keçirildi. 1942-ci ilin aprelindən ayrı-ayrı müəllimlərin tələbə qəbulu üçün kənd rayonlarına göndərilməsinə başlandı. Rayonlara gedən qruplara fakültə dekanları başçılıq edirdilər. Bütün səylərə baxmayaraq, həmin il qəbul planını yerinə yetirmək mümkün olmadı.

1943/44-cü tədris ilində nadir ixtisaslar üzrə aspirantura hazırlığı keçmək üçün Moskva Dövlət Universitetinə bir neçə nəfər göndərmək, habelə ən istedadlı elmlər namizədlərini təşkil olunan ikiillik doktorantura üçün seçmək nəzərdə tutulurdu. Həmin illərdə bir çox ixtisaslar üzrə Azərbaycan dilində ədəbiyyatın olmaması problem olaraq qalırdı. 1943/44  və 1944/45-ci tədris illərində universitetin strukturunda, tədris prosesinin təşkilində ciddi dəyişikliklər edildi. 1941-ci ildə bir neçə institutun birləşdirilməsi müharibə dövrünün ağır şəraiti ilə bağlı olan müvəqqəti tədbir idi. Odur ki, 1943-cü ilin iyulunda universitetin Bədən tərbiyəsi fakültəsinin bazasında Bədən Tərbiyəsi İnstitutu yaradıldı. 1944-cü ilin yanvarında Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutu, oktyabrında isə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu universitetdən ayrıldı. Universitetin Xarici dillər fakültəsi həmin instituta verildi. 1945-ci ilin yanvarın birindən universitetin İqtisadiyyat fakültəsi yenidən bərpa olunmuş K.Marks adına Xalq Təsərrüfatı İnstitutunun tərkibinə daxil edildi.

1941/42-ci dərs ilində universitetdə Nəzəri fizika kafedrası yaradıldı, həmin kafedranın müdiri vəzifəsinə dosent Rəhmi Həsənov təyin edildi. Həmin illərdə şərqşünas kadrların hazırlanması məsələsinə böyük ehtiyac var idi. 1942-ci il iyunun 17-də filologiya fakültəsində Şərq şöbəsi yaratmaq qərara alındı. Filologiya fakültəsinin Şərq şöbəsi 1943-1944-cü dərs ilinin ikinci semestrindən fəaliyyətə başladı. Şöbəyə filologiya fakültəsi dekanının müavini C.İbrahimov başçılıq edirdi. Şöbənin üç kafedrası - 1) Yaxın Şərq xalqlarının dilləri kafedrası (müdir dosent Ə.Səidzadə), 2) Yaxın Şərq xalqlarının ədəbiyyatı kafedrası (müdir filologiya elmləri namizədi Həmid Araslı), 3) Yaxın Şərq ölkələrinin tarixi kafedrası (müdir baş müəllim M.H.Şıxlı) var idi.

1943/44-cü ildə yaradılan Neft kimyası kafedrasına müdir vəzifəsinə professor Yusif Məmmədəliyev təyin edildi. 1943/44-cü tədris ilində universitetdə Geologiya-coğrafiya fakültəsi yaradıldı. Fakültənin dekanı vəzifəsinə dosent Əziz Əsgərov təyin edildi. Fakültədə Geologiya və paleontologiya kafedrası (müdir dosent Əziz Əsgərov), Petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası (müdir professor Mirəli Qaşqay) və Coğrafiya kafedrası (müdir M.Hacınski) yaradıldı. 1945/46-cı dərs ilindən Filologiya fakültəsində İncəsənət tarixi kafedrası yaradıldı, həmin kafedraya professor Mikayıl Rəfili müdir təyin olundu. Filologiya fakültəsində Jurnalistika bölməsi, Tarix fakültəsində isə Fəlsəfə şöbəsi fəaliyyətə başladı.

