525.Az

Məsumiyyət məzarlığı - Günel Yazın essesi


 

Məsumiyyət məzarlığı - <b style="color:red">Günel Yazın essesi </b>

Qadın məsləhətxanasında ginekoloqla görüşüb, müsahibə almalı idim. Vədələşdiyimiz vaxtdan tez çatdığımdan həkimin gəlməyini gözləməli oldum.

Dəhlizdə gəzişir, ətrafı müşahidə edirdim. Balaca bir qız da mənimlə birlikdə ətrafa boylanırdı. Arada üzümə baxıb, qımışırdı. Amma uşağın gözlərində narahatlıq vardı. Anası ilə gəlmişdi. Sanki anasının yükünü gözlərində daşıyırdı. Belə yerlərdə həmişə tez sıxılıram. Heç sevmirəm xəstəxanaları. Bu divarlar həm kədərə, həm də sevincə şahidlik edirlər. Kim bilir, kədər qoxulu bu divarlara neçə başlar qoyulub, nalələr çəkilib. Bura sevinc gətirən təkcə körpə səsləridir... Abort olunmayan canların sevinc səsləri...

Balaca qızcığazı yanıma çağırıb, çantamdakı şirniyyatdan ona verdim. Məqsədim onunla dostlaşmaq, ətrafdakı neqativ auranı özümüzdən uzaqlaşdırmaq idi. Hiss edirdim ki, o da sıxılır.

Adı Məryəm idi. Onun bacısı dünyaya gələcək. Daha doğrusu, gəlib-gəlməyəcəyi sual altında idi. Çünki Məryəmin nənəsi ikinci qız nəvəsinin olmasını istəmir. Məryəm qucağımda oturub, suallar verirdi. Çalışırdım onun suallarını aydın cavablandırım. Ancaq bir sualına cavab tapa bilmədim...

Yavaş-yavaş həkimin pasientləri də növbəyə düzülürdülər. Kimisi ginekoloji müayinəyə, kimisi misqal-misqal böyüyən körpəsinin ürəyinin səsini dinləməyə, kimisi də o döyüntünü əbədi kəsməyə - övladının qatili olmağa gəlmişdi. Həm də bu niyyətlə gələn qadınlar daha çox idi.

Hamilə qadınların abort otağına necə daxil olduqlarını və həmin yerdən "körpəsiz", göz yaşları içində çıxdıqlarını müşahidə etmək olduqca ağır idi. Onları seyr edəndə tələf olan körpələrə acıyırdım. Bəzən adına riyakarlıqla "hamiləliyin süni şəkildə pozulması" dedikləri abort bu şəkildə aparılırdı... Doğmalarının rizası ilə canlı insanlar qətl olunurdular. Qətl olunan körpələrin əksəriyyəti isə qız uşaqları idi.

Dözməyib qadınlara "niyə bunu edirsiniz?" - sualını verdim.

- Elə bilirsən, övlad qatili olmaq asandır? Məni buna məcbur qoyurlar. Qaynanam istəmir, yoldaşım da onunla eyni fikirdədir. Nə vaxt oğlan uşağı olsa, ikincini onda doğarsan deyirlər.

Bunu Məryəmin gözləri dolmuş anası kədər içində, səsi titrəyə-titrəyə dedi.

Onda verdiyim sual özümü də narahat etdi. Belə əlacsız cavab alacağımı düşünmürdüm.  Bəlkə də, kənardan kimisə mühakimə etmək asandır. Amma ana balası üçün hər şey etməyə qadir olmalıdır. Axı o, balasını yaşatmaq naminə buna etiraz edə də bilərdi. Amma etməmişdi və balasının qətli qərarına boyun əymişdi.

Bu gün dünyaya gələn qız sabahın gənc xanımı, anasıdır. Amma təəssüf ki, bir çox ölkələrdə, xüsusilə də Şərqdə hələ də ailələr qız uşağının dünyaya gəlməsini istəmir, onu elə ana bətnindəcə məhv edirlər. Artıq neçə illərdir bu, Azərbaycanda da geniş yayılıb. Amma bir şeyi unutmayaq ki, peyğəmbərimiz də qız övladlarını xüsusi qayğı ilə yanaşıb və kəlamlarından birində "Övladlarınız arasında fərq qoymayın, əgər  qoymaq lazım gəlsəydi, mən qızlarıma üstünlük verərdim" - deyib. 

