525.Az

Akademik Ziya Bünyadov: bizim yaddaşımızda və özgələrinin təsvirində


 

HOLLANDİYALI TƏDQİQATÇININ DİSSERTASİYASI HAQQINDA DÜŞÜNCƏLƏR

Akademik Ziya Bünyadov: <b style="color:red">bizim yaddaşımızda və özgələrinin təsvirində</b>

Akademik Ziya Bünyadov 22 il bundan öncə dünyasını dəyişib. Ancaq onun adı ilə bağlı hər bir hadisə, hər bir məlumat özünün yaşadığı dövrdə olduğu kimi, bu gün də ictimaiyyət arasında geniş əks-səda tapır, insanları həyacanlandırır. Çünki Ziya Bünyadov adını Azərbaycan tarixinə yazmış bir şəxsiyyətdir.

Bunun səbəbi yalnız Ziya müəllimin elmi yaradıcılığı ilə bağlı deyil. Hərçənd ki, sadəcə Azərbaycan tarix və şərqşünaslıq elmi qarşısındakı xidmətləri onun xatirəsinin uca tutulması üçün kifayət edərdi. Buna Ziya Bünyadovun müharibə illərində göstərdiyi şücaət, Qarabağ və milli istiqlal hərəkatında nümayiş etdirdiyi vətəndaş mövqeyi də əlavə olunsa, ona olan xalq sevgisinin səbəbləri xeyli dərəcədə aydınlanmış olur.

Bununla belə, Ziya Bünyadov şəxsiyyətinin ölçüsü hətta bu uca meyarların da fövqündə durur. Azərbaycan cəmiyyətində ona qarşı duyulan ehtiramın sirri daha dərindir. Bu sirrin bir səbəbi də ondadır ki, Ziya Bünyadovun şəxsi taleyi XX əsrdə Azərbaycan xalqının tarixi ilə üzvi vəhdət təşkil edir, öz eniş-yoxuşları, faciə və qələbələri, ziddiyyət və nailiyyətləri ilə onunla səsləşir. Çılğın təbiəti, mübariz ruhu, dürüstlüyü ilə o, hər nə qədər ağır sınaqlarla qarşılaşsa da, həyatda ağır zərbələr alsa da, hətta bəzən ziddiyyətli addımlar atsa da, nəticə etibarı ilə öz insan ləyaqətini itirməmiş, vətəndaşlıq şərəfini yüksək tutmuş, sözünü ucadan deməyi bacarmış və beləliklə, bütün çətinliklərə sinə gərib məğlubiyyəti qələbəyə çevirməyə müvəffəq olmuşdur.

Məgər bütün bu deyilənlər Sovet dövründə bütövlükdə xalqımızın taleyi üçün də xas deyilmi? İlk müstəqil Cümhuriyyətinin qana boğulmasından sonra tarixi torpaqlarının böyük hissəsinin əlindən alındığı, təbii sərvətlərinin talan edildiyi, siyasi və mənəvi basqılarla milli kimliyinin əzildiyi, repressiyalarla ziyalı təbəqəsinin böyük hissəsinin məhv edildiyi bir xalq, bütün faciə və sıxıntılara baxmayaraq, həyatda dik durmağı bacarmış, yeni şəraitə uyğunlaşmış, ideoloji təzyiq altında belə bəzən açıq, bəzən üstüörtülü şəkildə öz səsini ucaltmış, milli mənliyi, dili, ədəbiyyatı, musiqisi, elm və mədəniyyətini inkişaf etdirmiş, savadlı və məsuliyyətli gənc nəsillərini yetişdirmiş və zamanı gələndə yenidən öz üçrəngli bayrağını göyə ucaldaraq, istiqlalını və müstəqil dövlətini bərpa etmişdir. Və məgər bütün bu mərhələlərin bir-birinin ardınca cərəyanı Ziya müəllimin taleyində ən bariz şəkildə öz əksini tapmırmı?

Bu ifadələr sadəcə gəlişigözəl söz xatirinə, uzun illər müəllimimiz olmuş, bizi elm dünyasına dəvət etmiş və ilk böyük idrak dərslərini öyrətmiş Ziya Bünyadovun “əfsanələşmiş” obrazını yaratmaq naminə deyilmir. Ziya müəllimin şəxsiyyətinin qeyd olunan xüsusiyyətlərini vurğulamaqla, onun nə üçün xalqımızın yaddaşında bu qədər əziz tutulduğu barədə bəzi düşüncələri ortaya qoymaqla son günlərdə adının ətrafında yenidən yayılan qalmaqallı xəbərləri təhlil etmək, Ziya müəllimə zərbələrin hansı yöndən gəldiyini dərk etməyə çalışırıq.