1943-cü il dekabrın 18-də SSRİ Xalq Komissarları Soveti "Qiyabi təhsil şəbəkəsini genişləndirmək və yaxşılaşdırmaq haqqında" qərar qəbul etdi. 1943/44-cü tədris ilində Filologiya, Tarix, Hüquq, Biologiya, Geologiya-coğrafiya, Fizika-riyaziyyat, Şərq və Kimya fakültələrinin tərkibində ümumi kontingenti 230 nəfərdən ibarət olan qiyabi şöbə yaradıldı. 1944/45-ci tədris ilinin yay sessiyası ərəfəsində qiyabi şöbənin Filologiya və Şərq fakültələrində 140 nəfər (48 nəfər azərbaycanlı), Tarix fakültəsində 99 nəfər (48 nəfər azərbaycanlı), Fizika-riyaziyyat fakültəsində 40 nəfər (17 nəfər azərbaycanlı), cəmi 279 tələbə təhsil alırdı ki, onlardan da 138 nəfəri azərbaycanlı idi.  Qiyabi şöbənin işində əsas çətinlik Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin olmaması ilə bağlı idi. 

Universitetdə fizika və riyaziyyat elmləri sahəsində yüksək səviyyəli mütəxəssislərin olması onun nəzdində Elmi Tədqiqat Riyaziyyat və Fizika İnstitutu yaratmağa imkan verdi. Həmin institut 1944-cü ilin yanvarında fəaliyyətə başladı. Əməkdar elm xadimi, professor Məmməd bəy Əfəndiyev həmin instituta direktor vəzifəsinə təyin olundu. İnstitut aktual elmi problemləri araşdırmalı və respublikanın ali və orta məktəblərinə elmi-metodik yardım göstərməli idi. İnstitutda iki bölmə - Riyaziyyat və Fizika bölməsi var idi. Riyaziyyat bölməsinə dosent Əşrəf Hüseynov, Fizika bölməsinə professor A.B.Qoqoberidze rəhbərlik edirdi. İnstitutda 6 nəfər baş elmi işçi, 8 nəfər kiçik elmi işçi çalışırdı. İnstituta iki nəfər yüksək ixtisaslı mütəxəssis - riyaziyyat ixtisası üzrə Moskva Dövlət Universiteti Elmi-Tədqiqat Riyaziyyat və Mexanika İnstitutunun direktoru SSRİ Elmlər Akademiyasının müxbir üzvü, professor V.V.Stepanov və fizika üzrə Belorusiya SSR Elmlər Akademiyasının akademiki, professor N.S.Akulov dəvət edilmişdi.

1944-cü ilin aprelində professor Mirəli Qaşqayın təşşəbbüsü ilə universitetdə geologiya və faydalı qazıntılar üzrə ilk muzey yaradıldı.

1944/45-si tədris ilinin sonuna universitetdə səkkiz fakültə: 1) tərkibində jurnalistika şöbəsi olan Filologiya; 2) tərkibində fəlsəfə şöbəsi olan Tarix; 3) Şərqşünaslıq; 4) Hüquq; 5) Fizika-riyaziyyat; 6) Biologiya; 7) Kimya; 8) tərkibində faydalı qazıntılar kəşfiyyatının geofiziki metodları şöbəsi olan Geologiya-coğrafiya fəaliyyət göstərirdi. Bundan əlavə, filologiya, fizika-riyaziyyat, tarix və şərqşünaslıq ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirən qiyabi şöbə, aspirantura, Elmi Tədqiqat Riyaziyyat və Fizika İnstitutu, Azərbaycanın geologiyası və faydalı qazıntıları üzrə diyarşünaslıq muzeyi fəaliyyət göstərirdi. Tədris və elmi-tədqiqat işlərinə 47 kafedra rəhbərlik edirdi.

