525.Az

"Bu təşəbbüsü dəstəkləyirik"


 

EKSPERTLƏR, VƏTƏNDAŞ CƏMİYYƏTİNİN ÜZVLƏRİ UNEC REKTORU ƏDALƏT MURADOVUN DİSTANT TƏHSİLLƏ BAĞLI TƏKLİFİNI BƏYƏNİRLƏR

"Bu təşəbbüsü dəstəkləyirik"<b style="color:red"></b>

Müasir təhsil formalarından biri olan distant təhsilin hələ də Azərbaycanda tətbiq edilməməsi geniş müzakirə mövzusuna çevrilməkdədir. Xüsusən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun ölkədə distant təhsil formasının ən qısa vaxtda tətbiq edilməsinin zəruriliyinə dair çağırışı bu məsələni təhsil cameəsinin, elm ictimaiyyətinin gündəminə gətirib.

Tanınmış ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri UNEC-in rektorunun təklifinin reallaşdırılması istiqamətində konkret addımların atılmasına, distant təhsilin tətbiqi mexanizmlərinin yaradılmasına çağırışlar ediblər.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Sona Əliyeva Azərbaycanda distant təhsilin tətbiqinin tərəfdarı olduğunu deyir: "Ali təhsil haqqında" Qanun layihəsi hələ müzakirəyə çıxarılmayıb. Amma layihə forması, təbii ki, mövcuddur. Həm millət vəkilləri, həm də vətəndaş cəmiyyətindən, yəqin ki, müəyyən təkliflər olacaq, Təhsil Nazirliyi də özünün təkliflərini verəcək. Əlbəttə, indidən distant təhsil məsələsinin "Ali təhsil haqqında" Qanunda öz əksini tapıb-tapmayacağını söyləmək mümkün deyil. Ancaq mənim fikrimcə, dünyada mövcud olan bu praktikadan Azərbaycanda da istifadə edilməsinin zamanı çatıb. Düşünürəm ki, bu sahədə özünü doğruldan universitetlərin təcrübəsi öyrənilərək, distant təhsil ölkəmizdəki ali məktəblərdə də tətbiq oluna bilər".

S.Əliyevanın sözlərinə görə, Azərbaycanda indiyədək distant təhsilin tətbiq edilməməsi həm universitetlərdə bununla bağlı maddi-texniki bazanın, həm də qanunvericilik bazasının və yaxud müvafiq qaydaların olmaması ilə bağlıdır: "Azərbaycanda, hansı universitet olmasından asılı olmayaraq, distant təhsil alanların diplomları nasifikasiya olunmur. Bununla bağlı Nazirlər Kabinetinin qərarı da var. Distant təhsilin tətbiqi üçün bu istiqamətlərdə işlər həyata keçirilməlidir. Hansı universitetlərimiz keyfiyyətli, təkmil bir sistem qurarlarsa, orada distant təhsilin tətbiqinə də başlamaq olar. Amma yarımçıq, formal və yaxud da diplom xatirinə belə bir sistem quran ali məktəblərə distant təhsil aparmağa icazə verilməməlidir. Təhsil birmənalı şəkildə keyfiyyətə əsaslanmalıdır. Təhsil keyfiyyətlidirsə, var deməkdir, keyfiyyəti yoxdursa, o diplomun kağız parçası qədər heç bir önəmi yoxdur".

S.Əliyeva UNEC-də bu istiqamətdə görülən işlərin yüksək dəyərə malik olduğunu bildirdi: "UNEC bugün Azərbaycan təhsil müəssisələri arasında, həqiqətən də, seçilən bir təhsil müəssisəsidir. Bunu hamı etiraf edər ki, hazırda İqtisad Universiteti çox inkişaf edib. Orada distant təhsil vermək üçün hazırlanan mərkəzdə şəxsən olmasam da, yüksək infrastrukturun yaradıldığı haqda məlumatım var. Ölkədə belə bir mərkəz hazırlanıbsa, deməli, distant təhsilin tətbiqinin də zamanı gəlib. Qeyd edim ki, hər bir universitetin inkişafı, onun başında olan rəhbərliyin və kollektivin fəaliyyətindən asılı olan bir şeydir. UNEC-in inkişafında, hər kəs çox razı qaldığı bir universitetə çevrilməsində, əlbəttə rektor Ədalət Muradovun əməyi çox yüksəkdir. Əgər bugün Ədalət müəllim UNEC-ni distant təhsil verməyə hazır olduğunu deyirsə, deməli, hazırdır.