Söhbət hollandiyalı alim Sara Krombaxın Ziya Bünyadov şəxsiyyəti və yaradıcılığına həsr olunmuş elmi dissertasiyasının Amsterdam Universitetində müdafiəsindən sonra öncə erməni mətbuatında, ardınca isə bizim ictimai mühitdə meydana çıxan ziddiyyətli rəylərdən gedir. Sara Krombax əslən hollandiyalı tarixçidir, eyni zamanda ilkin peşə  mənsubiyyətinə görə musiqişünas və pianoçudur. Təqribən 2000-ci illərin sonuna doğru Bakıya, xüsusilə Elmlər Akademiyası və Şərqşünaslıq İnstitutuna tez-tez gələn bu xanım, akademik Ziya Bünyadovun yaradıcılığı və onun Azərbaycanın elm və ictimai tarixində tutduğu yeri tədqiq etməsi və bu barədə söylədiyi fikirlərlə diqqəti cəlb etmişdi. Ümumiyyətlə, ingilis və rus dillərini gözəl bilən bu xanım şəxsi münasibət və söhbətlərdə gülərüzlülüyü, mehriban davranışı, Azərbaycan tarixi və incəsənətinə marağı, Azərbaycan professional musiqisinə heyranlığı ilə seçilirdi və özünə qarşı müsbət münasibət qazana bilmişdi. Əslində, onun sözləri və əməllərinin səmimiliyinə şübhə yaradacaq hər hansı bir nüansı, cizgini yada salmaq çətindir. Əksinə, erməni təbliğatının güclü olduğu Avropada bir tədqiqatçı xanımın Ziya Bünyadov şəxsiyyəti və yaradıcılığına olan marağı Ziya müəllimi yaxından tanıyan bir çox elm adamını və onun ailə üzvlərini öz xatirələri, əllərində olan materialı və bildiklərini Sara Krombax ilə bölüşməyə sövq edirdi. Ümumi rəy belə idi ki, nəticədə Avropa elmi mühitində akademik Ziya Bünyadov haqqında nisbətən obyektiv bir tədqiqat işi yazıla bilər ki, bu da Azərbaycan elmi üçün müsbət hadisə olardı.

Bu gün həmin əsər ərsəyə gəlmiş və elmi mühitə təqdim olunmuşdur. Lakin bu əsərin müəllifindən gözlənilən elmi obyektivlik və professional etika burada tam mənada öz əksini tapıbmı? Bu başdan böyük təəssüflə qeyd edək ki, suala mənfi cavab vermək məcburiyyətindəyik. Və alimə yaraşmayan heç bir ağır və yersiz ittihamlara yol vermədən, hissiyyata qapılmadan Sara Krombaxın dissertasiyasının əsas müddəalarını və fikrimizcə, bilərəkdən və ya bilməyərəkdən yol verdiyi səhvlərin mahiyyətini, belə məqamlarda müəllifin hansı motivləri rəhbər tutduğunu aydınlaşdırmağa çalışaq.

Xüsusi olaraq qeyd etmək istərdik ki, bizim məqsədimiz yersiz hay-küy salmaq, bu gün dəbdə olan saxta “vətənpərvərlik” nümayiş etdirərək xal qazanmaq deyil. Niyyətimiz, hər şeydən öncə, müəllimimizin adını layiq olmadığı ittihamlardan qorumaq, ona haqsız yerə kölgə düşürməyə imkan verməmək, ikincisi isə, bu hadisənin timsalında Azərbaycanın elminə qarşı Qərb elmi mühitində bəzən bəslənilən neqativ münasibətin səbəblərini aydınlaşdırmaqdan ibarətdir. Və bütün bunlar hər şeydən öncə bizim özümüz üçün, elmi mühitimizin sağlamlığı üçün lazımdır. Bu baxımdan, məsələ Sara Krombax və ya başqalarının şəxsiyyəti ilə bağlı deyil.

Dissertasiyanı diqqətlə incələdikdən sonra gəldiyimiz əsas qənaətləri aşağıdakı şəkildə sıralaya bilərik:

1) “Ziya Bünyadov və Azərbaycan keçmişinin icad edilməsi” adlı əsər Niderland Elmi Tədqiqatlar Təşkilatının dəstəyi ilə həyata keçirilən “Sovet şərqşünaslığının irsi: şəbəkələr, institutlar, diskurslar” layihəsinin bir hissəsi olaraq, Amsterdam Universitetinin Avropa Araşdırmaları departamentində hazırlanıb. Bu fakt öz-özlüyündə dissertasiyanın konseptual əsasları haqqında müəyyən fikir söyləməyə imkan verir və tədqiqat işinin mahiyyəti də bütövlükdə bu fikri dəstəkləyir. Dissertasiya Qərb ictimai elmlər sistemində vaxtı ilə geniş yayılan, o dövrdə Qərb ölkələrinin rəsmi dairələri tərəfindən səxavətlə maliyyələşdirilən və bu gün də aktuallığını tamamilə itirməyən “Sovetologiya” istiqamətinin nəzəri və praktik standartları çərçivəsində qələmə alınmışdır. Bu standartlar Soyuq müharibə illərində kəskin Sovet-Qərb qarşıdurması şəraitində Amerika və Avropanın Sovet mövzusu ilə məşğul olan ictimai elmlər mütəxəssisləri, xüsusilə politoloqları tərəfindən incəliklə işlənmişdir. Bu istiqamətin mahiyyətini ideoloji qarşıdurma ruhu və Sovet İttifaqının “Şər imperiyası” kimi dəyərləndirilməsi düsturu təşkil edirdi. Beləliklə, dissertasiyanın əsas qayəsi Ziya Bünyadovu Sovet sisteminin Stalin dövründə yetişmiş tipik bir nümayəndəsi, bu sistemə xas bütün mənfi cəhətləri şəxsi keyfiyyətlərində və elmi yaradıcılığında cəmləmiş görkəmli bir “Homo Soveticus” (Sovet insanı) kimi təqdim etməkdən ibarətdir. Müəllifin fikrincə, Ziya Bünyadov “Sovet şərqşünaslığının, yəni rus imperiya şərqşünaslığının ənənələrini marksizm və Sovet milli siyasəti ilə birləşdirən sistemin tipik nümayəndəsi idi”. Əslində, Ziya Bünyadovun əlvan, çoxşaxəli, öz dövrü qədər ziddiyyətli və maraqlı şəxsiyyətini və həyat təcrübəsini öncədən çizilmiş bu dar və məhdud ideoloji sxem hüdudlarına sığışdırmaq təşəbbüsü Sara Krombaxın dərin düşünən bir tarixçi-alim olduğuna istər-istəməz şübhə yaradır. Dissertasiyada müəllifin bu baxımdan obyektiv görünmək istəyib həqiqətdə belə olmadığı və Sovet dövrünü yalnız ağ-qara boyalarla təsvir etməyə üstünlük verməsi üzə çıxır. “Sovetologiya” şablonları ilə düşünən bu hollandiyalı xanımın hətta Stalin repressiyaları dövründə belə çox vaxt ən ağır və çıxılmaz vəziyyətdə qalan insanların, o cümlədən Ziya müəllimin, öz ləyaqətini və həyat prinsiplərini qorumaq üçün müxtəlif vasitələr axtardıqlarını və bu insanların həyat dramlarını, xeyirlə şərin mübarizə apardığı bu dövrdə bəzən bəşəri faciədən necə mənəvi ucalığın doğduğunu, bir sözlə, o dövrün və həyatın mürəkkəbliyi qədər əlvanlığını, qəddarlığı qədər incə nüanslarını hiss etməyə, görünür, analitik və mənəvi qabiliyyəti çatmır.

