525.Az

Karyera uğuruna aparan kitab: "Dövlət qulluğuna hazır ol!"


 

Karyera uğuruna aparan kitab: <b style="color:red">"Dövlət qulluğuna hazır ol!"</b>

Müasir Azərbaycanımızın demokratik dəyərlərə yiyələnməsi və bu dəyərlərə  verdiyi önəm bütün sahələrdə olduğu kimi, ölkənin idarə sistemində də demokratik və şəffaf proseslərin həyata keçirilməsini təmin etmişdir.

Azərbaycan cəmiyyəti belə bir prosesin dövlət qulluğuna qəbulda da çox tez-tez, həm də vaxtaşırı olaraq həyata keçirildiyinin şahididir. Əlbəttə, ölkəmizdə hər cür demokratik dəyərlərin, o cümlədən, dövlət qulluğu islahatlarının gerçəkləşməsi prosesinin  təməlində Ümummilli  liderimiz Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbi dayanır ki, bu məktəbin müasir inkişafı göz qabağındadır. Belə bir məktəbin bariz nəticəsi kimi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının mükəmməl, dünya təcrübəsinə istinad edən bir Qanun qəbul edilmişdir. Bu Qanun bir tərəfdən dövlət qulluğunun mahiyyətini açır, digər tərəfdən bu qulluğun hüququ aspektlərini özündə əks etdirir.

Bu gün Azərbaycan ictimai fikri dövlət qulluğuna müsabiqə  prosesini və müsabiqə şərtlərini özündə birləşdirən müsahibə formatını yüksək  qiymətləndirməkdədir. Davamlı şəkildə aparılan bu proses bütün məqamları ilə ölkə mediasının gündəmində prioritet mövzu kimi açıqlanır və cəmiyyətin bununla bağlı maarifləndirməsinə xidmət edir. Dövlət qulluğuna qəbul bu gün ciddi bir müsabiqə-imtahan prosesidir və müsabiqədə iştirak edən hər kəsin yalnız öz biliyinə güvənməsindən başqa mənbə yoxdur. Ona görə də müsabiqə-müsahibə prosesində iddiaçı olmaq istəyən hər kəsin bu prosesə hazırlığı xüsusi əhəmiyyət kəsb edir. Bu hazırlığın isə ölkəmizdə "test faktı" adlanan bir göstəricisi vardır ki, iddiaçı bu test-suallara hazır olmalıdır. Bəs bu testlər mövcuddurmu, bununla bağlı ədəbiyyat varmı? Əlbəttə, ölkəmizdə fəaliyyət göstərən "Dövlət İmtahan Mərkəzi" hələ Azərbaycanın ilk müstəqillik illərində ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə keçirilməsini təmin etdi və bu sahədə bəzi problemlər olsa da, hər halda, ən azı obyektiv qiymətləndirmənin yaradıcısı oldu. Bu proses bir sıra pedaqoq-alimlərimizin test yaradıcılığına  təkan verdi və onların test yaradıcılığı indi tez-tez kitab formatında nəşr olunmaqla, iddiaçılara kömək vasitəsinə  çevrilməkdədir. Belə test toplularından biri iqtisad üzrə fəlsəfə doktoru Ramal Əzizovun bu yaxınlardı nəşr olunmuş  "Dövlət qulluğuna hazır  ol! Qanunvericilik" adlı fundamental kitabıdır. Kitab Dövlət İmtahan Mərkəzinin Direktoralar Şurası sədrinin müvafiq əmri ilə işıq üzü görmüşdür.

Kitabın əsas istinad mənbəyi Azərbaycan Respublikasının Konstitusiyası, bu Konstitusiyanın mahiyyətindən doğan qanunvericilik aktları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, xüsusilə dövlət qulluğu ətrafında meydana çıxmış rəsmi sənədlərdən ibarətdir. Müəllif Konstitusiya müddəalarından başlamış ayrı-ayrı Qanunvericilik aktlarınadək bütün dövlət sənədləri ətrafında 500 sual, 500 açıq suala dair test hazırlamış, çeşidli mövzular vermiş, sınaq test tapşırıqları təqdim etmişdir.

Xüsusi qeyd edək ki, müəllif testlərin tərtibinə çox böyük əmək sərf etmişdir. Belə bir zəhmət bir yana, müəllifin özü iqtisadi biliklər sahəsində mütəxəssis olsa da,  bu yerdə onun həm də Azərbaycan qanunvericiliyi sahəsində  çoxşaxəli biliyə sahib olması faktı  bizi razı salır.  Müəllifin kitaba yazdığı "Ön söz"dəki fikirləri, o cümlədən, aşağıdakı təqdimatı ayrıca maraq kəsb edir: "Bu testlər öyrədici xarakterlidir, ardıcıllıqla tərtib olunmuş və "Test imtahanları proqramları"na daxil olan hüquqi aktlarda ən vacib məqamlara diqqət yönəltmək məqsədi daşıyır. Bir sözlə, bu kitab dövlət qulluğu imtahanlarında uğurlu nəticələr əldə etmək üçün Sizə bir bələdçi olmaq niyyəti ilə tərtib olunmuşdur". Kitaba yaxından bələd olmaq bu fikrin dəqiqliyinə əminlik yaradır.

Günel BAYATLI

 





11.10.2019    çap et  çap et