525.Az

Qarabağ həsrəti, Ağdam nisgili


 

Qarabağ həsrəti, Ağdam nisgili<b style="color:red"></b>

Şeirləri ilə könüllərdə özünə abidə ucaldan, Qarabağ ağrısı ilə qovrulan Şahmar Əkbərzadənin yaradıcılığı indi də dillərdə dolaşır.

Doğulub boya-başa çatdığı Ağdam rayonunun Çəmənli kəndində tanınmış şair-publisist Şahmar Əkbərzadənin xatirəsi yad edilib. Rayon ictimaiyyətinin nümayəndələrinin, təhsil və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə mərhum şair Şahmar Əkbərzadənin həyat və yaradıcılığı barədə məlumat verilib.

Bildirilib ki, Şahmar Əkbərzadə 1941-ci il dekabrın 28-də Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olub. 1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra Şuşa Pedaqoji Texnikumunda təhsil alıb. 1960-cı ildə M.F.Axundzadə adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə qəbul olub və rus dili müəllimi ixtisasına yiyələnib. Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləyib. 1968-ci ildə Bakı şəhərinə köçərək "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Sonralar həmin qəzetdə şöbə müdiri, "Kommunist" qəzetində müxbir və şöbə müdiri işləyib. 1990-cı ildə "Mədəniyyət" qəzetini təsis edib və ömrünün sonunadək qəzetin baş redaktoru olub.

Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişib. 2001-ci ildə "Vektor" Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı 18 ildir, onun doğum günü ərəfəsində il ərzində uğurlu fəaliyyət göstərmiş qələm adamlarına verilir. Bundan başqa, 2014-cü ildə onun adını daşıyan "Şahmar Ədəbi Məclisi" təsis olunub.

Tədbirdə şairin dostları Ağalar Ağayev və Qəmbər Kərimoğlu öz fikirlərini bölüşüblər. Ədəbi-bədii musiqili gecədə Şahmar Əkbərzadənin həyat və yaradıcılığına həsr olunmuş videoslaydlar göstərilib, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri şairin şeirlərini söyləyiblər.

Sonda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Şahmar Əkbərzadənin qardaşı Ramiz Əkbərov çıxış edərək, şairin insan sevgisi, vətənpərvərlik kimi həmişəyaşar duyğular bəxş edən poeziyasının hər zaman yaşayacağını və müəllifini də yaşadacağını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini ifadə ediblər.

Adı ədəbiyyat tarixində əbədi yaşayacaq Şahmar Əkbərzadənin torpaq həsrəti bu misralarda sanki haray çəkir:

Bu payız küsəcək məndən Qarabağ,
Yollarda qalacaq gözü yolların.
Payım budaqlardan özün asacaq,
Bağrı çatlayacaq gülöyşə narın.
Üstə dizin-dizin iməklədiyim
Torpağın könlünü nə təhər alım?

Salman ALIOĞLU

 





31.10.2019    çap et  çap et