525.Az

Bir ömürə beş ömür sığışdıran Vurğun Əyyub - Əli Şamilin yazısı


 

Bir ömürə beş ömür sığışdıran Vurğun Əyyub - <b style="color:red">Əli Şamilin yazısı </b>

Vurğun Əyyubla nəinki qohumluğum, heç simsarlığım da yoxdur. Bir kənddə, heç eyni bölgədə də doğulmamışıq. Doqquz yaş fərqimiz olduğundan tələbəliyimiz də eyni illərə düşməyib. Mən 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib təyinatla Naxçıvana getdiyim günlərdə Vurğun Əyyub tələbə kimi Azərbaycan Pedaqoji İnstitutunun auditoriyasına daxil olub.

1987-ci ildə Bakıda "Çənlibel Elmi-Ədəbi Birliyi" yaradılmışdı. Qısa müddətdə sorağı Azərbaycanın hər yerinə yayılmışdı. Bu birliyə marağım həmin ilin payızında Vurğun bəylə görüşməmizə səbəb oldu. Vurğun bəy mənim nəzərimdə bir sərkərdə idi. Orduda olmamış, əlinə, bəlkə də, heç zaman silah almamış bir sərkərdə.

Hələ 1960-cı illərdən çayxanalarda Azərbaycanın taleyini müzakirə edənlərin sayı gündən-günə artırdı. Proqramsız, nizamnaməsiz fəaliyyət göstərən gizli dərnəkləri KQB aşkarlayıb zərərsizləşdirirdi. Fəal vətənsevərləri təqib edir, sıxışdırır, hədələyir, bəzən də mühakimə edirdi. Mühakimələr, dindirmələr gizli aparılsa da, xəbəri yayılırdı. Kiçik qrupların, beşlik, yeddilik kimi fəaliyyət göstərənlərin hamısını aşkarlamaq, dağıtmaq, üzvlərini cəzalandırmaq heç də asan olmur. Bundan Moskva da xəbərsiz deyildi. Boş yerə Azərbaycan SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Viktor Çebrikov Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri general Ziya Yusifzadəyə deməmişdi: "Niyə sizin verdiyiniz məlumatlarda Azərbaycanda dissident olduğu göstərilmir? Halbuki ölkəni dissidentlər bürümüşdür. Siz tərəfdənsə hər şey hamar və yaxşı göstərilir".

Vətənsevərlərin kiçik qruplarına Azərbaycanın hər yerində rast gəlinirdi. Toylarda, yeyib-içmək məclislərində söylənən şeirlər, deyilən sağlıqlar vətən, millət, o tay-bu tay haqqındaydı. Asif Əfəndiyevin təşkil etdiyi "Estetika klubu"na (sonralar bu klubun fəalları Asif Atanın təşəbbüsü ilə "Ocaq" təşkilatını yaratdılar) toplaşanların sayı 300 nəfəri keçirdi. Bəzən bu toplantılarda oturmağa yer olmurdu, adamlar saatlarla ayaq üstə çıxışları dinləyirdilər.

Burada fərqli fikirlər söylənilirdi. Elmdən, ədəbiyyatdan, sənətdən danışılırdı. Siyasi mövzular gündəmə gətirilmirdi. 1987-ci il fevralın 17-də "Çənlibel Elmi Ədəbi Birliyi"nin təsis konfransı keçirilmişdi. Təşkilata sədr Vurğun Əyyub seçilmişdi.

Təşkilatın proqramında elmi ədəbi mövzular müzakirə ediləcəyi yazılsa da, tarixi və siyasi mövzular üstünlük təşkil edirdi. Bəzən siyasi mövzuda söhbət sərtləşirdi. Bu zaman toplantıya qatılanların bəziləri nəinki müzakirələrdə iştirak etmir, qorxularından salonu tərk edirdilər. Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və başqa təşkilatların əməkdaşları da burada gedən söhbətlərə həm maraq göstərir, həm də narahatlıq keçirirdilər. Sonradan bilindi ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları çıxış edənlərin səslərini gizlicə yazır, aparıb idarələrində dinləyərək müzakirə edirlərmiş. Birliyin fəallarına, xüsusən də onun rəhbəri Vurğun Əyyuba qarşı təzyiqlər və təqiblər başlamışdı.

