525.Az

Alban Klodu layiqincə tanıyaq... - Solmaz Rüstəmova-Tohidi yazır


 

BƏHMƏN MİRZƏ QACARIN, AXIR Kİ, BİR ÖVLADI TAPILDI!

Alban Klodu layiqincə tanıyaq... - <b style="color:red">Solmaz Rüstəmova-Tohidi yazır </b>

Neçə gündür ki, Bakı ictimaiyyəti şəhərimizin bir qonağı - Hacı Zeynalabdin Tağıyevin kötükcəsi Alban Klod adlı bir gəncin Fransadan öz baba yurdana gəlişi ilə bağlı xəbərləri maraqla izləyir.

Düzü, bu gəncin mənə Votsap vasitəsilə məktub yazıb şəxsən görüşmək arzusunu bildirməsindən əvvəl təəccübləndim, səbəbini bildikdə heyrətləndim, daha sonra isə çox-çox təsirləndim. Alban yazırdı ki, mənim adımı intetnetdə rastlaşdığı bir məlumatdan öyrənib, daha dəqiq, Bərdədə Qacarlarla bağlı yazdığım bir məqalə ilə bağlı eşidib və Bakıya səfəri ərəfəsində məni axtarmağa başlayıb. Hələ Fransada ikən Diaspora Komitəsinin sədrinə müraciət edib və Mirvari adlı bir xanım vasitəsilə telefonumu tapıb. Görüşə vaxt qoyduq. Daha sonra Diaspora və digər təşkilatlardan da zənglər gəlməyə başladı və Klodun görüşmək arzusunu çatdırdılar. Nəhayət, bu gün çalışdığım AMEA Şərqşünaslıq institutunda Albanla görüşdük və bu xoş simalı, gülərüz, mehriban, son dərəcə səmimi gəncin dediyi ilk cümlələrdən az qala şoka düşdüm. Məlum oldu ki, mənim vaxtilə FB səhifələrində, daha sonra "525-ci qəzet"də dərc olunmuş "Bəhmən Mirzə Qacar, hanı sənin övladların?!" adlı məqaləmin sərlövhəsi onun diqqətini cəlb edib, yazını qismən tərcümə etdirib və nəslinin ana tərəfdən həm də Bəhmən Mirzə Qacar ailəsinə mənsubluğunu bildiyi üçün bu "çağırışa" cavab verməyi özünə borc bilib!

Əhsən belə Övlada!!!

Bu çox ləyaqətli gənc Bəhmən Mirzə Qacar, Mirzə Fətəli Axundov və Hacı Zeynalabdin Tağıyev kimi Azərbaycan xalqının üç böyük nəslinin qanını özündə birləşdirir. 25 yaşlı Alban Klod öz səcərəsinə yaxşı bələddir və Fransadakı Azərbaycan əsilli bütün qohumlarını da tanıyır. Söhbət zamanı telefonunda bir çox yeni, orijinal ailə şəkilləri göstərdi, onlar haqda maraqlı məlumatlar verdi. Bu marağın kökündə onun öz ailə hekayətlərinə şəxsi münasibəti, öyrənmək həvəsi və təşəbbüsü ilə yanaşı, peşəkar tarixçi olması faktoru da durur və sözsüz ki, böyük rol oynayır. Qərara aldıq ki, ünsiyyətimizi davam etdirək, şəkillərlə bölüşək, bəzi faktları dəqiqləşdirək, gələn səfərində (2020-ci ilin martı nəzərdə tutulur) isə mütləq Bərdəyə gedək və ulu babasının türbəsini birlikdə ziyarət edək. Alban bu səfərində vaxtın həmin ziyarətə imkan vermədiyinə çox təəssüflənirdi.

İnstitutumuzun direktoru Gövhər xanım Baxşəliyeva da qonağımız haqda xəbər tutanda Klodu rəsmi deyil, öz övladı kimi çox səmimi qarşıladı, bağrına basdı, babası, səcərəsi haqda xoş sözlər dedi, Klodun Bərdə ilə bağlı söhbətini eşidəndə özünün də əslən Bərdədən olduğunu və bu bölgədən Milli Məclisə deputat seçildiyini bildirdi, onu şəxsən Bərdəyə dəvət etdi. Eyni zamanda, Kloda gələcəkdə Şərqşünaslıq institutinda Qacarlar və Tağıyev ailəsinin tarixi ilə bağlı elmi mövzu götürməyi tövsiyə etdi və institut əməkdaşlarının bu işdə ona tam mənada yardımçı olacağını bildirdi.