Müharibə illərində universitet ştatda olan yüksək səviyyəli akademik işçilərlə kifayət qədər təmin edilməmişdi. Məsələn, Fəlsəfə və marksizm-leninizmin əsasları kafedrasının 16 akademik işçisi arasında cəmi 2 nəfər professor və 2 nəfər dosent var idi. Azərbaycan dili kafedrasında alimlik dərəcəsi və ya elmi adı olan müəllimlər yox idi, Rus dilşünaslığı kafedrasının 14 üzvündən yalnız üç müəllimin dosent elmi adı var idi. Yaxın Şərq dilləri kafedrasının 11 üzvündən yalnız birinin elmlər namizədi kimi alimlik dərəcəsi var idi. Digər kafedralarda da vəziyyət belə idi. Əvəzçilərin sayı isə olduqca çox idi. 1944/45-ci tədris ilində universitetdə ştatda olan müəllimlərin sayı 163 nəfər,  əvəzçilərin sayı isə 111 nəfər idi.

1943/44 və 1944/45-ci tədris illərində tələbə qəbulu kampaniyası mütəşəkkil keçdi. 1943-cü ilin mayın 14-də universitetin mərkəzi qəbul komissiyası fakültə dekanları başda olmaqla 36 akademik işçidən ibarət briqadalar və müharibə əlilləri arasında qəbul keçirilməsi üçün 27 nəfərdən ibarət briqadalar yaratdı. Briqadalar məktəblərdə izahat işləri aparır, yerli mətbuatda çıxış edir, yuxarı sinif şagirdləri ilə görüşlər keçirir, hospitallara gedirdilər. Bu tədbirlər öz nəticəsini verdi və 1943/44-cü dərs ilində universitetə plana görə 425 nəfər əvəzinə 927 abituriyent qəbul edildi. 1943/44-cü tədris ilində qəbul imtahanları keçirilmədiyinə görə qəbul olunanların bilik və bacarıqlarının səviyyəsinin aşağı olması  təhsil prosesində özünü göstərdi, I kursdan 458 nəfər tələbə xaric edildi.

1944-cü ildə tələbə qəbulu SSRİ Xalq Komissarları Soveti yanında Ali Məktəb İşləri Komitəsinin təsdiq etdiyi yeni qaydalar əsasında keçirildi. Qaydalara əsasən, məcburi qəbul imtahanları bərpa edildi. İmtahanlar yalnız orta məktəbi əlaçı attestatı ilə bitirən məzunlara şamil edilmirdi. Onlar üçün güzəştlər məktəbi bitirdikdən sonra iki il ərzində qüvvədə saxlanılırdı.

1944/45-ci tədris ilində universitetə qəbul müvəffəqiyyətlə həyata keçirildi. 625 yerə 900-dən artıq ərizə verilmişdi. Həmin il universitetə 767 nəfər qəbul olundu. Qəbul olunanların yarıdan çoxu kənd rayonlarından gəlmişdi. Müharibə illəri ərzində birinci dəfə idi ki, belə güclü tələbə axını müşahidə edilirdi. Lakin qəbul olunanların 158 nəfəri dərslərə gəlmədi. Təzə qəbul olunanların ana dilindən və ədəbiyyatdan ümumtəhsil hazırlığı zəif idi. Dərs prosesində məlum oldu ki, hətta imtahansız qəbul edilmiş orta məktəb əlaçıları içərisində də zəif hazırlıqlılar var. Ona görə də onlara əlavə məşğələlər təşkil etmək, fərdi məsləhət saatlarının sayını artırmaq lazım gəldi.

