525.Az

Sağlığında qiymət veririk insanlara... - Nuranə Tağıyeva yazır


 

Sağlığında qiymət veririk insanlara... - <b style="color:red">Nuranə Tağıyeva yazır </b>

Dəmiri isti-isti döyərlər. Çox vaxt itirmədən ürəyimdə aşıb-daşan xoş hisləri yazıb, sizinlə paylaşmaq istəyirəm. 2019-cu ilin sonuna doğru addım-addım yaxınlaşarkən ölkəmizdə və Türk dünyasında böyük səs gətirən, kiçikdən böyüyə hər kəsin gələcəyə olan inamına töhfələr verən, Türk Dövlətləri Əməkdaşlıq Şurasının (Türk Keneşi) tarixi VII Zirvə Görüşünün şahidi olduq.

Düşünürəm ki, qürur, inam, ümid, istək, xəyal, arzu kimi məcaz hisslərin hamısını özündə ehtiva edən liderlərin bu təqdirəlayiq addımını alqışlamaq, dəstəkləmək, xalqa təbliğ etmək, türk xalqlarının birliyi naminə əlindən gələni etmək kimi məsuliyyətli bir missiyanı öz çiyinlərinə götürən, böyük elm adamlarının sərf etdikləri əməyi gözardı etmək olmaz.

Elə bu ərəfələrdə, Böyük Türk dünyasının dil, ədəbiyyat və mədəniyyət sahələrində ortaq fikir birliyiylə addımlar atmağını təklif və tövsiyə edən son dərəcə vacib bir layihə ilə ölkəmizin bir-birindən dəyərli elm adamlarının, ictimai xadimlərin tarix, ədəbiyyat və mədəniyyət ocaqlarına qonaq oluruq. Qardaş ölkə Türkiyədən təşrif buyuran bir nümayəndə ilə birlikdə müxtəlif görüşlər keçirir, müzakirələr aparır, təkliflər və iradları dinləyirik. Yəni onlar öyrədir, biz də öyrənirik. Və hər biriylə başa çatan görüşün sonunda içimi qəribə bir qürur hissi bürüyür.

70 yaşı münasibətilə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunan akademik İsa Həbibbəylinin qəbulunda olduq. Bu yaddaqalan görüş haqqında könül istərdi ki, böyük bir yazı yazım, amma ən gözəl xatirələri yazmaqla kifayətlənəcəyəm.

Tərəddüdsüz deyə bilərəm ki, qarşıdakı insanı dinləmək məharəti hər kəsin sahib ola biləcəyi keyfiyyət deyil. Bəs danışanı anlamaq necə? Siz zənn edirsinizmi ki, hər dinləyən eşitdiyini dərk edir və mənimsəyir? Ona təqdim olunan layihənin məqsədini, istiqamətlərini diqqətlə dinləyib, dərindən mənimsədikdən sonra məntiqli suallar verərək qarşısındaki insanı düşündürən akademik İsa Həbibbəylinin ürək yanğısını ifadə etdiyi bir cümlə ilə nəzərinizə çatdırmaq istəyirəm: "Biz türklər, müstəqilliyimizi əldə etdikdən sonra bu hadisəyə sevindik, qeyd etdik, bayramlaşdıq, bir-birimizlə əlaqələr qurduq, görüşlər keçirtdik və s. Amma artıq ziyafət başa çatdı. İndi isə iş görmək vaxtıdır". Bu cümlə mənə o qədər dərindən təsir edib ki, görüşdən çıxdıqdan sonra ilk işim masa başına əyləşib bunları yazmaq oldu. Bilirsinizmi bu sözlər mənim zehnimdə nəyi canlandırdı? Bir konsert proqramının və ya bir filmin qala gecəsini düşünün. Əvvəlində qaçhaqaç, hazırlıqlar, qonaqları qarşılamaq, mətbuata müsahibələr, qırmızı xalçalardakı o şan-şöhrət, həyəcan və s. yaşanır. Nəhayət, hər kəs salonda öz yerini alır və diqqətini bir istiqamətə cəmləşdirir. Film rejissorunun, ssenaristin, aktyorun və yaxud müğənninin onlara təqdim edəcəkləri sənət nümayişini həyəcanla gözləyirlər.

Bəli, İsa Həbibbəyli bir cümləsi ilə hazırkı vəziyyəti, yəni o dərin boşluğu peşakarcasına izah etdi. Bu qədər əyləncə yetərlidir. Biz, türk xalqları bir-birimizi yetərincə tanıdıq, fikirlərimiz eynidir, məqsədimiz eynidir, yolumuz birdir. Artıq tanış olmaq dövrü bitdi. Artıq sizin bizdən, bizim sizdən səmərəli şəkildə faydalanmağımızın vaxtı gəlib çatıb dedi. Təbii ki, təxminən 40 dəqiqə çəkən bu görüş bir cümlə ilə yaddaşıma həkk olunmayıb. Onun böyüklüyünü, onun məşğul etdiyi postun haqqını artıqlamasıyla verdiyini ikinci bir cümləsini qeyd edərək sizlərin təqdirinə sunacağam.

Bir gün əvvəl, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ilə də yaddaqalan bir görüş keçirmişdik. İsa Həbibbəyliyə bu görüş haqqında qısa məlumat verdik, Anar müəllimin layihəmizə dəstəyini dilə gətirdik. Sözümüzü bal ilə kəsərək "Mən etiraz etmirəm, mən bu təklifə şübhəsiz, razılıq verirəm. Lakin hamımızın ağsaqqalı Anardır. Onun razılığını almısınızsa, bu, bizə də, sizə də, bütün Türk dünyasına da bəs edər. Elə hamımız onun bayrağının altında yığışarıq" deyərək öz böyüklüyünü bir daha sübut etdi.

Onu da qeyd edim ki, zənnimcə, İsa müəllim iyimi dörd saat danışsa, nə o, danışmaqdan yorular, nə biz onu dinləməkdən...

 





30.10.2019    çap et  çap et