525.Az

1926-27-ci illərin "Molla Nəsrəddin" jurnalında Naxçıvan - Araşdırma


 

VƏ YA HACI MƏHƏMMƏD QURDUN AĞZINI NECƏ BAĞLATDIRDI

1926-27-ci illərin "Molla Nəsrəddin" jurnalında Naxçıvan - <b style="color:red">Araşdırma </b>

Hüseyn Ələkbər oğlu Əsgərov 1955-ci il dekabr ayının 13-də Şərur rayonunun Şəhriyar kəndində anadan olub.

1977-ci ildə ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra bir il "Şərq qapısı"qəzetində, 23 il Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsində işləyib.

Həmin müddətdə 4 il "Xalq qəzeti"nin Naxçıvan MR üzrə müxbiri olub. 2001-ci ildən 2011-ci ilədək Naxçıvan MR Ali Məclisində mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, Dövlət qulluğunun baş müşaviridir. Hazırda Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəridir.

Qəzet və jurnallarda mütəmadi olaraq publisistik yazıları dərc olunur."Araz", "Yeni səslər" almanaxları,  "Heraklın 13-cü qoçaqlığı" (2001-ci il), "Aylı bir gecə" (2014-cü il), "Naxçıvan səhiyyəsi inkişaf və tərəqqi yollarında" (2015-ci il), "Gülüşlərin cingildəsin saz kimi" (2017-ci il), "Biz necə mütaliə edirik" (2017-ci il) adlı kitabları  oxuculara təqdim edilib. H.Əsgərovun milli mətbuatımızın parlaq nümunəsi olan "Molla Nəsrəddin" jurnalı haqqında əhatəli tədqiqatını oxucularımıza təqdim edirik. 

(Əvvəli ötən sayımızda) 

Jurnalın 1926-cı ildəki 18-ci nömrəsində xəbər verilib ki, Naxçıvanda uşaq evlərində uşaqların çoxu 29 yaşındadır və bu "uşaqlar" eşitdikləri nəsihəti bu qulaqlarından alıb o biri qulaqlarından çıxarırlar. 

Qızdırma Stansiyasının (GEM) böyüyünün arvadı 

Əvvəlcə o dövr səhiyyəsinə qısa ekskursiya edək. Bəhs olunan dövrdə - 1927-ci ildə Naxçıvanda səhiyyə şəbəkəsinin vəziyyəti belə idi: 115 çarpayılıq 2 xəstəxana, 30 çarpayılıq zöhrəvi dispanser, 10 çarpayılıq malyariya stansiyası, 7 ambulatoriya (onlardan biri mərkəzi ambulatoriya bütün ixtisaslı kabinələrlə), uşaq məsləhətxanası, bakterioloji laboratoriya, 4 həkim məntəqəsi, 2 səhiyyə məntəqəsi, 4 feldşer məntəqəsi, 4 aptek (onlardan biri xəstəxana nəzdində) əhaliyə tibbi xidmət göstərirdi. Bu müəssisələrdə 22 həkim, 2 diş həkimi, 1 diş texniki, 18 feldşer, 15 tibb bacısı, 8 mama, 9 əczaçı və 87 kiçik və texniki personal işləyirdi.

1926-cı ilin başlanğıcında respublikanın müalicə profilaktika şəbəkəsi 3 rayon səhiyyə şöbəsinə tabe idi - Naxçıvan (Culfa da daxil olmaqla), Şərur və Ordubad. Bunlar da öz növbəsində Naxçıvan MSSR Səhiyyə Komissarlığına tabe idi. Bu barədə 2015-ci ildə Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində çap olunan "Naxçıvan səhiyyəsi inkişaf və tərəqqi yollarında" adlı kitabımda kifayət qədər bəhs etdiyimdən keçirəm mətləbə.

