525.Az

"Ədəbiyyat qəzeti"nin nəşrlər seriyasının təqdimatı olub


 

"Ədəbiyyat qəzeti"nin nəşrlər seriyasının təqdimatı olub<b style="color:red"></b>

Oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda "Ədəbiyyat qəzeti" yayınları seriyasından çap olunan 5 kitabın - "Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda", Əyyub Qiyasın tərtib və tərcüməsində "Ədəbiyyat üzrə Nobel mükafatçıları. 1901-2017" antologiyası, Günel Eyvazlının "İşıq" esselər toplusu, Samirə Əşrəfin "Dördüncü divar" və Sevda Sultanovanın "Ekranlaşdırılmış ədəbi əsərlər" kitablarının təqdimatı keçirilib.

Kitablar ölkə Prezidentinin Azərbaycan Yazıçılar Birliyinə ayırdığı vəsait hesabına çap olunub.

Tədbiri giriş sözü ilə açan AYB katibi Rəşad Məcid "Ədəbiyyat qəzeti"nin ədəbiyyatın inkişafı istiqamətində gördüyü mühüm işlərdən söz açıb, təqdim olunan nəşrləri bu işlərin bir nümunəsi kimi xarakterizə edib. Kollektivin zəhmətini yüksək qiymətləndirən katib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar yeni nəşrləri ədəbiyyatımızın təbliği və inkişafı baxımından uğurlu işlər kimi dəyərləndirib: "Birliyə ayrılan vəsaitlər çox səmərəli istifadə edilir. Mükafatlar verilir, yardımlar olunur, kitablar buraxılır, yeni avadanlıq alınır. Dövlət tərəfindən AYB-yə ayrılan vəsait hesabına işıq üzü görən bu oxunaqlı kitablar ədəbiyyatımızın təbliği ilə yanaşı, həm də müəlliflərin daha böyük səylə, həvəslə çalışmasına təkan verir". Bu uğurlu işə görə "Ədəbiyyat qəzeti"ni təbrik edən Xalq yazıçısı müəlliflərə yeni-yeni uğurlar arzulayıb.

Son 5 ildə üçüncü dəfə "Ədəbiyyat qəzeti" ilə bağlı görüş keçirildiyini söyləyən baş redaktor Azər Turan deyib: "Ötən görüşlər yeni kitabların çapı, qəzetin yeni saytının istifadəyə verilməsi, illik ədəbiyyat əlavəsinin nəşrinə həsr edilmişdir. Bu gün isə dövlət tərəfindən AYB-yə ayrılmış vəsait hesabına işıq üzü görən kitabların təqdimat mərasiminə toplaşmışıq. Dövlətimizin ayırdığı vəsait bizə ədəbiyyatımıza xidmət edən planlarımızı reallaşdırmağa şərait yaratdı. Nəticədə beş kitabın çapına nail olduq. Bu kitablar ədəbiyyatımızın fikir tarixində qalacaq və hər zaman aktuallığını qoruyub-saxlayaq. Bizim işimiz bununla yekunlaşmır. Qarşıda növbəti 4 kitabın çapı var. Hazırda o kitablar da çap prosesindədir".

Azər Turan deyib ki, bu gün təqdimat mərasimində "Ədəbiyyat qəzeti"nin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatı da təqdim olunacaq. Bu mükafata layiq görülənlər qəzetin həyatında ciddi şəkildə iştirak edən, eyni zamanda, Azərbaycan ədəbiyyatının təbliğində xidmətləri olan adamlardır.

Bu ili ölkəmizdə kitabın təbliği baxımından çox əlamətdar il kimi dəyərləndirən "Ədəbiyyat qəzeti"nin şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimova çap olunan kitablarla bağlı geniş məlumat verib. Bildirib ki, "Ədəbiyyat qəzeti" yayınları seriyasından çap olunan kitablarda yer alan yazılarla oxucular qəzetin səhifələrindən tanışdırlar. "Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda" kitabı "Ədəbiyyat qəzeti"nin "Müzakirə saatı" layihəsi əsasında gerçəkləşib. Ədəbi-elmi ictimaiyyətə qəzet vasitəsilə təqdim olunan müzakirələrin sistemli və tam şəkildə bu kitabda toplanması oxuculara, tədqiqatçılara Azərbaycan ədəbi tənqidinin, ədəbiyyatşünaslığının və nəzəri-estetik fikrinin bir çox məsələlərini yeni təfəkkür işığında dərk etməyə, onun səviyyə və mənzərəsini dəyərləndirməyə, eləcə də ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyini görməyə imkan yaradacaq.

Bildirilib ki, Samirə Əşrəfin "Dördüncü divar" kitabında yer alan müsahibələr ədəbiyyat, teatr, kino, musiqi və incəsənətin digər sahələrində uzun illər xidmət göstərən görkəmli sənət adamlarının, maraqlı insanların və onların övladlarının, yaxınlarının müsahibələrindən ibarətdir. Günel Eyvazlının "İşıq" esselər toplusunda müəllif həyat, sənət, yaradıcılıq haqqında düşüncələrini psixoloji aspektdə, özünəməxsus formada oxucuya çatdırıb.

Bildirilib ki, bədii əsərlərin ekran versiyalarından bəhs edən Sevda Sultanovanın "Ekranlaşdırılmış ədəbi əsərlər" kitabına milli və dünya ədəbiyyatının nümunələri daxildir. Əyyub Qiyasın tərtib və tərcüməsində "Ədəbiyyat üzrə Nobel mükafatçıları. 1901-2017" antologiyası da olduqca maraqlı nəşrlərdəndir. Burada oxucu Ədəbiyyat üzrə Nobel mükafatçısı olan məşhur yazıçılar haqqında məlumatlar əldə edəcək.

Hər bir müəllifə yeni uğurlar arzulayan E.Akimova bu istiqamətdə işlərin davamlı olacağını söyləyib.

Sonra çıxış edən müəlliflər "Ədəbiyyat qəzeti" yayınları seriyasından çap olunan kitablara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə AYB-nin katibi İlqar Fəhmi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, yazıçı-publisist Səyyad Aran, Mahmud Kaşqari Beynəlxalq Fondunun prezidenti, şair Elxan Zal Qaraxanlı, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair və tərcüməçi Səlim Babullaoğlu, fəlsəfə doktoru Pərvanə Məmmədli  və başqaları çıxış edərək "Ədəbiyyat qəzeti" yayınları seriyasından çap olunan kitablarla bağlı fikirlərini bölüşüb, bu işi yüksək qiymətləndiriblər.

Sonda qəzetin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatı təqdim edilib. Mükafata Sevda Sultanova, Cavanşir Yusifli, Səlim Babullaoğlu, Orxan Fikrətoğlu, Mübariz Örən, Elxan Qaraxanoğlu, Ümid Nəccari, Samirə Əşrəf, Sərdar Amin, Hədiyyə Şəfaqət, Yaşar Bünyad, Varis və Əlabbas layiq görülüblər.

MEHRİ

 





16.10.2019    çap et  çap et