525.Az

"Buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alan şagirdlərin sayı azalıb"


 

"Buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alan şagirdlərin sayı azalıb"<b style="color:red"></b>

"2018-2019-cu dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərini XI siniflər üzrə 19 842 nəfər, XII siniflər üzrə isə 655 nəfər bitirib".

APA-nın məlumatına görə, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev bildirib.

Onun sözlərinə görə, builki tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olub: "XI sinif üzrə buraxılış imtahanların nəticələrinə əsasən, ötən dərs ili ilə müqayisədə 2018-2019-cu tədris ilində qeyri-müvəffəq qiymət alan şagirdlərin sayında azalma müşahidə olunub. XI siniflərdə tədris dili üzrə 28 nəfər şagird 100 bal toplayıb. Riyaziyyat fənni üzrə mütləq nəticəni 47 nəfər, xarici dil üzrə isə 276 nəfər əldə edib. Tədris dili üzrə 80 baldan yuxarı toplayan şagirdlərin sayı 2 298 nəfərdir. Riyaziyyat fənni üzrə 1 175 nəfər, xarici dildə isə 3 250 nəfər də həmin nəticəni göstərib. 577 nəfər hər üç fənn üzrə 80 baldan yuxarı nəticə göstərib".

R.Tağıyev bildirib ki, 2018-2019-cu tədris ilində təhsildə xüsusi nailiyyətləri ilə seçilən IX siniflər üzrə 877 nəfərə, XI siniflər üzrə 556 məzuna, ümumilikdə, 1433 məzuna fərqlənmə attestatı, XI sinfi xüsusi nailiyyətlərlə bitirən 14 nəfər məzuna qızıl, 1 nəfər məzuna isə gümüş medal verilib.

 





15.10.2019    çap et  çap et