525.Az

Tanıyaq və tanıdaq: Həmid Ənbaz


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Həmid Ənbaz </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
 
Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru

Həmid ƏNBAZ

1971-ci ildə Əhər şəhə rində dünyaya gəlib. İlk və orta təhsilini doğulduğu şəhərdə alıb.

Təhsilini başa vurduqdan sonra İran-Əfqanıstan sərhədində hərbi xidmət keçməklə yanaşı, "Kurəh Rəcəb Əlizadə" adlı bir kənd məktəbində öyrəncilərə dərs verməyə başlayıb.

Ustad Mikayıl Azaflını mütəmadi olaraq radioda dinləyən gənc şair Hamid aşıqdan bəhrələnərək şeirlər yazmağa başlayıb.

Həmidin şeirləri qoşma, təcnis, gəraylı və ümumiyyətlə, aşıq yaradıcılığı janrlarındadır.

Qədrimi bil

İndi mənim qədrimi bil,
Yaşım yüzə dönəndə yox.
Kölgəm düşür yerə indi,
İzim izə dönəndə yox.

Yurdum, yuvam, elim isti,
Danışıram dilim isti,
Nə qədər ki əlim isti,
Əlim buza dönəndə yox.

Ac da mənəm, tox da mənəm,
Var da mənəm, yox da mənəm,
Az da mənəm, çox da mənəm,
Çoxum aza dönəndə yox.

Çox yaraşır üzə gülüş,
Yanaqlarda süzə gülüş,
Qonaq gəlsin bizə gülüş,
Kədər bizə dönəndə yox.

Yaranmışıq yaşamağa,
Deyib-gülüb kef-damağa,
"Həmid" deyib düş sorağa
Torpaq üzə dönəndə yox.

Dil verib

Mən yazığın günahı nə?
Yaradan mənə dil verib.
Bir-birinə arxa duran,
Oba veribdi, el verib.

Tariximizi bilməsəm,
Coğrafyamı özgə çəkər.
Öz dilimdə düşünməsəm,
Torpağımı özgə əkər.

Ana südü haram olsun,
Öz dilinə xor baxanın.
Öz dilini ar bilənin,
Həqiqətə kor baxanın.

Qarğanı

Qızılgül ləçəkləri şələ bürünər,
Bülbül ötür, nadan sevir qarğanı.
Hər səhər sevgidən Günəş doğmasa,
Külək sümüyü dondurar qar, qanı.

Qızıl quş yuvasın sar ala bilməz,
Bülbül sevgi alar, sar ala bilməz.
İgid susmaz, qorxmaz, sarala bilməz,
Sədaqət ruhudur, həm ilqar qanı.

Yar yar olsa, yalan olmaz yar andı,
Həqq kökündən Molla Əli yarandı,
Agah ol ki, həqq nahaqı yarandı,
Həqq üstə axıdıb Zülfüqar qanı.

Halal eylə, gələmmirəm...

"Günəşli" yatağındakı qəzada həlak olanların xatirəsinə.
 
Son görüşüm mesaj oldu,
Halal eylə gələmmirəm.
Gözlərimlə yol çəkirəm,
Halal eylə, gələmmirəm.

Bir yanım od, bir yanım su,
Nə söz qanır, nə də ki sov.
Umud töküb əlimə su,
Halal eylə, gələmmirəm.

Kərəm yoxdu suda, odda,
Səs verən yoxdu fəryada.
Tanrı özü çatsın dada,
Halal eylə, gələmmirəm.

Sanki yanar dağdı, alov,
Nəfəsləri boğdu alov,
Dalğalara qoğdu alov,
Halal eylə, gələmmirəm.

Suda, odda yürüş çəkir,
Günahsızın qanın tökür,
Ürəklərə nisgil əkir,
Halal eylə, gələmmirəm.

Kimi qala, kimi itə,
Çağlar gəlib keçib ötə,
Görüş qalsın qiyamətə,
Halal eylə gələmmirəm.

 





01.11.2019    çap et  çap et