525.Az

Mənalı ömrün ibrətamiz hekayəti - Aydın Tağıyev yazır


 

Mənalı ömrün ibrətamiz hekayəti - <b style="color:red">Aydın Tağıyev yazır</b>

Bu il aprel ayının ilk günlərində 72 yaşında haqq dünyasına qovuşan Arif Allahverdiyev dörd il bundan qabaq ömrünün bir parçasını qələmə aldığı kitabının əlyazmasını oxumaq üçün mənə vermişdi.

Onu gənclik illərimdən tanıyırdım. Onda ötən əsrin 1975-ci ili idi. Mən kənddə müəllim işləyirdim. Arif Allahverdiyev isə çox nüfuzlu bir təşkilata rəhbərlik edirdi. Keçmiş Dəvəçi rayon komsomol komitəsinin birinci katibi idi. Bir neçə il sonra o, partiya işinə irəli çəkildi.

Rayonun Mollakamallı kəndində sadə bir zəhmətkeş ailəsində doğulub böyüyən, kənddə orta məktəb bitirib sonra da Azərbaycan Politexnik İnstitutunun məzunu olan, əmək fəaliyyətinə tikinti idarəsində usta kimi başlayan bu gənc vəzifə pillələrində çox sürətlə irəliləyirdi. Əvvəlcə rayon xalq nəzarəti komitəsinin sədri işləyən Arif Allahverdiyev vur-tut 30 yaşında rayon XDS-in sədri, sonra da keçmiş Dəvəçi rayon partiya komitəsinin birinci katibi seçildi. Rayon İcra Hakimiyyətinin başçısı oldu.

Sonralar Bakıda Milli Məclisdə, İqtisadiyyat Nazirliyində, Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində mühüm vəzifələrdə çalışdı. Və nəhayət, 2007-ci ildə fərdi təqaüdə çıxdı.

O vaxt kitabın əlyazmasını bir nəfəsə oxudum və özlüyümdə belə bir qənaətə gəldim ki, insanın həyatda layiqli yer tutması üçün əsas amillərdən biri də ilk əvvəl halal-düz ailə tərbiyəsi ilə yanaşı, məktəb, yaxşı savad, elm və bilikdir.

Gördüyü işə məsuliyyətli münasibət, çalışqanlıq, təşəbbüskarlıq, mənəvi saflıq, halallıq və düzgünlük, qayda və qanunlara ciddi riayət - bax, sadə bir traktorçu oğlunun vəzifə pillələrində yüksəlişi də elə bunlara bağlı idi.

***

1970-ci ilin oktyabr ayında əmək fəaliyyətinə başlayıb 2007-ci ildə təqaüdə çıxan Arif Allahverdiyevin çox da uzun olmayan ömür yolunda, tərcümeyi-halında yaddaqalan məqamlar çoxdur: keçmiş Dəvəçidə raykomun əslən yerli olan sonuncu katibi. əslən yerli olan ilk İcra Hakimiyyəti başçısı, respublikada ən gənc rayon XDS sədri... Lakin o, Ümummilli Lider Heydər Əliyevlə görüşləri ömrünün ən əlamətdar tarixi hadisələri hesab edirdi. Ulu öndər Heydər Əliyevin bizim Şabrana (keçmiş Dəvəçi) tarixi səfərlərini ötən illərin eyni həyəcanı və sevinci ilə xatırlayırdı:

"...Kommunist ideologiyasının tələbilə o vaxtlar Lenin cümə günü adlanan tədbirlər keçirilirdi. Məlumat verdilər ki, Dəvəçi broyler fabrikində keçirilən həmin tədbirdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev iştirak edəcəkdir. İlk dəfə idi ki, respublika rəhbəri rayonumuza səfər edirdi. 1982-ci il iyul ayının 25-də görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyev Dəvəçi rayonuna gəldi, broyler fabrikində müəssisənin iş fəaliyyəti ilə yaxından tanış oldu, kollekiv üzvləri ilə söhbət etdi.

Tədbir rayon mərkəzindəki kinoteatrda keçirilirdi. Bu tarixi və unudulmaz görüşdə fabrikin kollektivi ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak edirdi.

Məhz respublika rəhbərinin rayonumuza səfərindən sonra keçmiş Zaqafqaziyada ən nəhəng müəssisələrdən olan Siyəzən broyler fabrikinin tikintisinə başlanıldı. Bu gün qonşu Siyəzən rayonunun yüzlərlə sakini həmin fabrikdə çalışır.

