525.Az

Banklar kredit yarmarkaları təşkil edəcək


 

Banklar kredit yarmarkaları təşkil edəcək<b style="color:red"></b>

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının, həmçinin ölkədə fəaliyyət göstərən istehlak yönümlü bankların iştirakı ilə iclas təşkil olunub, fəaliyyət istiqamətləri müzakirə edilib.

"APA-Economics"in MBNP-yə istinadən verdiyi məlumata görə, iclasda çıxış edən Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ötən dövrlərlə müqayisədə bank sektoru üzrə göstəricilərin yaxşılaşmasının müsbət hal olduğunu bildirib.

Buna baxmayaraq, dövlət başçısının müşavirədə səsləndirdiyi haqlı iradına əsasən İ. Alışov istehlak kreditlərinin biznes kreditləri ilə müqayisədə daha çox artdığını, bu faktorun ölkə rəhbərinin də vurğuladığı kimi, bank sektorunda yaxın keçmişdə baş vermiş böhranın əsas səbəblərindən biri olduğunu, bankların real sektordan daha çox istehlak kreditlərinin verilməsinə maraq göstərdiklərini mənfi hal olaraq diqqətə çatdırıb, bu istiqamətdə qəti addımların atılmalı olduğunu vurğulayıb. Görüşdə qeyd olunub ki, istehlak kreditləşməsinin aktiv fazaya keçməsi və bu trendin banklar tərəfindən tənzimlənməsinin vacibliyi ilə bağlı ötən il və cari ildə Palatanın təşkilatçılığı ilə banklarla analoji görüşlər keçirilsə də, arzu olunan nəticələrə tam nail olunmayıb.

İclasın yekununda qarşıya qoyulmuş tapşırığın həlli istiqamətində banklarla birgə əməkdaşlıq çərçivəsində prosesin tənzimlənməsi hədəf olaraq qəbul edilib və konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, bankların strateji planlarının yenidən gözdən keçirilməsi və qısa müddətdə təkliflərin Palataya təqdim olunması qərara alınıb, biznes kreditlərinin təşviqi məqsədilə banklar tərəfindən kredit yarmarkalarının keçirilməsi məqsədəuyğun hesab edilib. Əlavə olaraq, problemin həlli istiqamətində Palata tərəfindən bir sıra normativ xarakterli aktlara dəyişiklik ediləcəyi və dövlətin iqtisadi blokunu təmsil edən strukturlarla kommunikasiya şəklində məsələyə kompleks yanaşmanın tətbiq ediləcəyi vurğulanıb.

 





25.10.2019    çap et  çap et