525.Az

"Təhsilin bütün pillələri üzrə uğurlar əldə edilib"


 

"Təhsilin bütün pillələri üzrə uğurlar əldə edilib"<b style="color:red"></b>

Dünya İqtisadi Forumu tərəfindən ötən həftə açıqlanan "Qlobal Rəqabətlilik İndeksi-2019" hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyib.

Hazırda 141 ölkə arasında 58-ci yerdə qərarlaşan ölkəmiz 12 indikatordan 8-i üzrə MDB ölkələri arasında yüksək nəticələr əldə edib. Məsələn, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan "Bacarıqlar" indeksi üzrə ölkəmiz 6 pillə irəliləyərək  48-ci, innovasiya bacarığı üzrə 3 pillə irəliləyərək 68-ci, işçilərin peşəkar inkişafı kateqoriyası üzrə 22 pillə irəliləyərək 34-cü, peşə təhsilinin keyfiyyət göstəricisinə görə 6 pillə irəliləyərək 43-cü, bacarıqlı işçi tapmaq asanlığı üzrə 2 pillə irəliləyərək 29-cu yeri tutub. Tədrisdə  tənqidi düşüncə göstəricisi üzrə 7 pillə irəliləmişik və ölkəmiz  20-ci yerdədir.

Təhsil Nazirliyinin Aparat  rəhbərinin müavini Fərzəli Qədirov  deyir ki, təhsilin bütün pillələri üzrə uğurlar əldə edilib: "Strategiya ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması məqsədinə xidmət edir. Bu məqsədə gedən yolda isə beş strateji istiqamət müəyyənləşdirilib. "Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması" istiqamətində erkən yaş dövründə inkişafın səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumi təhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının hazırlanması nəzərdə tutulub.

Məzmun islahatları çərçivəsində "Məktəbəqədər təhsilin dövlət standartı"nın qəbulu nəticəsində bu sahənin inkişafına əlverişli zəmin yaranıb. 2017-ci ildə "Məktəbəqədər təhsi haqqında" Qanun qəbul olunub. Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbə hazırlığının təşkili Strategiyanın ən uğurlu töhfələrindəndir. Nəticə müqayisədən aydın görünür: "2013-cü ildə 24 faiz təşkil edən bu göstərici cari tədris ilində artıq 85 faiz təşkil edir. Bu, bizi ona görə çox sevindirir ki, uşaqların erkən yaşdan təhsilə cəlb olunmaları gələcəkdə onların təhsilində, fərdi inkişafında və akademik nailiyyətlərində böyük rol oynayır".

Məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərin ibtidai sinif müəllimləri olması isə təhsildə varisliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. F.Qədirovun sözlərinə görə, məhz bunu nəzərə alaraq "Ümumi təhsil haqqında" Qanunda 5 yaşlıların məktəbəhazırlığı ümumi təhsilin bir mərhələsi kimi nəzərdə tutulub. UNISEF-lə birgə həyata keçirilən 32 rayonda, 320 icmada  6197 uşağı əhatə edən 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi də son illərin nailiyyətlərindəndir.

Təhsil sahəsində ən böyük uğurlardan biri də həyata keçiriləcək hər bir islahatın əsasında qanunvericilik bazasının durmasıdır. F.Qədirovun sözlərinə görə, "Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında" qanunların qəbul edilməsi, "Ali təhsil haqqında" Qanunun hazırlanması təhsilin bütün pillələri üzrə çevik idarəetmə və dəyişikliklər üçün hüquqi baza yaradıb. Gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir. Bu istiqamətdə "Peşə təhsili üzrə dövlət standartları" təsdiq edilib, ümumi təhsilin, ali və orta ixtisas təhsilinin dövlət standartları hazırlanıb. Müzakirələrdən sonra sənədlər hökumətə təqdim ediləcək.

