525.Az

Ümumdünya Səhiyyə Təşkilatı jurnalistlər üçün seminar keçirib


 

Ümumdünya Səhiyyə Təşkilatı jurnalistlər üçün seminar keçirib<b style="color:red"></b>

“Azərbaycanda yaşı 30-dan yuxarı olan insanların əsas ölüm səbəbi qeyri-yoluxucu xəstəliklərdir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda keçirilən seminarda deyib. Onun sözlərinə görə, Azərbaycanda insanlar arasında ən çox yayılan qeyri-yoluxucu xəstəlik hipertoniyadır (qan təzyiqinin yüksəlməsi).

Hipertoniyanın insanlarda ürək qan-damar xəstəliklərinə, xüsusilə insult və infarkta səbəb olduğunu qeyd edən H.Harmancı əlavə edib ki, Azərbaycanda insanlar arasında bundan sonra daha çox yayılan xəstəliklər şəkərli diabet, xərçəng, xroniki tənəffüs yolları xəstəlikləridir: "Qeyri-yoluxucu xəstəliklər adətən genetik, fizioloji, ətraf mühit və davranış faktorlarının kombinasıyası olan və uzun müddət davam edən xroniki xəstəliklərdir. Tütündən istifadə, fiziki hərəkətsizlik, havanın çirklənməsi, spirtli içkilərdən istifadə, qeyri-sağlam pəhriz qeyri-infeksiyon xəstəliklərdən əziyyət çəkən insanların sayının artmsına səbəb olur.

ÜST rəsmisi qeyd edib ki, Avropada ölümlərin təxminən 90 faizini təşkil edən qeyri-infeksiyon xəstəliklər əhalinin rifahına, xəstələrin müalicəsi üçün çalışan səhiyyə sistemlərinin inkişafına, bütövlükdə bölgənin iqtisadi inkişafına və artan qeyri-bərabərliyə ciddi təsir göstərir:

"Bu yük aşağı və ortagəlirli ölkələrdə qeyri-bərabər dərəcədə artmaqda davam edir. Həssas qrupun üzvü olan və sosial cəhətdən imtiyazsız insanlar yüksək sosial statusa malik insanlardan daha tez xəstələnir və dünyasını dəyişirlər. Çünki onların tütün və qeyri-sağlam pəhriz kimi zərərli məhsullara məruz qalma riskləri daha yüksəkdir və tibbi xidmətlərə məhdud çıxışları var".

Onun sözlərinə görə, Azərbaycanda siqaretlərin tək-tək, ədədlə satılması yeniyetmələrin ona əlçatanlığını artırır: "Siqaretlərin tək-tək satılması düzgün deyil". ÜST rəsmisi vurğulayıb ki, tütünlə kofein insanda demək olar ki, eyni səviyyədə asılılıq yaradır. H.Harmancı əlavə edib ki, tütündən imtina edilmə sistemi yaradılmalıdır. Bu sistem işlək olmalı və hər kəs tərəfindən dəstəklənməlidir: "Amma bu, asan məsələ deyil. Çünki bizimlə mübarizə aparan milyard dollarlıq tütün sənayesi var. Onlar tütünün reklamı üçün milyon dollarlar xərcləyirlər. Biz isə buna qarşı az vəsaitlə mübarizə aparmağa çalışırıq".

H.Harmancı Azərbaycanda tütünçəkmə ilə mübarizə sahəsində qoyulan bəzi məhdudiyyətlərə əməl edilmədiyini də söyləyib: "İçərişəhər tütündən azad zona elan edilib. Amma bu, belə deyil, buna əməl edilmir, insanlar kafelərdə tütün çəkməkdə davam edirlər".

H.Harmancınin dediyinə görə, iqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələr sırasına aid edilən Azərbaycanda körpə ölümü göstəricisi yüksəkdir. İqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələrdə körpə ölümü əmsalı (hər 1000 diridoğulan arasında) 9-10 səviyyəsindədir. Amma Azərbaycanda bu göstərici 19-dur.

