525.Az

Alternativ turizm növlərini necə inkişaf etdirməli?


 

Alternativ turizm növlərini necə inkişaf etdirməli?<b style="color:red"></b>

AZƏRBAYCANDA ALTERNATİV TURİZM NÖVLƏRİNİN DAHA DA İNKİŞAFI ÜÇÜN BUDAQ BUDAQOV İRSİNİN DƏRİNDƏN ÖYRƏNİLMƏSİNƏ EHTİYAC VAR 

İnsan taleyi bu müvəqqəti dünyada ölçülüb-biçilib deyirlər.Kimin ömrü nə qədərdir, nə zaman bitəcəksə,özü yox,yaradanımız bilir.Adama elə gəlir ki, Tanrı Budaq ömrünü əvvəlcədən səxavətlə vermişdir. O hər şeyi xalq üçün, millət üçün etdi... Təmənnasız.... Qarşılıqsız..... Bəlkə də bu millətin duaları sənə dəstək oldu:

"Allah səni min budaq eləsin." Rahat uyu Budaq müəllim! Cünki Allah səni min budaq elədi. Son yarim əsrlik bir tariximizdə o,Azərbaycanın inkişafı naminə əlindən gələni və hətta əlindən gəlməyəni də etdi. Onun yurdsevərliyi, torpağa bağlılığı hər bir Azərbaycan gənci üçün bir örnək olmalıdır. Neçə-neçə tələbələr alimlər yetişdirdi bu insan. Yalnız qüdrətli Azərbaycan naminə!!! Bü gün artıq sənin meyvələrin min budaq yox, on min budaq olub.

Rahat uyu Budaq müəllim!

Sən hələ 1951-ci ildə Moskvada SSRİ EA Coğrafiya İnstitutunda aspiranturasına daxil olanda artıq öz  taleyini və alin yazını müəyyən etmişdin. Deyirlər ki, bir millətin aydınları, zəkiləri Allah dərgahında yeni doğulmuş usaq tək suçsuz olurlar. Bu insanlar millətin taleyüklü məsələlərini öz çiyinlərinə qatar kimi daşıyanlardır.

O yalnız coğrafiyaşünas alim deyildi, o eyni zamanda təbiət və poeziya vurğunu idi. Təbiət və poeziya problemi onun publisistikasında xüsusi yer tuturdu. Nizami Gəncəvi, Səməd Vurğun, Məmməd Araz və bir sıra digər klassik şairlərin yaradıcılığında təbiət mövzusundan bəhs edərkən oxuculara təbiəti sevdirmək, elmi-texniki tərəqqi dövründə təbiəti qorumağa, onun gözəlliklərini artırmağa dəvət etmək, təbii sərvətlərdən ağıllı istifadə etməyə, israfçılığa qarşı mübarizə aparmağa çağırış əsas qayəsi olmuşdur.

Ona görə də "Nizami əsərlərində təbiət", "Yer adları xalqın sərvətidir", "Toponimika: keçilən yol və gələcəyə baxış", "Bu qala bizim qala", "Görən kim yaratmış bu təbiəti", "Pirşağının ekoloji qayğıları" və onlarca başqa məqalələri rəğbətlə qarşılanmışdır.

Sən bir kitab idin, zaman keçdikcə başqaları tərəfindən səhifə-səhifə oxunurdun .Nə qədər diqqətlə oxunsan da,açılmayan, oxunmayan səhifələrin çox qaldı.  Özün isə əksər hallarda öz kitabını oxumaq və dinləmək imkanına və vaxtına malik olmadın.

Sənin üçün məmləkətimizin hər qarışı əziz və doğma idi. Qarış-qarış gəzmişdin bu torpağı. Sənin üçün ancaq bir anlayış vardı: AZƏRBAYCAN!

Hansı mahala, hansı əyalətə gedərdinsə xalq sənin pişvazına çıxardı.

Səyahəti, gəzib dolaşmağı çox sevərdin. Bu əzmkarlığı,bu enerjini təbiətdən, torpaqdan alırdın. Azərbaycan insanına sevgidən alırdırdın.

