525.Az

Rüşvətə görə həbs edilən keçmiş vəkil azadlığa buraxıldı


 

Rüşvətə görə həbs edilən keçmiş vəkil azadlığa buraxıldı <b style="color:red"></b>

Rüşvət verməkdə və vəzifə saxtakarlığında təqsirləndirilən keçmiş vəkil Əliabbas Rüstəmov azadlığa çıxıb.

APA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə sabiq vəkilin çəkilməmiş cəzası şərti cəza ilə əvəzlənib.

O məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, 2014-cü ilin iyun ayının 30-da Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata əsasən, “Yasavul” MMC-nin direktoru olan keçmiş vəkil Ə. Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Ə. Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib.
 
O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb. Baxış zamanı Ə. Rüstəmovun üzərindən 95 min manat məbləğində nağd pul, habelə xidməti otağından ibtidai istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb. O, CM-nin 312.2-ci (rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə onun cəzasından 1 il çıxıb və barəsində qəti olaraq 6 il müddətə azadlıqdan məhrum edilmə cəzası saxlanılıb. Xatırladaq ki, Ə. Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.

 





01.11.2019    çap et  çap et