525.Az

Xoşbəxtlik üçün doğulmamış dostum - Əli Əmirli yazır


 

Xoşbəxtlik üçün doğulmamış dostum - <b style="color:red">Əli Əmirli yazır</b>

Yeddi ilin sözüdür. Altmış üç yaşında qəfil ölümün səni yaxından tanıyanları, təbii ki, məni də - qırx beş ilin dostunu da sarsıtdı. Özün öz ayağınla Qubaya getmisən, doğma Nügədi kəndinə. Elə bil əcəl aparıb səni, dəfn yerinə yaxın olasan, heç kimə artıq zəhmət verməyəsən. Həqiqi təvazökar insanların ölümü də təvazökar olur, heç kimi incitmədən,  heç kimə yük olmadan, səssiz-səmirsiz köçür dünyadan.

Hələ torpağı qurumamış qəbrinə baxanda ilk tanışlığımız düşdü yadıma, uzaq 1967-ci ilin sentyabrı, Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsinin axşam şöbəsi. Sən əyani şöbəyə qəbul olunsan da, sonralar bildim, çətin maddi duruma görə axşama keçməli olmusan, odur ki, dərslərə gec qatılmışdın. İsmayıl Əlizadənin mühazirəsinin şirin yerində auditoriyaya girdin, boş kürsü yox idi. Mən səni səslədim, bir az sıxlaşıb sənə yer elədik. Elə o gündən  səninlə tanışlığım, sonra dostluğum o hüznlü günədək - 2012-ci ilin 16 avqustunadək -  bu dünyaya əlvida dediyin günədək davam etdi və bitdi. Bəs nə qaldı? Hər şeydən əvvəl yaxşı insan, istedadlı alim, həqiqi dost haqqında xatirələr.

Nazif Qəhrəmanlı tələbə dostlarımız arasında elə birinci kursdan seçildi öz təmkini, ağlı, intellektual səviyyəsi və mütaliəsi ilə. Bizim hələ indi-indi oxumağa başladığımızı o, çoxdan oxumuşdu, çoxdan bilirdi, ona görə də dərslərə  biganə yanaşırdı, "beş" almaq həvəsində deyildi. O, hadisələr, adamlar, əməllər haqqında dərhal, tələskən fikir bildirməz, danışığında sözə qənaət edər, rəyini bildirəndə xəsislik göstərərdi. Bu da danılmaz fakt idi ki, tələbə dostlarımızın hamısını məhz Nazifin fikri, rəyi daha çox maraqlandırar, filologiya sahəsində nəyəsə nail olmaq istəyənlər müəllimdən öncə Nazifin fikrini bilmək istərdilər. Biz hamımız Nazifə doğru can ataraq, ona yaxın olmağa, dostluq etməyə çalışırdıq.

Axşam şöbəsində oxuduğumuzdan tələbə yoldaşlarımız arasında 17-dən 45-dək yaş müxtəlifliyi vardı. Nazif yaşda hamımızdan kiçikdi, amma bu, onun nüfuzuna xələl gətirmirdi. Səbəb də aydındı: Nazif çox şeydə təmənnasız, verdiyi qiymətdə obyektiv, qərəzsizdi. Bu keyfiyyətlərin, xüsusilə aktual olduğu və yüksək qiymətləndirildiyi gənclik illərində tez-tez düşən elmi-ədəbi mübahisələrimizdə, lap məişət  müstəvisində olan münaqişələrimizdə də Nazifin münsifliyini hamımız qəbul edirdik. Onun bütün mübahisələri qərəzsiz həll edəcəyinə, ədalətli hakim olacağına heç kim şübhə etməzdi. Dərin savadı, geniş mütaliəsi, güclü erudisiyası onun dediyi fikirləri kəsərli edərdi. Bəlkə elə bu keyfiyyətləri, üstəlik, özünəməxsus təhlil qabiliyyəti, ədalətli hökm çıxarmaq bacarığı yaxşı nasir qələmi olmasına baxmayaraq, onu elmi yaradıcılığa, çağdaş ədəbi tənqidə gətirdi. O, ömrünün sonuna qədər də ədalət hissini, obyektivliyini qoruyub saxlaya bildi.

Nazif Qəhrəmanlı istər ədəbi-tənqidi mülahizələrində, istər ədəbiyyat tarixinə aid araşdırmalarında, istərsə də müasir ədəbi proseslə bağlı onlarca analitik məqaləsində kiməsə yarınmaqdan, indi bərk dəbdə olan saxta tərifdən, qərəzli tənqiddən yan keçmiş, dediyi sözün çəkisini hiss etmiş, tənqidçi prinsipiallığını nəfsinə qurban verməmişdi.