Strategiyanın hədəflərindən biri də tam orta təhsil səviyyəsində təmayülləşmənin təşkilidir. Bu istiqamətdə islahatlar strategiyanın ən əhəmiyyətli nəticələrindən biridir: "Təmayülləşmə məzunların gələcək ixtisaslarını müəyyənləşdirməsi, həmin ixtisaslar üzrə daha dərindən  bilik, bacarıq və kompetensiyalar əldə etməsi baxımından çox vacibdir. Müxtəlif təmayül istiqamətləri üzrə X-XI sinif şagirdlərinin 30 faizindən çoxu təmayül siniflərinə cəlb edilib. İlkin nəticələrin təhlili göstərir ki, bu istiqamət özünü doğruldur".

Dünyada təhsilin inkişaf tendensiyaları təmayülləşmə istiqamətlərinin genişləndirilməsini tələb edir. Bununla əlaqədar ümumi təhsil müəssisələrində həm ayrı-ayrı fənlər, həm də peşə istiqamətləri üzrə təmayül siniflər yaradılıb. Təhsilalanların peşə seçiminə və əmək  fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi  məqsədi ilə cari tədris ilindən 20 ümumi təhsil müəssisəsinin X siniflərində peşə təmayüllü siniflər açılıb: "Kənd təsərrüfatı, iaşə xidməti,  inşaat və məişət texnikası sahələri üzrə zəruri infrastruktur və təcrübə sahələri yaradılıb. Həmin şagirdlər tam orta təhsil haqqında şəhadətnamə ilə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi də əldə edəcəklər. Bu isə onlara əmək fəaliyyətinə başlamalarına imkan verəcək".

11 il ərzində həyata keçirilən məzmun islahatlarının bir mərhələsi cari ildə başa çatıb, yeni fənn kurikulumları üzrə təhsilə başlayan şagirdlər XI sinfi başa vurub. Bununla əlaqədar Təhsil Nazirliyinin yaxından iştirakı ilə Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının yeni modelinə keçilib. "Əminik ki, yeni imtahan modeli təhsilalanların bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verməklə yanaşı, məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcək, cəmiyyətdə ümumtəhsil məktəbinə etibarlı inam formalaşdıracaq". Eyni zamanda, cari tədris ilində I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatıb.

Ümumi təhsildə həyata keçirilən layihələrin önəmini də qeyd edən F.Qədirov hesab edir ki, XXI əsrdə süni intellekt və rəqəmsal bacarıqlar həyatın bütün sahələrinə nüfuz edir. Bu bacarıqların yüksək olduğu ölkələr daha çox uğur qazanır. Bu səbəbdən də həmin istiqamətlər üzrə layihələrin Azərbaycanda da icrasına başlanılıb.

"Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması" istiqamətində aparılan islahatların nəticələri çox uğurlu olub. Müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Təhsil Nazirliyi iki istiqamətdə iş aparır: "Birinci istiqamət mövcud  ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və müəllim heyətinin keyfiyyətinin yaxşılaşdırılmasıdır. İkinci istiqamət isə pedaqoji kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində ilkin müəllim hazırlığının təkmilləşdirilməsidir. Birinci istiqamət üzrə əsas hədəfimiz, ilk növbədə, müəllim seçiminə, məktəblərə daha peşəkar müəllimlərin cəlb edilməsinə diqqəti artırmaqdır. Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə şəffaf, obyektiv bir mexanizm  tətbiq edilir. Son illərdə müəllim peşəsinə marağı  artıran bir çox amillər sırasında məhz bu mexanizmin uğurla tətbiqi və etimad qazanması xüsusi qeyd edilməlidir".

F.Qədirov müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlərə də toxunub: "Dövlət Strategiyasının qəbulundan sonra təhsildə modul kredit sisteminə əsaslanan ixtisasartırma sisteminin tətbiqinə başlanılıb. Tamamilə yeni baxış,  yeni yanaşma olan bu sistem müəllimlərin ehtiyacına uyğun müxtəlif istiqamətlər üzrə təlim proqramlarının hazırlanması və təlim proqramlarının modul xarakter daşıması,  müxtəlif istiqamətləri əhatə etməsi baxımından yenilikdir".