1944/45-ci tədris ilinin əvvəllərində universitetdə 1767 tələbə təhsil alırdı. Həmin tədris ilində 164 nəfər dövlət imtahanı verərək universiteti bitirmiş, 551 nəfər müxtəlif səbəblərə görə universitetdən xaric edilmiş, 160 nəfər isə bərpa edilmiş və ya digər ali məktəblərdən köçürülmüşdü. Universitetin nəzdində fəaliyyət göstərən 6 aylıq və 3 aylıq hazırlıq kursları onun tələbə kollektivi ilə kompleksləşdirilməsinə müəyyən köməklik göstərdi. Hazırlıq  kurslarını bitirənlər sonra imtahan verib universitetə qəbul edilirdilər. Rektorun 1944-cü il 5 sentyabr tarixli əmri ilə hazırlıq kurslarının 47 dinləyicisi universitetə qəbul olundu.  azırlıq kurslarına maraq yaratmaq məqsədilə orada oxuyanlara təqaüd verilirdi.

1943/44-cü tədris ilinin başlanğıcında əvvəllər hospitala çevrilmiş bina universitetə qaytarıldı. Rektorluq, kitabxana, təchizat şöbəsi, təsərrüfat hissəsi və altı fakültə həmin binada yerləşdirildi. Auditoriya fondu çatışmadığından 1944/45-ci tədris ilinin əvvəlindən universitet iki növbədə işləməkdə  ədris və elmi fəaliyyətini davam etdirdi.

1944-cü il aprelin 8-də SSRİ XKS "Dövlət Universitetlərində təhsil müddətlərini müəyyən edilməsi haqqında" qərar qəbul etdi. Həmin ilin aprel ayının 21-də Azərbaycan SSR XKS  "S.M.Kirov adına ADU-da təhsil müddətinin müəyyən edilməsi haqqında" qərar qəbul etdi. 1944-cü il aprelində rektor fakültələr üzrə təhsilin aşağıdakı müddətlərini müəyyən etdi: Tarix, Filologiya (şərqşünaslıq şöbəsindən başqa), İqtisadiyyat və Hüquq fakültələrində - 4 il, Fizika-riyaziyyat, Kimya, Biologiya, Geologiya-coğrafiya fakültələrində və Filologiya fakültəsinin Şərqşünaslıq bölməsində - 5 il.

1944-cü il iyunun 27-də rektorun əmri ilə iyulun 16-dan sentyabrın 30-dək yay tətili, 1944/45-ci dərs ilində oktyabrın 1-də məşğələlərin başlanması, oktyabrın 11-dən fevralın 20-dək birinci yarım illik, fevralın 21-dən 28-dək qış tətili, martın 1-dən iyulun 15-dək ikinci yarım illik nəzərdə tutulurdu. Məşğələlərin oktyabrın 1-dən başlanması ölkənin iqlim şəraiti və sentyabr ayında respublikanın kənd rayonlarında məhsul yığımı dövrü olması, əhalinin pambıq, taxıl və üzüm yığımında iştirak etməsi ilə bağlı idi.

1944/45-ci tədris ilində yay imtahan sessiyasının nəticələrinə uyğun olaraq  növbəti kursa 610 tələbə keçirilmiş, 460 tələbə yeni dərs ilinin əvvəlində akademik borcunu ləğv etmək şərti ilə keçirilmiş, 103 nəfər kursda saxlanılmış, imtahan və yoxlamaları verə bilməmiş 30 tələbə universitetdən xaric edilmişdi. Dövlət imtahanı və ya diplom layihələri müdafiə edən 179 nəfərin 164 nəfəri universiteti müvəffəqiyyətlə bitirdiyi hqqında diplom, o cümlədən, 28 nəfəri fərqlənmə diplomu almışdı. 1945-ci ildə ilk dəfə dövlət imtahanları ilə yanaşı, diplom layihələri müdafiə olundu. Müdafiə edilən diplom işlərinin 38-nə "əla", 30-na "yaxşı" qiymət verilmişdi. Mütəxəssislərin rəylərinə görə, onların bəziləri hətta namizədlik dissertasiyası səviyyəsində idi. Filologiya fakültəsində Kamal Talıbzadənin, Kamran Məmmədovun, Hökümə Qasımovanın, Tarix fakültəsində İqrar Əliyevin, A.Əbdürrəhmanovun, Sadıq Sadıqovun, Geologiya-coğrafiya fakültəsində Qədir Sultanovun, Biologiya fakültəsində Abdulla Tağızadənin diplom layihələri ən yaxşı iş kimi qiymətləndirilmişdi. Yeri gəlmişkən qeyd edək ki, onlar sonradan öz sahələrində görkəmli alim olub ölkəmizdə elmin inkişafına layiqli töhfələr vermişdilər. Kamal Talıbzadə və İqrar Əliyev akademik, Qədir Sultanov akademiyanın müxbir üzvü, Kamran Məmmədov və Abdulla Tağızadə tanınmış elmlər doktoru, professor olmuşdular.