Sara Krombax bir həqiqəti dərk edə bilmir ki, Sovetlər zamanında və ondan sonra tarixinin ziddiyyətli və mürəkkəb dövrünü yaşayan Azərbaycan xalqının şüurunda Ziya Bünyadov qazandığı “rəsmi imtiyazlarına” görə deyil, bu imtiyazlardan istifadə edərək və hətta onları riskə ataraq öz həmvətənlərinin rejim tərəfindən əlindən alınmış milli hüquqları, sərbəst düşünmə haqqı və azad vicdanı uğrunda səsini ucaltdığına görə yüksək tutulmuşdur. O, bunu çoxlarının qorxduğu və susduğu bir zamanda edə bilmişdir. Ziya müəllimin bu cəsarəti, cəmiyyətin ən ülvi arzularını özünəməxsus şəkildə ifadə edə bilmə bacarığı və xarizması onu insanların nəzərində,həqiqətən, müəyyən dərəcədə əfsanəvi bir qəhrəmana, bir rəmzə çevirmişdir. Və Azərbaycan tarixində Ziya Bünyadovun rolu, missiyası məhz bu amillərlə ölçülür, onun Sovet rejimi ilə yaxın münasibətləri, aldığı mükafatlar, bəzən atdığı səhv və ziddiyyətli addımlarla deyil. Əgər Sara Krombax seçdiyi mövzuya daha həssaslıqla yanaşsaydı, o, dərk edərdi ki, Fransız inqilabı dövrünün Mirabo, Danton kimi nəhəngləri şəxsi və siyasi həyatlarında bəzi mənfi cəhətlərə malik olmalarına baxmayaraq, tarixdə öz cəsarətləri və azadlıq uğrunda mübarizələri ilə ad qazandıqları kimi, Ziya Bünyadov da Azərbaycan tarixində öz xalqının milli hüquqları uğrunda gördüyü işlərə görə yaşayacaq. Əsl tarixçi öz zamanının fövqünəqalxaraq hadisələri uca zirvədən müşahidə və dərk etməyi bacarmalıdır. Sirr deyil ki, tarixi qəhrəmanlar da son nəticədə adi insanlardır, onların da həyatında kölgəli səhifələr olur. Lakin məhdud düşüncə və təkəbbürlə onların böyüklüyünə etinasızlıq göstərərək, yalnız onlarda qüsur axtarma meyli tarixçi peşəsinə sığmır.