Düşünürəm ki, məhz bu cür infrastrukturu olan, keyfiyyətli təhsil verməyə hazır olan universitetlər distant təhsili həyata keçirə bilər. Əgər doğrudan da, mükəmməl formada təhsil verə biləcək sistem qurulubsa, niyə biz dünyada olan bu praktikadan istifadə etməyək?"

Millət vəkili təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadənin artıq zamanın tələbi olduğunu vurğulayıb: "Biz texnoloji dövrdə yaşayan insanlarıq. Dərsliklər kompüterlərə, planşetlərə köçürülür. Dünyanın hər bir yerində bu, məqbuldur. Ona görə də təhsilin tələbələrə ötürülməsində də texnologiya imkanlarından istifadə olunmasında bir problem görmürəm. Bunu təmin etmək üçün mexanizm yaradılmalıdır. Son illərdə Təhsil Nazirliyinin apardığı ümumi islahatlar inkişaf etmiş ölkələrin təcrübəsinin Azərbaycanda da tətbiqinə yönəlib. Həm qanunvericilikdə olan dəyişikliklər baxımından, həm ümumilikdə təhsil alan və verənlərin diaqnostik qiymətləndirilməsini, işə qəbul prosesini formalaşdırması çox yaxşıdır. Bu baxımdan distant təhsilin tətbiqi ilə bağlı dünya təcrübəsinin öyrənilərək, tətbiqi üçün ən yüksək səviyyəli mexanizmlərin yaradılacağına şübhə etmirəm".

S.Əliyeva distant təhsilin tətbiqi ilə bağlı ictimaiyyətin çağırışlarına deputatların da dəstək verəcəyinə, bu istiqamətdə təkliflərlə çıxış edəcəklərinə inandığını qeyd edib: "Düşünürəm ki, deputatlar da bu təhsil formasının tətbiqinə müsbət yanaşacaqlar. Mən hələ təkliflərimi təqdim etməmişəm. Amma təbii ki, ali təhsillə bağlı təkliflərim olacaq. Distant təhsillə bağlı məsələni də mən gündəmə gətirmək istəyərəm. Bunun müəyyən şərtlər daxilində, Azərbaycanda tətbiq olunmasının tərəfdarıyam. Məsələn, ADA, UNEC kimi yaxşı imici olan, keyfiyyətli təhsil verən universitetlər bu işi həyata keçirə bilər. Bunlar hamısı akkreditasiya qaydaları ilə tənzimlənməlidir. Akkreditasiya qaydaları təsdiq olunmalıldır və akrititə olunan ixtisaslar üzrə distant təhsil verilməlidir. Belə ki, müəyyən ixtisas üzrə distant təhsil vermək istəyən universitet, müvafiq akkreditasiya qaydalarından keçməlidir. Bütün dünyada, bu qayda belədir. Türkiyənin özündə, məsələn 10 universitet var ki, tibb təhsili verir. Amma onlardan 4-ü akrititə olunub. Bu universitetlərdə verilən təhsil beynəlxalq standartlara cavab verir. Bizdə də, distant təhsil verilməsi üçün keyfiyyətli şəkildə akrititə qaydalarını hazırlamaq lazımdır. Bu, qanunvericilikdə də əksini tapmalıdır. Mən keyfiyyətli distant təhsilin tətbiqinin tərəfdarıyam. İndi bütün dünyada distant təhsil formasından istifadə edirsə, Azərbaycan universitetlərinə də bu şərait yaradılmasının zəruri olduğunu düşünürəm".

Millət vəkili Çingiz Qənizadə də distant təhsil formasının Azərbaycanda tətbiqinin tərəfdarı olduğunu vurğulayıb: "Mən distant təhsil ölkəmizdə tətbiqinin tərəfdarıyam. Ədalət Muradovun fikirlərini dəstəkləyirəm. Distant təhsillə bağlı uzun müddətdir müzakirələr getsə də, hələ də Azərbaycanda tətbiqi mexanizmləri təsdiqlənməyib. Əgər dünya təcrübəsində bu təhsil forması varsa, qonşu ölkələrdə bu varsa, biz niyə geri qalaq?"