Ümumiyyətlə, müharibə illərində universitetə 3840 tələbə qəbul olunmuş, tədris prosesində onların 1875 nəfəri xaric edilmişdi. 1377 tələbə təhsilini müvəffəqiyyətlə başa çatdırıb universitet diplomu almışdı.              

Yuxarıda qeyd etdiyimiz kimi,  universitetdə elmi-tədqiqat işi müharibənin birinci ilində yenidən təşkil olunmuşdu. Müdafiə və istehsal xarakterli mövzuları planda əsas yer tuturdu. 1941/42-ci tədris ilində elmi-tədqiqat işi planı universitet kollektivinin qüvvələrinin və imkanlarının səfərbərliyi nəticəsində əsasən yerinə yetirilmişdi. 1942/43-cü tədris ilinin planının tərtibində müdafiə və xalq təsərrüfatı əhəmiyyətli mövzuların xüsusi çəkisi artırılmışdı. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı bu planı təhlil edib müsbət rəyini vermişdi. Universitetin elmi-tədqiqat işi planı 164 mövzunu əhatə edirdi. Planın yerinə yetirilməsinə ciddi nəzarət edilirdi. 1943-cü il fevralın 4-də Elmi Şuranın iclasında elmi-tədqiqat işi planının yerinə yetirilməsi gedişi haqqında fakültə dekanlarının məlumatı dinlənildi. Elmi Şura Fizika-riyaziyyat, Biologiya və Hüquq fakültələrinin hesabatlarını müsbət qiymətləndirdi. Planın həyata keçirilməsində elmi işlər üzrə prorektor Abdulla Qarayevin xidməti xüsusi qeyd edildi. Abdulla Qarayev həmin vəzifəyə 1943-cü ilin fevralın 2-də təyin edilmişdi.

1942/43-cü tədris ilində nəşr edilmiş kitablardan Abdulla Qarayevin "Qan dövranı fiziologiyası", Mirəli Axundovun "Alman faşizminin irq nəzəriyyəsi və onun ifşası", Mehdi İrəvanskinin "Qədim Yunanıstanın tarixi", Məmmədağa Şirəliyevin "Qazax dialekti", Ə.İ.Azərinin "Fars dili" dərsliyi və "Fars-rus lüğəti", "Fars dilində müntəxabat" əsərlərini göstərmək olar.

Müharibə illərində aparılmış bir çox tədqiqatlar yüksək tətbiqi əhəmiyyətə malik idi. Bunlardan professor Cəbrayıl Hüseynovun və dosent A.Ağayevin istehsalatda tətbiq olunmuş və hospitalları az tapılan dərmanla təmin etmiş "Yerli xammaldan natrium-brom alınması", Abdulla Qarayevin Azərbaycan hospitallarında yaralıların müalicəsini xeyli yüngülləşdirmiş "Naftalan nefti preparatları ilə yaraların müalicəsi", Əziz Əsgərovun Azərbaycanın bəzi rayonlarında mineral mənbələrin öyrənilməsinə həsr edilmiş və həmin sulardan müalicə məqsədi ilə istifadə olunması üçün son dərəcə qiymətli material vermiş işlərini göstərmək olar.