Lakin Vurğun Əyyub təkcə rəsmi dairələrin deyil, millətsevərlərin, özünü daha vətənsevər sayanların təzyiqlərinə tab gətirirdi. Bacarıqlı bir sərkərdə kimi çayxanalarda danışanları, gizli dərnəklərin, beşliklərin, yeddiliklərin üzvlərini "Çənlibel Elmi Ədəbi Birliyi"nin ətrafına toplaya bilirdi. Beləcə, qısa müddətdə bir vətənsevərlər ordusu yaranmışdı. Uzun zaman Rus-Sovet imperiyasına nifrət edənlər üçün "Çənlibel" bir tribunaya çevrilmişdi. Necə deyərlər, kül altında gizlənmiş qor alova çevrilmişdi. Beləcə, Azərbaycanı Milli Azadlıq hərəkatı bürümüşdü.

"Çənlibel"ə toplaşanlar mübahisə edə-edə, söylənənləri dinləyə-dinləyə bir-birlərini tanıyır, fikirdaşları ilə yeni təşkilatlar qururdular. Sonralar bu təşkilatların əksəriyyəti Azərbaycan Xalq Cəbhəsi ətrafında birləşdi.

Vurğun Əyyub adamların "Çənlibel"dən ayrılıb öz təşkilatlarını yaratmalarına qısqanclıqla yanaşmır, onları durdurmağa çalışmırdı. Təşkilatdan ayrılanları da "xəyanətkar, KQB-nin adamı" adlandırmırdı. Əksinə, özü də Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs mərkəzinin təsisçiləri sırasına qoşulmuşdu. Necə deyərlər, az bir zamanda xalq hərəkatının Vurğun Əyyub kimi neçə-neçə sərkərdəsi yetişmişdi. Onlar da öz arxalarınca mübarizə meydanına yüzlərlə insan gətirmişdi.

"Azərnəşr"in kiçik salonuna toplaşan 200-300 nəfərin arxasınca gələnlərin sayı elə sürətlə artmışdı ki, onları artıq heç bir salon tutmurdu. Xalq Hərəkatının üzvləri və tərafdarları meydanlara axışırdılar. O dövrün ən böyük meydanı olan Lenin meydanına yüzminlərlə insan toplaşmışdı.

Vurğun Əyyub tribunada görünməsə də, təşkilati işlərdə fəallıq göstərirdi. Necə deyərlər, mübarizənin öncüllərindən idi. Heç vaxt mübarizədən geri çəkilmədiyi kimi, ətrafındakıları da xəyanətdə, satqınlıqda suçlamırdı.

Vurğun bəy, deputat seçkilərində haqqı tapdansa da, ruhdan düşmədi. Mübarizəsini davam etdirdi. 1991-ci ildə Azərbaycanın Suverenlik aktı qəbul olunanda Vurğun Əyyub deputatlar sırasında olub müzakirələrdə iştirak edə bilməsə də, sənədin hazırlanmasına yardımçı oldu. Sənədi qəbul etmək istəməyənlərə təzyiq məqsədilə mitinqlər təşkil etdi, toplantılara qatıldı, insanlara müstəqillik aktının mahiyyətini izah etdi.

Beləcə, "Çənlibel"lə başlayan müzakirələr, mübarizələr 5 ildən sonra Azərbaycanın suverenlik aktının qəbulu ilə nəticələndi... Vurğun bəy ömrünün qalan hissəsində heç bir iş görməsə belə, 5 il onun adının tariximizə yazılması üçün bəs edərdi. Bu 5 ili şərəfli bir insan ömrü saymaq olar.

Sonra onun başqa bir ömrü başladı.

