525.Az

Zəmanəmizin "Qabusnamə"si - Qəzənfər Paşayev yazır


 

Zəmanəmizin "Qabusnamə"si - <b style="color:red">Qəzənfər Paşayev yazır</b>

İnsan həftədə iki kitab oxumaqla 50 ildə beş  minə yaxın kitab oxuya bilər. Elə olur ki, hər hansı bir kitabı nəinki oxuduğuna, hətta vərəqləyərkən itirdiyin vaxta heyfin gəlir. Odur ki, adamın əlinə ürəyinə yatan, zövqünə oxşayan, düşünməyə sövq edən bir kitab düşəndə sevinir.

"Qəribə dünya" kitabı məni bu baxımdan artıqlaması ilə qane etdi. Bu çox maraqlı və ibrətamiz hekayətlərlə dolu olan kitab "Qabusnamə" təsiri bağışladı. Bu günə kimi şəxsən tanımadığım müəllifin iki-üç il bundan əvvəl "Sirli dünya" adlı kitabını oxumuşdum. Yüksək elmi səviyyədə yazılan kitab arıların həyatından bəhs edirdi. Maraqlandım. Məlum oldu ki, Nəsib Bayramoğlu Mingəçevirdə ədəbi prosesin inkişafına təkan verən ali savadlı ziyalıdır. Azərbaycan Dövlət Universitetini bitirib. Yazar "Qəribə dünya" və "Sirli dünya" kitabları ilə bərabər, "Boyunduruq", "Arı və demokratiya", "Mingəçevirdə qalan ömür" (əslən Qəbələdən olan Nəsib Bayramoğlu Mingəçevirə təyinatla göndərilibmiş), "Yuvalar", "Tənha məzar", "Yazdım - yazdılar" kimi kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

"Qəribə dünya" əsəri özünüdərkə, mənəvi saflığa, kamilliyə səsləyir. Əsər həyatın hər üzünü görmüş, mütəmadi mütaliə edən, erudisiyalı, müdrik bir qələm sahibinin təfəkkürünün məhsuludur - desək səhv etmərik.

Nə gizlədim, hər əsər adamı düşünməyə vadar etmir. "Qəribə dünya"dakı mühakimələr, qəribə əhvalatlar, rəvayətlər, hekayələr, novellalar insanı dərindən düşünməyə, həyata yeni gözlə baxmağa, həyatın mənasını, həyatda insanın cavabdehlik missiyasını anlamağa, götür-qoy etməyə sövq edir. Əsər bütövlükdə yenilik ideyaları ilə zəngindir. Mənə görə bu təmənnasız xidmətdir, fədakarlıqdır.

Nəsib Bayramoğlunun dünyaya qəribə baxışı, fikri ifadə etməkdə özünəməxsus yazı üslubu vardır. Mətləbi aydın və orijinaldır. Vaxtilə bu kitabın çapına sevimli şairimiz Məmməd Aslan çox maraqlı və yığcam ön söz yazmışdı: "Müəllifin bu kitabının əsas qəhrəmanları; təbir caizsə, boyun əyməyə məhkum olunmuş adamlardır. Onlar həyat keşməkeşlərinin qəhrəmanlarıdır. Ən başlıcası, bu qəhrəmanları Nəsib düşünüb yaratmayıb. Həyatın özünün yaratdığı zavallılardır.

Xalq arasında dürlü-dürlü hekayələr, hekayətlər yaşayır. Bunlar ovqatlar arasında, söhbətlər əsnasında soydaşlarımızın karına gəlir, məqamında bir fikir dartmasına bir nöqtə kimi son qoyulur. Elə olur ki, başlanılan söz-söhbətlər unudulur, bu araya girmiş hekayətlər yenidən yaddaşlara yazılır, populyarlıq qazanır.

Maraqlı əhvalatlar və qəribə hekayələr burada adlı hekayələrdən daha çoxdur. Təkrara dəyər ki, bunlar xalqın olduğu qədər də müəllifindir.

... Nəsib Bayramoğlu bu hekayələri bayatı toplamalarında olduğu kimi asanca yazıya köçürmür; onların məğzini götürüb ətə-qana doldurur, bir çox hallarda fikri davam etdirir, mətləbin üstə mətləb qoyur. Canlı xalq dilinin şəhdi-şəkəri ilə hekayələri çimizdirir".

Təbiət şairi Məmməd Aslan mətləbi o qədər dəqiq ifadə edib ki, bu kiçik yazıda onun fikirlərinə bol-bol yer vermək zorunda qaldım. Ruhu şad olsun!

Açığını deyim ki, "Qəribə dünya" kitabının hər səhifəsini vərəqlədikcə gözlərim önündə müdriklik mücəssəməsi, dünya şöhrətli "Kəlilə və Dimnə", xüsusən də "Qabusnamə" canlanırdı. Müəllifin müşahidə qabiliyyəti qeyri-adi dərəcədə güclü və cəlbedicidir.

Maraqlı odur ki, bu hekayələri, möcüzəyə bənzər əhvalatları oxuduqca, indiki nəslin ağlına sığmayan, lakin yaxın keçmişdə baş verən real hadisələr göz önünə gəlir:

"Yağ talonu, dondurulmuş ət (insanlar təzə ət üzünə həsrət qalmışdı. Yağ hər ailəyə talonlarla verilirdi), şəriətdən xəbəri olmayan yarımçıq mollalar və həkimlər (müəllif belələrini dinin və insanların düşməni kimi təsvir edib), pambıq, üzüm, süd planını iki yüz faiz yerinə yetirmək, bir inəkdən iki bala almaq öhdəliyi, sovet dönəmində bəlaya çevrilmiş danoslar-imzasız məktublar və s.

Bu ibrətamiz hekayətlərdə, qəribə əhvalatlarda lovğalıq, xəsislik, şöhrətpərəstlik, xeyirxahlıq, var-dövlətə hərislik, sadəlik, təvazökarlıq, heyvanlara münasibət, siyasətlə bağlı məsələlər, yekəxanalıq, qanmazlıq, adət-ənənələr, qarınqululuq, mərdlik, acgözlük, gözütoxluq, ailə münasibətləri, tənbəllik, laqeydlik, gopçuluq, ovçuluqla bağlı maraqlı hekayətlər və s. müəllifin ədəbi tədqiqat obyektinə çevrilir.

Lakin müəllif nəticə çıxarmağa müdaxilə etmədən onu oxucunun mühakiməsinə verir. Heç vaxt demir; bu yaxşıdır, bu pisdir. Qoy oxucu özü nəticə çıxarsın - deyir.

Burada xeyli sayda Şəki və şəkililərlə bağlı orijinal hekayətlər vardır. Yaxşı olardı ki, ən maraqlı, duzlu-məzəli, insanı dərindən düşündürən bu Şəki hekayətlərini yaradan şəkililərin lətifələrinə, hekayətlərinə bir fəsil ayrılaydı. Şəkililər seçilməyə layiqdirlər.

Lətifələr, hekayətlər müdriklik əlamətidir. Müdriklik isə ilahidən gələn, hər adama qismət olmayan ən qiymətli nemətdir. Müdrikliyi heç nəynən almaq mümkün deyil. Lakin insan mütaliə ilə, həyatın keşməkeşlərindən ibrət götürərək müdrikliyini artıra bilir. Nəsib Bayramoğlunun "Qəribə dünya"sı insanları çox gərəkli olan müdrikliyə yönəltmək gücündədir. "Qəribə dünya" müdriklik məktəbidir.

 





07.11.2019    çap et  çap et