İdarəetmənin əsas istiqamətlərindən biri məhz  təhsilin keyfiyyət göstəriciləridir. F.Qədirov deyir ki, hər il artım müşahidə edilən göstəricilər məzunların nəticələrində özünü göstərir. 2013-cü ildə qəbul imtahanlarında 300-dən çox bal toplayanların sayı 26.5 faiz, 400-dən çox bal toplayanların sayı 35.1 faiz, 500-dən çox bal toplayanların sayı 51.5  faiz,  600-dən çox bal toplayanların sayı isə 81.3 faiz artıb. İstedadlı  şagirdlərlə bağlı həyata keçirilən tədbirləri xüsusi qeyd edən F.Qədirovun fikrincə, Strategiyanın icrası dövründə fənn olimpiadalarının təşkili, respublika və beynəlxalq fənn olimpiadalarına hazırlıq sahəsində kəskin dönüş olub. Olimpiada hərəkatının genişlənməsi nəticəsində cari ildə respublika fənn olimpiadalarında 33 mindən artıq şagird iştirak edib: "Bu sahədə işin düzgün təşkilinin nəticəsidir ki, olimpiadalarda nailiyyətlərimizin sayı və çəkisi artıb.  Şagirdlərimiz 2013-cü ildən indiyədək beynəlxalq olimpiadalarda 160-dan çox medal əldə ediblər. Qanunvericilikdə aparılan dəyişiklikdən sonra  100-ə qədər respublika və beynəlxalq olimpiada qalibinin, beynəlxalq müsabiqə və yarışların bu tədris ilindən etibarən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunması isə olimpiadalara marağın daha da artacağına əminlik yaradır".

"Müasir tələblərə cavab verən və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması" istiqamətində də mühüm tədbirlər həyata keçirilib.

F.Qədirov deyir ki, bu tədbirlərin nəticəsidir ki, ümumi təhsil müəssisələrinin 72 faizinin infrastrukturu əsaslı şəkildə  təkmilləşdirilib: "3200-dən çox məktəb tikilib və ya əsaslı təmir edilib. Son illərdə məktəb tikintisi sahəsində modul tipli təhsil müəssisələri təcrübəsi tətbiq edilir. Kəndlərdə, çətin relyefi olan ərazilərdə belə məktəblərin quraşdırılması asan və əlverişlidir. Şagird sayından asılı olaraq məktəbin böyüdülüb-kiçildilmək imkanı verməsi onun üstünlüyüdür. Ölkəmizdə  2017-2018-ci illərdə 243 belə məktəb artıq istifadəyə verilib. Cari ilin sonunadək daha 50 məktəb quraşdırılacaq. Məktəb tikintisi sahəsində əldə edilən bu böyük uğurlarda ölkə Prezidentinin bu sahəyə xüsusi diqqət və qayğısı, təsdiq etdiyi proqramların çox böyük rolu olub. Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun davamlı dəstəyi də məktəb tikintisində mühüm nəticələr əldə olunmasının əsas səbəblərindəndir. Məhz bu dəstəyin nəticəsidir ki, ölkədə bir milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. Strategiyada nəzərdə tutulan "Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması" istiqamətində mühüm addımlar atılıb. Sadəcə onu demək kifayətdir ki, dövlət büdcəsindən təhsilə ayrılan xərclər ildən-ilə artır. Təhsil xərcləri 2013-cü ildə 1.4 milyard manat təşkil etmişdisə, bu göstərici 2019-cu ildə 2.3 milyard manata çatdırılıb. 2020-ci ilin büdcəsində isə təhsil xərcləri 3.1 milyard manat proqnozlaşdırılıb ki, bu da 2019-cu ilə nisbətən 38.3 faiz artım deməkdir. Təhsil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, təhsilin əlçatanlığının təmin edilməsi istiqamətində də dövlət öz vətəndaşlarının yanındadır".

S.QARAYEVA

 





26.10.2019    çap et  çap et