525.Az

Ermənistan 120 dövlətə qarşı: bu ölkə XİN-nin bəyanatı xəstə təfəkkürün məhsuludur


 

Ermənistan 120 dövlətə qarşı: <b style="color:red">bu ölkə XİN-nin bəyanatı xəstə təfəkkürün məhsuludur</b>

İşğalçılıq siyasətinə görə təcrid vəziyyətinə düşən, beynəlxalq aləmdə heç bir nüfuza malik olmayan Ermənistan tərəfi Azərbaycanın uğurlarını həzm edə bilmir, ölkəmizə qarşı hər fürsətdə qaralama kampaniyası aparmağa çalışır.
 
Azərbaycanın apardığı uğurlu xarici siyasət, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar dövlətimizin dünyada mövqelərini daha da möhkəmləndirməkdə, nüfuzunu artırmaqdadır. Məhz buna görə də Bakı həm də mühüm əhəmiyyətli, dünyamiqyaslı tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də 25-26 oktyabr tarixlərində Bakıda yüksək səviyyədə keçirilmiş Qoşulmama Hərəkatının 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşüdür. Bu görüş bir neçə məqamdan uğurlu oldu. Ən əsası isə yekun sənəddə bütün üzv 120 dövlətin ölkəmizin ərazi bütövlüyünə dəstəyi, Ermənistanı işğalçı kimi tanıması oldu. Ermənistan Xarici İşlər Nazirliyinin bunun ardınca 28 oktyabrda verdiyi bəyanat isə uğursuz erməni xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisidir. Uğursuz və təcrid vəziyyətinə düşən Ermənistan Qoşulmama Hərəkatının üzv dövlətlərini məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham edib. Ermənistanın Qoşulmama Hərəkatının üzv dövlətlərinə qarşı bu kimi qeyri-etik və qeyri-diplomatik ifadələrdən istifadə etməsi bu ölkənin çarəsizliyinin və təlaş içərisində olmasının göstəricisidir. Beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq münasibətlərdə sivil davranışa hörmətsiz və məsuliyyətsiz yanaşan dövlət məhz Ermənistan özüdür. 

Yekun sənəddə əks olunmuş müddəalar təcavüzkar və işğalçı Ermənistanın beynəlxalq təcridinin artmasını bir daha nümayiş etdirib. Qoşulmama Hərəkatının üzv dövlətləri daxil olmaqla, dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyinin dəstəkləməsi yalnız və yalnız bu mövqenin haqlı və ədalətli olmasından irəli gəlir. 120 dövlətin səhv olması, tək Ermənistanın düzgün olması cəfəngiyatdan başqa bir şey deyil.

Azərbaycan Respublikası beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə qlobal və regional səylərə daima fəal dəstək verir, dövlətlərlərarası və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verməkdə davam edir. Bakıda mütəmadi olaraq təşkil olunan müxtəlif beynəlxalq tədbirlər, mötəbər beynəlxalq təşkilatlarda sədrliyin Azərbaycana etimad olunması dünya ictimaiyyətinin ölkəmizə verdiyi yüksək qiymətin təzahürüdür.

Bununla bağlı Azərbaycan XİN-in bəyanatında qeyd edilir ki, Qoşulmama Hərəkatının mövqeyi beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktına, Hərəkatın təməlini təşkil edən Bandunq prinsiplərinə əsaslanır. Belə ki, bütün hallarda qanunsuz güc tətbiqi, ölkələrinin beynəlxalq tanınmış sərhədlərinin və ərazi bütövlüyünün pozulması qəti şəkildə pislənilir. Təcavüzkar siyasəti ilə bölgədə sülh və təhlükəsizliyə təhdid törədən Ermənistanın iddia etdiyi kimi "təhlükəsizlik təminatçısı" qismində çıxış etməsi üçün, ilk növbədə ərazi iddialarına son verməsi və mövcud təhlükəsizlik mühitini dərk etməsi gərəkdir. Yalnız Azərbaycan hökuməti və ölkənin Konstitusiyası dövlətin ərazisində yaşayan bütün əhalinin, o cümlədən, işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin əhalisinin təhlükəsizlik təminatçısıdır və bundan sonra da belə olacaqdır.

Mövzu ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib ki, əslində, Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşündə qəbul olunan yekun sənəddən sonra Ermənistan XİN heç bir səs çıxarmamalı, yaxın müddətdə ümumiyyətlə hər hansı bəyanat verməkdən çəkinməli idi. Çünki bu addımla onlar bir daha özlərini dünyada ifşa etmiş oldular.

