525.Az

Kukla Teatrında ustad dərsləri


 

Kukla Teatrında ustad dərsləri <b style="color:red"></b>

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında növbəti ustad dərsləri başlanıb.

AZƏRTAC xəbər verir ki, bu dəfə teatrın truppasına daxil edilən gənc aktyorlara kukla oynatma sənəti, fərqli texnikalarla hazırlanmış kukla nümunələrini obraza çevirmənin incəlikləri öyrədiləcək. Bundan başqa, aktyorlara səs, ifadə, hərəkət üzrə təlimlər də keçiləcək.

Sistemli şəkildə davam edəcək dərsləri tanınmış teatr rejissoru və aktyoru, uzun illər (1987-1993) Dövlət Kukla Teatrının baş rejissoru olmuş Namiq Ağayev aparacaq.

Bu dərslərin təşkilində məqsəd incəsənət profilli ali və orta ixtisas təhsilli məktəblərimizdə kukla teatrı aktyorluğu, kuklaçılıq və ümumilikdə kukla sənətinin oyun və texniki tərəflərinin öyrədilməməsi baxımından yarana biləcək çatışmazlıqları aradan qaldırmaqdır. Dərslər müddətində rejissorun aktyorlarla oyun-tamaşa, praktiki materiallarla işləmə vərdişləri də təkmilləşdiriləcək.

Namiq Ağayev çoxillik sənət təcrübəsini bölüşməklə yanaşı, aktyorlara kukla aktyoru və rejissoru kimi özünü ifadə sərbəstliyi, həmçinin obraza çevirdiyi kuklasının mexanizm olaraq mənimsəmək vərdişləri də aşılayacaq.

Onu da qeyd edək ki, teatrın təşkil etdiyi bu dərslərdə digər kukla teatrı aktyorları, həmçinin, bu sahəyə maraq göstərən şəxslərin iştirakı sərbəstdir.

 





11.10.2019    çap et  çap et