525.Az

Var olmaq üçün düşünək - I yazı


 

Var olmaq üçün düşünək - <b style="color:red">I yazı</b>

Cogito, ergo sum - Düşünürəmsə, deməli, varam.

Rene Dekart 

Son vaxtlar tələbələrlə tez-tez görüşmək qismət olur. Gənclərin düşüncə tərzini, özünüifadə qabiliyyətini müşahidə eləmək mənə çox şey öyrədir. Bir tərəfdən gəncliyi Sovet dönəmində keçən valideynlərimin, digər tərəfdən keçid dövrünün bütün ziddiyyətlərini yaşayan özümün və nəhayət, müstəqil Azərbaycanın bütün imkanlarından yararlana bilən bugünkü tələbələrin düşüncələri arasında müqayisə apardım. Əslində, məqsədim düşüncələr arasında paralel aparmaq deyil, yaşanan problemlərə göstərilən münasibətləri təhlil etmək idi. Məncə, məhz problemin həlli yollarını düzgün istiqamətdə axtarmaq, yaranmış "tıxacdan" çıxıb inkişafa davam etmək bacarığı düşünməyin, deməli, var olmağın bir göstəricisidir. Gəldiyim nəticələr çox maraqlı oldu.   

Təfəkkürün iki qatı 

Azərbaycan 70 il ərzində Sovet İttifaqı tərkibində olanda bəlli bir ideologiya çərçivəsində yaşayıb inkişaf edirdi. Rəsmi araşdırmalar, əsərlər bu təfəkkürün inikası, eyni zamanda, gələcək nəslin formalaşması üçün bələdçi olurdu. Klassik irs, orta əsr filosofları da bu standarta uyğun tədqiq edilir, qayçılanıb "yamana bilirdi". Bu, düşüncələrin görünən, qəbul edilən üst qatı idi və həqiqətən dərin bir təfəkkür, geniş dünyagörüşü tələb edirdi: inanmaq və inandırmaq üçün. Bununla paralel olaraq, düşüncənin alt qatında da gizli bir proses gedirdi - şairlərin, yazıçıların yaradıcılığında, folklorda, milli musiqidə, xalq oyunları, bayramlarda, mərasimlərdə milli dəyərlər, milli ruh yaşayır və buna səbəb millətin identikliyi qorunurdu. Burada üst qata xidmət edən əsərlərlə yanaşı, bütün təqiblərə baxmayaraq, sətiraltı olaraq millətin tarixini və varlığını qoruyan fikirlər də səsləndirilirdi, fəaliyyət də göstərilirdi. Məsələn, XX əsrin yetmişinci illərində ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin Azərbaycanda yubileyi qeyd ediləndə məhz hər iki təfəkkür aktivləşmişdi. Bir tərəfdən, şairin insanı tərənnüm edən yaradıcılığı, üsyankar şəxsiyyəti Sovet ideologiyasına uyğun araşdırılır, təqdirəlayiq işlər görülürdü. Digər tərəfdən, əsrlər boyu az qala unudulmaqda olan bir dahi azərbaycanlı şair təkrar xalqa ən yüksək səviyyədə təqdim edilir və bununla xalqın tarixi, ədəbi irsi zənginləşdirilir, milli ruh daha da sabitləşirdi. Belə hallarda, bir növ üst qabıq saf nüvənin qorunmasına xidmət edirdi. Yeri gəlmişkən, onu da mütləq qeyd etmək lazımdır ki, təfəkkürün hər iki qatının aktiv olması Sovet İmperiyasının tərkibində olan hər xalqa qismət olmayıb.

Müvafiq olaraq üst qatda yaranan hər hansı problem, fikir dolaşıqlığı hakim partiya tərəfindən təyin edilmiş standart üsullarla həll olunurdu - komsomol, partiya, həmkarlar iclasları vasitəsilə, töhmətlər və tərifnamələrlə. Alt qatda gedən proseslər də bəlli, illərin sınağından keçmiş ənənəvi yollarla həll olunurdu - ağsaqqal-qarasaqqal məsləhəti, adət-ənənə. Əhəmiyyətli bir məqamdır ki, üst qatdan fərqli olaraq alt qatın qanunları yazılmasa da, elə o qədər ciddiyyətlə riayət olunurdu. Başqa sözlə desək, hər iki təfəkkür qatında bir fikir iyerarxiyası vardı və hər kəs özündən üst fikrə hörmət və itaət göstərirdi - məcbur, ya könüllü.

