525.Az

Valdaydan sonra Aşqabad şoku


 

AZƏRBAYCAN PREZİDENTİ PAŞİNYANIN İDDİALARINI NECƏ DARMADAĞIN ETDİ?

Valdaydan sonra Aşqabad şoku<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan Valday şokundan özünə gəlməyə macal tapmamış, Aşqabadda növbəti ağır zərbəsini aldı. İşğalçı dövlətin rəhbərinin yüksək beynəlxalq platformalardan Azərbaycan lideri tərəfindən aldığı bu zərbələr həm də onun bir siyasətçi kimi iflası idi.

Öz xalqını, həmçinin, dünya birliyini aldatmağa çalışan, ucuz reytinq xatirinə tarixi faktları saxtalaşdırmağa cəhd edən Paşinyan artıq neçənci dəfədir ki, Prezident İlham Əliyevin tutarlı arqumentləri qarşısında aciz durumda qalır. Guya cavab vermək istəyəndə isə özünü daha gülünc və daha acınacaqlı vəziyyətə salmış olur.

Öncə "Valday" Beynəlxalq Diskussiya Klubunun əsas plenar iclasında Paşinyanın aldığı zərbəni yada salaq.

Ermənistanın baş naziri avqust ayında Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edərək, "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasını etmişdir. Bununla da dünya birliyinin, həmsədrlərin qınağı ilə qarşılaşdı. Azərbaycan lideri isə Paşinyanın cavabını yüksək bir platformadan verdi. "Valday" forumun əsas plenar iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistan Baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq dedi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Ardınca Prezident İlham Əliyevin oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı və diplomatik çıxışı Ermənistanın baş naziri Nikol Paşinyana növbəti ağır zərbə oldu. Azərbaycan Prezidenti öz çıxışında ölkəmizin faşizm üzərində qələbə qazanmasında müstəsna xidmətləri barədə danışaraq, toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, faşizm üzərində qələbəyə Azərbaycan layiqli töhfə verib. Altı yüz mindən çox azərbaycanlının Böyük Vətən Müharibəsində döyüşdüyünü və onların yarısının canlarından keçdiyini vurğulayan Prezident yüksək tribunadan cəbhə üçün çox zəruri olan yanacağın çox hissəsinin Azərbaycanın payına düşdüyünü qeyd etdi. Dövlət başçısı vurğuladı ki, Bakı nefti olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Faktlarla danışan Prezident bunun qarşılığında MDB məkanında, xüsusən, Ermənistanda faşizmin təbliğatının aparıldığını, faşizmə xidmət edən şəxslərin xatirəsinə abidə ucaldılmasının qəbuledilməz olduğunu təəssüflə iclas iştirakçılarının diqqətinə çatdırdı.

Prezident vurğulayıb ki, 2016-cı ildə Ermənistan İrəvanın mərkəzində Böyük Vətən Müharibəsində faşistlərə yardım etmiş Qaregin Njdeyə abidə ucaldıb. Dövlət başçısı Qaregin Njdenin birbaşa faşistlərlə əməkdaşlıq etməsini konkret faktlarla sübut edərək, 2011-2015-ci illərdə hazırlanmış ensiklopediyadan sitatlar gətirib. Azərbaycan lideri ensiklopediyanın Rusiyanın Müdafiə Nazirliyinin Kollegiyası tərəfindən, müdafiə naziri Sergey Şoyqunun birbaşa rəhbərliyi ilə hazırlandığını qeyd edib. İlham Əliyev bununla da, Paşinyanı susduraraq, onun iddialarını darmadağın etdi. Dövlət başçısının bu çıxışından sonra erməni mətbuatı Paşinyanı çox kəskin tənqid etdi. Vurğulandı ki, Ermənistanın baş naziri həddindən artıq səriştəsiz, savadsız və populist siyasətçidir. Prezident İlham Əliyev isə, lazımi yerdə, lazımi məqamda, Azərbaycan həqiqətlərini ən yüksək tribunadan səsləndirir və bunları tarixi faktlarla təsdiqləyir.

Azərbaycan Prezidenti bu çıxışı ilə MDB çərçivəsində daha çox inteqrasiyanın tərəfdarı olan Rusiya rəhbərliyinə göstərdi ki, faşizm ideyalarını qəhrəmanlaşdırılması ilə xalqların hər hansı formada inteqrasiyası bir araya sığmır. Ona görə ki, nəzəri olaraq da, faşizm və aqressiv millətçilik İttifaqları dağıdır, əksinə, liberal baxışlar xalqları bir araya gətirir.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov öz şərhində Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələni vaxtında və yerində qaldırdığını vurğulayıb: "Belə ki, MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində qarşıdan gələn İkinci Dünya müharibəsində qələbənin 75 illiyi, Sovet xalqının qələbəyə verdiyi töhfə və nasizmin qəhrəmanlaşdırılmasına imkan verilməməsi məsələləri müzakirə olunurdu. Ona görə də, bu məsələnin bu iclasda qaldırılması çox vacib idi".