Yaxşı olan həm də o idi ki, Nazif  heç vaxt nə taledən, nə qismətdən, nə də həyatdan şikayətləndi, çünki bu çətin, amma vicdanlı, namuslu yolu o, özü könüllü seçmişdi. Hesab eləmişdi ki, onun yolu hamar-humarlıqdan uzaq olmalıdır. O, xoşbəxtlik, bəxtəvərlik üçün gəlməyib dünyaya. Bu fani dediyimiz dünyanın, aldanışa bənzər həyatın sınaq olduğunu hələ iyirmi yaşlarından  bir gəncin erkən müdrikliyi ilə anlamış və özü özünü dəfələrlə sınaqlara tuş eləmişdi. Bəlkə elə bu keyfiyyətlərinə görə idi ki, o, həmişə çiynini çətin mövzuların altına vermiş, ağır, faciəli taleyi olan ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığını tədqiq etmiş, asan, uduşu nağd olan müasir mövzulardan yan keçmişdi. Mikayıl Rəfili, Bəkir Çobanzadə, Salman Mümtaz, Almas İldırım, Əhməd Cavad, Səməd Mənsur və başqa çətin taleli ədiblərin həyat və yaradıcılığını tədqiq edən, öyrənən, elmi təhlilini verən monoqrafiya və məqalələri, "Azərbaycan ədəbiyyatı tarixçiliyi. XIX - XX əsrlər" kimi çətin, mübahisələrlə müşayiət olunan samballı bir mövzunu əhatə edən doktorluq dissertasiyası, "Milli ədəbiyyat tarixçiliyi: genezis, inkişaf, dövrləşdirmə problemləri" fundamental monoqrafiyası Nazif Qəhrəmanlının öz gücünə inanan iddialı ədəbiyyatşünas olduğundan xəbər verirdi.

İlk baxışda çox şeyə biganə, hamar-humar, eleqant çərçivəyə sığmayan, hər şeyi, bəlkə də min cür məişət xırdalıqlarını görməyən adam təsiri bağışlayan dostum, əslində, lazım olandan  artıq həssas idi, duyğusal və məqamında emosional idi. Bunu Nazifin ilk və son nəsr kitabı  "Kəndimizin yaddaşı"nda görməmək mümkün deyil. Bir povest və iki hekayədən ibarət bu kitabda müəllif özünü istedadlı və səriştəli nasir kimi göstərə bilmişdi.

"Alatava" hekayəsində 60-70-ci illərin tələbəlik ab-havasını, sovet cəmiyyətinin çox maraqlı, təzadlarla dolu bir dövrünü, kəskin ədəbi-siyasi mübahisələri, çayxanalarda formalaşmış "ədəbi klublar"ın ictimai fikrin inkişafındakı unikal  rolunu Nazif ustalıqla təsvir edə bilmişdi. Bu hekayədə həmin illərin şahidi, fikir hadisələrinin iştirakçısı kimi Nazif özünü yazmış, həssas və analitik nasir qələmi ilə öz avtoportretini uğurla çəkmişdi. Çox şeyə, elə özünə də ironiya ilə yanaşan və bunu ədəbi fakta çevirməyi bacaran yazıçının bu gözəl hekayəsi onun özünə həssas və obyektiv münasibətinin nəticəsi, sözün həqiqi mənasında özünüdərk aktı idi. Dünyanın dərki isə, yəqin ki, elə özünüdərkdən başlayır. Sən kimsən, nəsən, bu həyatda sənin bir insan kimi missiyan nədən ibarətdir? Düşünməyi bacaran hər kəs ömrü bitənəcən bu suallara cavab axtarır, özünü öyrənir, deməli, dünyanı anlamaq qabiliyyətini itirmir. Dostum Nazif Qəhrəmanlı belə insan idi. O, öz həyat missiyasını yaxşı bilirdi. Bu missiya Azərbaycan ədəbiyyatına vicdanla, namusla xidmət etməkdən ibarət idi.

Həyatın müdrik bir qanunu da var - dünyanın tarazını qorumaq qanunu, bəlkə elə ona görədir ki, başlayan hər bir şeyin mütləq bir sonu var. Bu, insan həyatına da aiddir, müdriklər demiş, ölüm də Allahın bir nemətidir, hamı bu nemətdən dadır.  Təəssüf ki, Nazif o neməti çox tez daddı. Bu il yetmiş yaşı tamam olan dostumun  ömrü  63 yaşında bitdi, başa çatdı. Bu çoxdu-azdı biləni Allahdı! Bizə isə xatırlamaq qalır.

 





25.10.2019    çap et  çap et