Postsovet dövrü bir çox yeni şey gətirməklə yanaşı, həm də standart ideoloji çərçivələri dağıtdı. Dövlət sərhədləri ilə bərabər, düşüncələrdəki məhdudiyyətlər də ortadan götürüldü. Nəticədə yalnız içdən çölə deyil, həm də çöldən içəri gedən axınlara şərait yarandı. Nəzərə alsaq ki, Sovet İttifaqının sərhədlərindən kənarda gedən proseslər daha zəngin, daha rəngarəng idi, ikinci istiqamətdə gedən axın daha sürətli və daha güclü oldu. Nəticədə müasir azərbaycanlı (bütün postsovet ölkələrində olduğu kimi) böyük bir ideyalar xaosunun ortasına düşdü. Beləliklə, tək məhdud ideologiya çoxsaylı naməlum cərəyanlarla əvəz olundu. Onların ən böyük üstünlüyü azad - Qərb təfəkkürünün məhsulu olub hər kəsə də azad düşünmə imkanı verməsi idi. İlk zamanlar bunun nə dərəcədə həqiqətə uyğun olub-olmaması heç kimdə şübhə yaratmırdı. Proses bununla kifayətlənmədi. Gələn yeni ideyalar seli adət-ənənə, milli mentaliteti də köhnəliyin qalığı kimi silib süpürməyə başladı. Başqa sözlə desək, təfəkkürlərin yalnız üst qatı deyil, alt qatı - milli təfəkkür də hücuma, hətta dağıntıya məruz qaldı. Nəticədə ümumi axınla gələn populyar ideyalar gənclər üçün etibarlı "bələdçiyə" çevrildilər və onları ... pərən-pərən saldılar. Bu səbəbdən gənclərin hər hansı dini sektalara üzv olması, terror qruplaşmalara qoşulması, ailələrin qurulmasının və dağılmasının az qala oyuna çevrilməsi, milli dəyərlərinin dəyərsizləşməsi, milli ruha yad olan keyfiyyətlərin məcburi şəkildə cəmiyyətə "peyvənd" edilməsi "müasirlik", "azad düşüncə" kimi qəbul edilməyə başladı. Qəribədir ki, insanlar, xüsusilə gənclər sanki öz düşüncələrini xarici ideyalara "kirayə verirdilər". Bütün bunlar insanları mahiyyətini anlaya bilmədikləri yeni problemlərlə üz-üzə qoyurdu. Vəziyyətin ən dramatik tərəfi onda idi ki, insanlar problemin özünü yaşasalar da, onun əsl mahiyyətini görə bilmirdilər və bu, onun həllini ya mümkünsüz edirdi, ya da yanlış yol tutulurdu. Məsələn, ali məktəb bitirmiş gənclər iş yeri tapmırdılar. Məhz yeni şəraitə uyğun ixtisaslar yaratmaq yerinə ali təhsilə hörmət itdi, biznesin "çəkisi artdı". Nəticədə ali təhsili formal addım kimi təsdiq edən yalançı diplomlar "istehsalçısı" olan universitetlər, kolleclər yarandı və ali təhsil biznesə çevrildi.

