525.Az

"Culture Guide" mədəniyyət bələdçisinin noyabr sayında...


 

"Culture Guide" mədəniyyət bələdçisinin noyabr sayında...<b style="color:red"></b>

Ölkəmiz zəngin tarixi-mədəni irsi ilə yanaşı, müasirliyi, qabaqcıl yeniliklərin yaradıcı tətbiqi, çoxçalarlı incəsənəti ilə hər ötən zaman bölümündə dünyanın gözündə önəmli yer qazanır.

Paytaxt Bakının UNESCO-nun daha bir mötəbər siyahısına - "Yaradıcı şəhərlər şəbəkəsi"nə daxil edilməsi bunun bariz nümunəsidir. Bu baxımdan ölkəmizə təşrif buyuran qonaqlarda Azərbaycan, paytaxt və regionlarımız haqqında, o cümlədən, mədəniyyətimiz, incəsənətimiz barədə dolğun və yaddaqalan təəssürat yaratmaq xüsusi önəm kəsb edir. Məhz həmin məramla nəşr edilən "Culture Guide" mədəniyyət bələdçisinin növbəti sayı çapdan çıxıb.

İngilis və rus dillərində hazırlanan nəşrin noyabr buraxılışı ay ərzində paytaxtın incəsənət mənzərəsi, teatr və konsert müəssisələrinin, sərgi və kino nümayişi məkanlarının afişası, əyləncə mərkəzlərinin tədbirləri və s. məlumatlarla, eləcə də ölkəmizin ümumi mədəni irsi ilə bağlı yazılarla zəngindir.

Payız mövsümünün əsas irimiqyaslı mədəniyyət tədbirləri, festivalları sentyabr və oktyabr aylarına təsadüf etsə də, noyabr ayının mədəni tədbirlər proqramı da çox çeşidlidir. Bu ay bu sıra şəhərlərimizin teatrları böyük  dramaturq Cəfər Cabbarlının 120 illiyi bağlı hazırladıqları tamaşaları paytaxtda yerli və əcnəbi sənətsevərlərə təqdim etmək və həm də özlərini göstərmək imkanı qazanacaqlar. Müxtəlif ölkələrdən məşhur sənətçilər də bu ay paytaxt səhnələrində çıxış edəcəklər.

"Culture Guide" bələdçisində şəhərdə fəaliyyət göstərən teatrların, konsert salonlarının aylıq repertuarı ilə yanaşı, bu məkanların tarixi, yerləşdikləri binalar - hər biri memarlıq nümunəsi olan tikililər haqqında da ingilis və rus dillərində informasiyalar verilib. Nəşr Bakıdakı muzeyləri gəzmək istəyən, sərgi salonları ilə tanış olmaq istəyənlərə də bələdçilik edir. Bu mədəniyyət ocaqlarının da hər biri bərədə informativ təqdimatlar rəngarəng fotolarla müşayiət olunur.

Bundan əlavə, hər zaman xarici qonaqları cəlb edən tarixi-mədəni məkanlar - Qobustan qoruğu, İçərişəhər, Atəşgah məbədi, Yanardağ haqqında foto-illüstrativ məlumatlar, Bakının müasir memarlıq simvolları ilə bağlı informasiyalar, eləcə də şəhəri gəzib gördükdən sonra ölkəmizlə bağlı xatirə hədiyyəsi aparmaq istəyən turistlərə faydalı tövsiyələr də nəşrdə yer alıb.

Ötən ay gerçəkləşən və noyabr ayına təsadüf edən, əcnəbi qonaqlarda xüsusi maraq doğuran tədbir və layihələr barədə də yazılar dərc olunub. "Bakı Caz Festivalı parlaq təəssüratlarla yadda qaldı" yazısı, payız mövsümündə ölkəmizin regionlarında ənənəvi olaraq keçirilən meyvə festivallarından bəhs edən "Dad bayramları..." adlı məqalə bu qəbildəndir.

Nəşrin bu sayında da ölkəmizin dünya mədəniyyət xəzinəsinə töhfələrinə xüsusi yer ayrılıb. "Naxışlarda yaşayan irs" adlı yazıda 2010-cu ilin 16 noyabrında UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş milli xalça sənəti, Azərbaycanın xalçaçılıq məktəbləri, müasir dövrdə bu sənətin inkişaf etdirilməsi və dünyada ilk Xalça Muzeyinin ölkəmizdə yaradılmasından söz açılır. "Azərbaycanın misgərlik sənəti" sərlövhəli materialda UNESCO-nun siyahısına daxil edilmiş xalq sənətinin İsmayıllı rayonun Lahıc qəsəbəsində əsrlərlə yaşadılmasından bəhs olunur.

"Qarabağ - Azərbaycanın mədəniyyət beşiyi" adlı yazıda isə əzəli yurd yerimizin mədəni, ədəbi və sənət irsi haqqında danışılır, işğal altındakı torpaqlarımızda xalqımızın mədəni sərvətinin dağılıb-talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır.

Nəşrdə bu ayın əlamətdar hadisələr təqviminə də nəzər salınıb və 9 Noyabr - Dövlət Bayrağı Günü haqqında yazı dərc olunub.

Mədəniyyət bələdçisində hər ay Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin reproduksiyası verilir. Bu dəfə "Culture Guide"ın üz qabığında Elmar Ağamirzənin "Bakının işıqları" əsəri, 1-ci səhifədə isə Xalq rəssamı Toğrul Nərimanbəyovun "Payız bazarı" tablosu əks olunub.

 





06.11.2019    çap et  çap et