... Həkimi dəhlizin başında görüb, arxa qapıdan çıxdım və mesajla görüşümüzün alınmayacağını yazdım. Var gücümlə ordan uzaqlaşırdım ki, nəfəs ala bilim. Yolboyu Məryəmin taleyi bəlli olmayan bacısını düşünürdüm. O, Məryəmin həmdəmi, sirdaşı olacaqdı. Amma əzizləri bu gün onu bu həmdəmdən, bu sirdaşdan məhrum etdilər.

Kim bilir, bəlkə o qızcığaz öz qədəmləri ilə o ailəyə nur saçacaq, onların həyatında işıq kimi doğacaqdı. Amma daşürəkli doğmaları hələ işıqlı dünyaya göz açmazdan ona bu haqqı - dünyaya gəlmək haqqını çox gördülər.

"Mən oğul anasıyam", "Oğlum dünyaya gəldi", "Oğul atası olmaq başqa hissdir" - bu ifadələri tez-tez eşidirik. İnsanlar oğul övladı dünyaya gələndə onun gəlişinə qurbanlar deyir, toy-bayram edirlər. Amma nə yazıqlar ki, bir çox ailələr hələ də qız övladlarını qəbul etmək istəmirlər.

"Qız uşağı şeytan olar", - deyiblər. Nə qədər qaradinməz, ciddi adam olsa belə, qız uşağı ən kiçik hərəkəti, baxışı ilə onu duyğulandırar. Evinizdə, həyət-bacada görməmisinizmi, oğlan uşağı atılıb-düşmək, vurub-dağıtmaq istəyəndə, toz-torpaqla oynayanda, qız uşağı o yan-bu yana qaçar, gözü harda bir çiçək görsə, dərhal ora cumar. Qız uşağının dünyaya gəlişini özünə dərd edən valideynlər görəsən, niyə qız böyütməyin məsuliyyətindən qaçmağa can atırlar? Axı o məsum körpələr valideynlərin bu qorxularından, utancverici didərginliklərindən xəbərsizdirlər. Yaxşı, deyək ki, belə ata-analar qız uşaqlarını sevmirlər, bəs onda hansı məntiqlə başqasının qız övladını sevib-seçib gəlin, övladlarına ömür-gün yoldaşı gətirirlər?

Biz nə zamandan qız övladlarına düşmən kəsildik? Beyinlərdə qız uşaqlarına antipatiya, oğlan uşaqlarına rəğbət hissi nə vaxtdan kök salmağa başlayıb? Özü də elə dərin kök salıb ki, illərdir təbliğat aparılsa da, bu fikirlər dəyişmək bilmir.

"Sən necə qadınsan ki, mənə oğlan sevincini yaşada bilmirsən?" Bu cümlə kifayətdir ki, qadının bütün duyğularını alt-üst eləsin. Halbuki kişilərə övlad sevincini bəxş edən də qadındır və o qadın bir vaxtlar körpə bir qızcığaz olub. İndi aydın olurmu ki, qız uşaqlarına qarşı belə münasibət böyük günahdır?

Azərbaycanın tarixində dərin izlər qoymuş nə qədər qadınlarımız olub və bu gün də biz onlarla qürur duyuruq. Elə isə nəyə görə bu körpə qızcığazların dünyaya gəlmək haqqını əllərindən alırıq, nəyə görə qız övladlırı dünyaya gələndə yasa batırıq, sevinmirik?

Analar, atalar, qız övladlarınız olanda sevinin, bəşəriyyətə bir ana bəxş etdiyiniz düşünüb fərəhlənin!..

... O balaca Məryəmin cavabını verə bilmədiyim sualı hələ də qulaqlarımdadır - "Mən bacımı necə qoruya bilərəm?" - soruşmuşdu. Əslində, bu sual təkcə məndən yox, sizlərdən də cavab istəyir: Biz onları necə qoruya bilərik?!

Düşünün!..

 

 





16.10.2019    çap et  çap et