525.Az

Tanıyaq və tanıdaq: Məhəmməd Rza Ləvayi


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Məhəmməd Rza Ləvayi </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
 
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad,
Filologiya elmləri doktoru

Məhəmməd RZA LƏVAYİ

1970-ci ildə dünyaya göz açıb. Əslən Qaradağ mahalının Xoca şəhərindəndir. Təbriz Universitetində türk ədəbiyyatından dərs deyib. Bir müddət Bakıda yaşayıb. "Alma" qəzetində çalışıb. Sonradan ABŞ-a mühacirət edib. Şairin indiyədək 10-a yaxın kitabı işıq üzü görüb. Müxtəlif qəzet, dərgi və internet portallarında yayımlanan şeirləri ona oxucular arasında böyük şöhrət qazandırıb. 

Hanı sənə vurulduğum dəhşət?..
Bir gün məni öldürər bu sevda
Gözlərim ovuclarına sıxılar bir gün
Çaxaram xatirələr astanasında
Geri dön sevgilim, geri dön
Gündüzlərim gündəliklərlə bükülür
Bu nə haldır heeey?
O qədər ayığam, yuxum tökülür!
Hanı həmən bu dilimlə vulkanları
üfüqlərə qandırdığım günlər,
hanı həmən bu dilimlə
xalqa ürək yandırdığım günlər,
hanı sənə vurulduğum dəhşət?
Bir gün məni öldürər bu sevda
Yanaqların cəhənnəm caydırır üstümə
Baxışların göyü leş salır ayaqlarıma
Bəli düşünürəm
Yoxsulluq sevgiyə günüdür
Bəli düşünürəm
Yavan tikənin əvvəli sevdanın sonudur
Yox, heç də qayıtma
Sənin də haqqın var
İldırımda, yağmurda
Sənin də haqqın var,
Həyat adlı yalanlarda
Mənə yetər bu suçlar
Azərbaycan adlı bomba ilə oynamağım
Qələmlə yaratdığım sevinclər, kədərlər
Ayrılıq mahnısı ilə ulaşmağım
Və iştə,
Üzüm ağacıtək özümə dolaşmağım
Bir gün məni öldürər bu sevda. 

Sadə yaşamım var, sevgilim...
Sadə yaşamım var, sevgilim
Hər səhər açaram torpağı,
Çörəyi,
Suyu.
Hər axşam türkün Xəzər dəsmalı ilə
Silərəm əl-üzümü
Sonra üzündəki xal
Gecə qədər böyüyüb məni
Basdırar özündə
Xalında uzanıb yataram!..
Sadə yaşamım var, sevgilim
Və kasıb gözəlliyim
Dilənçilərin əlinə nar qoyaram qəlbimi,
Dostlarımın beyninə ceyran əkərəm,
Quş çiləyərəm.
Düşmənim kölgəmdə
İnək otarar
Heç şeyə toxunmaram
Sevgililərin öpüşüdür bu qızılgül
Anaların sinəsidir bu baxça
Ataların öyüdüdür bu torpaq
Tutalım qurd balasıyam lap
Ağzımdan durna uçar, dovşan sıçrayar
Ağac çox uca arzudur
Bir yarpağın qucağındada keçinə bilərəm
Sadə yaşamım var sevgilim...
Aramızda mən boyda sərhəd
Təbəssümün Allahımdır, oğlum
Və göz yaşların Cəbrayıl tökür ovcuma
Bu peyğəmbərlərin vəhy səhrasına
Həzin-həzin ağlarsan hər gecə yorğan altda
Hardasa yağmur utanıb yerə girər!
"Tom and cery" silinər televiziyadan
Hər gecə Əhməd Kayanın mahnılarını
Bağrına basıb yatarsan
Və hər səhər fars kanalları dişləyər yuxularını
Gündə min dəfə ata məni atıb tutarsan
Aramızda mən boyda sərhəd varmış oğlum, bağışla
Nə sən bu sərhəddi keçə bildin, nə mən
Səni bayraq yondum Təbrizə bir axşam
Qaldır türk bayrağını, qaldır
Təbəssümünü yay şəhərə
Təbəssümünə tutular düşmən yandırarsan
Və dostlar təbəssümünü içib keflənərlər
Təbəssümün Allahımdır oğlum
Təbəssümün
Bıçaq yarasıdır üzümdə,
Ya türmədə yediyim şallaqdır...
Təbəssümün sökər şeirimi, sökər...
Aç sərhədlərini ay Təbrizli təbəssüm!
Çək qucağına Bakını,
Ya da İstanbula əmr et, məni...
Onsuz da dünya məhkəmədir
Və təbəssümün sonuncu müdafiəm!
Bu qovğa nədir?
Təbəssümünü şəhid gətirirlər şəhərə
Rahat yat ay qəhrəman təbəssüm...

Səs

Bir səhər asacaqlar səsimi
Mahnılar qan olacaq
Sonra yoldan keçən biri
Səsimi dardan alıb aparacaq evə,
sonra səsimi bağçada əkəcək
Sonralar bütün ağaclardan
məni dinləyəcəksən, gözəlim.
Sən sevgililər gününü gözlədən
Mən günlərin sevgisini...
Gör nə günə qalıb sevgi!
Məndən gizlədiyin üz
Yalnızlığımı deşən aydır!

Yalnızlıq...
Nifrət yırtır ağzını
Şeytan köynəyinə calanıb
Və bir az da tülkü saqqalına.
Bələnibsən
Zülmət çəkir gözlərin bilirəm
Yalnız ölüm sənə dözər!..
Turbalarda axan məqsəd su deyil,
Sancıdır!
Mətbəxin insan dadındandır
Barmaqlarını yırtacağam bir gecə
Sonra dodaqlarını tikəcəyəm öpüşlərimə
Ola bilər saçlarında quş tutdurum?!
Burax məni, burax
Üsyanımda ürək qalmayıb
Sənin dərdini çəkmək,
Ən böyük rəssamlıqdır demək!
Və mən yoxam,
Ay mənim yalnızlığım.

 





18.10.2019    çap et  çap et