525.Az

"Sevginin dili yoxdur" - Foto


 

BAKI KİTAB MƏRKƏZİNDƏ JESTLƏR VASİTƏSİLƏ POEZİYA GECƏSİ KEÇİRİLİB

"Sevginin dili yoxdur" - <b style="color:red">Foto </b>

Oktyabrın 12-də "Deaf Community MMC" və "Ümid var" xeyriyyə könüllüləri təşkilatı Bakı Kitab Mərkəzində jestlər vasitəsilə "Sevginin dili yoxdur" adlı poeziya gecəsi keçirib.

Tədbir Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsinin iştirakı ilə baş gerçəkləşib.

Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı çıxışında qeyd edib ki, ölkəmizdə fiziki məhdudiyyətli insanların asudə vaxtlarını keçirmək istiqamətində çox mühüm layihələr icra olunur.

Poeziya gecəsini layihənin rəhbəri, tanınmış şairə Nigar Həsənzadə aparıb. Gecədə Xalq şairləri Fikrət Qoca və Nəriman Həsənzadə, alim Xatirə Həsənzadə, Cənubi Azərbaycandan şair, professor Ağşın Ağkəmərli və başqaları çıxış ediblər. 

Tədbirdə eşitmə məhdudiyyətli gənclərin və komandanın könüllülərinin ifasında Azərbaycanın Dövlət himni, Nəriman Həsənzadə və Fikrət Qocanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri həm jestlərlə, həm də səsli şəkildə təqdim olunub.

Jest dilinə tərcüməni "Deaf Community MMC"nin pedaqoq-təlimçisi, mütəxəssis Turan Məmmədli və surdo-tərcüməçi Yeganə Tağızadə icra ediblər. 

"Deaf Community"nin rəhbəri Nuranə Abıyeva İmadəddin Nəsiminin "Ey bülbüli tələb eylə" qəzəlini jest dilində təqdim edib.

"Deaf Community MMC" şirkətinin rəhbəri Nuranə Abıyeva və "Ümid var" xeyriyyə könüllüləri təşkilatının rəhbəri Nazilə Məhərrəmova  tədbirin əhəmiyyətindən danışıblar.

Sonda təşkilatçılar Bakı Kitab Mərkəzinə, ağsaqqal şairlərə və qonaqlara təşəkkürlərini bildiriblər.

Fikrət QOCA

Bakı Kitab Mərkəzindəki görüşdə Ayan Məmmədlinin ifasını dinləyərkən düşündüyüm şeirlər

Tavandan sükut yağır;
Piano qarşısında
Yarı qapalı gözlər,
Gözlər qəlbinə baxır...
Ağ, zərif barmaqlardan
Sehirli səslər axır...
Barmaqlar özü çalır,
Özləri də rəqs edir.
Rəqs edən barmaqların
Şirin ayaq səsləri
Mənim qəlbimə yağır,
Qəlbimdən axıb gedir.
Allahım, bu nə duyğu?
Nə möcüzə, nə səsdir?
Ürəyim deyinir ki,
Sinəm nə dar qəfəsdir!
Qanad açmaq istərəm,
Uçmaq, uçmaq istərəm,
Yerdən, göydən, dünyadan
Özümdən də qaçıram!
Uçuram daha bəsdi!
Sığmıram bu həyata,
Uçuram kainata!
Birdən musiqi kəsdi,
Alqışlara boyandı.
Axı çalan Ayandı.
Mənim ağlım oyandı.
Əgər ruhum uçsaydı,
Həkim baxıb deyərdi:
- Onsuz da bəlli idi,
Özü bir az dəliydi,
Ürəyi zədəliydi,
Hardasa ölməliydi,
Gəldi, burda dayandı.

13.10.2019

Ömür

"Öldü" deməyin - uçdu.
Elə ömür var, ondan
Ölüm bir qurtuluşdu.

Bacararsan
Güclü bir insan kimi
Yaşamağı başarsan
Dilsiz, qulaqsız da sən
Dahi ömrü yaşarsan.

15.10.2019

 





16.10.2019    çap et  çap et