525.Az

İnsan olaraq - Fidan Malik yazır


 

İnsan olaraq - <b style="color:red">Fidan Malik yazır</b>

İnsan kimi çox ağıllıyıq. Ən azından böyük əksəriyyətimiz belə sayılırıq. Hətta o qədər ağıllıyıq ki, özümüzün başqalarını müzakirə və mühakimə etmək, hətta yol göstərmək, məsləhət görmək hüququna sahib olduğumuzu düşünürük (Sözsüz ki, bu həyat yolunda bizə bələdçi olan valideynlərimizə və ya müəllimlərimizə şamil edilmir). Özümüzə peşə, sənət seçirik. Bəzən işimizdən razı, bəzən də narazı oluruq. Lakin bəzən də başqasının gördüyü işdən dolayı özündən və işindən narazı oluruq. Belə də olur.

Bəzi peşə sahibləri var ki, onlara və gördükləri işə yuxarıdan aşağı baxırıq. Sanırıq ki, zamanında oxumamış, təhsillərini davam etdirməmiş və haqlı olaraq bu işi görməyə məhkum insanlardır. Məhkum dedikdə bəlkə bir az sərt səslənir. Lakin bu, onların məhkumiyyəti deyil, bizim onları belə görməyimizdir. Sözsüz ki, onlar bu işi görməyə də bilərlər. Bu, onların öz seçimidir. Lakin həyatın bəzən çox qəribə oyunları olur. Kimi harada haqlayacağı bəlli deyil. Bəs görəsən, onların yerinə biz bu işləri görə bilərikmi? Axı, gördükləri işin çox asan olduğunu zənn edirik. Əsla! Özümüzü onların yerində görməyi ağlımızdan belə keçirmirik. Onların gördüyü işi özümüzə layiq bilmirik, hətta iş qiyafələrində olduqları təqdirdə özümüzü onlarla bir məkanda təsəvvür belə etmirik. Amma nədənsə yediyimiz bulkanın kağızını, içdiyimiz suyun qabını, siqaret kötüyünü, tum qabıqlarını, saqqızı və daha necə "gözəllikləri" yerə atmağı ayıb saymırıq. Maşının pəncərəsini açıb zibili havaya uçurmağı özümüzə ar bilmirik. Oturduğumuz, gəzdiyimiz yerdə təmizliyə riayət etməyi özümüzə vacib bilmirik və övladlarımıza aşılamağa tənəzzül belə etmirik. Niyə də edək?!. Axı, bunun üçün bu işi görən insanlar var! Yan baxdığımız insanlar...

Halbuki onlar cəmiyyət konveyerinin dayanmadan işləyən əvəzolunmaz hissələridir. Onlar insanlığın rahatlığı və təmizliyi üçün çalışan insanlardır.

Təmiz küçələr, təmiz iş otaqları, təmiz xəstəxanalar, təmiz elm ocaqları, təmiz ticarət mərkəzləri, nəhayətində təmiz şəhər. Bunlar hamısı bəzən xor baxdığımız, bəzən yan keçdiyimiz həmin bu insanların əməyidir.

Onlar biz hələ evimizdəykən səhərin ala-toranlığında işə yola düşən insanlardır. Bəzən öz işlərini çatdırmayıb bizim iş saatımıza təsadüf etdikləri zaman onlar üçün qiyamət qopardığımız insanlardır.

Onların gördüyü iş bizə görə bəlkə də çətin deyil. Lakin onlara görə çox çətindir. Təkcə fiziki olaraq yox, həm də mənəvi olaraq. Onların əməyinin istismar olunduğu halda, insan olaraq bizlərdən biri olduğu halda xor görüldükləri üçün. Aralarında heç də hamısının təhsilsiz olmayıb, bəzən alitəhsilli olaraq, lakin məcburiyyətdən bu işi gördüyü üçün. Övladlarının cəmiyyətin qınağından dolayı onların işindən utandıqları üçün. Halbuki onların da gördüyü işin sadəcə bir iş olduğunu, geyindiklərinin isə bir iş uniforması olduğunu və özlərinin də bizim kimi bir insan olduğunu anlamayacaq qədər insan olaraq cahilik.

Bəzən bu insanların cəmi bir gün öz işlərini görməsələr, nə olacağını heç düşünmürük. Küçədə uçuşan torbalar, natəmiz otaqlar, boşaldılmamış zibil qutuları, altı tum qabıqları ilə dolu skamyalar və daha nələr-nələr. Etiraf edək ki, heç də göz oxşayan mənzərə olmadı.

Bəzən layiqincə işlərinin öhdəsindən gələ bilmədikləri üçün bu insanları qınayır, hətta danlamağa belə özümüzdə cürət tapırıq. Bəs görəsən, öz işlərimizdə müəyyən səbəblər üzündən heçmi nöqsanımız olmur? Yoxsa biz sadəcə bizim yorulmağa, xəstələnməyə, problemlərimizə görə dağınıqlığa haqqımız olduğunu düşünürük. Sözsüz ki, müəyyən peşə sahələri var ki, orada nöqsan bağışlanmazdır. Lakin nəticədə biz insanıq. Səhvləri və zəif nöqtələri olan, mükəmməl olmadığı halda özünü mükəmməl sanan bir insan.

Biz bu peşələri seçmək məcburiyyətində deyilik. Onların yerinə işlərini görmək məcburiyyətində də deyilik. Lakin bir insan olaraq yaşadığımız, işlədiyimiz mühitin öz payımıza düşən təmizliyinə riayət etsək, heç olmaya çirkləndirməsək, onların işini xeyli yüngülləşdirmiş olarıq.

Həyat bizə başqa bir işdə işləmək və ya daha dəbdəbəli görünmək şansı veribsə, bu, bizim üstünlüyümüz yox, insan olaraq bu həyatda imtahanımızdır.

 





01.11.2019    çap et  çap et