2) Sara Krombaxın tədqiqat əsnasında istifadə etdiyi metodologiya və araşdırma üsulları da müəyyən suallar doğurur. Doğrudur, etiraf etmək lazımdır ki, dissertasiya işi zahirən və texniki baxımdan müasir Qərb tarix elmində qəbul edilmiş bütün standartlara cavab verəcək şəkildə yazılıb və bu baxımdan təqdirə layiqdir. Lakin mülahizələrini daha çox Ziya Bünyadovu yaxından və ya uzaqdan tanıyan müxtəlif insanların verdiyi müsahibələrə əsasən irəli sürən müəllif, onun haqqında deyilən hər mənfi fikrə nədənsə sonsuz inamla, müsbət fikrə isə şübhə, bəzənsə müəyyən kinayə və ya istehza ilə yanaşır. Hər iki halda bu müsahibəni verən insanların nə dərəcədə obyektiv və tərəfsiz olduqları, verdikləri məlumatın nə dərəcədə həqiqətə uyğun olduğu o qədər də məlum deyil. Digər tərəfdən, bir alim, Azərbaycan şərqşünaslıq və tarix elminin ən görkəmli nümayəndələrindən biri haqqında yazılan dissertasiyada daha çox onun elmi yaradıcılığına, yazdığı əsərlərin təhlilinə diqqət yetirilməli idi. Çünki Ziya müəllim müasir Azərbaycan mediyevistikasının, bu sahədə bir sıra önəmli istiqamətlərin – albanistikanın, xilafət və Səlcuqi dövrü tarixşünaslığının əsasını qoymuş, Azərbaycan mənbəşünaslığına ciddi töhfələr vermişdir. Hollandiyalı alimin tədqiqatında bütün bunların yerini bu şəxsiyyətin həyatı və ölümü haqqında müxtəlif, çox vaxt yersiz “dedi-qodular” alır. Tez-tez “filan” müsahibin dediklərinin “filan” adamın söylədikləri ilə üst-üstə düşməməsi, deməli, bu faktın həqiqətə uyğun olmaması, Ziya Bünyadov haqqında söylənən yüksək fikirlərin daha çox onun süni şəkildə mifləşdirilməsinin nəticəsi kimi qiymətləndirilməsi və s. kimi dissertasiyada yer alan mülahizələr, əslində, müəllifin metodoloji baxımdan qüsurlu bir yol tutduğunu göstərir. Çünki hər hansı bir tarixi əsərdə ilk öncə istinad edilən tarixi mənbələrin, xüsusilə bu mənbələr şifahi şəkildə verilən müsahibələrdən ibarətdirsə, etibarlılığının yoxlanılması ən önəmli vəzifədir. Məsələn, dissertasiyada tanınmış Moskva ərəbşünası İ.M.Filştinskinin müəllifə öz müsahibəsində Ziya müəllimi “opportunist və karyerist” adlandırması, onun haqqında söylədiyi digər mənfi ifadələr obyektiv bir həqiqət kimi qəbul edilir və onların əsasında Ziya Bünyadovun neqativ surəti yaradılmağa çalışılır. Bununla belə, Filştinski ilə Bünyadov arasındakı şəxsi münasibətlər, Filştinskinin mənfi rəyinin hansı səbəbdən yarandığını yoxlamaq müəllifin heç ağlına belə gəlmir.

Bəzən isə digərlərinin Ziya müəllim haqqında müsbət fikirlərinə müəllif şübhə ilə yanaşır və tənqidi münasibət nümayiş etdirir. İstər-istəməz oxucuda elə bir təəssürat oyanır ki, sanki Sara Krombaxın məqsədi bir alimin sözlü “heykəlini” yaratmaq deyil, insanların xatirəsində yer alan və alimlik, qəhrəmanlıq mücəssəməsi olan bir “heykəlin obyektivlik naminə” dağıdılmasıdır. Və müəllif öz tədqiqat işinin əsas qayəsini gizlətmir və açıq bəyan edir: “Mənim məqsədim onun (Z.Bünyadovun) qəhrəmanlıq obrazını bürüyən bir çox mifləri dağıtmaqdır ki, bu miflərin milli kimlik quruculuğuna və millətçiliyə xidmət funksiyaları daha yaxşı anlaşılsın”. Görünür ki, hollandiyalı alim Azərbaycan həyatını canlı, əlvan, daxili məntiqə sahib, qaynar bir axarı olan tarixi hadisə kimi deyil, sanki kimlər tərəfindənsə süni şəkildə quraşdırılmış bir konstruksiya kimi təsəvvür edir. Və guya bu həyatı mexaniki şəkildə xırda parçalara bölməklə onun bütün quruluşunu və fəaliyyət mexanizmini anlamaq olar. Ziya Bünyadov şəxsiyyətindən isə bu “dekonstruksiya” məqsədini gerçəkləşdirmək üçün ən uyğun bir vasitə kimi istifadə olunur. Təsadüfi deyil ki, tədqiq etdiyi mövzuya belə “konstruktivist” yanaşma və metodoloji üsullar müəllifə, onun bütün səylərinə baxmayaraq, XX əsr Azərbaycan tarixinin incəliklərini, bu tarix çərçivəsində Ziya Bünyadov şəxsiyyətinin yerini lazımi qədər dərk etməyə imkan verməmişdir.

3) Sara Krombax Ziya Bünyadovun II Dünya müharibəsində iştirakına, onun Sovet İttifaqı Qəhrəmanı adını almasına da münasibət bildirir. Çünki müharibə illəri Ziya müəllimin həyatında bəlkə də ən önəmli, ağrılı olduğu qədər şərəfli dövrü təşkil edir. Müharibə onun şəxsiyyətinin, həyat kredosunun, düşüncə tərzinin formalaşmasında həlledici mərhələ idi. Ziya müəllimi yaxından tanıyanlar onun müharibə xatirələrinin nə qədər səmimi, canlı olduğunu xatırlayırlar, onun döşündə həmişə şərəflə gəzdirdiyi qızıl ulduzu həyatının bəlkə də ən müqəddəs nailiyyəti kimi dəyərləndirdiyini gözəl bilirlər.

Lakin təəssüflər olsun ki, hollandiyalı alim bütün bunları görməmişdi və bilmir. Ona görə də o, ağır, qanlı müharibə illərində hər gün öz əsgər yoldaşlarının ölümüylə üzləşən, igidliklə yanaşı qorxaqlıq və satqınlığın şahidi olan, hər an ölüm təhlükəsi ilə qarşılaşan, ancaq daxili bütövlüyünü itirməyən, yeri gələndə qəhrəmanlıq nümayiş etdirən bir azərbaycanlı gənc zabitin savaş hekayəsini tam mənasıyla anlamaqda və onun insani keyfiyyətlərini düzgün qiymətləndirməkdə acizlik göstərir. Ziya müəllim rəhbəri olduğu bizim şöbəyə gələndə bəzən müharibə haqqında da söhbət açardı. Söylədikləri epizodların ən yadda qalanlarından biri onun səngərdə olduğu vaxt qəfildən üzərinə iri cüssəli və fiziki cəhətdən güclü bir alman əsgərinin hücum etməsi hadisəsidir. Ziya müəllim bu olayı təfərrüatla danışır və tam səmimiyyətlə necə qorxuya düşdüyünü, lakin özünü itirməyib düşmənlə əlbəyaxa olduğunu və sonunda fürsət tapıb onu öldürdüyünü gizlətmirdi. Onun bu söhbətləri bizlərin, o zaman gənc elmi işçilərin şüurunda müharibənin filmlərdə olduğu kimi bəzəkli və epoxal rəsmini deyil, adi əsgərin günlük həyatında özünü göstərən qorxunc, qanlı və çirkin üzünü canlandırırdı. Məhz ona görə belə ağır bir şəraitdə qəhrəmanlıq göstərə bilmiş şəxslərin, o cümlədən Ziya müəllimin insani baxımdan uca məqamını dərk edə bilirdik.

