525.Az

Opera və Balet Teatrında “Kənd namusu” operası nümayiş olunacaq


 

Opera və Balet Teatrında “Kənd namusu” operası nümayiş olunacaq<b style="color:red"></b>

Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyetro Maskaninin “Kənd namusu” operasının tamaşası keçiriləcək.

Teatrdan APA-ya verilən məlumata görə, tamaşanı almaniyalı dirijor, Qut-İmmlinq Opera festivalının bədii rəhbəri Korneliya fon Kerssenbrok idarə edəcək.

Əsas partiyalardan biri Santutsa rolunu ifa etmək üçün Teatrın rəhbərliyi Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, Vokalçıların Rumıniya, Çexiya və Ukraynada keçirilən beynəlxalq müsabiqələrinin laureatı Natalya Pavlenkonu dəvət edib.

N.Pavlenko dünyanın bir sıra ölkələrinin – Çexiya, Polşa, İtaliya, Fransa, Almaniya, Lyüksemburq, Serbiya və Rumıniyanın opera teatrlarında uğurla çıxış edir.

Tamaşada həmçinin Xalq artisti Samir Cəfərov (Turiddu), Əməkdar artistlər Səbinə Vahabzadə (Lüçiya), Anton Ferştandt (Alfio) və gənc solist Çinarə Şirin (Lola) iştirak edəcəklər.

Xormeyster Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.

Klassik opera sənətinin populyar nümunələrindən biri olan bu tamaşa ilk dəfə 17 may 1890-cı ildə Romanın “Konstans” teatrında səhnəyə qoyulub. Opera çox gərgin dramatik süjet xətti və zəngin musiqisi ilə operasevərlər tərəfindən sevilir və böyük marağa səbəb olur.

 





31.10.2019    çap et  çap et