525.Az

UNEC-də "Elm həftəsi"


 

BEŞ GÜN, BEŞ AKTUAL MÖVZU MÜZAKİRƏ OLUNUB

UNEC-də "Elm həftəsi"<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) oktyabrın 21-dən 25-dək "Elm həftəsi" keçirilib. "Elm həftəsi" çərçivəsində 5 gün ərzində UNEC-in 5 tədqiqat mərkəzinin - Avropa İqtisadiyyatı Mərkəzinin, Ermənistan İqtisadiyyatını Araşdırma, Səhiyyə İqtisadiyyatı Tədqiqat, Ekonofizika Tədqiqat və Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzlərinin hər birində profilinə uyğun olaraq aktual mövzulara həsr olunan müzakirələr aparılıb.

"Elm həftəsi" çərçivəsində ilk tədbir UNEC Avropa İqtisadiyyatı Mərkəzi ilə təşkil olunub.

Tədbirdə çıxış edən rektor, professor Ədalət Muradov UNEC-in tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində görülən işlərdən söz açıb. UNEC-də elmi jurnalların təsis edildiyini, elmi tədqiqatları stimullaşdırmaq məqsədilə 4 ilə yaxındır tətbiq edilən Differensial Əmək Haqqı Sistemində göstəricilərn 70%-nin elmi fəaliyyətlə bağlı olduğunu, nüfuzlu elmi jurnallarda çap olunan məqalələrə görə 4000 manatadək qonorarın təyin edildiyini bildirib. Professor Ədalət Muradov UNEC-də müəllimlərin iki qrupa - pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər və tədqiqatçı müəllimlərə ayrıldığını diqqətə çatdırıb. Tədqiqatçı müəllimlərin əmək haqqının digərlərinə nisbətən 50% artacağını vurğulayıb. UNEC-də müxtəlif elmi tədqiqat istiqamətləri üzrə ixtisaslaşmış tədqiqat mərkəzlərinin yaradıldığından söz açan rektor, əsas məqsədin tədqiqat potensialı olan şəxsləri aşkarlamaq, eyni zamanda, xaricdə yaşayan azərbaycanlı alimləri UNEC-də həyata keçirilən tədqiqatlara cəlb etmə olduğunu deyib.

Rektor bildirib ki, belə tədqiqat mərkəzlərindən biri də UNEC Avropa İqtisadiyyatı Mərkəzidir. Mərkəzin rəhbəri Elxan Riçard Sadiq-Zadə isə çıxışı zamanı deyib ki, Qərbi Avropada ətraf mühit probleminin yaranma səbəblərini açıqlayan məruzəçi sənayeləşmə və qlobal iqlim dəyişməsini əsas faktorlar kimi göstərib. Alim problemin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə təsirini riyazi və iqtisadi modellər əsasında təhlil edib. Bildirib ki, qlobal dəyişiklik daha çox inkişaf etməkdə olan tropik ölkələrə təsir edəcək.

E.Sadiq-Zadə təbii qazın emissiyasından, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, Balkan ölkələrinin qazlaşdırılması məhz həmin layihəyə əsasən aparılacaq.

Təqdimatdan sonra iştirakçıların ekologiya ilə iqtisadiyyatın qarşılıqlı əlaqələri, "holland sindromu"nun iqtisadiyyata təsiri, elektromobillik, elektrik enerjisinin tətbiqinin artırılmasının ətraf mühitə təsiri və digər sualları cavablandırılıb.

"Elm həftəsi" çərçivəsində "Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri" mövzusunda növbəti tədbir təşkil olunub.

Tədbirdə çıxış edən rektor Ədalət Muradov bildirib ki, Ermənistanın mövcud iqtisadi durumunu və gələcək iqtisadi inkişafını araşdırmaq və müvafiq dövlət qurumlarını və ictimaiyyəti bu barədə məlumatlandırmaqdır. Ermənistan iqtisadiyyatının Azərbaycan iqtisadiyyatından müqayisəolunmaz dərəcədə zəif olduğunu bildirən Ədalət Muradov Prezident İlham Əliyevin bütün dünyaya bəyan etdiyi "Qarabağ Azərbaycandır!" tezisinin tədqiqatlarda əsas tutulacağını diqqətə çatdırıb.

UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Mehdiyev Ermənistan iqtisadiyyatı ilə bağlı araşdırmaların aparılması ideyasını alqışladığını bildirib. Ermənistanın iqtisadiyyatının öyrənilməsinin vacibliyindən danışan mərkəz rəhbəri iqtisadiyyatın tarixinə qısa nəzər saldı. Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) tikintisinə diqqət çəkən məruzəçi, ölkə enerjisinin 40 faizini təmin edən AES-in istismar müddətinin başa çatdığını, lakin ermənilərin süni şəkildə bu stansiyanın fəaliyyətini davam etdirməyə çalışdıqlarını bildirib. Q.Mehdiyev Ermənistanın Dağlıq Qarabağ və Azərbaycanın digər rayonlarının işğalı nəticəsində regionda reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı beynəlxalq layihələrdən kənarda qaldığını, kredit ödəmə qabiliyyəti olmadığı üçün iqtisadi əməkdaşlıq edə bilmədiyini bildirən professor, Ermənistan iqtisadiyyatının 75 faizinin Rusiyanın payına düşdüyünü deyib.

Çıxışdan sonra mövzu ilə bağlı suallar cavablandırılıb.

Millət vəkili Flora Qasımova Ermənistan iqtisadiyyatının araşdırılmasının vacibliyindən danışıb. UNEC-in böyük elmi potensialı ilə bu istiqamətdə böyük töhfələr vericəyini və ictimaiyyətə həqiqətlərin çatdırılacağını vurğulayıb.

Tədbir müzakirələrlə davam edib. "Humanitar fənlər" kafedrasının müdiri, professor Vəkil Həsənov ermənilərin vaxtilə Azərbaycanda böyük iqtisadi gücə sahib olduqlarını diqqətə çatdıraraq, onların sonradan bu güc sayəsində Azərbaycana qarşı soyqırımı və işğalçılıq siyasəti həyata keçirdiklərini bildirib,

"Trend" İnformasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev Ermənistan əhalisinin orta əmək haqqının məbləğini, işsizlik faizini və Rusiyadan hər il əldə etdiyi gəlirləri, UNEC-in prorektoru, professor Sakit Yaqubov bəzi inkişaf göstəricilərini açıqlayıb.

Müzakirələrdən sonra təkliflər səsləndirilib.

UNEC-də "Elm həftəsi" çərçivəsində növbəti tədbir UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində təşkil olunub.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev, tibbi sığorta üzrə mütəxəssislər və digər qonaqlar iştirak ediblər.

Rektor UNEC-də elmin müxtəlif istiqamətləri üzrə araşdırmalar aparan 30-dan çox tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin yaradılmasının əsas məqsədindən söz açıb. Bildirib ki, məqsədimiz 2020-ci ildə ölkədə tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı müvafiq qurumların yanında olmaq, onlara bu sahədə araşdırmaların aparılması və hesabatların hazırlanması istiqamətində xidmət göstərməkdir. Ölkədə bu sahədə mütəxəssis çatışmazlığının olduğunu və tədqiqatların aparılmadığını deyən Ədalət Muradov, UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində təcrübəli ekspertlər tərəfindən real sektorda baş verən problemlərin araşdırılaraq, həmin problemlərə elmi baxışların ortaya qoyulacağını bildirib.

Rektor son 5 ildə UNEC-də 602 gənc müəllimin işə qəbul olunduğunu diqqətə çatdıraraq mərkəzin rəhbəri, "Beynəlxalq iqtisadiyyat" kafedrasının müəllimi Mirsahib Eminovun da məhz həmin gənclərdən olduğunu deyib.

Təqdimatdan sonra iştirakçıların səhiyyənin maliyyələşdirilməsi mexanizmləri, maliyyə mənbələri, dövlət büdcəsindən icbari sığortaya ayrılan vəsaitin məbləği, adambaşına düşən tibbi sığorta xərcləri və mövzu ilə bağlı digər sualları cavablandırılıb.

Millət vəkili Musa Quliyev icbari tibbi sığortanın qarşılaşa biləcəyi problemlərdən və onların həlli yollarından danışıb. Tibbi texnologiyaların inkişafı nəticəsində dünyada səhiyyə xərclərinin artdığını deyən millət vəkili, Azərbaycanda və digər ölkələrdə adambaşına düşən səhiyyə xərclərinin miqdarını açıqlayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin yaradılmasının əhəmiyyətindən danışıb. Ölkədə səhiyyə xərcləri ilə bağlı dəqiq məlumatların əldə edilməsində çatışmazlıqların olduğunu bildirib. Z.Əliyev UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində bu istiqamətdə faydalı elmi araşdırmaların aparılacağına əminliyini ifadə edib.

