525.Az

Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimatı olub


 

Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimatı olub<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq türk dövlətləri arasındakı dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. Akademik bunun ən gözəl nümunələrindən biri kimi Bakıda keçirilən Türk Sammitini misal çəkib. Vurğulayıb ki, Azərbaycan türk dünyasına inteqrasiya baxımından çox böyük töhfələr verib: "Müstəqil Azərbaycan türk dünyasının ən aparıcı dövlətlərindən biridir və türk dünyası ölkələri ilə bir yerdədir. Bu, ulu öndərimiz Heydər Əliyevin açdığı böyük strateji yol olub. İndi isə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəklədiyi və  uğrunda mübarizə apardığı böyük yoldur. Artıq türk dövlətlərinin iqtisadi, mədəni, elmi, ədəbi birliyi bu ölkələrin hər birinin inkişafına özünün sanballı töhfələrini verir".

Akademik İsa Həbibbəyli əlavə edib ki, bu gün keçirilən kitab təqdimatı dünən başa çatan türk dövlətlərinin zirvə tədbirinin işığında elm adamlarının atdığı addım, türk dövlətlərinin apardığı ortaq siyasətin bir nümunəsidir: "Bu gün biz Beynəlxalq Türk Akademiyasının çap etdiyi Azərbaycana aid kitabların təqdimatını keçiririk. Beynəlxalq Türk Akademiyası gənc qurumdur. 2008-ci ildən rəsmi olaraq fəaliyyətə başlayıb. Mən dəfələrlə onun Astanadakı iqamətgahında olmuşam. Onların çap etdirdiyi kitablardan böyük bir kitabxana yaratmaq olar. Bu işlərinə görə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə minnətdarlıq bildirib, uğurlar arzulayırıq".

Sonra Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Kesikbayev də çıxışı zamanı görülmüş işlərin türk birliyinə xidmətin tərkib hissəsi olduğunu qeyd edib. O da Bakıda keçirilən Türk Sammitində türk dövlətlərinin başqanlarının çox önəmli tarixi qərarlar verdiklərini bildirib. Həm Azərbaycanın, mən də AMEA-nın türk dünyasında öz yeri və rolu olduğunu vurğulayıb, təqdimatı keçirilən beş kitab haqqında fikirlərini bölüşüb.

İlk məruzəçi tarix elmləri doktoru Eynulla Mədətli "Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Elinə yol açan" kitabı haqqında ətraflı məlumat verib. Səkkiz fəsildən ibarət olan kitabın hər bir fəslinə məruzədə geniş yer ayrılıb. Bildirilib ki, 2018-ci ildə çap olunan bu kitabın ön sözünü türk dünyasının ağsaqqalı Nursultan Nazarbayev yazıb: "Kitabda Azərbaycan ərazisində indiyə qədər mövcud olmuş bütün dövlətlərin xarakteristikası verilir. Azərbaycan bütöv halda götürülür - şimallı və cənublu. Rus-İran müharibəsindən sonra Azərbaycanın necə bölündüyü bu fəsildə öz əksini tapmışdır. Hətta Azərbaycan Xalq Cümhuriyyəti və sovet işğalı, Dağlıq Qarabağ Vilayəti və onun ermənilər tərəfindən işğalından bəhs edilir".

Alimlərdən Fəridə Əzizova "Mən Cahana sığmazam" - Nəsiminin şeirlər kitabı", Əlizadə Əsgərli "Azərbaycan ədəbiyyatı antologiyası", Almaz Ülvi "Mağcan Jumabayevin şeirləri" adlı məruzələrlə çıxış ediblər.

MDB-nin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

MDB-nin iştirakçısı olan dövlətlərin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına bir illik müddətinə sədrliyi Azərbaycan tərəfi (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) həyata keçirəcək. Bu müddətdə Azərbaycan MDB məkanında əmək, məşğulluq, sosial müdafiə sahəsində fəal təcrübə və məlumat mübadilələrinə əsaslanan qarşılıqlı faydalı əlaqələrinin güclənməsinə öz töhfəsini verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, MDB ölkələri üçün məşğulluq, əmək və sosial müdafiə sahəsində müasir texnologiyaların tətbiqi şəraitində idarəçiliyin optimal və səmərəli nəticələrə yönəlik mexanizmlərinin formalaşdırılması, əhaliyə xidmətlərin elektron infrastruktur əsasında, innovativ yanaşmalar üzərində şəffaf və operativ təşkili, məşğulluq xidmətlərinin səmərəliliyinin və əhatəliliyinin artırılması və aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet istiqamətlərdir. Eyni zamanda, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin təkmilləşdirilməsi, inklüziv əmək bazarının inkişaf etdirilməsi, həssas qrupların, o cümlədən, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin kiçik biznesə çıxışının dəstəklənməsi yolu ilə onların rifah halının yaxşılaşdırılması aktuallıq kəsb edən fəaliyyət sahələrindəndir. Bununla bərabər, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək bazarına nəzarət və bu sahədə tənzimləmə sahəsində effektiv mexanizmlərin hazırlanması və tətbiqi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, əməyin mühafizəsi və s. də hazırda MDB ölkələrinin sosial gündəliyində yer tutan vacib məsələlərdir.

Bütün bu istiqamətlərdə fəal təcrübə və məlumat mübadilələri şəraitində MDB dövlətlərinin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün Azərbaycan tərəfi əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına bir illik sədrliyi çərçivəsində ardıcıl və məqsədyönlü işlərin aparılmasını təmin edəcək.

S.QARAYEVA

 





18.10.2019    çap et  çap et