Təəssüflər olsun ki, Sara Krombax Ziya Bünyadovun taleyindəki bu incəlikləri tam şəkildə hiss edə bilməmişdir. Hollandiyalı müəllifin müharibə illərində cərimə batalyonunun komandiri olan Ziya Bünyadovun Pilitsa hərəkatı haqqında söylədikləri xatirələrə münasibəti son dərəcə səciyyəvidir. Ziya müəllim öz müsahibəsində cərimə batalyonlarının keçmiş dustaqlardan ibarət olduğunu, onların çətinliklə nizam-intizama uyğunlaşdıqlarını, marşal Jukovun şəxsi əmri ilə onun tabeçiliyində olan batalyonun Pilitsa çayını keçib nəyin bahasına olursa-olsun oranı müdafiə etməli olduqlarını, bu ağır əməliyyatda 670 əsgərdən yalnız 47-sinin sağ qaldığını, buna baxmayaraq, əmri şərəflə yerinə yetirdiklərini və buna görə ona Sovet İttifaqı qəhrəmanı adının verildiyini deyir. Müharibənin ən qanlı və faciəli üzünü görmüş və sınaqlarından çıxmış Ziya müəllimin bu səmimi söhbəti tamamilə fərqli mühit və həyat tərzinin nümayəndəsi olan hollandiyalı alimdə “dərin” bir sual doğurur: “Bu müsahibəsində Bünyadov özünü əsgərlərində ən yaxşı cəhətləri üzə çıxara bilən əsl bir qəhrəman kimi qələmə verir. Yoxsa o, əmrləri kor-koranə yerinə yetirən, öz əsgərlərini qurban verən və qürurla bu qırğına görə orden alan bir şəxs idi? Yəqin ki, hər ikisi də doğrudur”. Xeyr, hər ikisi doğru deyil. Ziya müəllim üçün hər bir əsgərinin həyatı özü qədər qiymətli idi və o, heç bir zaman bir deyil, bir çox Qızıl ulduza belə öz adamlarının həyatını təhlükəyə atmazdı. Ziya Bünyadov savaş yoldaşlarının hər birinin ölümünü şəxsi faciəsi kimi qəbul edirdi, ona görə də o, heç bir zaman başqalarının arxasında gizlənmirdi, öndə əlində silah hücumagedirdi, döyüşlərdə yara və kontuziya alırdı. Qızıl ulduzla da məhz bu qəhrəmanlığına görə təltif edilmişdir. Ziya müəllimi şəxsən və yaxından tanıyan insanlar bunu yaxşı bilirlər. Müharibədə öldürülən əsgərlərin taleyinə acıyan Sara Krombaxın humanistliyinə qətiyyən şübhə etmirik. Ancaq etiraf etmək lazımdır ki, vətən uğrunda aparılan müharibə (Ziya Bünyadov II Dünya müharibəsini məhz belə qəbul edirdi) şəraitindəki “humanistlik” və müasir postmodernist Avropanın dinc və rahat mühitindəki “humanistlik” məfhumları tam şəkildə üst-üstə düşmür, onlar müxtəlif çəkilərə malikdir. Bu incə məqamı, görünür, Sara Krombax qəbul etmək istəmir.

4) Sara Krombaxın dissertasiyasında son dövr Azərbaycan tarixinin ən ağrılı problemi olan Ermənistanın vətənimizə qarşı təcavüzü və Qarabağ torpaqlarının işğalı, bu hadisələrdə Ziya Bünyadovun mövqeyi məsələsinə xüsusi diqqət yetirilir. Qeyd etmək lazımdır ki, hollandiyalı alimin Qarabağ hadisələrinin başlanması və xronologiyası ilə əlaqədar verdiyi məlumat kifayət qədər bitərəf və dolğundur. O, münaqişənin başlamasının ilkin səbəbləri arasında ermənilərin Qarabağa olan iddiaları, bu istiqamətdə xüsusilə erməni millətçi ziyalılarının, o cümlədən Zori Balayanın apardıqları təxribatçı fəaliyyətinin rolunu vurğulayır. Müəllif Balayanın məlum kitabını aradakı düşmənçiliyə təkan verən və “ermənilərin böyüklüyünü əsaslandıran irqçi” əsər adlandırır. Bununla belə, o bu münaqişənin inkişafıvə müharibə mərhələsinə keçməsində nəyə görə isə Azərbaycan tərəfinin də üzərinə eyni məsuliyyəti qoyur və bu hadisələrdə Ziya Bünyadovun da guya “mənfi rol” oynadığını qeyd edir. Görünür ki, Sara Krombax təcavüz edənlə təcavüzə məruz qalanı tərəzinin eyni gözünə qoyur.