Professor Yusif Məmmədəliyevin 1942-ci ilin sentyabrında elmi şurada "Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və alksizləşdirilməsi yolu ilə yeni metodunun hazırlanmasına görə sintezi" mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasının böyük elmi-praktik əhəmiyyəti var idi. Dissertasiyada birinci dərəcəli müdafiə əhəmiyyəti olan aviasiya yanacağının mühüm komponentlərinin istehsalının yeni metodu işlənib hazırlanmışdı. Müharibə illərində Yusif Məmmədəliyevin metodu ilə işləyən alkibenzol istehsalı zavodu tikilmişdi. 1944-cü ildə Yusif Məmmədəliyev "Aviasiya yanacaqları üçün yüksək keyfiyyətli əlavələr alınmasının yeni metodunun hazırlanmasına görə" dövrün ən yüksək mükafatına - Stalin mükafatına layiq görülmüşdü.

1945-ci il fevralın 8-də ADU-nun Elmi Şurasının və SSRİ Elmlər Akademiyası Azərbaycan filialı rəyasət heyətinin birgə iclasında filologiya elmləri doktoru, ADU-nun professoru Məmmədağa Şirəliyevin "Azərbaycan dilinin dialektləri" və professor Cəbrayıl Hüseynovun "Natrium alınmasının yeni istehsal metodu" əsərləri Stalin mükafatına təqdim olunmuşdu.

Müharibə illərində universitetdə görkəmli elm və mədəniyyət xadimlərinə həsr olunmuş elmi sessiyalar və konfranslar da keçirilirdi. 1943-cü ildə İsaak Nyutonun anadan olmasının 300 illiyinə, K.A.Timiryazevin anadan olmasının 150 illiyinə, Azərbaycanın böyük maarifçisi Abbasqulu ağa Bakıxanovun 150 illiyinə, ilk Azərbaycan təbiətşünası və maarifçisi Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, Əbdürrəhim bəy Haqverdiyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş elmi sessiyalar və konfranslar keçirilmişdi.

Tələbələr elmi-tədqiqat işlərində tələbə elmi dərnəkləri vasitəsilə yaxından iştirak edirdilər. 1943/44-cü tədris ilində universitetdə 16 belə dərnək fəaliyyət göstərirdi. Onların işinə rəhbərlik etmək üçün rektorun əmri ilə 9 nəfərdən ibarət ümumuniversitet bürosu təşkil edilmişdi. Büroya professorlar A.O.Makovelski, A.A.Trivus, dosentlər Əşrəf Hüseynov, İbrahim İbrahimov, A.V.Popov, M.Kajlayev və başqaları daxil idilər. 1943-cü ildə yüksək səviyyədə üç tələbə konfransı təşkil olunmuşdu.

Ümumiyyətlə, müharibə illərində universitet əməkdaşlarının 450 çap vərəqi həcmində, o cümlədən, 1941-1942-ci illərdə 70 çap vərəqi, 1943-cü ildə 120 çap vərəqi, 1944-cü ildə 150 çap vərəqi, 1945-ci ildə 110 çap vərəqi həcmində əsərləri dərc olunmuşdu. "ADU-nun əsərləri" adı altında filologiya, fizika, riyaziyyat, biologiya, kimya, geologiya, coğrafiya və tarixə aid xeyli monoqrafiya, dərslik, dərs vəsaiti, fənn proqramı, metodik göstəriş və elmi-kütləvi əsərlər nəşr olunurdu. Qeyd etmək lazımdır ki, universitet oz əsərlərinin nəşri işində çətinlik çəkirdi. Universitetin öz mətbəəsi yox idi, onun əsərlərini "Azərnəşr" çap edirdi. "Azərnəşr" universitetin sifarişlərini heç də həmişə tam həcmdə yerinə yetirə bilmirdi. Bu problemi həll etmək üçün 1944-cü ilin mayın 12-də rektor, professor Abdulla Qarayev (o, 1944-cü ildə rektor təyin edilmişdi) SSRİ XKS yanında Ümumittifaq Ali Məktəb İşləri Komitəsinin sədrindən universitetdə mətbəə yaradılmasına icazə verilməsini xahiş etmişdi. 1945-ci ildə universitetdə belə bir mətbəə yaradıldı.