Klod çox işıqlı, mədəni, son dərəcə müsbət auralı və ünsiyyətə çox açıq bir gəncdir, 3 il əvvəl İranda olub, Qacarlara məxsus sarayları gəzib, Fransadakı bəzi qohumlarının əlində iranlı pasportu olsa da, özlərini azərbaycanlı bildiklərini xatırlayır və hətta Xosrov Mirzə Qacarın Türkiyədə yeni pasport almayıb Azərbaycan Xalq Cümhuriyyətinin pasportu ilə yaşadığını söyləyərək bu pasportun surətinin şəklini də bizə nümayiş etdirdi. Bu gənc Azərbaycan Cümhuriyyəti haqda bilikləri ilə bizi heyrətləndirdi, AXC ordusunun zabiti olmuş Mansur Qacarla bağlı eşitdiyi xatirələri danışanda, mən Mansur Qacarın 1918-ci il mart hadisələri zamanı ermənilər tərəfindən əsir götürüldüyü, bu haqda ifadə verdiyini bildirdim, kitabımdan həmin sənədləri və Mansur Qacarın şəklini ona göstərdim. Çox təsirləndi və Mansur Qacar, onun buradakı ailəsi, övladları haqda daha geniş məlumat yığmaq istədiyini bildirdi. Qərar verdik ki, bu mövzunu daha geniş araşdıraq.

Alban Klod Azərbaycana, Azərbaycan tarixinə olduqca bağlı, istiqanlı bir gənc olmaqla bu məhəbbətini Fransadakı digər qohumlarından, o cümlədən, anası tərəfdən dayı saydığı 70 yaşlı Daniel Qacardan aldığını bildirdi. Bu görüşümüzdə iştirak və tərcüməçilik edən tarixçi Nigar xanım Gözəlova ona gələn dəfə dayısı ilə birlikdə gəlməyi təklif edəndə Alban Klod belə bir fikirləri olduğunu söylədi. Belə ki, dayısı ona tapşırıb: “- Hələ sən get, xəbər gətir, sonra Azərbaycana birlikdə gedərik" .

Beləliklə, yaxın zamanlarda ölkəmizə Fransadan ən azı 2 nəfər Qacar nəslinin nümayəndəsinin səfəri və onların Bərdədə Bəhmən Mirzənin bu gün acınacaqlı vəziyyətdə olan türbəsini ziyarət edəcəyi gözlənilir. Mənim bu yazımı oxumuş dostların xatirindədirsə, Bəhmən Mirzənin 69 övladından qol-budaq açan və bu gün sayı yüzlərlə ölçülən insanlara məhz bu məzarın təmiri ilə bağlı simvolik müraciət etmişdim, çünki bu türbə Dövlət tərəfindən qorunur və onun abadlığı məsələsi ilə də ilk növbədə müvafiq dövlət qurumu məşğul olmalıdır. Amma o yazıdan sonra nəinki dövlət tərəfindən, heç Qacar nəslinin Azərbaycandakı saysız nümayəndələrindən də heç bir xəbər çıxmadığından, düzü, çox məyus olmuşdum. Bu ilin yayında Bərdədə olarkən bir daha həmin türbəni ziyarət etdim və qəbrin üst qatındakı çatların daha da dərinləşdiyini gördüm, müvafiq orqanlara zəng etdik, yenə nəticəsiz...

İndi nə edək? Ümidimizi yeganə olaraq çağırışımızı ciddi almış və Fransadan durub gəlmiş bu 25 yaşlı ailə təəssübkeşi Qacar Övladına - Alban Kloda bağlayaqmı?

Yeri gəlmişkən, Alban mənim yazımın tənqidi məzmunundan xəbərdardır, elə bu mövqeyə görə məni çox "sevdiyini" və görüşmək istədiyini bildirdi. Azərbaycana ilk səfərinin təəssüratını və görüşümüzün xoş ovqatını pozmamaq üçün mən bu barədə dərinə getmədim. Amma məsələ bununla bitmədi axı! 70 yaşlı Daniel Qacar və Alban Klod bir də Bakıya gələndə və Bərdəyə səfər edəndə hər halda xəcalət çəkməmək və rüsvay olmamaq üçün bəlkə türbənin təmiri məsələsini o vaxtadək özümüz həll edək?

Axı bu gün Qacarların Azərbaycan dövləti olduğu kimi iddialar qarşısında Şimalı Azərbaycanı bu sülalə ilə bağlayan yeganə şəcərənin başçısının - Bəhmən Mirzə Qacarın özü tərəfdən inşa edilmiş türbəsinin divarlarındakı suvaqların kif atması, qəbrinin şüşə örtüyünün hava çəkməsi, məzarının torpaq ust qatının çat verməsi hansı məntiqə sığar? Tarixilik, varislik, irsə sahiblik, ənənələrə hörmət, ləyaqət hissi, qeyrət ... Daha hansı keyfiyyətlərə səslənək, daha hansı ölkələrdə Qacar övladları axtaraq ki, cəmi 2000-3000 manat tutacaq bu təmir işi axır ki, görülsün?!

 





06.11.2019    çap et  çap et