525.Az

Argentinalı diplomatlar Azərbaycan Milli Kitabxanasında


 

Argentinalı diplomatlar Azərbaycan Milli Kitabxanasında <b style="color:red"></b>

Oktyabrın 8-də Argentina Respublikasının Azərbaycandakı səfiri Sergio Perez Gunella və Mədəniyyət məsələləri üzrə səfirin müavini xanım Korina Beatriz Azərbaycan Milli Kitabxanasında olublar. Qonağı Milli Kitabxananın direktoru Kərim Tahirov qarşılayaraq cənab səfirin kitabxanada olmasından məmnunluq duyduğunu bildirib.

Görüş zamanı hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin qurulmasının vacibliyini vurğulayan səfir qeyd edib ki, kitablar bir ölkənin mədəniyyətinin əsas təmsilçisidir. Ölkələr arasındakı əməkdaşlığın ən başlıca yollarından biri də kitabxanalar arasındakı qarşılıqlı əlaqələrdir. Görüş zamanı səfir yaxın zamanlarda Azərbaycan Milli Kitabxanası ilə Argentina Milli Kitabxanası arasında Anlaşma Memorandumunun imzalanması bu əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaq.

Direktor Kərim Tahirov deyib ki, Anlaşma Memorandumu artıq Argentina Milli Kitabxanası ilə razılaşdırılıb və imzalanmaq üçün hazırdır. O bildirib ki, iki ildən bir Bakıda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasına Milli Kitabxananın qarşılıqlı əməkdaşlıq etdiyi ölkələrin milli kitabxanaları dəvət olunur: "İnanırıq ki, Anlaşma Memorandumu imzalandıqdan sonra Argentina Milli Kitabxanasının ekspozisiyası da növbəti sərgidə öz yerini alacaq".

K.Tahirov Prezident İlham Əliyevin Sərəncamına əsasən artıq ölkə ərazisində nəşr olunan bütün çap məhsullarının elektron versiyalarının da Milli Kitabxanaya veriləcəyini və bununla da elektron kitabxananın daha da zənginləşəcəyini bildirib: "Bu resurslar "Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının qanununa uyğun şəkildə Milli Kitabxananın saytında yerləşdiriləcək və istifadəçilər üçün əlçatan olacaq".

Nəşr hədiyyələri qarşılıqlı təqdim edildikdən sonra  argentinalı diplomatlar Kitabxanada iş prosesi ilə tanış olublar, Açıq kitabxananı ziyarət edərək xatirə kitabına ürək sözlərini yazıblar.

Şahanə MÜŞFİQ

 





09.10.2019    çap et  çap et