525.Az

Musiqişünas-alim Babək Qurbanovun xatirəsi anılıb


 

Musiqişünas-alim Babək Qurbanovun xatirəsi anılıb<b style="color:red"></b>

Dünən Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, professor Babək Qurbanovun anadan olmasının 80 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə, həmçinin, musiqişünas-alimin "Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri" adlı kitabı da təqdim olunub.

Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq bildirib ki, tədbir musiqişünas alim Babək Qurbanovun 80 illiyinə həsr olunub: "Təəssüflər olsun ki, bu gün o, aramızda yoxdur. O, uzun müddət Türkiyədə çalışmışdı. Vətənə dönəndən sonra çox yaşamadı. Səhhəti ağır olsa da, son nəfəsinədək Qara Qarayev haqqında kitab üzərində çalışdı. Bu da sənətinə, peşəsinə olan sevgidən irəli gəlir. Qara Qarayev haqqında çox kitab yazılıb. Müəllif bu kitabda bəstəkarın ömür yolu və fəaliyyətini xronoloji şəkildə qələmə alıb".

Qeyd edilib ki, B.Qurbanov Ü.Hacıbəyli adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsində oxuyub və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib. 1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını, 1981-ci ildə 42 yaşında olanda isə Moskvada SSRİ EA-nın fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981-1989-cu illər arası AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989-1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992-2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olub, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyib. Professor Babək Qurbanov Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, fəlsəfə və estetika məsələlərinə, tanınmış elm adamlarına üç yüzdən artıq publisistik və elmi məqalələr həsr edib.

Sonra Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyevanın "Babək Qurbanovun elmi yaradıcılığında Qara Qarayev irsinə müraciət", sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanın "Babək Qurbanovun "Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri" kitabı haqqında", fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanovun "Babək Qurbanovun pedaqoji fəaliyyəti haqqında", filologiya elmləri doktoru, professor Rüstəm Kamalın "Babək Qurbanovun musiqişünaslıq fəaliyyəti haqqında" mövzusunda məruzələri dinlənilib.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

ŞAHANƏ

 





13.10.2019    çap et  çap et