525.Az

Taxtakörpüdə İlham Qəhrəmanın 60 illiyi qeyd edilib - Foto


 

Taxtakörpüdə İlham Qəhrəmanın 60 illiyi qeyd edilib - <b style="color:red">Foto </b>

Noyabrın 1-də Laçın raoyunundan məcburi köçkün düşmüş əhalinin kompakt şəkildə məskunlaşdığı Ağcabədi rayonu Taxtakörpü ərazisində şair İlham Qəhrəmanın 60 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
 
Mədəniyyət Evində keçirilən tədbirə Laçın Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, mədəniyyət xadimləri, rayon ağsaqqalları, təhsil işçiləri, söz adamları, poeziyasevərlər qatılıblar.

Yubiley tədbirini Laçın rayon Mədəniyyət Mərkəzinin direktoru Sadıq Axundov açıb. O, çıxışında İlham Qəhrəmanı Azərbaycanın çox istedadlı və dəyərli qələm sahibi kimi xarakterizə edib, onun Laçın, Qarabağ həsrətli şeirlərindəki səmimiyyətdən danışıb.

Sonra söz alan təndiqçi Əsəd Cahangir çıxışına laçınlılara sevgisindən, dədə-babalarının tərəkəmə kimi dağa-arana getməsindən və bu zaman Laçın dağlarında yurd salmalarından və onlardan eşitdiyi xatirələrdən başlayıb. Daha sonra bir ədəbiyyat tənqidçisi kimi bu gün həmyerliləri arasında yubileyi qeyd edilən İlham Qəhrəmanın yaradıcılığına dərindən bələd olduğunu, şairin indiyə qədər çap olunan 10 kitabından üçünə ön söz yazdığını deyib. Natiq yubilyarı həmişə vətəndaş mövqeyi ilə seçilən, vətənini, xalqını ürəkdən sevən, onun maddi və mənəvi dəyərlərinin üstündə yarpaq tək əsən şair kimi xarakterizə edib. O, İlham Qəhrəman yaradıcılığının yalançı vətənşüvənlikdən, bayağılıqdan uzaqda durduğunu, şeir dilinin aydın olduğunu dilə gətirib. Ə.Cahangir çıxışında yubilyarın yaradıçılığından nümunələr gətirərək onu şeirdə obrazla danışmağın ustası adlandırıb.

Yubilyar İlham Qəhrəman indiyə qədər Bakıda, Salayanda və başqa məkanlarda olan yubiley tədbirlərindən sonra doğma laçınlılar arasında keçirilən tədbirin onun üçün xüsusi əhəmiyyət daşıdğını deyib. Laçının simasının onun füsunkar təbiəti, dağları, mənzərələriylə yanaşı, həm də adamlarının olduğunu qeyd edən şair bu gün doğma yurdun əlçatan olmasa da, adamlarıyla bir yerdə olduğuna çox sevindiyini vurğulayıb.

Laçın Rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdiri Məhəmməd Şahbazov yubilyarın yaradıcılığının laçınlılar arasında çox sevildiyini, onun folklor kitablarının dəyərli olduğunu bildirib, bu nümunələrin tariximiz üçün əhəmiyyətindən danışıb. O, rayon ictimaiyyəti və Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli adından yubilyarı təbrik edib. 

Bundan sonra məclis rəngarəng axarla davam edib. Aparıcı bir yandan Fəxri Mədəniyyət işçisi aşıq Nizami Şirinovu,  aşıq Vidadi Mövlamverdiyevi, aşıq Təbriz Sadıqovu, 6-cı Muğam Müsabiqəsinin laureatı, gənc muğam müəllimi Qəmbər Axundovu, Şamkənd kənd uşaq musiqi məktəbinin şagirdi Tacir Alxanovu, aşıq Əbdüləli Axundovu, şair-aşıq Amil Bəxtiyarı, Elvin Axundovu oxumaq və ifa üçün, bir yandan da  ədəbiyyat müəllimi, şair Eynulla Sadığı, Raziyyə Laçını, 552 saylı Tam Orta məktəbin direktoru Abuzər Abuzərovu, 37 saylı Tam Orta məktəbin direktoru Bəsirə Məmmədlini, Ağcabədi şəhərindən tədbirə qatılmış şair Yusif Kamalı, tanınmış ziyalı, müəllim Qoca Qocayevi yubilyar haqqında söz demək və onu təbrik etmək üçün ard-arda səhnəyə dəvət edib. 

Məclisin sonunda söz alan İlham Qəhrəman onun yaradıcılığını dəyərləndirib belə gözəl sazlı-sözlü tədbirin keçirilməsinə dəstək verdiyinə görə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə və İcra Hakimiyyətinin işçilərinə, tədbirin bilavasitə təşkilatçısı olan Laçın rayon Mədəniyyət Mərkəzinə, sənət adamlarına, məclisi idarə edən qələm dostu Əsəd Cahangirə, tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirib.

 

 





04.11.2019    çap et  çap et