525.Az

"ƏDV-nin ləğvi çap xərclərinin 15-20 faiz azalmasına səbəb ola bilər"


 

"ƏDV-nin ləğvi çap xərclərinin 15-20 faiz azalmasına səbəb ola bilər"<b style="color:red"></b>

Azərbaycanda çap məhsullarına əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsi yazılı mətbuat üçün bir sıra problemlər yaradır, onun vəziyyətini  daha da çətinləşdirir.

Bu gün elektron medianın daha populyar olduğu zamanda qəzetlərə oxucu marağının azalması bütün dünyada gedən bir tendensiyadır. Ona görə də bir sıra ölkələrdə, məsələn, qonşu Gürcüstanda çap məhsullarına ƏDV tətbiq edilmir. Bu da ənənəvi mətbuatın yaşaması üçün atılan addımlardan biridir. Çünki satışın az olması, reklam gəlirlərinin demək olar ki, olmaması və s. çap mətbuatının qarşısında duran problemlərdəndir. Məlumat üçün deyək ki, Azərbaycanda da vaxtilə belə təcrübə olub. Yəni ölkəyə gətirilən çap məhsulları ƏDV-dən azad edilib. 2016-cı ildən sonra isə ƏDV yenidən tətbiq edilib. ƏDV-nin mövcudluğu bu gün ənənəvi mediaya hansı problemlər yaradır və onun ləğvinin müsbət tərəfləri hansılar ola bilər?

Mövzu ilə bağlı "525"ə danışan "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova deyib ki, əvvəllər ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızına əlavə dəyər vergisi tətbiq edilmirdi. Lakin son bir neçə ildə bu verginin tətbiqinə başlanılıb: "Məlum olduğu kimi, ölkəmizdə iki ciddi devalvasiya prosesi yaşandı. Bu proses çap mediasından da yan keçmədi. Qəzet çapı üçün lazım olan kağız xaricdən idxal edilir. Devalvasiya nəticəsində kağızın qiymətinin qalxması çap xərclərini də ciddi şəkildə artırdı. Nəticədə qəzetlərdə maliyyə çətinlikləri özünü göstərdi. Qiymətləri iki dəfəyə yaxın qalxan qəzet kağızına əlavə dəyər vergisinin tətbiqi bu artıma bir az da təkan verdi. Bununla da hazırda qəzetlər dövlət tərəfindən KİV-ə Dəstək Fondunun xətti ilə onlara ayrılan maliyyə yardımının əhəmiyyətli bir hissəsini məhz çap xərclərinin qarşılanmasına sərf edir. Mövcud durum heç də ürəkaçan deyil".

Baş redaktor hesab edir ki,  çap məhsullarına tətbiq olunan ƏDV-nin aradan qaldırılması ən azından çap xərclərinin 15-20 faiz azalmasına səbəb ola bilər:

"Hazırda gündəlik və həftədə üç dəfə nəşr olunmaq şərtilə dövlətin maliyyə yardımını alan qəzetlərin qarşısında konkret tirajla dərc olunmaq tələbi qoyulub. Ümumi tiraj həcmində çap xərclərinin ən azı 10-15 faiz azalması heç də kiçik rəqəm deyil. Qəzetlər ƏDV aradan qaldıralacağı təqdirdə qənaət edəcəkləri vəsaiti digər problemlərin həllinə yönəltmək imkanı əldə edərlər". 

S.Seyidovanın sözlərinə görə, bu təşəbbüs bir neçə dəfə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov tərəfindən Milli Məclisdə qaldırılıb. Hətta hökumətin hesabatları və büdcə layihələrinin müzakirəsi zamanı əlaqədar qurumların rəhbərlərinin iştirak etdiyi iclaslarda belə bu problem qabardılıb: "Əslində, ƏDV-nin tətbiqindən dövlət büdcəsinə gələn gəlir o qədər də böyük rəqəm deyil. Lakin qəzetlər üçün bu rəqəm mühüm əhəmiyyət daşıyan bir göstəricidir. Fikrimcə, media ilə əlaqədar qurumlar bu məsələni mütəmadi olaraq gündəmdə saxlamalı, baş redaktorların da iştirakı ilə müzakirələr təşkil edilməli, hər iki tərəfi razı sala biləcək ortaq formul tapılmalıdır. Bununla bağlı qəzet rəhbərləri adından müvafiq instansiyalara birgə müraciətlərin edilməsi də mümkündür".

PƏRVANƏ

 





25.10.2019    çap et  çap et