Ç.Qənizadə qeyd etdi ki, bu gün bizim ali məktəblərdə tələbələrə davamiyyətə, dərs saatında iştirak etməməsinə və sair məsələlərə görə cərimə tətbiq olunması, onlardan pul alınmasının da əleyhinədir: "Tələbə dərsdə iştirak elədi, ya eləmədi, aktivlik və ya passivlik göstərdi, sonda imtahan verir. Ola bilər ki, tələbə semestr ərzində 6-7 dəfə və daha çox dərsə gəlməsin. Amma bu o demək deyil ki, o, tənbəl və ya savadsız tələbədir. O gəlib imtahanda elə bir nəticə göstərə bilər ki, hər gün dərsə gələnlərdən qat-qat artıq olar. Necə ki, bu gün bizim kənd məktəblərində təhsil alıb gəlib 700 bala yaxın nəticə göstərən abituriyentlərimiz olur. Bu baxımdan biz o köhnə qaydalardan imtina etməliyik və müasirləşməliyik. Distant təhsil də müasir dövrün tələbidir və mən Ədalət müəllimin bununla bağlı təkliflərini dəstəkləyirəm".

Millət vəkilinin sözlərinə görə, "Ali təhsil haqqında" Qanun parlamentdə müzakirəyə gəldikdə o da bununla bağlı təkliflərlə çıxış edəcək: "Şübhəsiz ki, bu qanun layihəsi Milli Məclisə gəldikdə, 3 dəfə plenar iclasa çıxarılacaq. Mən də müzakirələrdə aktiv iştirak edənlərdən biri olacağam. Düşünürəm ki, bu təhsil formasının Azərbaycanda tətbiq mexanizmləri qısa bir zamanda hazırlanıb, təsdiqlənməlidir".

Ç.Qənizadənin sözlərinə görə, distant təhsilin tətbiqi Azərbaycana xaricdən tələbə axını, universitetlərimizin pul qazanması ehtimalını da artırır: "Əlbəttə, bunu indidən qəti şəkildə söyləmək olmaz. Ancaq Azərbaycan bugün dünyanın ən stabil, ictimai-siyasi sabitliyi olan ölkələrdən biridir. Ölkəyə turist axınının artmasının səbəblərindən biri də budur. Təbii ki, distant təhsil alan tələbələr üçün normal şərait yaradılarsa, bu istiqamətdə Azərbaycan universitetlərinə axın ola bilər. Hər halda biz yeniliyə imza ataq və onun müsbət nəticələrini də yəqin ki, addım-addım görəcəyik".

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bir neçə gün öncə UNEC özünün distant təhsil formasına hazır olduğunu əyani olaraq nümayiş etdirdi: "Bundan öncə də biz bu universitetdə həmin mərkəzdə olmuşduq və bu təhsil qurumunda distant təhsil formasına hazırlıq üçün ciddi işlər aparıldığının şahidi olmuşduq.

Bir neçə gün öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da burada olub və distant formada təşkil olunacaq Çin dili kursları ilə tanış olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bununla əlaqədar universitetdə keçirilən təqdimat tədbirində iştirak edib. Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulan dərslər 1,5 saat olmaqla həftədə 3 dəfə keçiriləcək. Distant təhsil üzrə təlimlər ödənişlidir. Sosial cəhətdən dəstəyə ehtiyacı olan şəxslərin təhsil haqları isə Heydər Əliyev Fondu tərəfindən qarşılanır. Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan elementar səviyyəni bitirən iştirakçılar Çin dilinin ümumi qrammatik quruluşuna bələd olacaq, sadə fikir mübadiləsi aparmaq bacarığında olacaq. Üç ay davam edəcək proqram üzrə təlimlər işdən ayrılmadan distant formada keçiriləcək. Layihənin tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetidir. Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar veriləcək. Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı da əldə edirlər: "Beləliklə, qanunvericilikdə bu təhsil forması nəzərdə tutulub, güman ki, təkmilləşdirilməsinə ehtiyac olacaq hüquqi baza da var və ali təhsil qurumlarının da bəziləri artıq buna hazırdır.

Düşünürəm ki, ləngimədən distant təhsil formasına ilk öncə xarici tələbələr üçün, həmçinin də, təkrar ali təhsil, yenidənhazırlıq və əlillərin təhsili üçün start verməlidir".

O.Gündüz onu da qeyd edib ki, distant təhsil üçün universitetlərdə Distant Təhsil mərkəzi, sertifikatlaşmış kadrlar və yetərli elektron tədris vəsaitləri olmalıdır: "Əgər imtahan məsafədən təşkil olunacaqsa tələbələrin identifikasiya mexanizmləri hazırlanmalıdır”.

S.QARAYEVA

 





09.10.2019    çap et  çap et