Bununla yanaşı, problemin tarixi köklərinin şərhində də müəllif kobud səhvlərə yol verir və faktiki olaraq bu məsələdə erməni siyasi təbliğatının əsas postulatlarını təkrar edir. Bu da problemlə tanış olan oxucuları heyrətləndirməyə bilməz. Çünki müəllif 1920-ci illərin əvvəllərində bolşevik partiyasının rəhbərliyi tərəfindən Dağlıq Qarabağın mənsubiyyəti probleminin həlli ilə əlaqədar tarixi işıqlandırdıqda mövcud və bilinən tarixi sənədlərə deyil, əsasən, Tomas de Vaalın ingiliscə “Black garden” (“Qara bağ”) kitabına istinad edir. Məlum olduğu kimi, de Vaal tarixi hadisələri kifayət qədər obyektiv şərh edib, ermənilərin bütün təkidlərinə baxmayaraq, bolşevik partiyasının 6 nəfərdən ibarət Qafqaz bürosunun Dağlıq Qarabağı N.Nərimanovun təkidilə Azərbaycanın tərkibində qalmasına qərar verdiklərini qeyd edib. Bununla belə, öz dissertasiyasında Sara Krombax məlum hadisələri nədənsə erməni siyasi təbliğatının versiyasında təqdim edir və yazır ki, guya Qafqaz bürosu Dağlıq Qarabağı ancaq Stalinin təzyiqi altında Azərbaycana vermişdir. Yəni Azərbaycana bir neçə dəfə səfər edən və bu problemin nə qədər həssas qəbul edildiyinin şahidi olan hollandiyalı alim qeyd olunan tarixi hadisələri işıqlandırdığı vaxt ya arxiv sənədlərinə müraciət etməyi lazım bilməyib və özünə artıq əziyyət verməyib, ya da müraciət etdiyi ikinci əldən ədəbiyyatı, o cümlədənTomas de Vaalın kitabını diqqətlə oxumayıb və onu düzgün şərh etməyib. Açığını desək, burada üçüncü ehtimala yer vermək istəməzdik. Fikrimizcə, hər iki halda Sara Krombax öz əsərinə və tarixçi statusuna müəyyən kölgə düşürüb.

5) Sara Krombaxın akademik Ziya Bünyadovun elmi irsinə münasibəti, onun əsərləri ilə bağlı irəli sürdüyü mülahizələr bizim xüsusi marağımıza səbəb oldu. Çünki Ziya müəllim ilk növbədə alim idi, geniş elmi dairələrdə yüksək nüfuz qazanmış tarixçi idi. Ancaq təəssüflə qeyd etməyə məcburuq ki, hətta bu sahədə məlum dissertasiyanın müəllifi xeyli dərəcədə qərəzli münasibət nümayiş etdirir, Ziya müəllimin elmi yaradıcılığına öncədən özü üçün müəyyənləşdirmiş mənfi standartlarla yanaşır. Təsadüfi deyil ki, Sara Krombax Ziya Bünyadovun geniş və çoxşaxəli elmi yaradıcılığında əsas ağırlığı Albaniya tarixi sahəsindəki tədqiqatlarına verir. Səbəb çox sadədir. Məhz bu sferada Ziya müəllimin konsepsiyası və elmi tapıntıları erməni tarixçilərinin görüşləri ilə ən çox toqquşur və onlar tərəfindən təkzib edilirdi. Bu barədə çox yazmaq və Sara Krombaxın ittihamları ilə əlaqədar xeyli qeydlər etmək olar. Çünki dissertasiyanın təhlili, əslində, hollandiyalı müəllifin bu sahədə qətiyyən mütəxəssis olmadığını, mənbə və elmi ədəbiyyatı lazımi səviyyədə bilmədiyini və bəzən diletant səviyyəsində bəsit və kobud səhvlərə yol verdiyini göstərir. Müəllif Ziya Bünyadovun elmi yaradıcılığını obyektiv təhlil etməkdən çox onun əsərlərində ideoloji kontekst və ermənilərə qarşı milli zəmində mübarizə motivləri axtarır. Ən qəribəsi də odur ki, onun özünə elə gəlir ki, o, bu motivləri tapır. Eyni zamanda akademik Ziya Bünyadovun görüşlərini ittiham edən Sara Krombax Azərbaycan aliminin diskussiya apardığı opponentləri – erməni tarixçilərinin mövqeyinə qarşı heç bir tənqidi münasibət bildirmir. Bu, öz-özlüyündə hollandiyalı tədqiqatçının mövzuya qərəzli yanaşmasının bariz göstəricisidir.