Sovet hakimiyyətinin ilk onilliyində maddi-texniki bazanın olmaması, həkim çatışmazlığı səhiyyə sistemində ciddi problemlər yaratmışdı. Naxçıvan və Şərur qəzalarında bir sıra xəstəliklərlə yanaşı, qanlı ishal, qızılca, malyariya o dövrdə hər il yüzlərlə adamı, xüsusən uşaq və hamilə qadınları məhv edirdi. Əhali arasında malyariya Naxçıvan qəzasına nisbətən Şərur qəzasında daha geniş yayılmışdı. Jurnal bu məsələyə 4 dekabr 1926-cı il nömrəsində öz münasibətini bildirir. Yazır ki, qanuna görə, bir kişi bir idarənin başçısı olanda, onun arvad-uşağı həmin idarədə qulluq edə bilməz. Amma Şərurdakı Qızdırma Stansiyasının (GEM)  böyüyünün arvadı da yanında işləyir. Ayda bir aləm pul alır. Nə var, nə yox, qızdırmalıları qeyd edir. Arvad çox xoşrəftarlıdır. Belə ki, bir mığ-mığ xanımı çılpaq qolundan sancanda, xanım kəndlilərin üstünə acıqlanır, guya ki, xanımın qolunu yazıq qızdırmalı kəndli dişləyibdir. Kəndlilər onun üzünü görməmək üçün həkimxanaya getməyib gənəgərçək yağından-zaddan içirlər. Yekə qulluqçular gələndə isə xanım ayağa qalxıb altına stul çəkir, tez də yola salır. Belələri də elə bilir ki, xanım hamı ilə yaxşı rəftar eləyir. Daha mığ-mığ məsələsini yadlarına salmırlar. "Laməzhəb" qızdırmalı xəstələrin halını jurnalın 35-ci nömrəsində belə qələmə alırdı:

Mığ-mığa isə öz işini görür
Molla əmi, sən özün insaf elə
Gəldim axır canə bu qızdırmadan
Hərçi əlac eyləyirəm olmayır
Döndü ürək qanə bu qızdırmadan.
Lap məni qızdırma edib dəstgir
Vicvicə əndamımı buztək edib.
Baş götürüb yayda həkimlər gedir
Hər biri bir yanə bu qızdırmadan
Döndü ürək qanə bu qızdırmadan.

Jurnal 1927-ci ilin 34-cü nömrəsindən "Tibbi məsləhətlər"ə start verir. Bildirilir ki, bundan sonra dədə-babamızdan qalan və ölkəmizdə nümunə olacaq qoca qarıların, aralıq həkimlərin və bəzi mötəbər mollaların məsləhətlərini çap edib biliyinizi artıracağıq. Bu dəfə tibbi məsləhətlərdən "Aralıq" kəndindən Zöhrəbanu Kəblə Abbas qızının tikə ötürmək barədə olan məsləhətini çap edirik.

Məsləhət görülür ki, tikəsi olan çıxsın bir hündür damın üstünə və oradan ağzını su ilə doldurub əllərini boynunun ardına daraqlasın və hoppansın yerə. Əgər sağ qalsa, tikəsi rəf olacaqdır.

20-ci nömrədə Ordubad xəstəxanasının işçiləri and içirlər ki, bundan sonra axşamlar xəstələrlə qumar oynamasınlar, çünki xəstələr də bu oyunu öyrənər. Şəhər əczaxanasındakı Xosaşvili söz verib ki, necə ki rus arvadları ilə gülə-gülə danışır, eləcə də başqaları ilə danışıb, onların üstünə çığırmayacaq (№13).

Hələ Xosaşvili yaxşıdır. Bu şəhərdə bir İvanov da olub ki, bəd əməlləri ilə ad qazanıb, belə ki, günlərin bir günündə yazıq ögey qızının könlünü şad eləmək üçün namusuna təcavüz eləyib. Camaat bu barədə küçə-bacada o qədər danışıb ki, axırda doktoru basıblar qazamata. "Vahid" kinayə ilə bildirir ki, camaatdı da, danışır, axı burada danışmalı nə iş var ki. Qız onun, ixtiyar onun, kef onun, xalqa nə düşüb (1927, №10).

Sovet hakimiyyətinin ilk onilliyində səhiyyə sisteminin ləng inkişafı jurnalın diqqətindən yayınmır. "Doktor gəldi" adlı yazıda (№26) xəbər verilir ki, Naxçıvan qəzasına Nuh peyğəmbər varid olub, vəfat edib orada dəfn olunandan indiyədək ora göz həkimi gəlməmişdi. Gözləri ağrıyanların kor olanı kor olurdu. Xədiceyi-Kubra pirinin kəramətindən şəfa tapanların gözləri açılırdı. Ancaq səhiyyə idarəsinin təlaşı nəticəsində bu günlərdə Naxçıvana bir göz həkimi varid oldu. Göz xəstələri toy-bayram edir.

