525.Az

Türkiyə səfiri jurnalistlərə "Sülh çeşməsi" əməliyyatından danışdı


 

Türkiyə səfiri jurnalistlərə "Sülh çeşməsi" əməliyyatından danışdı<b style="color:red"></b>

Türkiyənin Azərbaycandakı səfirliyində bir qrup KİV rəhbəri və jurnalistlərlə görüş keçirilib.

Görüşdə əsas məqsəd media nümayəndələrinə Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Fərat çayının şərqində həyata keçirdiyi "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatı haqqında məlumat vermək və səfirliyə təyin edilmiş yeni mətbuat müşaviri ilə tanışlıq idi. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral əvvəlcə jurnalistləri salamlayaraq, Bakıda bir neçə gün əvvəl keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammitinin böyük uğurla keçdiyini deyib. Diplomat vurğulayıb ki, iclasda çox önəmli nəticələr oldu, bu da türk dünyasının birliyini bir daha nümayiş etdirdi.

"Sülh çeşməsi" əməliyyatından söz açan E.Özoral deyib ki, bu əməliyyat nəticəsində 1500 kvadrat kilometrədək ərazi terror ünsürlərindən təmizlənib. ABŞ-la razılaşma nəticəsində əməliyyatlara 5 gün ara verilib və terrorçuların nəzərdə tutulan bölgədən çəkilməsini gözləyirik: "Biz istəyirik ki, kimsənin canına zərər dəymədən, kimsənin burnu belə qanamadan təhlükəsizlik bölgəsi yaradılsın".

Onun sözlərinə görə, Türkiyə bu günə qədər Suriyadakı vətəndaş müharibəsindən qaçaraq ölkəyə üz tutan qaçqınlar üçün 40 milyard dollar sərf edib: "Suriyadakı müharibələrdən qaçanlara ən çox qucaq açan ölkə məhz Türkiyə olub. Hazırda Türkiyədə  Suriyadakı vətəndaş müharibəsindən qaçan 3 milyon 650 mindən çox suriyalı var. Biz onlara öz qardaşlığımızı göstəririk. Bu günə qədər Türkiyə qucaq açdığı həmin şəxslər üçün 40 milyard dollar xərcləyib. Bizə yalnız Avropa İttifaqı dəstək verib. Bu təşkilat isə söz verdiyi 6 milyard dollardan yalnız 3 milyardını bizə verib".

Səfir vurğulayıb ki, Türkiyə terrorla mübarizə məsələsində heç bir ölkədən yardım almayıb: "Əksinə, bəzi ölkələr mübarizə apardığımız terror təşkilatlarına hərbi silah-sursatların çatdırılması üçün yardım göstərib. Biz Türkiyə olaraq Suriyada sülhün bərpa olunmasını istəyirik. Biz Suriyanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik".

Səfir bildirib ki, "Zeytun budağı" və "Fərat qalxanı" hərəkatı nəticəsində 4 min kvadratkilometr ərazi terrorçulardan təmizlənib və bu gün də eyniməramlı əməliyyatlar aparılır: "Suriyanın şimalında terror dövlətinin qurulması nəzərdə tutulur. Bu isə həm Suriyanın ərazi bütövlüyünü hədəf alıb, həm də Türkiyənin ərazi bütövlüyünə ciddi təhlükə yaradıb. Türkiyə bütün bu xain planların icrasına imkan verməyəcək".

E.Özoral Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da toxunub. O deyib ki, Dağlıq Qarabağ Azərbaycan üçün nədirsə, bizim üçün də odur. Azərbaycan Qarabağ probleminin nə qədər həllini istəyirsə, biz də qardaşımız qədər istəyirik. Diplomat bildirib ki, rəsmi Ankara yalnız Rusiya ilə deyil, bütün görüşlərində bu problemi gündəmə gətirir: "ATƏT-in Minsk qrupu başda olmaqla əlaqədar dövlətlərlə bu problemi müzakirə edirik. Prezident Ərdoğan BMT Baş Assambleyasının Nyu-York sammitində Qarabağ məsələsini qaldırdı. Biz Qarabağ münaqişəsini Azərbaycandan sonra ən yüksək səslə dilə gətirən ikinci ölkəyik. Bundan sonra da üzərimizə düşən nə varsa, etməyə hazırıq".

Görüşdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu qardaş Türkiyədəki hadisələrin Azərbaycanda da, ölkə mediasında da yaxından izlənildiyini, Azərbaycanın hər zaman, bütün məsələlərdə Türkiyənin yanında olduğunu vurğulayıblar.

Daha sonra Türkiyənin ölkəmizdəki səfirliyinə yeni təyin edilmiş mətbuat müşaviri Hüseyn Altınalan jurnalistlərə təqdim edilib. Müşavir bildirib ki, Azərbaycanda fəaliyyətə başlamaqdan çox şaddır: "Azərbaycanda olduğum müddətdə media ilə sıx təmaslar quracağıq. Mən 25 ildən artıq jurnalist işləmişəm. Hətta son vaxtlaradək “Anadolu” agentliyinin İstanbul bürosunun rəhbəri vəzifəsində çalışmışam. Ona görə də, jurnalistlərlə daha sıx əməkdaşlıq edə biləcəyimə inanıram".

PƏRVANƏ

 

 





23.10.2019    çap et  çap et