525.Az

Nazir: "Milli Parklarda 111 turizm marşrutu yaradılıb"


 

Nazir: "Milli Parklarda 111 turizm marşrutu yaradılıb"<b style="color:red"></b>

"Azmeşəli ölkə kimi meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Ölkə ərazisinin 95 %-nin qazla təmin olunması hesabına meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb".

APA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir qeyd edib ki, meşəyə qulluq məqsədilə tədarük olunan oduncaq qazlaşmayan yaşayış məntəqələrinin sakinlərinə, təhsil, səhiyyə müəssisələrinə, Müdafiə Nazirliyinin, Daxili və Sərhəd Qoşunlarının hərbi hissələrinə qış yanacağı kimi verilir: "Tədarük olunan oduncaq 2019-cu il üzrə 62 min kub metrdir. Meşə fondunun açıq sahələri ərzaq təhlükəsizliyini təmin etmək və ərzaq bolluğu yaratmaq məqsədilə hüquqi və fiziki şəxslərə aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilir. Meşələrin mühafizəsini və yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında müşahidə kameraları quraşdırılıb və bu istiqamətdə işlər davam edir. Meşələrin dayanıqlı inkişafını təmin etmək məqsədilə kənar təsirlərə daha çox məruz qalan yerlərdə yüngül konstruksiyalı çəpərləmə işləri aparılır".

M. Babayev əlavə edib ki, Milli Parklara bu ilin 9 ayı ərzində 82680 nəfər səfər edib: "Sevindirici haldır ki, əvvəlki illərdə yalnız Göygöl Milli Parkına turist marağı qeydə alınırdısa, 2019-cu ildə digər milli parklara səfər edən turist sayı orta hesabla 3 dəfəyədək artıb. Milli Parklarda 111 turizm marşrutu yaradılıb".

Nazir bildirib ki, kadr potensialını artırmaq məqsədilə meşə mühəndislərinin hazırlanması üçün gənclər Rusiya Federasiyasının və Türkiyə Respublikasının ali məktəblərinə göndərilir. O əlavə edib ki, son 1 il ərzində nazirliyin işçilərinin 10 faizi treninqlərə cəlb olunub.

 





31.10.2019    çap et  çap et