525.Az

Ermənistanda faşizm sevgisi


 

SARKİSYANIN PARTİYASININ GERBİ FAŞİST SİMVOLİKASINI ƏKS ETDİRİR

Ermənistanda faşizm sevgisi <b style="color:red"></b>

Ermənilər tarixən azərbaycanlılara, ümumiyyətlə türk millətinə qarşı terror, soyqırımı siyasəti həyata keçirib, dinc insanlara qarşı ən amansız, ən qəddar üsulları tətbiq etməkdən belə çəkinməyiblər.

Terroru dövlət siyasətinin tərkib hissəsinə çevirən və onu dövlət səviyyəsində dəstəkləyən Ermənistan keçmişdə də, indi də bu "siyasətin"ə sadiq qalıb.

Onların "ASALA" terror təşkilatı, vaxtilə türk diplomatlarını amansızca qətlə yetirmələri, azərbaycanlılara qarşı tarix boyu həyata keçirdikləri soyqırım aktları, Xocalı dəhşəti bütün deyilənlərin sübutudur. "Daşnaksütyun" və digər erməni partiya və təşkilatları yarandıqları gündən faşizmin yolunu gediblər. Dövr, zaman, yanaşmalar, dövlətlərin siyasəti dəyişsə də, Ermənistan öz siyasətini, terrora verdiyi dəstəyi, terrorçuları qəhrəmanlaşdırmaq siyasətindən əl çəkməyib.

Ermənilərin azərbaycanlılara qarşı tarix boyu həyata keçirdikləri qırğınlar, soyqırımlar sovetlər birliyinin dağılmasından sonra da davam edib. Belə ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə başladı, bu isə kütləvi qətillər, Xocalı kimi dəhşətli bir soyqırım aktı ilə müşayiət olundu. Bu faciə erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir.

Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə dəstəyi və iştirakı ilə 80-ci illərin sonundan başlayaraq, Azərbaycana qarşı 30-dan artıq terror-təxribat əməli törədilib. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə tam şəkildə sübut olunub.

19 mart və 3 iyul 1994-cü il tarixində Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında terrorun əsasını qoyub. Ermənistan xüsusi xidmət orqanlarının bu ənənələri əsasında 10 il sonra Madrid və London metrolarında terror aktları törədilib.

Ermənistan dünyada yeganə ölkədir ki, faşist müharibə cinayətkarı Njde Qaregin, "general Dro" və qatı terrorçu Monte Melkonyan kimilər Ermənistanın milli qəhrəmanları elan edilib və onların şərəfinə abidələr qoyulub.

Sovet ölkəsinə xəyanət etmiş, Almaniyanın faşist rəhbərlərinin tapşırığı ilə SSRİ ərazisində çoxsaylı təxribatlar törətmiş, minlərlə yəhudinin ölümünə səbəb olmuş Njde Qareginin həm keçmiş prezident Serj Sarkisyan, həm də hazırkı baş nazir Nikol Paşinyan tərəfindən müdafiə olunması əslində, terrora, xəyanətə haqq qazandırılmasıdır. Sarkisyanın 1990-cı ildə yaratdığı Ermənistan Respublikaçılar Partiyasının nizamnaməsinin ilk cümləsini yada salanda hər şey bir daha aydın olur: "Ermənistan Respublikaçılar Partiyası özünün ideoloji əsasını Qaregin Njdenin təlimindən götürüb". Yəni xəyanət və satqınlığı, qaniçənliyi Sarkisyan və onun tərəfdarları "təlim" kimi qəbul edirlər.

Qeyd olunur ki, 1967-1987-ci illərdə xarici ölkələrdə mövcud olmuş Ermənistan Vahid Milli Partiyasının bir çox üzvləri indi gizli şəkildə olsa da, Ermənistan Respublikaçılar Partiyasının sıralarında fəaliyyət göstərirlər. Bu isə o deməkdir ki, Ermənistan Respublikaçılar Partiyası etnik-dini erməni hərəkatını siyasi-ideoloji əsas kimi götürmüş Ermənistan Vahid Milli Partiyasının varisidir.

Ermənistan Respublikaçılar Partiyasının gerbi isə faşist Almaniyasının svastikası əsasında hazırlanıb. Sarkisyanın partiyasının gerbinin faşist simvolikasını əks etdirməsini gerbin fotosuna baxan hər kəs açıq şəkildə görür. Ümumiyyətlə,   Ermənistanda faşizmin təbliğinin son illər daha da artdığı müşahdə olunmaqdadır. Ermənistanın hitlerçiləri, faşistləri qəhrəmanlaşdırması çox zərərli tendensiyadır. Dünya birliyi bu cür hallara göz yummamalıdır, çünki dövlət səviyyəsində terroru, faşizmi  dəstəkləyən Ermənistan təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün real təhlükə yaradır.

PƏRVANƏ

 





16.10.2019    çap et  çap et