525.Az

Gülüstan və Türkmənçay müqavilələri tariximizin ən ağrılı səhifələridir - Yaqub Mahmudov


 

Gülüstan və Türkmənçay müqavilələri tariximizin ən ağrılı səhifələridir - <b style="color:red">Yaqub Mahmudov </b>

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri tariximizin ən ağrılı səhifələridir. Bu müqavilələr əslində, beş minillik dövlətçilik tariximizin ən dəhşətli faktlarıdır.

Qüdrətli imperiyalar yaratmış böyük xalqımız Gülüstan müqaviləsindən sonra öz tarixinin "olum, ya ölüm" dövrünə qədəm qoydu. XVIII əsrin sonunda Yaxın və Orta Şərqin tarixində Azərbaycan sülaləsi olan Qacarların hakimiyyəti (1796-1925) dövrü başlandı. Qacarlar vaxtı ilə onların ulu babaları Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin və nəhayət, Nadir şah Əfşarın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən, Azərbaycan xanlıqlarını yenidən vahid dövlət halında birləşdirmək siyasəti yeritməyə başladılar.

Beləliklə, Qacarlar və Cənubi Qafqazı işğal etməyə çalışan çar Rusiyası arasında uzun sürən müharibələr dövrü başlandı. Kiçik xanlıqlara və sultanlıqlara parçalanmış Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan çar Rusiyasına, Cənubi Azərbaycan isə Qacarlar İranına qatıldı. Nəticədə Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: "Şimali Azərbaycan" (və ya "Rusiya Azərbaycanı", sonralar "Sovet Azərbaycanı") və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı").

Gülüstan müqaviləsi çar Rusiyası ilə Qacarlar İranı arasında 1804-1813-cü illər müharibəsinin yekunlarını və Azərbaycanın həmin dövlətlər arasında birinci dəfə bölüşdürülməsini təsdiq edən rüsvayçı sövdələşmə sənədidir. Gülüstan müqaviləsinə əsasən, Şimali Azərbaycan (İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla) çar Rusiyasının, Cənubi Azərbaycan isə Qacarlar İranının tərkibinə qatılıb.

Müqavilə 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində imzalanıb. 11 maddədən ibarət olan müqaviləyə əsasən, Qacarlar İranı Azərbaycanın Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran (Talış) xanlıqlarına, Şərqi Gürcüstan və Dağıstana olan iddialarından əl çəkir, onların çar Rusiyasının hakimiyyəti altına keçməsini təsdiq edirdi. Sənədə əsasən, yalnız çar Rusiyasına Xəzər dənizində hərbi donanma saxlamaq hüququ verilir, ticarət malları üçün beş faizlik gömrük qoyulur, hər iki dövlətin tacirləri daxili gömrük vergilərindən azad olunurdular.

Müqaviləni Qacarlar İranı tərəfindən Mirzə Əbülhəsən xan, çar Rusiyası tərəfindən isə Nikolay Rtişşev imzalayıblar.

Gülüstan müqaviləsi ümumdünya tarixində özgə torpaqlarının bölüşdürülməsi məqsədilə bağlanılmış ən rüsvayçı və antihumanist müqavilələrdən biridir. Bu müqavilə, eyni zamanda, müharibə etmiş iki dövlət arasındakı ziddiyyətləri də həll edə bilmədi. Müqavilənin birinci maddəsində dəbdəbəli ibarələrlə bəyan edilən "sülh" uzun sürmədi. 1826-cı ildə tərəflər arasında ikinci müharibənin başlanması ilə Gülüstan müqaviləsi qüvvədən düşdü. Müharibə çar Rusiyasının üstünlüyü ilə başa çatdı. 1828-ci ildə çar Rusiyası ilə Qacarlar İranı arasında Türkmənçay müqaviləsi imzalandı.

Azərbaycan xalqı terrora, soyqırımlarına və deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir. 200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix çar Rusiyası tərəfindən ermənilərin Osmanlı imperiyasından və Qacarlar İranından kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, həmçinin Cənubi Qafqazın başqa ərazilərinə köçürülməsi ilə başlayıb.

Beləliklə, 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsi və 1829-cu il Ədirnə müqaviləsi ilə ermənilərin Osmanlı imperiyası və Qacarlar İranından köçürülməsinin əsası qoyuldu. Erməni köçlərini bütün yol boyunca çar Rusiyasının mühafizə dəstələri müşayiət edir, onlara adambaşına pul və ərzaq paylanır, köç üçün nəqliyyat ayrılır, ən münbit Azərbaycan torpaqları onlara verilir və bütün vergilərdən azad olunurdular. Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr edib.