Onun sözlərinə görə, postsovet məkanında nasizmin qəhrəmanlaşdırılmasının müşahidə olunduğu ölkələrdən biri də Ermənistandır: "Bu ölkə çox çalışır ki, bu barədə heç kəs danışmasın, sussun. Lakin Prezident İlham Əliyev bu çıxışı ilə Ermənistanda nasizmin qəhrəmanlaşdırıması mövzusu ətrafında yaradılan informasiya blokdadasını yarmış oldu. Bununla belə, Rusiyada ara-sıra bu məsələ qaldırılıb. Rusiyada faşist Qaregin Njdenin qəhrəmanlaşdırılmasının əleyhinə 30 min imza toplanılıb. Dövlət Dumasında, "Parlamentskaya Qazeta"da bununla bağlı müzakirələr aparılıb. Bütün bunlardan sonra Rusiya hakimiyyəti Njdenin qəhrəmanlaşdırılması ilə bağlı təhqiqatlara başladı. Ermənistan baş naziri bu tarixi faktlar qarşısında heç bir cavab verə bilmədi. Onun cavab vermək cəhdləri uğursuzluqla nəticələndi. Paşinyan sadəcə bilmirdi ki, Azərbaycan Prezidentinə nə cavab versin. O, Qaregin Njdenin şəxsiyyətini müdafiə etməyə cəhd göstərdi, lakin nəticədə, öz şəxsi təbliğat tələsinə düşdü. Ona görə ki, Prezident İlham Əliyevin gətirdiyi faktların qarşısında heç bir tutarlı arqument səsləndirə bilmədi".

Siyasi ekspert, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev mövzu ilə bağlı bildirib ki,

Paşinyan Azərbaycanın Qarabağ torpaqlarında 5 avqust mitinqində lovğa-lovğa dediyi "Miatsum " və "Qarabağ Ermənistandır "şüarları ilə ölkəsinin ultra-millətçi, daşnak təfəkkürlü və kütlə isteriyasına qapılmış kəsiminin gözündə öz populyarlığını azacıq bərpa edə bilmişdi: "Lakin Azərbaycan Prezidentinin əvvəlcə "Valday" klubunda, sonra isə Aşqabadda çıxışlarının təsiri ilə erməni baş nazirin öz cəmiyyətində populyarlığı əvvəlkindən də aşağı səviyyələrə düşdü. Bütün Ermənistan fərqindədir ki, onun baş naziri yalan və saxtakarlıq üstdə qurulsa da, ölkəsinin dövlət və ictimai maraqlarını diplomatik polemika müstəvisində qətiyyən qoruya bilməyən arqumentsizin və məntiqsizin biridir, etibarlı polemist deyil. Erməni təbliğatı indi əsas gücünü baş nazirin məruz qaldığı təhqiramiz aşağılanmaların törətdiyi reytinq fəsadlarını yamamağa, kompensasiya etməyə yönəldib. Erməni ideoloqları və Paşinyan şəxsən özünə gəlməmiş onlara yeni siyasi-diplomatik zərbələr yendirilsə, bunun effekti çox böyük olacaq. Məsələn, faşist Nijdenin mənfur heykəlinin sökülməsinə nail olana qədər getmək, bunun üçün mümkün olan hər şeydən istifadə etmək lazımdır. MDB dövlətlərinin Bakıdakı missiyaları ilə ən müxtəlif səviyyələrdə-diplomatik, siyasi, vətəndaş cəmiyyətləri və diasporlar səviyyəsində sistemli iş qurmaq, erməni hökumətinə təzyiqlər etdirmək, ona göz açmasına imkan verməmək və sonda heykəlin sökülməsinə nail olmaq lazımdır. Böyük ehtimalla nəticə olacaq. Əgər bunlar nəticə verməsə, faşizm üzərində qələbənin 75 illik tədbirlərinə qədər İlham Əliyevin plan və təxəyyülündə ən axırıncı həlledici zərbə gedişinin olduğuna inanıram. Prezidentin dərin analitik, qlobal və polifonik düşüncə tərzinə malik olduğunu bildiyimiz üçün əminəm ki, o, bunu mütləq edəcək".

Onun sözlərinə görə, çox realdır ki, Paşinyanın hakimiyyəti bir heykəl qalmaqalı ilə səhnəni tərk etsin: "Əgər heykəlin sökülmə qərarı verilsə, Ermənistanın paşinyançı, sarkisyançı, millətçi, daşnakçı, ümumən bütün təbəqələri - hər kəs öz arqumentləri ilə dərhal fəallaşacaqlar. Bunun Ermənistanda nə demək olduğu anlaşılırmı?

Paşinyan Ermənistanın tarixinə Azərbaycan Prezidentinin diplomatik-siyasi kombinasiyalarının təsiri ilə öz xalqı tərəfindən devrilmiş Sarkisyandan sonra ikinci dövlət rəhbəri kimi düşə bilər".

Siyasi şərhçi Arzu Nağıyev isə deyib ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının Aşqabaddakı görüşündəki mühüm çıxışı ilə Ermənistanın yürütdüyü siyasətin heç bir arqumentə söykənmədiyini bir daha göstərdi. O bildirib ki, Aşqabad görüşündə növbəti dəfə qeyri-adekvat mövqe nümayiş etdirən Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin həmin görüşdəki çıxışından sonra onun arqumentləri qarşısından geri çəkilməyə məcbur oldu: "Bu, bir daha göstərir ki, Paşinyanın yürütdüyü siyasət qeyri-adekvatdır. Onun atdığı addımlar da peşəkar siyasətçiyə yaraşmır".

A.Nağıyev söyləyib ki, MDB liderləri bir daha başa düşdülər ki, Paşinyanın yürütdüyü siyasət MDB məkanında olan dövlətlərə zərərdir: "O, ümumi siyasi prinsiplərə zidd olan addımlar atmaqda davam edir. Əsas məqam odur ki, Prezident İlham Əliyev çox mühüm yüksək səviyyəli siyasi, peşəkar çıxışı ilə Ermənistanın həm Azərbaycanın ərazi bütövlüyü, həm də MDB məkanına aid olan digər istiqamətlərlə bağlı yürütdüyü siyasətin çox geridə qalmış və heç bir arqumentə söykənmədiyini bir daha əsaslandırdı. Bu, Prezidentin Paşinyan üzərindəki növbəti üstün həlledici zərbəsi oldu".

PƏRVANƏ

 





16.10.2019    çap et  çap et