525.Az

Aida İmanquliyevanın 80 illik yubileyi elmi konfransla qeyd edilib


 

Aida İmanquliyevanın 80 illik yubileyi elmi konfransla qeyd edilib<b style="color:red"></b>

Oktyabrın 9-da AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 80 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib.

Konfrans iştirakçıları tədbirdən öncə II Fəxri Xiyabanda Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər. AMEA-nın prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva professor Aida İmanquliyevanın şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açıb, onun itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd ediblər.

AMEA-nın əsas binasında keçirilən konfransda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Milli Aviasiya Akademiyasının prorektoru Şəmsəddin Axundov, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatların direktorları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova böyük alimin keçdiyi həyat yolundan, çoxşaxəli elmi fəaliyyətindən bəhs edib. O, Aida xanımın dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini və Azərbaycan qadınına örnək bir ömür yaşadığını bildirib.

Sonra məruzələrə başlanılıb. Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva "Filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın elmi yaradıcılığı" mövzusunda məruzəsində Azərbaycanda məşhur şərqşünasların olduğunu, hər əsəri elmdə yeni söz, yeni tapıntı olan parlaq alimlərin, işıqlı şəxsiyyətlərin öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslığının özünəməxsus simasını müəyyənləşdirdiklərini, keçmiş sovet şərqşünaslığında xüsusi "Azərbaycan məktəbi"nin mövcudluğunun etiraf olunmasını təmin etdiklərini bildirib: "Görkəmli şərqşünas alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyeva həmin məktəbin inkişafında böyük xidmətləri olan, eyni zamanda, keçmiş ittifaq və dünya miqyasında onu layiqincə təmsil edən nüfuzlu alimlərimizdən olub. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa vaxt ərzində ona nəinki keçmiş ittifaq miqyasında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib. Aida xanım elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçib, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə yüksəlib. 1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsini və tezliklə bu ixtisas üzrə professor adı alıb".

"Mixail Nüaymə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatı korifeyləri" monoqrafiyalarının, 70-dən çox elmi məqalənin müəllifi olan Aida İmanquliyevanın Şərq filologiyası sahəsində yazılan bir çox elmi əsərlərin redaktoru olduğunu xatırladan Gövhər xanım, müasir Şərq ədəbiyyatının bir sıra əsərlərinin də Aida xanımın tərcüməsində işıq üzü gördüyünü vurğulayıb.

Akademik G.Baxşəliyeva qeyd edib ki, Aida İmanquliyeva öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirib və inkişaf etdirib. Onun bir alim kimi maraq dairəsi geniş və çoxşaxəli olub. Dünya şöhrətli şərqşünaslarla bir sırada adı çəkilən Aida İmanquliyevanın tədqiqatlarının sahəsi ərəb filologiyası və ya konkret olaraq ərəb məhcər ədəbiyyatıdır.

Məruzəçi bildirib ki, professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi.

Akademik G.Baxşəliyeva vurğulayıb ki, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə respublika hüdudlarından uzaqlarda (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və s.) ləyaqətlə təmsil edib. Görkəmli alim elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, institutun Ərəb filologiyası şöbəsinə başçılıq etdiyi qısa müddət ərzində onun bilavasitə səyləri ilə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib.

Filologiya elmləri doktoru, professor Vilayət Cəfərov "Görkəmli şərqşünas alim, professor Aida İmanquliyeva İraq ədəbiyyatı haqqında" mövzusunda məruzəsində ötən əsrin 70-80-ci illərində Azərbaycan-İraq əlaqələrinin genişlənməsində Aida İmanquliyeva xüsusi rolundan bəhs edib. 1983-cü oldə Aida İmanquliyevanın müqəddiməsi ilə "Yazıçı" nəşriyyatında dərc edilən, İraq ədəbiyyatından nümunələrə həsr olunan "Ağ günlərin sorağında" kitabından söz açan məruzəçi, kitaba ötən əsrdə fəaliyyət göstərən 20-dən çox İraq şair və yazıçılarının şeir və hekayələrinin tərcümələrinin toplandığını vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Fatma Məcidova "Azərbaycanda ərəb məhcər ədəbiyyatının ilk tədqiqatçısı" mövzusunda məruzəsində elmi fəaliyyətinin böyük bir hissəsini ərəb məhcər ədəbiyyatının tədqiqinə həsr etmiş professor A.İmanquliyevanın ötən əsrin 60-80-ci illərində bu sahədə apardığı tədqiqatlardan, məhcər ədəbiyyatının görkəmli nümayəndələri Mixail Nuaymə, Cübran Xəlil Cübran, Əmin ər-Reyhaninin yaradıcılığına dair araşdırmalarından söz açıb. O, Aida xanımın Qərb-Şərq mədəniyyətlərinin qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim olduğunu bildirib.

Sonra Xalq şairi Nəriman Həsənzadə, Şərqşünaslıq İnstitutunun əməkdaşı Bəşarət Bəşirova çıxış ediblər.

Konfransın birinci hissəsinin sonunda AMEA prezidenti Akif Əlizadə çıxış edərək, professor Aida İmanquliyevanın dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, elmi əsərlərinin dərin məzmunu, aktuallığı və əhəmiyyəti ilə daim diqqəti cəlb etdiyini vurğulayıb.

Tədbirdə 1983-cü ildə Aida İmanquliyevanın rəhbərliyi və ön sözü ilə çap olunmuş və İraq ədəbiyyatından seçmələri əhatə edən "Ağ günlərin sorağında" kitabının yeni nəşrinin təqdimatı olub.

Konfransın ikinci hissəsində Şərqşünaslıq İnstitutunun Nəşriyyat və elmi informasiya təminatı şöbəsinin müdiri dosent Ruhəngiz Cümşüdlü "Professor Aida İmanquliyeva və Azərbaycan klassik ədəbiyyatı", institutun böyük elmi işçisi, dosent Mahir Həmidov "Aida İmanquliyevanın tədqiqatlarında mədəni yaxınlıq və mədəni sintez problemi", Şərqşünaslıq İnstitutunun doktorantı Şəhla Həsənova "Aida İmanquliyevanın yaradıcılığında "Qələmlər Birliyi Cəmiyyəti"nin fəaliyyəti" mövzusunda məruzələr ediblər. Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

 





11.10.2019    çap et  çap et