525.Az

"Çap məhsulları üzərindən ƏDV-nin qaldırılması dövlət büdcəsinə ziyan verməz"


 

ELÇİN MİRZƏBƏYLİ: "BU, QƏZET VƏ KITAB SATIŞINA MÜSBƏT TƏSİR GÖSTƏRƏ BİLƏR Kİ, SON NƏTİCƏDƏ YENƏ DƏ VERGİSİ DÖVLƏTƏ ÖDƏNİLƏCƏK"

"Çap məhsulları üzərindən ƏDV-nin qaldırılması dövlət büdcəsinə ziyan verməz"<b style="color:red"></b>

Azərbaycanda çap məhsullarına əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsi yazılı mətbuatın durumuna mənfi təsir göstərməkdədir. Bu gün yazılı mətbuatının bir sıra ciddi problemlərinin olması məlumdur. Çap məhsullarına ƏDV-nin tətbiqi isə qəzetlər üçün əlavə problemlər yaradır.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə görə, çap məhsulları ƏDV-dən azad olunsa da, Dövlət Gömrük Komitəsinin rəhbərliyi Nazirlər Kabinetinin 2015-ci ildən ləğv edilən 11 saylı qərarını əsas götürür. Halbuki qanunun 164.1-ci maddəsində ƏDV-dən azad edilən məhsulların siyahısında kütləvi informasiya vasitələri məhsullarının bütün növləri üzrə dövriyyələr, KİV istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti də var.

Qeyd edək ki, bu məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyi Vergi Məcəlləsinin 164.1.7-ci maddəsini tamam fərqli formada şərh edir. Beləliklə də, 2016-cı ildən ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızına əlavə dəyər vergisi tətbiq edilir.

Ekspertlər hesab edirlər ki, çap məhsulları üzərindən ƏDV-nin qaldırılması dövlət büdcəsinə heç bir zərər gətirməyəcək, əksinə mətbuatın inkişafına yol açacaq.

Mövzu ilə bağlı fikirlərini bildirən "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "525"ə deyib ki, ƏDV-nin tətbiqi çap xərclərini kifayət qədər artırır və bu da son nəticədə onsuz da məhdud imkanlarla fəaliyyət göstərən qəzetlərin büdcəsinə ciddi təsir göstərir.

Onun sözlərinə görə, bu gün qəzetlərin yayımı ilə bağlı çoxsaylı problemlərin olduğu kimsəyə sirr deyil: "Hər zanan olduğu kimi mental xüsusiyyətlərimizdən qaynaqlanan oxucu problemi var. Reklam bazarı liberallaşmayıb və ölkənin iqtisadi potensialı ilə müqayisədə olduqca məhduddur. İş adamlarımızın böyük əksəriyyəti milli medianın inkişafına töhfə vermək istəmirlər. Onlar üçün gurultulu və cəmiyyətə uğur qazanmaq üçün hər şeyin məqbul olduğu mesajını verən şoularda adlarının hallanması daha önəmlidir".

Baş redaktor hesab edir ki, çap məhsullarına tətbiq edilən ƏDV aradan qaldırılarsa, bu, təbii ki, yazılı mətbuatın inkişafına müsbət təsir göstərəcək: "Xərclərin azalması redaksiya heyətinin genişlənməsinə, maddi-texniki bazanın gücləndirilməsinə, yeni layihələrin icrasına birbaşa təsir göstərən amildir".

İndiyə qədər ƏDV-nin ləğvi ilə bağlı Mətbuat Şurası, digər media qurumlarının apardığı müzakirələrin nəticəsinin olmadığına gəlincə, E.Mirzəbəyli deyib ki, nəticənin nə üçün olmadığının səbəbini bilmirəm: "Əslində, çap məhsulları ölkə iqtisadiyyatında olduqca cüzi bir yerə malikdir və bu məhsullar üzərindən ƏDV-nin qaldırılması dövlət büdcəsinə ziyan verməyəcək. Əksinə, bu, qəzet və kitab satışına müsbət təsir göstərə bilər ki, son nəticədə yenə də vergisi dövlətə ödəniləcək. Hansısa əlavə addımın atılmasına gəlincə, bu barədə düşünmürəm. Çünki atılası bütün addımlar atılıb, deyiləsi bütün sözlər də deyilib".

PƏRVANƏ

 





18.10.2019    çap et  çap et