525.Az

Ədalət Muradov: "Təhsilini hansı universitetdə davam etdirmək tələbənin şəxsi seçimidir"


 

Ədalət Muradov: "Təhsilini hansı universitetdə davam etdirmək tələbənin şəxsi seçimidir"<b style="color:red"></b>

"Bütün hallarda təhsilini hansı universitetdə davam etdirmək tələbənin şəxsi seçimidir".

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Onun sözlərinə görə, UNEC ikili diplom proqramlarını həyata keçirir. Bu proqrama  ABŞ-ın Linkoln Universiteti, Fransanın Monpelye və Fransız- Amerikan İSD Universiteti, Litvanın və İsveçrənin Universitetləri, Moskvanın Humanitar İqtisad Universiteti daxildir. Həmçinin, UNEC Londonun İqtisad məktəbinin beynəlxalq proqramı ilə tərəfdaşlıq edir: "Biz bu gün sərgidə  bu universitetlərlə tərəfdaşlığımızı nümayiş etdiririk. Bu göstərir ki, bizim universiteti seçən hər bir bakalavr və magistr  4 il ərzində iki diplom əldə edə bilir. Tələbənin istəyinə uyğun olaraq o, 8 universitetdən birini seçir. Bundan əlavə bizim çoxlu sayda beynəlxalq mübadilə proqramlarımız da var. Bu həm "Erasmus", həm də "Mövlanə" proqramlarını əhatə edir. Bizim tələbələrimiz öz seçimlərinə uyğun olaraq 6 və ya 1 il müddətinə gedib xarici universitetlərin mübadilə proqramında iştirak edə bilərlər. Biz isə onların orada qazandıqları kreditləri universitetimizə geri döndükləri zaman qəbul edirik. Bugünkü sərgidə iştirakımızın məqsədi ondan ibarətdir ki, universitetimiz haqqında maraqlanan şəxslərə dolğun məlumatlar verək ki, onlar da öz seçimlərində səhvə yol verməsinlər".

Rektor bildirib ki, bütün hallarda təhsilini hansı universitetdə davam etdirmək tələbənin şəxsi seçimidir: "UNEC-ə daxil olan tələbə xarici universitetlərdə təhsilini davam etdirmək istəsə, biz ona akademik məzuniyyət veririk. O, qayıtdıqdan sonra isə biz onu yenidən universitetimizə qəbul edirik. İkili diplom proqramlarında akademik məzuniyyətə və təhsili dondurmağa ehtiyac yoxdur. Burada tələbə iki universitetdə oxuyaraq diplomlar əldə etmək şansı qazanır. "Erasmus" proqramına tələbə şəxsən müraciət edir və burda şərtlər qeyd olunur. Əsas  şərt ondan ibarətdir ki, dəvət edən tərəf xərcləri özü qarşılayır. Tələbə isə həmin universiteti seçir və qəbul olunduğu halda onun bütün xərcləri qarşı tərəf vasitəsi ilə ödənilir. "Erasmus" proqramıyla bağlı Avropanın bir çox universitetləri ilə əməkdaşlıq edirik. "Mövlanə" proqramı çərçivəsində  isə Türkiyənin bütün universitetləri ilə tərəfdaşlıq həyata keçirilir".

Sevinc QARAYEV

 





13.10.2019    çap et  çap et