525.Az

AzTU-nun tələbə-müəllim heyəti Quba Soyqırımı abidəsini ziyarət etdi - Foto


 

AzTU-nun tələbə-müəllim heyəti  Quba Soyqırımı abidəsini ziyarət etdi - <b style="color:red">Foto </b>

Azərbaycan Texniki Universitetinin (AzTU) müəllim və tələbələrindən ibarət heyət oktyabrın 27-də Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.  

AzTU-nun rektoru, professor Vilayət Vəliyevin başçılığı ilə ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar və kütləvi məzarlıq üzərinə tər çiçəklər düzüblər. 

Kompleksin mütəxəssisləri  1918-ci ildə baş verən qanlı hadisələr barədə ətraflı məlumat veriblər,  tarixi sənədlər və faktlarla tanışlıq imkanı yaradıblar.

Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan, XXI əsrin memarlıq üslubunda inşa olunan Quba Soyqırımı Memorial Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olan qanlı faciə zamanı bolşevik-erməni silahlı dəstələri tərəfindən Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədilib, mindən artıq kənd yandırılıb və dağıdılıb.

1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq 1918-ci ilin may ayında Qubada ermənilər tərəfindən törədilmiş soyqırımın əyani sübutudur.

 





29.10.2019    çap et  çap et