Təfəkkürlərin belə bir xaos halında, belə bir məsuliyyətli məqamda fəlsəfənin, yəni gənclərə düşünməyi, problemlərinin həllini məntiqli şəkildə axtarmağı öyrətməli olan, onlara həqiqətin yolunu göstərməli olan fənnin tədrisində böyük yanlışlığa yol verildi. Əvvəlcə, ilk addım kimi, marksizm-leninizm düşmən ideologiya kimi qəti şəkildə inkar edildi. Ancaq incə bir məqam nəzərdən qaçırıldı: dərsliklərdən onlar yalnız termin kimi çıxarıldı, yaxud bu termin gündəmə uyğun bir sözlə əvəz edildi. Bir daha xüsusilə vurğulayım, silinən yalnız termin oldu! Mətnlər, üsullar, münasibətlər isə dəyişməz qaldı. Burada əhəmiyyətli bir məqam unuduldu: yolu, baxışı bütün dünyaya açılmış Azərbaycan gəncinə yenə də bəlli çərçivədə yazılmış dərslikdən fəlsəfə öyrətməyə davam etdilər! Nə qədər ağır olsa da, etiraf etməliyik ki, gənclər tədris olunan bu fəlsəfəyə sadəcə gülürdülər, qiymət xətrinə nə isə əzbərləyirdilər. Düzdür, ayrı-ayrı müəlliflər çox dəyərli fəlsəfi əsərlər yazırdılar, ancaq onlar dərslik deyildi və çox vaxt tələbələrə çatmadan kölgədə qalırdı. Bu səbəbdən, Qərbdən gələn güclü axının təsiri ilə ikinci addımı gənclər özləri atdılar - böyük sevgiylə, təşnəylə Qərb fəlsəfəsini və filosofları öyrənməyə başladılar. Niyə məhz Qərb? Çünki aparılan təbliğatlarda demokratiyanın, azadlığın oradan gəldiyi vurğulanırdı. Birinci addımdan sonra bu, qaranlıqda ani parıltı effekti yaratdı. Düşünməyə meylli gənclər, təbii ki, məhdud çərçivədən çıxmaq üçün o parıltıya yönəldilər. Burada müsbət nəticələrlə yanaşı, işıqdan gözləri qamaşanların büdrəmələri də oldu: Qərbdə artıq yaranmış, bəzən hətta uğursuzluqla bitmiş cərəyanlar Azərbaycanda Qərb təfəkkürünün uğuru kimi təbliğ edilməyə başladı. Düşüncənin alt və üst qatları qarışdı, bir-birinə zidd hala gətirildi. Nəticədə çox təhlükəli, gücünü hələ də itirməyən haqsız bir rəy formalaşdı: Azərbaycanda fəlsəfə yoxdur! Nə olubsa, keçmişdə qalıb... Yenə Dekarta istinad etsək, belə çıxırdı ki, var olmaq üçün keçmiş fəlsəfə üzərində təkrar-təkrar düşünməliydik. Müasirlik üçün isə Qərb düşüncəsi var...

Respublikada vəziyyət tədricən sabitləşdikcə, düşüncələrdə durulma halı baş verdikcə problemlər də daha aydın görülməyə başladı. Ən vacibi isə düşüncələrin alt qatı gizlilikdən üzə çıxarıldı, daha dəqiq desək, özünü bərpa etdi. Milli ruh, milli dəyərlər və onların hikməti açıq təbliğ edilməyə başladı. Bu, bir tərəfdən, böyük bir düşüncə potensialının üzə çıxması, digər tərəfdən isə xaricdən gələn ideya axınını saf-çürük etmək qabiliyyətinin formalaşması demək idi. Bu, sadə bir addım deyildi. Xatırladım ki, yaradıcılığının erkən vaxtlarında alman filosofu Nitsşe dahi alman bəstəkarı Vaqnerdən ilhamlanaraq belə hesab edirdi ki, miflər və əfsanələr millətin ruhunu ehtiva edir və ondan doğulan möhtəşəm alman musiqisi - "Baxdan Bethovenə, Bethovendən Vaqnerə gedən günəş qaçışı" elə həmin millətin ruhunu oyadacaq bir qüvvədir. Başqa sözlə desək, filosof milli ruhun oyanması, inkişaf etməsi üçün xalq yaradıcılığının rolunu böyük qiymətləndirirdi. Deməli, təfəkkürün alt qatının özünü bərpası və yüksək səviyyədə təbliğ edilməsi həmin millətin düşünmə qabiliyyətini formalaşdıra biləcək ən güclü vasitədir. Yəni baza, təməl sağlam və sabit olarsa, onun üzərində qurulacaq tikili də uzunömürlü və möhtəşəm olar.    

Fəlsəfə bizə necə lazımdır? 