"Molla Nəsrəddin" xəbərə özünəməxsus münasibət bildirir: "Heç olmaqdansa, gec olmağı yaxşıdır. Lənət heçə".

Həmçinin, "Şərq qapısı"na istinadən xəbər verilir ki, Naxçıvanda uşaq evlərində uşaqların çoxu 29 yaşındadır və bu "uşaqlar”eşitdikləri nəsihəti bu qulaqlarından alıb o biri qulaqlarından çıxarırlar.

Digər nömrədə (№33) qeyd olunur ki, səhiyyə yolunda çox işlər görülmüş və yaxşı da nəticələr əldə edilmişdir. Belə ki, axşam saat 9-dan sonra şəhərdə bircə nəfər də xəstələnən olmur. Buna görə şəhərin bircə aptekini də saat 9-dan sonra bağlamaq lazım gəlir.

"Məsəlçi" jurnalın ənənəsinə sadiq qalaraq 33-cü nömrədə (1927) oxuculara sual verir ki, doktorlar ambulatoriyaya saat 11-də gəlib 12 olan kimi gedirlər. Görəsən, bunlar ayda neçə saat işləyirlər? Məsələni tapana Ordubaddan bu doktorların əlacından göndərəcəyik.

Bu dövrdə binaların, həkim kadrların qıtlığı müəyyən çətinliklər yaradırdı. Ordubadın hifzüsəhhə şöbəsinin müdiri isə bu çətinliklərdən öz mənafeyi üçün istifadə edir. Belə ki, kimi istəsə, "Quduz it dişləyib" adıyla Tiflisə müalicəyə göndərir. Bəzən müalicə adı ilə Tiflisə gedənlərə özü də qoşulur."Mozalan" 33-cü nömrədə şöbənin müdirinə müraciət edir ki, həmin quduz it asqırıb və ağzının suyu mənim üstümə çilənib. İndi mən Tiflisə Şeyx Sənan dağında müalicəyə gedim, ya yox. Ümidvaram ki, yox deməyəcəksiniz. Çünki gedənlər belə gedir, istər kişi, istərsə də kampaniyanın arvadları. Tiflis xəstəxanasından bildiriblər ki, o quduz itin məsələsini həll edin, yoxsa bütün Ordubad əhlini müalicə etmək imkansızdır.

O vaxt Naxçıvan Mərkəzi Xəstəxanasının təsərrüfat müdiri kim olubsa, lotu adam olub. Yetənə yetib, yetməyənə bir daş atıb. Belə ki, baş həkim-filan saymayaraq öz bildiyini eləyib. 33-cü nömrədə onunla faytonçu arasındakı dostluqdan bəhs olunur. Belə ki, faytonçunun belinə soyuq dəydiyindən müdir şunur ilə faytonçunun belinə o qədər döyüb ki, faytonçu tərləyib və soyuqdəymə rəf olub.

35-ci nömrədə həmin təsərrüfat müdiri and içir ki, bir daha keflənib dava salmayacaq. Ambar müdiri isə and içir ki, bundan sonra xəstələrin yeməyi üçün iylənmiş ət və başqa ərzaq almayacaq.

22-ci nömrədə qaçaqmalçılara istinadən, İranda doğulan uşağın həcəmət kimi iki buynuzu və qarabağlarlı Kəblə Müseyibin bığları kimi də iki uzun bığının olmasından bəhs edilir. Arvad uşağı belə görəndə iki buynuzundan yapışıb gücü gəldikcə atmışdır. Uşaq dilə gəlib demiş ki, ay ana, yaxşı ki, mənim buynuzumdan yapışıb atdın. Əgər bığlarımdan tutub atsaydın, dünyada olan kişilərin hamısı öləcəkdi. Sənki məni buynuzlarımdan tutub atdın, innən belə buynuzlu malların hamısı qırılıb qurtaracaqdır.

İndi Naxçıvan mollaları və dul qarıları deyirlər ki, Naxçıvanda olan mal azarı bunun əlamətidir.

(Ardı var)

 





29.10.2019    çap et  çap et