Ermənilərin bizim torpaqlarımıza köçürülməsilə çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında yeni bir etnos məskunlaşdırdı. Ermənilər bura I Pyotrun göstərişindən sonra Türkmənçay və Ədirnə müqavilələrinə əsasən köçürülmüş etnosdur. Tarixi həqiqət budur ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə etnosdur. Ermənilərin gəlmə olduğunu mənbələr və "tarixin atası" Herodot təsdiq edir.

Tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: "Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik".

Çar Rusiyası Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan qədim Azərbaycan torpaqlarında - keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı. Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.

Bundan əlavə, çar Rusiyası 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu.

Mən Ulu öndər Heydər Əliyevin unudulmaz bir vəsiyyətini dönə-dönə yada salıram, o, dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Ulu Öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan və Türkmənçay müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir.

Heydər Əliyev Gülüstan və Türkmənçay müqavilələrini belə xarakterizə edib: "Tarixi proseslərin gedişi ona gətirib çıxartdı ki, 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanı, onun tarixi torpaqlarını parçaladı, xalqımızı iki yerə böldü".

Heydər Əliyevin ötən əsrin 60-cı illərinin sonu - 70-ci illərində xalqımızın milli dirçəlişini necə cəsarətlə himayə etməsinin canlı şahidiyəm. O zaman mən ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri olan Azərbaycan Ensiklopediyasında fəaliyyət göstərirdim. Böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi ensiklopediyaçılar və ensiklopediya ətrafında toplanmış qabaqcıl ziyalılar o zaman çox cəsarətli addımlar atırdılar. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Bunu da unutmamışam ki, milli oyanışımızın düşmənləri bizi ləkələmək üçün dəridən-qabıqdan çıxırdılar. Heydər Əliyev bütün bunlardan çəkinməyərək 1971-ci ilin martında mənə ensiklopediya baş redaktorunun elmi işlər üzrə müavini kimi məsul bir vəzifə etibar etdi. Həmin illərdə biz, məhz onun dəstəyi sayəsində, ilk dəfə olaraq, Azərbaycanın tarix xəritələrini çap etdirə bildik. Çox çəkmədən bizə "millətçi", "burjua məfkurəçiləri", "Sovet hökumətinin və Rusiyanın düşmənləri" damğasını vurmağa çalışdılar. "Sapı özümüzdən olan baltalar" xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmiş Stepan Şaumyanın oğlunu - o zaman "Böyük Sovet Ensiklopediyası" baş redaktorunun birinci müavini işləyən Levon Şaumyanı Bakıya gətirdilər. Qara qüvvələr Azərbaycan ziyalılarına ləkə yaxmaq üçün özlərini oda-közə vurdular. Lakin onlar məqsədlərinə çata bilmədilər. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi, o cümlədən də mən, nəinki Dövlət Təhlükəsizlik Komitəsinin təqiblərinə düçar olmadıq, hətta o dövr üçün dəhşətli bir cəza sayılan partiya cəzasından da yaxa qurtara bildik!

Qısa müddətdə AMEA-nın Tarix İnstitutunda Azərbaycan tarixinin müxtəlif dövrlərini, xüsusən 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra böyük imperiyaların işğalçılıq siyasəti nəticəsində xalqımızın başına gətirilən faciələri, erməni-daşnak qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarını özündə əks etdirən çoxsaylı elmi əsərlər yazılıb və müxtəlif dillərdə nəşr olunub.

2013-cü ildə AMEA-nın Tarix İnstitutu Gülüstan müqaviləsinin bağlanmasının 200 illiyinə həsr olunmuş "XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri" adlı beynəlxalq elmi konfrans təşkil edib. Konfransın işində 8 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, ABŞ, İran və Albaniyadan 80-ə yaxın alim iştirak edib. Son illərdə, həmçinin, Bakı, Quba, Şamaxı, Gəncə, Lənkəran və Qusar şəhərlərində beynəlxalq elmi konfranslar keçirilib. Azərbaycan və digər türk-müsəlman xalqlarına qarşı soyqırımlarına həsr olunmuş bu konfranslarda dünyanın yüzlərlə ən məşhur alimləri iştirak ediblər. Bütün bu konfranslar Prezident İlham Əliyevin himayəsi altında keçirilib. Bu gün Tarix İnstitutunun nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurmuşdur. Dövlətimizin başçısı bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.

AZƏRTAC 

 





16.10.2019    çap et  çap et