Tənqidi qeydlərin siyahısını çox uzatmamaq üçün bir neçə misalla kifayətlənmək istərdik. Müəllif Ziya müəllimin Qafqaz Albaniyası mövzusuna həvəslə yönəlməsinin əsas səbəblərindən birini belə izah edir ki, guya o, Azərbaycanın tarixi önəmini Gürcüstan və Ermənistan səviyyəsinə yüksəltmək üçün Albaniyanın xristian mənsubiyyətini qabartmağı, bununla tarixən Azərbaycanın da xristian irsinə malik olduğunu sübut etmək istəyirdi. Sara Krombaxın fikrincə, Sovet dövründə qeyri-rəsmi olaraq xristianlıq islamdan yüksək tutulur, məhz buna görə gürcü və ermənilər üstün mövqedə, azərbaycanlılar isə müsəlman olduqları üçün daha geridə qalmış sayılırdılar. Və məhz bu mədəni əksiklik kompleksi Ziya Bünyadovu öz xalqının tarixi naminə Albaniyanın xristian irsini “mənimsəməyə” sövq etmişdir. Güman edirik ki, bu ən azından gülünc tezisin şərhə ehtiyacı yoxdur. Lakin məsələ burasındadır ki, Sara Krombax geniş yer verdiyi “Alban xristianlığı” ilə əlaqədar da gərəkli səviyyədə məlumata və erudisiyaya malik deyil. O, Ziya Bünyadovun albanların özlərinə məxsus əlifba, ədəbiyyat, məktəblər, təqvimlərinin olması barədə qənaətini müəyyən inamsızlıqla qarşılayır. Halbuki bütün bunlar yazılı mənbələrdə öz əksini tapmışdır. Hətta bir sıra erməni tarixçilərinin özləri də bunu təsdiqləyir. Məsələn, E.Ağayan öz əsərində alban dilində ilin aylarının adlarını təqdim edir və s. Bundan başqa, hələ 1997-ci ildə Zaza Aleksidzenin Sinay yarımadasındakı gürcü monastırında alban dilində 120 səhifəlik əlyazmanı tapması və deşifrə etməsi artıq dünya albanistikasında alban dili və yazılı ədəbiyyatının mövcud olması məsələsini birdəfəlik həll və təsdiq etmişdir. Lakin, görünür, bu məsələdən xəbərsiz qalan yalnız Hollandiya müəllifi olmuşdur.

Bir daha təəssüflə qeyd etməliyik ki, Sara Krombax Ziya müəllimin elmi yaradıcılığına daha çox bitərəf və obyektiv tədqiqatçı kimi deyil, hər məsələdə “anti-erməni” mövqeyini axtaran müstəntiq kimi yanaşır. Məsələn, onun Ziya müəllimə ünvanladığı ittihamlardan biri odur ki, Azərbaycan alimi guya Cənubi Qafqaz tarixini saxtalaşdırmaq niyyəti ilə məşhur “Albaniya tarixi” əsərinin orta əsrlər müəllifi Musa Kalankatuklunu erməni ənənəsindən qoparmaq üçün onun adını mənbədə olduğu kimi ermənicə “Movses” deyil, rus variantında “Moisey” kimi işlədir. Xatırlatmalıyıq ki, Ziya Bünyadov bu əsəri ilk dəfə rus dilinə ingiltərəli tarixçi Ç.Dausetin ingiliscə nəşrindən tərcümə etmişdir. Bununla belə, Sara Krombax unudur ki, Dausetin tərcüməsində də bu ad erməni variantında deyil, ingilis tələffüzündə “Moses” kimi verilib. Ancaq hollandiyalı xanımın buna görə öz ingiltərəli həmkarına irad tutmaq heç ağlına da gəlmir. Azərbaycanlı alim isə “Moisey” adını işlətdiyi üçün anti-erməni mövqedə günahlandırılır. Görünür, ingilislərə rəva görülənlər azərbaycanlılar üçün bağışlanmaz bir suçdur.

Müəllif bəzən Ziya Bünyadovun elmi mövqeyini öz qərəzli məntiqinə uyğunlaşdırmaq məqsədi ilə onun fikirlərini təhrif etməkdən də çəkinmir. Belə ki, dissertasiyada qeyd olunduğuna görə, guya Ziya müəllim alban dili və yazısının tarixi səhnədən yox olmasının yeganə səbəbi kimi erməni kilsəsinin təxribatları və fəaliyyətini göstərməyə cəhd edirdi. Halbuki bu məqamla əlaqədar hollandiyalı müəllif tərəfindən Ziya Bünyadovun əsərində istinad edilən səhifədə biz digər daha ciddi səbələrin təhlilinə də rast gəlirik. Bu səbəblərin arasında Ziya müəllim Albaniya ərazisində islamın yayılması, albanlar arasında savad və təhsilin nisbətən dar dairə, hakim və ruhani təbəqəsi ilə məhdudlaşması və digər amilləri qeyd edir. Lakin hollandiyalı alim nədənsə bütün bunları kənara ataraq öz diqqətini yalnız erməni faktoru ətrafında cəmləşdirir.

Ziya Bünyadovun albanistikadan kənar mövzularla məşğul olmasında belə Sara Krombax bir “erməni izini” tapmağa çalışır. Belə ki, onun qənaətinə görə, elmi yaradıcılığının sonrakı mərhələsində Ziya müəllim ona görə ərəb mənbələri ilə məşğul olmağa başlamışdır ki, erməni dilini bilmirdi və bu səbəbdən alban mənbələri ilə məşğul olmağa əziyyət çəkirdi. Güman etmək olar ki, Sara Krombax xilafət dövrü tarixinin yalnız erməni mənbələrinə əsaslandığını düşünür və Ziya müəllimin ərəb işğalları və Ərəb xilafəti dövrü Azərbaycan tarixini daha geniş şəkildə araşdırmaq istədiyi ehtimalına yer qoymur. Və müəllifin bundan daha absurd (burada başqa, daha yumşaq söz işlətmək mümkün deyil) tezisi ondan ibarətdir ki, sən demə, Ziya müəllim bununla da kifayətlənməyib, ermənilərlə mübarizədən o qədər yorulmuş və bezmişdi ki, ümumiyyətlə, yaradıcılığının son dövründə Azərbaycan tarixini bir kənara atıb Orta Asiya tarixi ilə məşğul olmağa üstünlük verdi! Bravo! Həqiqətən, Sara Krombax burada da diletantlıq nümayiş etdirir. O, Səlcuqi dövrü tarixini bilsəydivə dövrün mənbələri barədə məlumatlı olsaydı, heç olmasa, Ziya Bünyadovun “Azərbaycan Atabəyləri dövləti” monoqrafiyasını diqqətlə oxusaydı, görərdi ki, bu əsərin yazılmasında alim Atabəylərin müasiri olmuş Xarəzmşahlara aid bir sıra mühüm tarixi qaynaqdan, xüsusilə Nəsəvinin “Sirat Cəlaləddin Xarəzmşah” əsərindən istifadə etmişdir. Beləliklə də onun əlində Xarəzmşahlar dövlətinin tarixi haqqında yeni və mükəmməl əsər yazmaq üçün kifayət qədər mənbə məlumatı toplanmışdı. Lakin bu aşkar bir məsələni də Sara Krombax nədənsə “ermənilərlə mübarizə” mövzusu ilə bağlamaq istəyir.