Aradan bir il keçdi. Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilən xalqımızın böyük oğlu Heydər Əliyev nəhəng bir dövlətin, SSRİ-nin ali rəhbərliyində mühüm bir vəzifəyə - SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olundu. Onunla öyünür, qürurlanır, fəxr edirdik!

Bir dəfə Azərbaycan KP MK-dan məlumat verdilər ki, yaxın günlərdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev rayonumuzda səfərdə olacaq. Ali qonağı qarşılamaq üçün rayonda geniş hazırlıq işlərinə başlanıldı. Rayon partiya komitəsində Ulu Öndərimizin Dəvəçiyə səfəri zamanı hərəkət marşrutu müəyyənləşdirildi. Müşavirədə iştirak edən respublika KP MK-nın məsul işçisi bildirdi ki, hərəkət marşrutunda raykom tərəfindən məsul bir nəfər də olmalıdır. Raykomun birinci katibi dərhal cavab verdi: "Rayispalkomun sədri Arif müəllimi məsləhət bilirəm". Bu, çox məsuliyyətli, həm də çox şərəfli bir tapşırıq idi. Ali qonağın olacağı yerlərə baxışlar keçirildi. Hərəkət marşrutu bir daha dəqiqləşdirildi. Nəhayət, gözlənilən gün gəlib çatdı. 1983-cü ilin sentyabr ayının 6-sı idi. Ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri, məsul işçilər hörmətli qonaqları qarşılamaq üçün rayonun sərhədinə toplaşmışdılar. Dahi şəxsiyyət Heydər Əliyev və onu müşayiət edən dövlət xadimləri rayon əhalisi tərəfindən böyük coşqu və sevinclə qarşılandı. Sonra əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə avtomobil karvanı hərəkətə başladı. Birinci avtomaşında əyləşmişdim. Ümummilli Liderimiz rayonumuza bu ikinci səfərində tarixi Çıraqqala abidəsinə baş çəkdi. Qədim Şabran şəhərində aparılan arxeoloji qazıntı işləri ilə tanış oldu.

Rayon əhalisi ilk dəfə idi ki, belə ali qonaqla, yüksək dövlət və hökumət rəhbəri ilə görüşürdü. Şabranlıların tarixi yaddaşında bu səfər bir də onunla əlamətdardır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Ulu öndərlə birgə idi.

Sonralar müstəqil respublikamıza rəhbərlik edən dövlət başçımız Heydər Əliyev Çıraqqala tarixi abidəsinin və "Qədim Şabran şəhəri" tarixi qoruğu ilə bağlı mühüm qərarlar qəbul etdi".

***

İnsanın həyatda qoyub getdiyi izlər gördüyü yaxşı, xeyirxah işlər, xoş əməllər də ola blər. Əkdiyi bir fidanın qollu-budaqlı, köklü-köməcli bir ağaca çevrilməyi də...

Arif müəllim də sınaqlarla dolu ömrünü şərəflə, ləyaqətlə yaşadı. Elə buna görə də ömrünün ötən çağlarına boylananda rahatca nəfəs ala bilib, "Bir ömrün hekayəti"ni yazdı...

Arif müəllim gözəl ailə başçısı idi. O, xoşbəxt bir ailə ömrü yaşadı, ixtisasca ingilis dili müəlllimi olan həyat yoldaşı Xanım müəllimə məsul dövlət qulluğunda çalışan ərinə xırda-iri hər bir qayğısına şərik çıxan, bəzən təsəlli-toxtaqlıq verib ruhdan düşməyə qoymayan bir xanım oldu.

Onun ata öyüd-nəsihəti, ana nəvazişi ilə böyüyən övladları həyatda layiqli yer tutublar. Elnur Rabitə və Texnologiyalar Nazirliyində, Elçin isə Ailə və Uşaq Problemləri Komitəsində çalışır, Vüsalə isə evdar qadındır.

Vəzifədə olarkən yay-qış bilmədən çalışan, fiziki sağlamlığının qayğısına qalmayan Arif Allahverdiyev o qədər uzun ömür sürmədi. Lakin axirət evinə bu dünyada parlaq ad qoyaraq köçənlərin cismani yoxluğu nə qədər ağır olsa da, mənəvi ömrü davam etdiyi üçün qəmlənməyə dəyməz. Arif Allahverdiyev də məhz belə insanlardan idi.

 





10.10.2019    çap et  çap et