Sonda rektor Ədalət Muradov UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində icbari tibbi sığorta ilə bağlı vahid məlumat və statistik baza formlaşdırılacağını, mərkəzin ekspertlərindən ibarət işçi qrupu tərəfindən icbari tibbi sığortanın uğurla tətbiq olunduğu postsosialist ölkələrdə bu sistemin tətbiqi zamanı üzləşdikləri problemlər və onların aradan qaldırılması yolları ilə bağlı kitabçanın hazırlanacağını bildirib. Həmçinin, UNEC-in müəllim və tələbələrindən ibarət "İcbari tibbi sığorta" elçilər komandasının formalaşdırılacağını və regionlarda maarifləndirici tədbirlərin aparılacağını qeyd edib. Rektor Tədqiqat Mərkəzi tərəfindən ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xidmətin keyfiyyətinin monitorinq sisteminin və maliyyə vəsaitlərinin səmərəliliyi ilə bağlı diaqnostik sistemin yaradılacağını diqqətə çatdırıb. İcbari tibbi sığortaya cəlb olunan əməkdaşlara UNEC Eksterndə distant təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

UNEC-də dördüncü tədbir "Bir kəmər bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?" mövzusuna həsr olunub.

UNEC-in rektoru, professor Ədalət Muradov universitetdə "Elm həftəsi" çərçivəsində elmi fəaliyyəti canlandırmaq məqsədilə yaradılan ixtisaslaşmış tədqiqat mərkəzlərinin seminarlarının keçirildiyini bildirib. Bugünkü tədbirin "Bir kəmər bir yol" mövzusuna həsr olunduğunu deyən rektor, bu layıhənin Azərbaycan iqtisadiyyatına böyük töhfələr verə biləcəyini deyib. Bunun üçün "Bir kəmər bir yol" layihəsi ilə bağlı ciddi tədqiqatlara ehtiyac olduğunu diqqətə çatdıran Ədalət Muradov tədbirin UNEC-in Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin və "Rəqəmsal iqtisadiyyat və İKT" kafedrasının təşəbbüsü ilə təşkil olunduğunu qeyd edib.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə UNEC-də iqtisadiyyatın və elmin aktual mövzularına həsr olunan müzakirələrin aparıldığını və tədqiqatların genişləndirildiyini bildirib. Müzakirə olunan mövzunun əhəmiyyətini diqqətə çatdıran akademik, Qədim İpək Yolunun bərpası ilə bağlı 90-cı illərin əvvəllərində onun rəhbərliyi ilə aparılan tədqiqatlardan söz açıb. Azərbaycanın qlobal dünya iqtisadiyyatında ən böyük layihə sayılan "Bir Kəmər Bir Yol" layihəsinin fəal iştirakçı olduğunu bildirən komitə sədri, bu kimi layihələrin ilk növbədə ölkənin milli maraqlarına xidmət etdiyini vurğulayıb. Çinin əldə etdiyi iqtisadi uğurda məhz həmin milli maraqların qorunduğunu bildirib.

Millət vəkili Tahir Mirkişili mövzunun aktuallığına diqqət çəkərək, layihənin iqtisadi və geosiyası tərəflərindən danışıb. Bu gün ən geniş ticarətin Avropa və Asiya arasında aparıldığını deyən millət vəkili, dünya iqtisadiyyatının həcmini artırmaq üçün ölkələr arasında əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu bildirib. Millət vəkili Çinin irəli sürdüyü layihənin həm maliyyə, həm də əhatəlilik baxımından çox böyük olduğunu, 65 ölkəni əhatə edən layihəyə təxminən 4 trilyon dollara qədər vəsaitin qoyulmasının nəzərdə tutulduğunu deyib. "Bir kəmər Bir yol" layihəsində 6 marşrutdan yalnız birinin Azərbaycandan keçdiyini və Azərbaycanın layihənin yükdaşımalarında ən zəngin "dəhlizə" malik olduğunu diqqətə çatdırıb. Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə qarşılıqlı inkişaf etdiyini və hər iki ölkə arasında xarici ticarət dövriyyəsinin son 9 ayda 2,4 dəfə artdığını deyən millət vəkili Azərbaycanın informasiya tranzitində də maraqlı olduğunu bildirib. T.Mirkişili ölkənin "Bir kəmər bir yol" layihəsində mərkəzi rola sahib olması üçün insan kapitalına ehtiyac olduğunu vurğulayıb. O, universitetlərin kadr hazırlığında aparıcı rol oynadığını və UNEC-in bu istiqamətdə güclü elmi potensialının olduğunu qeyd edib.

"Bir kəmər bir yol" Alyansı Baş katibinin elm və texnologiyalar üzrə müavini Li Renying çıxış edərək, UNEC-in təşəbbüsü ilə keçirilən tədbirin "Bir kəmər bir yol" layihəsində Azərbaycanın və Çinin iqtisadi maraqlarının öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Azərbaycanlı və çinli alimlərin əməkdaşlıq istiqamətində araşdırmalar aparmasına və yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac olduğunu diqqətə çatdıran L.Renying unversitetlərin bu baxımdan böyük rol oynadığını diqqətə çatdırıb. Sonra çinli alim "Bir kəmər bir yol" layihəsinin məqsədi və perspektivləri barədə təqdimatla çıxış edib.

S.QARAYEVA

 





02.11.2019    çap et  çap et