ÜST rəsmisi Azərbaycanda ana ölümü göstəricisinin də iqtisadi inkişaf səviyyəsi orta və yüksək olan ölkələrlə müqayisədə yüksək olduğunu bildirib: "Əgər problemlərin səbəbləri bilinərsə, onun qarşısı alına bilər. Ana doğuş zamanı qanaxmadan ölməməlidir. Əgər bir ana qarşısı alına bilən qanaxmadan ölürsə, bu, ciddi problemdir. Hər bir ölkədə, o cümlədən, Azərbaycanda da ana ölümlərini araşdıran qurumlar var. Lakin vəziyyəti yaxşılaşdırmaq üçün daha çox işlər görülməlidir".

H.Harmancının sözlərinə görə, Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılma göstəricisi 12-14 faizdir. Bunu olduqca aşağı rəqəm sayan H.Harmancı bildirib ki, körpələrin ana südü ilə qidalandırılması faizinin artması üçün addımlar atılmalıdır. O əlavə edib ki, Azərbaycanda spirtli içkilərdən istifadə halları Rusiyada olduğu qədər qədər çox deyil. Amma buna baxmayaraq, ölkədə spirtli içkilər üçün vergi yükü artırılmalı, onların reklamı qadağan edilməlidir. Azərbaycanda ölümə səbəb olan xəstəliklər sırasında ürək-damar xəstəlikləri ilk yerdə dayanır. Bu xəstəliklərin yaranmasının əsas risk faktorlarından biri tütündür.

Azərbaycanın səhiyyədə nailiyyətlərindən bəhs edən ÜST rəsmisi vurğulayıb ki,  "Azərbaycan 2002-ci ildə poliomeilitdən azad ölkə statusu alıb, 2003-cü ildən Su və Sağlamlıq Protokolunun iştirakçısıdır, 2005-ci ildə "Tütünə qarşı mübarizə haqqında" ÜST-nin Çərçivə Konvensiyasını retifikasiya edib və 2006-cı ildə İİV-dən müalicə xidməti verməyə başlayıb: "Həmçinin, 2007-2014-cü illərdə Azərbaycan ana ölümlərinin nisbətinin hər 100 min diri doğuşa görə 35.5-dən 14.6-a endirilməsinə nail olub, 2013-cü ildən malyariyaya yoluxma halları qeydə alınmayıb, dünyada növünə görə yeganə olan həbsxanalarda vərəmin profilaktıkası və nəzarəti üzrə ÜST-lə Əməkdaşlıq Mərkəzi yaradılıb. 2016-cı ildə isə qızılca və məxmərək eliminasiyası statusu alıb".

Qeyri-yoluxucu xəstəliklər üzrə ÜST-nin kommunikasiya mütəxəssisi Tina Kiaer isə öz çıxışında tütün, spirtli və enerji içkilərin insan həyatına, sağlamlığına təhlükəsindən bəhs edib. Bu kimi məhsulların reklamlarının qadağan olunmasının və sponsorluqlarının ləğv olunmasının, ümumiyyətlə alüdəçiliyə qarşı tədbirlər çərçivəsində insanları maarifləndirmədən əlavə mütləq qanunvericiliklə təsdiq edilmiş qanunlar tətbiq olunmasının və pərakəndə spirtli içkilərin fiziki əlçatanlığına məhdudiyyətlər tətbiq etməyin vacibliyini vurğulayıb. Buna misal olaraq insanların alüdəçiliyinin azaldılması üçün spirtli içkilərdə və tütün məmulatlarında verginin artırılması ilə qiymətlərin bahalaşdırılaraq alüdəçiliyin azaldılması təcrübəsinin bir çox ölkələrdə həyata keçirildiyini və müvəffəqiyyət əldə olunduğunu bildirib.

Qeyd edək ki, iki gün davam edən seminar çərçivəsində jurnalistlər arasında sorğu keçirilib və sorğunun nəticələrinə əsasən müzakirələr aparılıb. Jurnalistlərin sualları cavablandırılıb, onların mövzu ilə bağlı ideya və təklifləri dinlənilib.

S.QARAYEVA

 





01.11.2019    çap et  çap et