Müharibə illərində universitetdə ali məktəblər və elmi-tədqiqat müəssisələri üçün elmi-pedaqoji kadrlar hazırlamaq işi ən mühüm vəzifələrdən biri hesab olunsa da, professor-müəllim heyətinin sayı tələbata cavab vermirdi. Hətta kafedra müdirləri arasında da professorların sayı az idi. 1942/43-cü tədris ilində universitetdə fəaliyyət göstərən 50 kafedradan yalnız 11-nə professorlar başcılıq edirdilər, digərlərinə  dosentlər və dosent əvəzləri, 4 kafedraya isə elmi dərəcəsi olmayan baş müəllimlər rəhbərlik edirdilər. O dövrdə aspirantura, dissertantura və doktorantura elmi kadrlar hazırlanmasının əsas formaları idi. Universitetdə aspirantura 1936-cı ildə yaradılsa da, müharibə başlandıqdan sonra, əslində, fəaliyyətini dayandırmışdı. 1941-ci ilin mayından 1943-cü ilin mayınadək aspiranturanı cəmi 29 nəfər bitirmişdi ki,  onların da 7 nəfəri namizədlik dissertasiyası müdafiə etmişdi. 14 nəfəri ordu sıralarına getmiş, 8-i aspiranturadan xaric edilmişdi. 1941-1943-cü illərdə aspiranturaya qəbul olmamışdı.