 Hələ çox-çox əvvəllər xarici səfərlərində, elmi müdafiələrində Azərbaycanın əlverişli coğrafi mövqeyi, misilsiz təbiəti, iqlim müxtəlifliyi, adət-ənənə, milli mətbəx zənginliyi, qonaqpərvərliyi haqqında mükəmməl təqdimatları hər zaman həmkarlarının diqqətini cəlb etmiş və Azərbaycana qarşı  xüsisi maraq oyatmışdır.

Azərbaycanın bu sadalanan mükəmməl üstünlükləri hər zaman xarici səyahət sevənlərin diqqət mərkəzində olmuşdur. Bu gün bu təbii və ekoloji faktorlarının uğurlu təbliğatı vətənimizin turizm cənnətinə çevrilməsində həlledici rol oynaya bilər. Azərbaycan ekoturizmin model ölkəsinə dönməsi üçün bütün amillər vardır. Budaq Budaqov irsinin dərindən öyrənilməsi Azərbcaycanda müalicəvi, termal, ekoloji, macəra, kənd və digər turizm növlərinin daha da inkişaf etdirilməsi üçün geniş bir cəbhə açır.

Turizm - müasir dünyamızın mürəkkəb sosial-mədəni, iqtisadi fenomenidir. Turizmin müxtəlif aspektləri bir sıra elm sahələrinin maraq dairəsindədir. İqtisadçılar, coğrafiyaşünaslar, sosioloqlar, pedaqoqlar, psixoloqlar, tarixçilər, mədəniyyətşünaslar, sənətşünaslar və hüquqşünaslar turizmin nəzəriyyə və praktikasını "öz məsələləri" hesab edirlər.

Müasir elmi ədəbiyyatlarda turizm anlayışını müxtəlif formada izah etməyə çalışırlar. Bu sahəyə coğrafi faktorlu yanaşmalar daha çox üstünlük təşkil edir.

Fikrimi əsaslandırmaq üçün yalnız aşağıdakı məqalələri qeyd etmək kifayət edər ki,   gənc mütəxəssislərin yeni elmi araşdırmalarına bir zəmin yaransın.Onun yaradıcılığında elmi-kütləvi, elmi-publisistik məzmunlu məqalələr geniş yer tutur. Onun "Ən yüksək zirvələrdə", "Canlı adalar", "Qərq olmuş dağlar", "İki mərtəbəli çay", "Üzən su anbarları", "Coğrafı adlar tarixi abidədir", "Toxunulmaz müqəddəslər" və s. bu səpkidə yazdığı 180-dən artıq elmi-kütləvi və publisistik məqalələri "Elm və həyat", "Azərbaycan təbiəti", "Azərbaycan məktəbi", "Ulduz" jurnallarında,  "Vətən səsi", "Ədəbiyyat və incəsənət" və s. qəzetlərdə dərc edilmişdir.

Güman edirəm ki, "Coğrafı adlar tarixi abidədir","Qərq olmuş dağlar", "İki mərtəbəli çay" beynəlxalq turizm marşrutlarının yaradılması Azərbaycanın ekoloji,mədəni-tarixi və etnoqrafik irsinin dünyada tanıdılması üçün  çox böyük bir vəsilə ola bilər.

Bu gün məktəblərdə Turizm və səyahətsevərlər klublarının yaradılmasına böyük ehtiyac var. Gənclərə təbiəti sevmək hissləri aşılanmalıdır. Milli parklar və füsunkar güşələrimizə intensiv turlar təşkil olunmalıdır. Budaq Budaqovun Azərbaycan, onun təbiəti, yerləşməsi, toponimləri, flora və faunası ilə bağlı fikirləri kitabçalar, broşuralar və digər çap məhsulları şəklində istehsal olunmalı və hər bir yurdsevər vətəndaşımızın masaüstü məlumat vasitəsinə  çevrilməlidir.Budaq Budaqov irsi dünya çapında tanıdılmalı, gənc alimlərin bu istiqamətdə elmi fəaliyyətləri stimullaşdırılmalıdır.

Çünki biz yeni nəslin qarşısında böyük bir missiya durur. Onun yaratdığı on min budağı , yüz min və daha çox etməliyik....

Rahat uyu Budaq müəllim! Yerin cənnətlik olsun!

 





29.10.2013    çap et  çap et