Hazırda Azərbaycanda hər hansı konkret fəlsəfi cərəyanın varlığı haqqında danışmaq çox çətindir. Ali məktəblərdə fəlsəfə ümumi şəkildə, seçmə fənn kimi tədris edilir və təbii ki, Azərbaycan fəlsəfəsi çox dar çərçivədə tədris edilir. Əslində, bunu tədris yox, informasiya verilməsi adlandırsaq, daha dəqiq olar. Düzdür, müstəqil şəkildə tədqiqat institutlarında, yaxud fərdi qaydada fenomenologiya, hermenevtika, ekzistensializm, etika, tarixin fəlsəfəsi, yaxud buddizm, təsəvvüf, hətta marksizm də yenidən öyrənilir, dinşünaslığa meyl sürətlə artır, əsərlər tərcümə edilir, təhlillər verilir, yeni fəlsəfə dərslikləri yazılır, ancaq Azərbaycanda hər hansı bir fəlsəfi cərəyan əsaslı şəkildə kök salmayıb və fəlsəfi məktəb yoxdur. Yəni gənclərin təfəkkürü fəlsəfi mənada müəyyən çərçivəyə salınmır və istiqamətləndirilmir. Sovet dövrünün acı təcrübəsini bilənlər bunu müsbət qarşılaya bilər. Lakin bu da danılmaz faktdır ki, fəlsəfi məktəb təfəkkürün müəyyən istiqamətdə davamlı inkişaf etməsinin təminatıdır. Düşünmək istəyən şəxsin bələdçiyə, məktəbə mütləq ehtiyacı var. Eyni zamanda, müəyyən fəlsəfi ideyanın oturuşması, fəlsəfi ənənənin formalaşması üçün məktəb yaranmalı, davamçılar yetişməlidir. Keçmiş, indi və gələcək arasında ideya körpüsü qurulmalıdır. Təsadüfi deyil ki, məhz bu axtarışda olan gənclər bu gün "ciddi fəlsəfi təhsil" almaq, hansı isə məktəbə "aid olmaq" üçün xarici ölkəyə üz tutmağa üstünlük verirlər. Deməli, Azərbaycanda təfəkkürün üst qatı hələ də pərakəndə haldadır və bu hal gəncləri həssaslaşdırır, saf nüvəni də qorumasız qoyur və bununla onlarda öz millətinə qarşı inamsızlıq yaradır. 

Düzdür, təfəkkürün alt qatı, daha dəqiq desək, təməli sürətlə sabitləşməkdə və özünü təsdiq etməkdədir. İşin müsbət tərəfi ondadır ki, milli ruhun və milli dəyərlərin qorunması, təbliği  məhz dövlətin prioritet istiqaməti kimi qəbul edilməklə bu axının daha da dərinləşməsinə və genişlənməsinə şərait yaradır. Onu da mütləq vurğulayaq ki, bu iş yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə aparılır. Bununla Azərbaycanın böyük bir hikmət xəzinəsinə malik olduğu nümayiş etdirilir və tarixən dünya fəlsəfəsinə orijinal fəlsəfələr bəxş edən bir xalqın bu gün də var olduğunu təsdiq edir. Bəli, bir xalqın düşünmək qabiliyyəti varsa, deməli, var və olacaq! Belə nəticə çıxartmaq olar ki, təməl sabitləşib aydınlaşdıqca, üst qata olan tələb daha da dəqiqləşir, hətta sərtləşir. Başqa sözlə desək, möhkəm postament özünə müvafiq bir abidə istəyir. Buna isə xarici fəlsəfi məktəblərin davamçısı kimi yetişməklə nail olmaq mümkün deyil.

Dediklərimizin fonunda müasir azərbaycanlının portretinə bir daha baxaq: artıq bəlli çərçivə arasında düşünməyən, istəsə də dünyada gedən proseslərdən kənarda qala bilməyən, sabit, çoxəsrlik bir təmələ sahib olsa da, təəssüf ki, çox vaxt onu fəlsəfə kimi qəbul etməyən bir insan. Təbii ki, onun problemləri də artıq bəlli çərçivə arasında yaranan və elə həmin miqyasda da həll oluna bilən problem deyil. Əslində, bütün dünyada insanların problemləri qalxan xətt boyunca inkişaf edir. Belə olan halda, məntiqli olaraq bu problemlərin həlli də düşünülür. Fəlsəfə də bunu düşünür və təklif edir ki, məsələyə elə bir yanaşma olmalı, problem elə həll edilməlidir ki, çərçivəsiz bir məkanda bütün xarici təsirlərin, axınların mərkəzində dursa da, insan öz sabit kökü üzərində durduğuna, öz potensialına inansın. Başqa sözlə desək, fəlsəfə yenə də inanmalı və inandırmalıdır. Bunun üçün isə ilk növbədə düşünməyi, mövcud vəziyyətin mahiyyətini dərk etmək lazımdır.

Təqdim etdiyimiz məqalə əslində, bir girişdir. Biz müasir Azərbaycanda fəlsəfəni, daha dəqiq desək, gənclərin düşünmə qabiliyyətini və imkanlarını aydınlaşdırmaq üçün mövcud mənzərəni qısa şəkildə təhlil etməyə çalışdıq. Təbii ki, yalnız bir neçə açar məqama toxuna bildik. Əslində, qoyulan məsələlərdən hər biri daha dərin araşdırma tələb edir. Buna da növbəti yazımızda toxunarıq.

 





24.10.2019    çap et  çap et