1943-cü ilin əvvəlində aspirantura bərpa olundu. Həmin ilin fevralında Xalq Maarif Komissarlığı birinci kursa 20 aspirant qəbul etməyə icazə verdi. Fevralın 2-də aspiranturaya ərizə verənlərin qəbul imtahanlarına buraxılması üçün rektor Şamil Əliyevin sədrliyi ilə komissiya yaradıldı. Marksizm-leninizmin əsasları, xarici dillər və ixtisas fənləri üzrə imtahan komissiyaları yaradıldı. Həmin il aspiranturaya 11 nəfər qəbul olundu, onların 7 nəfəri azərbaycanlı idi. Əvvəllər aspiranturadan xaric edilmiş 28 nəfər bərpa olundu. 1944-cü ilin fevralın 1-nə olan məlumata əsasən, aspiranturada 36 nəfər təhsil alırdı, onların 27-si azərbaycanlı idi. Filologiya fakültəsində 16 nəfər, Fizika-riyaziyyat fakültəsində 5 nəfər, Biologiya, Tarix və Geologiya-coğrafiya fakültələrinin hərəsində 3 nəfər, Kimya fakültəsində 2 nəfər, Hüquq və İqtisadiyyat fakültələrinin hər birində bir aspirant təhsil alırdı. Aspiranturada təhsilin vəziyyəti qeyri-qənaətbəxş hesab olunurdu. Onlara elmi rəhbərlik sahəsində işlər pis vəziyyətdə idi. II və III kursların 14 aspirantından yalnız 3 nəfərinin elmi rəhbəri professor idi. Qalanlarına dosentlər rəhbərlik edirdilər. I kursun bəzi aspirantlarının rəhbərləri yox idi. Bu nöqsanlar başqa ali məktəblərdə də var idi. Bununla əlaqədar olaraq, SSRİ Xalq Komissarlar Soveti yanında Ümumittifaq Ali Məktəb İşləri Komitəsi 1944-cü il yanvarın 2-də "Ali məktəblərdə aspirantlar hazırlanmasını yaxşılaşdırmaq tədbirləri haqqına" əmr verdi. Əmrdə aspirantları müsabiqə yolu ilə seçmək, həm də müttəfiq respublikalarda ali məktəblərin aspiranturasına yerli millətdən olan şəxslərin qəbul olunmasına diqqət yetirmək təklif edilirdi. Elmi rəhbərin müsbət rəyi aspiranturaya qəbul imtahanlarına buraxılmaq üçün mühüm şərt hesab olunurdu. İxtisas fənni üzrə qəbul imtahanı əsas hesab olunur və birinci keçirilirdi. Elmi rəhbər aspirantın işinin birinci yarımilliyi əsasında onun elmi-pedaqoji fəaliyyətə yararlı olub-olmaması məsələsini həll edir və ali məktəbin rəhbərinə müvafiq rəy təqdim edirdi. Birinci yarımilliyin axırında elmi rəhbərin rəyi mənfi olduqda aspirant xaric edilirdi. Elmi rəhbərin razılığı ilə aspirantlara icazə verilirdi ki, ştatlı işçilər üçün müəyyən edilmiş normaların 50 faizindən çox olmayaraq, öz ixtisası üzrə ödənişli pedaqoji işlə məşğul olsunlar. Bu və başqa tədbirlər, eləcə də Azərbaycan bölməsinin aspirantları üçün təhsilin birinci ilində 136 saatlıq rus dili kursunun və rus bölməsinin aspirantları üçün Azərbaycan dili kursunun tətbiq edilməsi alimlər hazırlanması sahəsində işləri xeyli təkmilləşdirdi. 1945-ci il iyunun 20-nə olan məlumata görə, universitetdə 68 aspirant var idi. Onlardan 38-i birinci, 24-ü ikinci, 6-sı üçüncü kursda oxuyurdu. Aspirantların 53 nəfəri azərbaycanlı idi. Aspirantlara 16 professor, o cümlədən, 14 elmlər doktoru, 25 dosent, o cümlədən, 24 elmlər namizədi rəhbərlik edirdi. Bəzi ixtisaslar üzrə mütəxəssis olmadığına görə 22 nəfər aspirant Moskva, Leninqrad və Tbilisinin müvafiq elm və təhsil müəssisələrinə göndərilmişdi. 

Dissertantura elmi kadrlar hazırlanmasının ikinci yolu idi. Buraya bir qayda olaraq, pedaqoji stajı, müstəqil elmi iş aparmaq qabiliyyəti olan şəxslər cəlb edilirdilər. 1942/43-cü dərs ilində universitetdə 2 nəfər doktorluq, 11 nəfər namizədlik dissertasiyası müdafiə etdi. 1944-cü ildə universitetə doktorluq və namizədlik dissertasiyası üzərində işləyənlərin Moskvaya elmi ezamiyyətə göndərilməsi imkanı verilmişdi. Həmin il doktorluq dissertasiyası üzərində işləmək üçün dosentlər İbrahim İbrahimov, Ədhəm Şahmalıyev və T.Q.Paşayev Moskvaya, namizədlik dissertasiyası üzərində işlərini başa çatdırmaq üçün Q.Məmmədbəyli İrəvana, Ş.Mirzəyev Moskvaya uzun müddətli ezamiyyətə göndərildi. 1941-ci ildən 1945-ci ilədək universitetin elmi şurasında 13 doktorluq və 118 namizədlik dissertasiyası müdafiə edilmişdi.   

50 milyon insanın məhvinə səbəb olan amansız müharibə ali təhsilimizin flaqmanı olan Azərbaycan Dövlət Universitetini ciddi sınağa çəksə də, onun kollektivi bu ağır sınaqdan şərəflə çıxdılar, müxtəlif ixtisaslar üzrə xeyli kadr hazırladılar, beynəlxalq əhəmiyyəti olan bir sıra kəşflərə imza atdılar.

 





08.10.2019    çap et  çap et