Ümumiyyətlə, dissertasiyada Ziya Bünyadovun elmi irsinə həsr olunmuş hissə digərlərinə görə o qədər də geniş yer tutmur və açıq söyləmək lazımdır ki, elmi baxımdan əhəmiyyət kəsb etmir.

6) Sonunda qeyd etmək istərdik ki, Sara Krombaxın dissertasiyası ilə bağlı yuxarıda sıralanan bütün tənqidi fikirlər və şərhlər qətiyyən müəllifi qaralamaq, kölgəsini qamçılamaq məqsədi ilə ortaya qoyulmayıb. Burada ədalət naminə Sara Krombaxın Azərbaycana münasibətinin yalnız bu dissertasiya ilə məhdudlaşmadığını da vurğulamaq lazımdır. O, qeyd edildiyi kimi, həm də gözəl pianoçudur və Azərbaycan professional musiqisinin heyranıdır. Fikrət Əmirov, Niyazi və digər böyük bəstəkarlarımızın musiqisi Sara Krombaxın ifasında, həqiqətən, valehedici səslənir. Sara Krombaxın Hollandiya və digər ölkələrdə Azərbaycan musiqisini təbliği, orada verdiyi konsertlər bizi fərəhləndirməyə bilməz. Ümid edirik ki, incəsənət sahəsində o öz fəaliyyətini davam etdirəcək və o cümlədən Azərbaycan musiqisini ifa etməkdə yeni uğurlar qazanacaq. Lakin bütün bunlar bizi hollandiyalı müəllifin dissertasiya işində, fikrimizcə, buraxdığı ciddi və kobud səhvləri, Azərbaycan tarixi, Azərbaycanın müasir ictimai-siyasi həyatının bəzi tərəfləri, akademik Ziya Bünyadovun şəxsiyyəti və elmi yaradıcılığı ilə bağlı irəli sürdüyü bir sıra qərəzli və mənfi fikirləri tənqid etməmizdən çəkindirə bilməz.

Burada bir mühüm məqama da diqqət yetirmək istərdik. Təbii ki, bu dissertasiyanın meydana çıxmasından sonra bir çoxları, mütəxəssislər də, qeyri-mütəxəssislər də, dissertasiyanı oxuyanlar da, oxumayanlar da, anlayanlar da, anlamayanlar da, Ziya müəllimi tanıyanlar da, tanımayanlar da “bulanıq suda balıq tutmağa” çalışacaqlar. Lakin gəlin, özümüzə sual verək – məgər bu dissertasiyanın belə qüsurlu şəkildə ortaya çıxmasına biz özümüz də müəyyən dərəcədə məsuliyyət daşımırıqmı? Tədqiqat işi müdafiəyə çıxarılmadan öncə bizim mütəxəssislər tərəfindən də oxunsaydı və lazımi rəylər bildirilsəydi, əminik ki, bu gün tənqid etdiyimiz qüsurların çoxu vaxtında aradan götürülərdi. Ancaq bunun üçün ən azından Sara Krombax ilə daimi elmi əlaqə saxlamaq lazım idi. Daha geniş mənada isə, belə halları, ümumiyyətlə,  minimuma endirmək, dostumuzu düşmənə çevirməmək üçün, bizim elmi mühitimiz daha sağlam və fəal olmalı, daima səviyyəsini yüksəltməyə can atmalı, yalnız özünə qapanmayıb dünya elminə inteqrasiya yollarını axtarmalıdır. Bizim alimlər xarici dilləri daha yüksək səviyyədə öyrənib beynəlxalq elmi layihə və tədbirlərdə, o cümlədən Avropa ölkələrində aktiv iştirak etməlidirlər. Bununla həm bizim elmi və intellektual potensialımız inkişaf edər, həm də milli maraqlarımızı daha yüksək səviyyədə müdafiə etməyə qadir olarıq. Müasir dünyanın axarı, çağdaş elmin inkişafı bizə başqa seçim qoymur. Bunlar olmadığı halda hər gün yeni “sürprizlərlə” qarşılaşmağa məhkumuq. Akademik Ziya Bünyadovun böyüklüyü həm də onda idi ki, o, həyatın bu tələblərini hamıdan yaxşı bilirdi.  

Şahin MUSTAFAYEV, akademik, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini
Fərda ƏSƏDOV, tarix üzrə fəlsəfə doktoru, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri

 





06.11.2019    çap et  çap et