Vurğun Əyyubu daha çox 1992-ci ildə yaradılan Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri kimi xatırlayırlar. Bu da səbəbsiz deyil. İnsanlar maddiyata daha çox önəm verir. Yaxşı yadımdadır, Dövlət Tələbə Qəbulu Komitəsi yarananda onminlərlə insan onun əleyhinə təbliğat aparırdı. Bunlar ali və orta ixtisas məktəblərinin müəllimləri, onların ailə üzvləri idi. Sadə adamların bir çoxu da bu peşəkar təbliğatçıların dediklərinə inanır, qəbul imtahanlarının gecikdirilməsinə narahatlıqlarını bildirir, test imtahanı ilə qəbulun obyektiv olacağına inanmırdılar. Qarğış edirdilər. Deyirdilər ki, "bunlar bizim çörəyimizə bais oldular, Allah onların ömrünü kəssin!" Açıq-aşkar söyüş söyür, təhqiramiz ifadələr işlədirdilər. Bu da səbəbsiz deyildi. Yeni qurum heç çoxlarının ağlına gəlmədiyi bir metodla ali və orta ixtisas məktəblərindəki rüşvətin qarşısını almışdı. Daha rəsmi toplantılarda qəbulun obyektliviyindən uzun-uzad danışılmırdı. Çünki fakt göz qabağında idi: TQDK sədri olan Vurğun Əyyubun doğmaca bacısı ali məktəbə qəbul olunmamışdı!

Həmin il ali məktəbə qəbul olunan tələbələr müəllimlərin onlara qarşı necə aqressiv davrandıqlarını yaxşı xatırlayırlar.

Vurğun Əyyub 1992-ci ildə TQDK-nın işini qurdu, test üsulu ilə ilk imtahanın keçirilməsini təşkil etdi. Buna görə də insanların yaddaşında düzlük, doğruluq simvolu kimi qaldı. Amma onu unutdular ki, "Çənlibel"dən başlayan hərəkat neçə-neçə qeyri-hökümət təşkilatını formalaşdırdı. Onlar Xalq Cəbhəsini yaratdılar. Milli Azadlıq mübarizəsi Azərbaycanın Müstəqillik Aktının qəbuluna, yeni düşüncəli adamların hakimiyyətə gəlməsinə şərait yaratdı. Bunlar olmasa, bu mərhələlər keçilməsə, testlə qəbul da, beləcə ali və orta ixtisas məktəblərində rüşvətin qarşısının alınması da baş tutmazdı.

TQDK yaranmasından 27 il keçdi. Ötən müddətdə orada çalışanlar böyük işlər görüblər, testlə qəbulu təkmilləşdiriblər. Xalqın yaddaşında isə bu təşkilata 20 ildən çox rəhbərlik edəndən çox bir il yarım bir müddətdə rəhbərlik etmiş Vurğun Əyyub qaldı. Vurğun Əyyub bir insanın ömrünü bir il yarıma beləcə sığışdıra bildi: Təşkilatçılıq bacarığı ilə, kollektiv üzvlərinə səmimi münasibəti ilə, ədalətliliyi, doğruluğu, düzgünlüyü ilə...

Müəllim var, otuz il, əlli il işləyir. Fəxri adlar, orden medallar, mükafatlar da alır... Vurğun Əyyub da müəllim idi, lakin müəllimlik stajı da çox olmadı. Eyni kollektivdə də uzun müddət işləməyə imkanı olmadı. Buna baxmayaraq, şərəfli bir müəllim ömrü yaşadı. Onu yalnız 1977-1980-ci illərdə Sabirabad rayonunun Qalaqayın kəndində dərs dediyi şagirdləri qürurla xatırlamadılar. Ali məktəbi yenicə bitirib gəlmiş, pedaqoji təcrübəsi olmayan gənc müəllimi kollektiv də sevdi. Bu, səbəbsiz deyildi. Vurğun bəy dərslərinə məsuliyyətlə yanaşmaq, şagirdlərinə bilik verməklə kifayətlənmirdi. Sabirabad rayon Mədəniyyət evində teatr tamaşaları hazırlayır, tamaşalarda həm aktyorluq edirdi, həm də rejissorluq. Asif Atanı Sabirabada gətirir, onunla görüş keçirirdi. Bütün bunları milli şüuru oyatmaq, adamlarda vətənsevərlik hissini coşdurmaq üçün edirdi.

Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyatı fakültəsi vardı. Yeni qurulmuşdu. Lakin səmərəli fəaliyyət göstərmirdi. Bağlanmaq təhlükəsi qarşısındaydı. 2010-cu ildə Vurğun Əyyub orada işə başlamaqla bir canlanma yarandı. İşi qura bildi. Gənc kadrlar hazırladı. 2012-ci ilin payızınadək işlədi. Amma bu gün də həmin bölmə öz işini davam etdirir və orada Vurğun Əyyubu hörmət və ehtiramla xatırlayırlar.

Onun 2009-cu ildən Xəzər Universitetindəki fəaliyyəti (arada Qarsda işləyib) isə başqa bir mövzudur. Bu barədə onunla birgə işləyənlər, seçib işə dəvət etdiyi müəllimlər, dərs dediyi tələbələr zaman-zaman yazacaqlar.

Vurğun Əyyub yeddi il kənd müəllimi işlədikdən sonra aspiranturaya qəbul olunub. "Azərbaycan romantizminin bədii xüsusiyyətləri" mövzusunda dissertasiya yazaraq müdafiə edib, filologiya elmləri namizədi adını alıb. 1985-1992-ci illərdə Nəsrəddin Tusi adına Azərbaycan Pedaqoji İnstitutunda müəllim işləyib. Onun elmi fəaliyyəti elə də gözəçarpan olmayıb. Çox az yazıb. Amma yazdıqlarına qürurla imza atıb. Elə alimlərimiz var ki, pedaqoji sahədə 30-40 işləyib, professor adı alıb, onlarla kitabı, yüzlərlə məqaləsi çap olunub. Lakin onun yazdıqları üç-beş ildən sonra öz dəyərini itirib.

Vurğun Əyyub isə Sovet dövründə yazdığı dissertasiyanı 2017-ci ildə "Azərbaycan romantizmini araşdırarkən" adı ilə kitab kimi nəşr etdirdi. Çünki yazdığı aktuallığını itirməmişdi. Çap etdirdiyi elmi məqalələrini toplayıb nəşr etdirsək, görəcəyik ki, bugün də aktualdır.

Vurğun Əyyub 1992-ci ildə Xalq Cəbhəsindən ayrılıb Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü oldu. Lakin nə Xalq Cəbhəsindən yaranan partiyalara, nə də cəbhəçilərə qarşı durmadı. 1997-ci ildən Müsavat Partiyasının baş katibi seçildi. Təşkilatın 2001-ci ilin may ayının 6-da keçirilən Qurultayında nizamnamədə edilən dəyişikliyə görə katiblik vəzifəsi müavinliklə əvəz edildi. Beləcə, Vurğun Əyyub da Müsavat başqanının birinci müavini oldu.

O, hər zaman vəzifə borcunu şərəflə, ləyaqətlə yerinə yetirdi. Lakin dünyanın qəbul etdiyi kimi siyasətçi ola bilmədi. Qruplaşmalar yaratmadı, bu gün dediyini sabah: "Dün dündü, bu gün bugün", - deyə bilmədi. Necə deyərlər düzlüyü, doğruluğu, bir az da sərtliyi onu yaradıcısı olduğu təşkilatdan uzaqlaşdırdı. İşi nə qədər çox olsa da, balıq susuz yaşaya bilmədiyi kimi, Vurğun Əyyub da ictimai-siyasi fəaliyyətsiz yaşaya bilməzdi. Odur ki, fəaliyyətini 2014-cü ildən Azərbaycan Demokratiya və Rifah Hərəkatında davam etdirdi. Yenə də rayon-rayon, kənd-kənd gəzərək təşkilatın özəklərini yaratmağa başladı.

Beləcə, Vurğun Əyyub 62 illik ömründə şərəfli bir müəllim, bacarıqlı bir təşkilatçı, mübariz bir ictimai-siyasi xadim, məntiqli bir alim ömrü yaşadı. Bir ömürdə beş ömürdə görüləcək işləri gördü.

25-28.10.2019

 





06.11.2019    çap et  çap et