525.Az

Beynəlxalq Astronavtika Konqresinin müstəqil Azərbaycanda keçirilməsi rəmzi məna daşıyır


 

Beynəlxalq Astronavtika Konqresinin müstəqil Azərbaycanda keçirilməsi rəmzi məna daşıyır<b style="color:red"></b>

Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ölkəmizin beynəlxalq aləmdə növbəti uğurudur.

Məlumat üçün bildirək ki, bu Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Bu tədbirin əhəmiyyətini sübut edən məqamlardan biri də odur ki, Konqresin işində Amerikanın vitse-prezidenti Mayk Pens iştirak edib. Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi Azərbaycanın siyasi nüfuzunun, ölkəmizə olan inamın nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyevi qəbul edərkən bildirib ki, 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında keçirilib. 50 ildən sonra Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır: "Cəmi bir dəfə, o da Bakı şəhərində. O vaxt Ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərib ki, Sovet İttifaqında bu Konqres məhz Bakıda keçirilsin. Hesab edirəm ki, 2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt biz müstəqil deyildik, ancaq Sovet İttifaqında məhz Bakı Astronavtika Konqresinin məkanı kimi seçilib. Bu gün isə biz müstəqilik və müstəqil Azərbaycan bu böyük tədbirə ev sahibliyi edəcək".

Dövlət başçısı əlavə edib ki, növbəti 2-3 il ərzində konqresin keçirilməsi üçün böyük təşkilati işlər aparılmalıdır. Biz təqribən 6-7 min xarici qonaq gözləyirik. Bu qonaqlar dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir. Ona görə vaxt gələndə Konqresin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılacaq və əlbəttə ki, əsas hazırlıq işlərini "Azərkosmos" üzərinə götürəcək. Beləliklə, biz növbəti böyük uğura imza atdıq.

Qeyd edək ki, Konqresin keçirilməsi üçün dörd şəhər səy göstərib: Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri. Azərbaycanın bu mübarizəni qazanması isə ölkəmizin nüfuzumuzdan xəbər verir. Eyni zamanda, Azərbaycan bu gün həm də dünyada kosmik dövlət kimi tanınmaqdadır. Azərbaycan 3 peykini orbitə buraxıb: "Azerspace-1", "Azerspace-2" və "Azersky".

Mövzu ilə bağlı danışan millət vəkili,  "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Hikmət Babaoğlu deyib ki, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması müstəqil Azərbaycanın tarixində növbəti əlamətdar hadisədir. Deputatın sözlərinə görə, bu, hər şeydən öncə Azərbaycanın beynəlxalq nüfuzu və kosmik kluba üzv olması ilə bağlıdır: "Nəzərə almaq lazımdır ki, bu tədbir müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Belə bir mötəbər tədbirdə növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin inkişafı, beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi və ona olan inamın və etimadın eyni zamanda, son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlarının nəticəsidir. Hazırda Azərbaycanın 3 peyki var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Bəllidir ki, bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək üçün iddialı olan çox güclü rəqiblərimiz var idi. Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bunlar Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri idi. Ancaq bu güclü rəqibləri arxada buraxaraq ev sahibliyi hüququ əldə edə bilməyimiz bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində nə qədər böyük nüfuza sahib olmasından xəbər verməklə, həm tədbirin keçirilməsi üçün yetərli infrastruktur və lojistikaya malik olmamızın sübutudur. "Azərkosmos" qısa müddət ərzində çox böyük uğurlara imza atmaqla xidmət sahəsində ölkəmizin ən böyük ixracatçısına çevrilməyi bacarıb.

Bütövlükdə isə Azərbaycanın ixracat sektorunda üçüncü yerdədir. Bu göstərici təkcə neft və digər ənənəvi sahələrdə deyil intellektual və innovativ texnologiyalar sahəsində də Azərbaycanın mühüm uğurlar əldə edə biləcəyinin sübutudur. Ancaq bir mühüm faktı da qeyd etmək lazımdır ki, Azərkosmosun idarə olunması və müvafiq xidmətlərin ixrac edilməsi həm də yüksək dərəcədə ixtisaslaşmış kadrlar sayəsində mümkün olan bir hadisədir ki, bu da müvafiq sahədə ölkəmizdə mühüm kadr potensialının mövcudluğundan xəbər verir. Bununla yanaşı, peyk xidmətləri təkcə ixracat və valyuta əldə etmək vasitəsi deyil həm də ölkəmizin informasiya təhlükəsizliyinin təmin edilməsi, fövqəladə hallarla bağlı önləyici tədbirlərin görülməsi üçün də əhəmiyyətlidir. Konqres eyni zamanda, bütün dünyanın diqqətini bir daha Azərbaycana çevirməklə növbəti mərhələdə yeni müqavilələrin imzalanması, yeni texnologiyaların cəlb edilməsi əməkdaşlıq etdiyimiz ölkələrin sayının və coğrafiyasını genişlənməsi hadisəsi olacaq ki, bu da ölkəmizdə kosmik sənayenin inkişafı üçün yeni perspektivlər yaradacaq".

Milli Məclisin deputatı Azər Badamov isə bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu gündən-günə artmaqdadır. Dünya ölkələri tərəfindən Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir. Son vaxtlar ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirilməsi buna sübutdur: "Biz bu günlərdə Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşünü Bakıda keçirdik. Bu toplantıda 159 ölkə və beynəlxalq təşkilatdan olan nümayəndələr iştirak edirdi. Azərbaycanın bu hərəkata sədrlik etməyə başlaması onun nüfuzunun göstəricisidir. Bir neçə gün bundan əvvəl ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması da təbii ki, ölkəmizin inkişafı ilə birbaşa bağlıdır".

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə innovasiyaların və texnologiyaların inkişaf etdirilməsi istiqamətində böyük addımlar atılıb, layihələr həyata keçirilib:

"Məhz bu addımların nəticəsidir ki, bu gün Azərbaycan kosmik klubun üzvünə çevrilib. Bu gün Azərbaycanın 3 peyki var və dünyanın 1/3-nə kosmik xidmətlər göstərir. Yəni belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinə dünya dövlətlərinin dəstək verməsi heç də təsadüfi deyil. Bilirsiniz ki, dörd şəhər konqresin keçirilməsi üçün səy göstərirdi. Bunlar Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri idi. Onların arasında Azərbaycana üstünlük verilməsi ölkəmizin bugünkü imkanları, Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması və beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək təcrübəsi ilə bağlıdır".

PƏRVANƏ

 





01.11.2019    çap et  çap et