Ermənistanın XİN-i tərəfindən yayılan bəyanatın savadsızlıq və səriştəsizliyin göstəricisi olduğunu deyən politoloq söyləyib ki, görünür, bəyanatı hazırlayanların beynəlxalq qanunlardan xəbərləri belə yoxdur: "Əslində, onların beynəlxalq hüquq haqqında anlayışlarının olmadığı normal haldır. Əks halda, vaxtilə Azərbaycana qarşı təcavüz etməzdilər".

İ.Vəlizadə söyləyib ki, Ermənistan XİN-nin bəyanatının tonu qəbulolunmazdır: "Dünya xəritəsində güclə görünən Ermənistanın dünyanın 120 ölkəsinə meydan oxumaq və ağıl öyrətmək istəyi yolverilməzdir. Ermənistan Qoşulmama Hərəkatında müşahidəçi qismində iştirak edir. Bu baxımdan işğalçı ölkə bu addımı atarkən ən azından təşkilatın nizamnaməsini vərəqləməli, hərəkatın əsas məqsədləri, prinsipləri haqqında məlumatlanmalı idi". Politoloq qeyd edib ki, Ermənistan bu bəyanatın təkcə Azərbaycan deyil, 120 ölkənin birləşərək vahid mövqe ortaya qoyması kimi qəbul etməlidir: "Ermənistan XİN-i bu addımı ilə ölkəsini 120 ölkə ilə üz-üzə qoyur. Hesab edirəm ki, bu bəyanat Qoşulmama Hərəkatına üzv olan digər ölkələr üçün bir siqnam olmalıdır. Çünki onlar Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində hansı mövqeyə malik olduğunu, zərər çəkən və işğalçı ökənin kimliyini bir daha görmüş oldular. Hesab edirəm ki, bütün bunlar nəzərə alınmalı, Ermənisanın destruktiv fəaliyyəti maksimum şəkildə məhudlaşdırılmalıdır".

Siyasi ekspert, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, Ermənistan XİN Qoşulmama Hərəkatının Bakı zirvəsinin yekun bəyanatına isterik və diplomatik tərzə qəti uyuşmayan reaksiya verib. Bu, Ermənistan rəhbərliyinin təlaş keçirməsinin əyani göstəricisidir. O bildirib ki, hərəkata üzv ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənədinin üstünlüyü, təsir gücü, özündə prinsipial yeniliyi əks etdirməsi və beynəlxalq hüquq norma, prinsiplərinə uyğun olmasındadır. Ekspert söyləyib ki, 120 dövlət tərəfindən Ermənistanın birmənalı işğalçı adlandırılması, qaçqın və məcburi köçkünlərin ləyaqətli şəkildə qayıdışının təmin olunmasına şəraitin yaradılmasının bütün üzv dövlətlərin məsuliyyət çevrəsinə aid edilməsi və faşist caninin qəhrəmanlaşdırılmasının məhz Ermənistana aid cinayət kimi xarakterizə olunması sənədin təsirli yenilikləri sayıla bilər. A.Quliyev vurğulayıb ki, Ermənistanın isterik reaksiyasının səbəbi Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə imzalanan yekun sənədin gücü ilə bağlıdır. Onun sözlərinə görə, məhz bu sənəd Ermənistanın beynəlxalq manevr imkanlarını məhdudlaşdırır, ikitərəfli əməkdaşlıqlar qurmaq işini çətinləşdirir, qondarma soyqırımının üzərindən oyunlar qurmaq imkanlarına zərbə vurur: "Ermənistan XİN-in cavab reaksiyası beynəlxalq diplomatik etiket qaydalarına qəti uyğun deyil və bu ölkənin beynəlxalq norma və prinsiplərə nə qədər sayqısız davrandığını sübut edir. Bakı sənədi işğalçı ölkənin baş naziri Nikol Paşinyanın saxta bir inqilabla Ermənistanı dünyada guya demokratik ölkə kimi tanıtmaq səylərinə öldürücü zərbə vurdu. Paşinyanın ölkəsinə hüquq dövləti imici qazandırmağa çalışdığı bir vaxtda 120 dövlət yekdil qaydada onu işğalçı adlandırdı. Dünya əmin oldu ki, işğalçı ölkə nə demokratik, nə də hüquq dövləti ola bilər". A.Quliyev əlavə edib ki, Ermənistan Bakı sənədi ilə sarsıdıcı zərbə aldı və bu zərbənin effektini Azərbaycan bütün sülh prosesi boyunca hiss edəcək.

PƏRVANƏ

 





01.11.2019    çap et  çap et